Məhkəmə qərarları › İş №2-1(105)-7/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-7/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-7/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: sərəncamın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı sərəncamının ləğv edilməsi” tələbinə inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-97/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin 10 dekabr 2004-cü il tarixli, 193 nömrəli sərəncamı ilə Quşçu kənd sakini mərhum X5 28 mart 2003-cü il tarixli 33 nömrəli sərəncama əsasən icarəyə verilmiş 400 hektar qış otlaq sahəsi X2 adına rəsmiləşdirilmişdir. JN-8068 KOD 41000001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”yə əsasən Şamaxı rayonu, Quşçu kənd sakini X3 cavabdehin 10 dekabr 2004-cü il tarixli 193 nömrəli sərəncamı və 2005-ci il tarixli, 69 nömrəli icarə müqaviləsi ilə Şamaxı rayonu “Cülcə-Quşçu” qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 400 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Cavabdehin 2 oktyabr 2013-cü il tarixli, 94 nömrəli sərəncamı ilə Şamaxı rayonu, Quşçu kənd sakini X6 vəfat etdiyi üçün rayon icra hakimiyyəti başçısının 10 dekabr 2004-cü il tarixli, 193 saylı sərəncamına əsasən bağlanmış icarə müqaviləsinə xitam verilmiş, “Cülcə-Quşçu” qış otlaq sahəsindən 400 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Tərəflər arasında torpağın icarəyə verilməsi haqqında 2 oktyabr 2013-cü il tarixli, 15 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, 400 ha torpaq sahəsi 15 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Cavabdehin 7 dekabr 2016-cı il tarixli, Ş-03-1466 nömrəli və 27 fevral 2017-ci il tarixli Ş- 03-216 nömrəli məktublarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Şamaxı rayonunun inzibati ərazisinin “Padar” massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə, 29 noyabr 2016-cı il tarixli 138 nömrəli sərəncama əsasən, icarə müqaviləsi qüvvədən düşmüş hesab olunmuşdur. Mütəxəssis rəyindən görünür ki, Sualda JN-8063 nömrəli, kod 41000001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədən bəhs edilsədə, Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasında JN-8063 nömrəli, kod 41000001 saylı şəhadətnaməyə əsasən İddiaçı müvəqqəti istifadəsinə verilmiş 400 ha qış otlaq sahəsi barədə heç bir məlumat aşkar olunmadı və həmçinin həmin şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində müəyyən olunmadı. Mübahisə predmeti olan qış otlaq sahəsinə dair elektron məlumat bazasında JN-8068 nömrəli, kod 41000001 saylı şəhadətnaməyə əsasən X2 müvəqqəti istifadəsinə verilmiş 400 ha qış otlaq sahəsi barədə məlumat vardır və həmçinin həmin şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində mövcuddur. X2 müvəqqəti istifadəsinə verilmiş 400 ha qış otlaq sahəsinə aid JN-8068 nömrəli, kod 41000001 saylı şəhadətnamənin surəti rəyə əlavə olunur. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamələrdə koordinatlar olmadığından JN-8068 nömrəli, kod 41000001 saylı şəhadətnaməyə əsasən X2 müvəqqəti istifadəsinə verilmiş 400 ha qış otlaq sahəsini naturada dəqiqliklə yerini müəyyən etmək mümkün deyildir. Lakin İddiaçı iddia etdiyi torpaq sahəsini naturada göstərdi və koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirildi. İddiaçının naturada göstərdiyi qış otlaq sahəsi 378 ha təşkil edir. İddiaçı naturada iddia etdiyi və göstərdiyi torpaq sahəsi Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 154 saylı sərəncamı ilə "xxxx" MMC-nin icarəsinə ayrılmış 14890.42 ha torpaq sahəsinin koordinatları daxilində olan torpaq sahələri ilə bütünlüklə üst-üstə düşür. Üst-üstə düşməni əks etdirən yerquruluşu planı rəyə əlavə olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 516S saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatının yaradılması məqsədi ilə təyinatı dəyişdirilmiş torpaq sahələri İddiaçı naturada iddia etdiyi və göstərdiyi torpaq sahəsi üst-üstə düşür. JN-8068 nömrəli, kod 41000001 saylı şəhadətnamənin elektron baza xəritəsindəki yerləşmə mövqeyinə görə Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 193 saylı sərəncamı ilə X2 müvəqqəti istifadəsinə verilmiş “Cülgə-Quşçu” adlı qış otlaq torpaq sahəsindən ayrılmış 400 ha torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 516S saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatının yaradılması məqsədi ilə təyinatı dəyişdirilmiş torpaq sahələri ilə bütünlüklə üst-üstə düşür. Üst-üstə düşməni əks etdirən yerquruluşu planı rəyə əlavə olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli sərəncamının və bu sərəncama müvafiq olaraq onun ilə cavabdeh arasında bağlanmış torpağın icarəyə verilməsi barədə 02 oktyabr 2013-cü il tarixli icarə müqaviləsinin qüvvədən düşməsinə dair qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla bağlamış olduğu icarə müqaviləsini birtərəfli qaydada ləğv etməklə torpaqdan istifadə ilə bağlı hüquqlarını və qanuni mənafelərini pozmuşdur. Ləğv olunmasını tələb etdiyi sərəncamın məzmunundan göründüyü kimi, bu sərəncamla təkcə onun deyil, fermer kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan onlarla digər fermer təsərrüfatı sahiblərinin də hüquqları pozulmuşdur. Belə ki, o, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əsas fəaliyyət istiqaməti heyvandarlıqdır. Cavabdehlə bağladığı müqaviləyə müvafiq olaraq, uzun müddətdən bəri Şamaxı rayonunun inzibati ərazisinə daxil olan “Padar” massivində 400 ha torpaq sahəsini, ona aid olan çoban evləri, qoyun və quzu tövlələrinə malik torpaq sahəsini icarəyə götürmüşdür. Artıq bu torpaq sahəsi 10 ildən artıqdır ki, onun istifadəsindədir. Həmin torpaqlarda heyvandarlıqla məşğul olmaq və onu inkişaf etdirmək üçün infrastrukturlar yaratmış, tikintilər həyata keçirmişdir. Bütün bunlarla yanaşı, dekabr ayının əvvəllərində cavabdehin müvafiq strukturlarından, istifadəsində olan torpaq sahəsinin geri alınmasına dair xəbərdarlıq məktubu almışdır. Halbuki, onunla bağlanmış və qüvvəyə minmiş icarə müqaviləsi mövcuddur. Bu müqaviləyə etimad göstərdiyi üçün həmin torpaq sahəsinə xeyli miqdarda vəsait xərclənmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 2 oktyabr 2013-cü il tarixli 15 saylı müqavilənin ləğv edilməsinə əsas olmuş cavabdehin 29 noyabr 2016cı il tarixli 138 saylı sərəncamının ona aid olan hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-cı illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Şamaxı rayonunun inzibatı ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirələrək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə, cavabdehin 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamı ilə torpaqların qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarına uyğun olaraq həyata keçirilmişdir. Hazırda həmin sahə üçüncü şəxsin icarəsindədir. Birinci instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 7 avqust 2019-cu il tarixli, 2-1(085)- 760/2019 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim Zaur Pirverdiyev). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2- 1(105)-694/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 7 avqust 2019-cu il tarixli, 2-1(085)-760/2019 nömrəli qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində ikinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)-97/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qış otlaq sahəsi kimi iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin təyinatı dəyişdirildiyindən, cavabdehin qəbul etdiyi inzibati akt (sərəncam) qanuni və əsaslı olmuş, cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, qanunvericiliyin tələblərinə görə, həmin torpaq sahələrinin əkinçilik məqsədi ilə eyni şəxslərin istifadəsinə verilib-verilməməsi icarəyə verənin mülahizəsinə aid olduğundan icarəyəverən buna məcbur edilə bilməz. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prosesi barədə xəbərdar edilməmişdir. Onun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmağı haqda fakt və əsas yoxdur. Məhkəmə onu prosesə dəvət etmədən qərar çıxarıb. Məhkəmə qərarı çıxarılarkən istinad edilən normalar da, mübahisəli olub, istifadəsində olan torpaqların kateqoriyalarının dəyişdirilməsinin zəruriliyi əsaslandırılmır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2- 1(105)-17/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)-97/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1244/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(105)- 17/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Maddə 244. Əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə 16.5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 saylı 20 yanvar 2017-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Həmin Qaydaların 1.12-ci bəndinə görə kənd təsərrüfatı yerlərinin (uqodiyaların) daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi ilə yaranan dövriyyəyə (əkin dövriyyəsi, çoxillik əkmələr və s.) qanunla ayrı qayda və hüquqi rejim müəyyənləşdirilmədiyi halda, torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, müvafiq yerli icra hakimiyyəti orqanının və mənafeyinə toxunulan bələdiyyələrin və digər təşkilatların rəylərinə əsasən, habelə mənafeyinə toxunulduqda, qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Qaydaların 1.13-cü bəndinə əsasən qış otlaqlarından əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün görüləcək işlərin iqtisadi əsaslandırılması, habelə həmin torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi bu Qaydaların 1.12-ci bəndi ilə müəyyən edilən qaydada təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş «Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları»nın 22-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Buna görə də qış otlaq sahəsinin icarəyə verilməsinə dair Şamaxı Rayon İcra Hakimiyyətinin iddiaçı ilə bağlamış olduğu müqavilə 29 noyabr 2016-cı il tarixli 138 saylı Sərəncama əsasən qüvvədən düşmüş hesab olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1244/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(105)-17/2022 nömrəli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsinin icarəyə verilməsi haqqında 2 oktyabr 2013-cü il tarixli 15 saylı müqavilənin ləğv edilməsinə əsas olmuş cavabdehin 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamının iddiaçıya aid olan hissədə ləğv edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına uyğun olaraq iri taxılçılıq təsərrüfatının yaradılması məqsədilə əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar olaraq təyinatı dəyişdirilərək, dövlət ehtiyat fondu torpaqlara keçirilmiş, buna görə də həmin torpaq sahəsini otlaq sahəsi kimi istifadə edilməsinə imkan verən qanuni əsaslar ləğv olunmuşdur, həmin əsaslara görə icarə müqaviləsi müvafiq sərəncam əsasında qüvvədən düşmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi (qış otlaq sahəsi) dövlət mülkiyyətində olmaqla, cavabdeh inzibati orqanın müvafiq sərəncamı əsasında iddiaçının mərhum atasının, daha sonra anasının icarəsinə verilmiş, iddiaçının anası vəfat etdiyindən xx.xx.2013-cü il tarixli 94 nömrəli sərəncam əsasında 15 il müddətinə iddiaçının icarəsinə verilmiş, həmin sərəncam əsasında eynitarixli icarə müqaviləsi bağlanılmış, habelə torpaöın müvvəqqəti istifadəyə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Şamaxı rayonu Padar massivində yerləşən 14890,42 hektar qız otlaq sahələrinə aid icarə müqavilələrinin qüvvədən düşmüş hesab edilməsi barədə” 29 noyabr 2016-cı il tarixli 138 nömrəli Sərəncamın məzmunundan görünür ki, Şamaxı rayonunun Padar massivində yerləşən qış otlaq sahələrindən ümumilikdə 14890,42 hektar olmaqla, 1 nömrəlidən 348,0 hektar, 2 nömrəlidən 695,0 hektar, 3 nömrəlidən 254,0 hektar, 4 nömrəlidən 1421,42 hektar, 5 nömrəlidən 787,0 hektar,9 nömrəlidən 1625,0 hektar, 10 nömrəlidən 1873,0 hektar, 12 nömrəlidən 1120,0 hektar, 13 nömrəlidən 897,0 hektar, 16 nömrəlidən 223,0 hektar, 18 nömrəlidən 185,0 hektar, 19 nömrəlidən 1799,0 hektar, 20 nömrəlidən 799,0 hektar, 21 nömrəlidən 531,0 hektar, 22 nömrəlidən 1078,0 hektra və 23 nömrəlidən 1255,0 hektar torpaq sahəsinə aid icarə müqavilələri və həmin müqavilələrə aid rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar qüvvədən düşmüş hesab edilmiş, heyvandarlıqla məşğul olan icarədarların istifadəsindəki torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmayan hissəsinə yenidən icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən 29 noyabr 2016-cı il tarixli 138 nömrəli Sərəncama əsasən qüvvədən düşmüş icarə müqavilələrinin siyahısı tərtib edilərək, təsdiq edilmiş, həmin Siyahının 52-ci bəndində məhz iddiaçının adı, 400 hektar torpaq sahəsi, xx.xx.2013-cü il tarixli icarə müqaviləsinin tarixi qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Şamaxı rayonu Padar massivində iri taxılçılıq təsərrüfatının təşkili üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s nömrəli Sərəncamı ilə 14890,42 hektar torpaq sahəsinin təyinatının əkin dövriyyəsinə cəlb olunması ilə əlaqədar dəyişdirilərək, dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan məktubun ünvanlayaraq, həmin torpaqların otlaq sahələri kimi istifadə edilməsinin qanuni əsasları ləğv olunduğuna görə onların icarəyə verilməsinə dair icarə müqavilələri qüvvədən düşdüyünü, ərazidə yerləşən tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarına uyğun həyata keçirilməli olduğunu, hazırda həmin sahənin "xxxx" MMC-nin icarəsində olduğunu bildirmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan həmin qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edildiyini, digər qış otlaq sahələrin isə başqa şəxslərin icarəsində olduğunu əsas gətirərək, başqa torpaq saəsinin verilməsinin mümükn olmadığını bildirmişdir. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin 14 syalı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s nömrəli Sərəncamı ilə 14890,42 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, onunla bağlı icarə müqavilələri Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən xitam verilmiş və icra hakimiyyətinin 21 dekabr 2016-cı il tarixli 154 saylı sərəncamı ilə 14890,42 hektar torpaq sahəsi "xxxx" MMC-nin 49 il müddətinə icarəsinə verilmişdir, "xxxx" MMC-nin adına qeydə alınmış torpaq sahəsinin yerləşdiyi ərazidə iddiaçının adına hər hansı torpaq sahəsi qeydə alınmamışdır. Məhkkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının naturada göstərdiyi qış otlaq sahəsinin ölüçüs 378 ha təşkil edir, həmin torpaq sahəsi bütünlüklə "xxxx" MMC-nin icarəsinə verilmiş 1890,42 ha torpaq sahəsinin koordinatlar daxilində olan torpaq sahələri ilə üst-üstə düşür, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 516S syalı,xx.xx.2016-cı il tarixli Sərəncamı ilə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatının yaradılması məqsədilə təyinatı dəyişdirilmiş torpaq sahələri ilə bütünlüklə üst-üstə düşür. Göründüyü kimi, indiki halda iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin təyinatı məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı əsasında əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar olaraq təyinatı dəyişirilərək, dövlət ehtiyaq fonduna aid edilmiş 14890,42 ha torpaq sahəsinin daxilində yerləşidiyi müəyyən edilmişdir. Həmin hal iddiaçı barəsində cavabdeh tərəfindən bağlanılmış icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsinin əsası qismində çıxış etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.... 2-ci bəndinə əsasən yay və qış otlaq sahələrinin, mal-qara düşərgələrinin və köç yollarının başqa məqsədlər üçün istifadəsinə və kateqoriyalarının dəyişdirilməsinə müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin vəsatətinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə icazə verilir. Qeyd edilən qanunvericlik normasının tələbindən görünür ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi məhz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı əsasında həyata keçirilir. Həmin normanın dispoztiv şərtlərində icarəyə verən və ya icarəçinin razılığının olması və ya onlara aid heç bir prosedur qayda müəyyən edilməmişdir. İndiki halda da sözügedən torpaq sahəsinin təyinatının dəyişdirilməsi və bu səbəbdən də icarə müqavilələrinin qüvvədən düşmüş hesab edilməsi halı məhz Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamının icrası ilə bağlı baş vermişdir. Nəticə etibarilə iddiaçıya münasibətdə cavabdeh tərəfindən həmin Dövlət Proqramı və onu uyğun olaraq qəbul edilmiş müvafiq Sərəncamın icrası ilə bağlı qəbul etdiyi hazırki mübahisə premdeti olan Sərəncamı qanuni və əsaslı olmuş, həmin inzibati aktın qəbul edilməsi zamanı qanunvericiliyin norma və tələblərinin pozulması halı müəyyən edilməmiş, cavabdeh inzibati orqan hərəkətləri qanuni olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesba edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırmasının onun iştirakı olmadan aparılması, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat əldə edilməməsi kimi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hal iş materialları (sms xəbərdarlıq, xəbərnaməli poçt qəbzi, məhkəmə iclasında şəxsən iştirak etməsi və s.) əsasında təkzib olunduğundan, məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbinin pozulması halı müəyyən edilmədiyindən, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası şikayətin digər dəlili ilə bağlı onu qeyd edir ki, indiki halda icarə müqaviləsinin qüvvədən düşməsinə əsas olan hal icarəyəverən və ya icarəçinin iradəsindən irəli gələn hal olmamaqla, məhz müvafiq Dövlət Proqramı və ona uyğun olaraq qəbul edilmiş müvafiq Sərəncamın icrası ilə bağlı olan qanuni əsas çıxış etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili həmin hissədə də əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası şikayətin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, indiki halda mübahisə predmeti müvafiq icarə müqaviləsinin qüvvədən düşməsi ilə bağlı Sərəncamın ləğv edilməsi halı çıxış etmiş, iddia predmetini torpaq sahəsinin geri alınması və bundan irəli gələn məsələlər təşkil etməmişdir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri həmin hissədə əsassız olmuşdur. Qeyd edilən hallara əsasən mhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının diqqətinə onu çatdırır ki, indiki halda iddiaçı onun istifadəsində olmuş torpaq sahəsinin geri alınması ilə bağlı ona ziyan vurulması halına istinad etdiyi halda, bununla bağlı qanunla müəyyən edilmiş qaydada mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-97/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar