Məhkəmə qərarları › İş №2-1(105)-7/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-7/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-7/2025 16.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, XXX qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Maqqı qızının cavabdeh Şamaxı Bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən 18 iyun 2021-ci il tarixdə qəbul edilmiş şəhərin 10A saylı məhəlləsində yerləşən 500 m2 torpaq sahəsinin X7 verilməsi barədə 10 nömrəli protokolundan çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2-1(118)-448/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Şamaxı bələdiyyəsinin 04 sentyabr 2006-cı il tarixli, 241 nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün şəhərin 10 a saylı məhəlləsində 25 metr uzunluqda, 20 metr eninə olmqla 500 kv.m. torpaq sahəsinin satılması qərara alınmışdır. Şamaxı bələdiyyəsinin 04 sentyabr 2006-cı il tarixli iddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı sənədi tərtib edilmişdir. Şamaxı bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli, 10 nömrəli protokol qərarına əsasən ünvan 1 ünvanda yerləşən 500 kv.m. torpaq sahəsinin hərrac və müsabiqədən kənar satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başa çatdığı nəzərə alınmaqla həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə 5(beş) ildən artıq X1 qərara alınmışdır. Sözügedən torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınaraq, onun adına **********88 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı cavabdeh Şamaxı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh tərəfindən 18 iyun 2021-ci il tarixdə qəbul edilmiş şəhərin 10A saylı məhəlləsində yerləşən 500 m2 torpaq sahəsinin X7 verilməsi barədə 10 nömrəli protokolundan çıxarışın ləğv edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 sentyabr 2006-cı il tarixdə Şamaxı rayon Şamaxı Bələdiyyəsinin ehtiyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən Şamaxı şəhər sakini İddiaçı Maqqı qızına fərdi yaşayış evinin tikilməsi üçün şəhərin 10 a saylı məhəlləsində 500 kv.metr torpaq sahəsinin satılması barədə 233 saylı qərar qəbul edilmişdir. Şamaxı Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş rəyə əsasən, o, Şamaxı rayon Şamaxı Bələdiyyəsi tərəfndən vətəndaş İddiaçı Maqqı qızına 500 kv.metr torpaq sahəsi ayrılmasına etiraz etməmişdir. Eyni zamanda Şamaxı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən də Şamaxı rayon Şamaxı Bələdiyyəsi tərəfindən vətəndaş iddiaçıya 500 kv.metr torpaq sahəsi ayrılmasına etiraz etməməsi barədə müvafiq rəy alınmışdır. Bunun müqabilində isə, iddiaçı tərəfindən isə 07 sentyabr 2006-cı ildə 337335AZM3308-01 hesabına əvvəlcədən 550 manat pul ödənilmişdir. İddiaçı həmin torpaq sahəsindən istifadə etmək qərarına gəldikdə isə məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxs tərəfindən istifadə olunur və hal-hazırda Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin şəxsin adına qeydiyyata alınmışdır. Bununla bağlı iddiaçı Şamaxı rayon Şamaxı Bələdiyyəsinə sözügüdən torpaq sahəsinin başqa şəxsə verilməsi barədə bələdiyyə qərarının, həmin torpaq sahəsinin ayrılmasına əsas olmuş digər sənədlərin surətlərinin və nəticə etibarilə həmin torpaq sahəsinin ayrıldığı fiziki şəxs barəsindəki məlumatların ona təqdim olunmasını xahiş etmişdir. Müraciətə Şamaxı rayon Şamaxı Bələdiyyəsi tərəfindən 83 nömrəli xx.xx.2022-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, şəhərin 10 “A” saylı məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsi Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli protokolundan çıxarışına əsasən, ünvan 2 ünvanda 500 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikilmək məqsədilə 5 ildən artıq Şamaxı şəhərində yaşayan X7 hərrac və müsabiqədən kənar satılması qərara alınmışdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, sözügedən Şamaxı Rayon Şamaxı Bələdiyyəsinin ehtiyat fondundan alqı-satqı predmeti olan şəhərin 10 a saylı məhəlləsində 500 kv.metr torpaq sahəsi 4 sentyabr 2006-cı il tarixli Şamaxı rayon Şamaxı Bələdiyyəsinin qərarına əsasən, Şamaxı şəhər sakini İddiaçı Maqqı qızına fərdi yaşayış evinin tikilməsi üçün verilmişdir. Buna görə də Şamaxı rayon Şamaxı Bələdiyyəsi tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli 10 nömrəli protokolundan çıxarış ləğv edilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Şamaxı şəhər sakini X8 13 dekabr 2013-cü il tarixdə ərizə ilə Şamaxı Bələdiyyəsinə müraciət edərək 500 m2 həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Şamaxı Bələdiyyəsi öz növbəsində satılması nəzərdə tutulan və sahənin 10 “A” saylı məntəqəsində yerləşən 500 m2 torpaq sahəsində müvafiq nişanlama işləri həyata keçirmişdir. Lakin sonradan X8 maddi cəhətdən sıxıntı keçirdiyi üçün qeyd olunan torpaq sahəsinin alqı-satqısını müvəqqəti olaraq dayandırmışdır. Müəyyən vaxtdan sonra X8 həmin torpaq sahəsinin alqı-satqısını həyata keçirmək imkanına malik olduğunu bildirmişdir. Bununla əlaqədar Şamaxı Bələdiyyəsi yerquruluşu planlarının hazırlanması üçün 17 iyun 2020-ci il tarixli 106 saylı məktubda Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-yə müraciət edilmiş və 22 sentyabr 2020-ci il tarixdə ayrılan torpaq sahəsinin kadastr göstəriciləri və yerquruluşu planı alındıqdan sonra “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları” haqqında 15 mart 2002-ci il tarixli əsasnamənin tələblərinə uyğun olaraq müvafiq sənədlər hazırlanarkən bələdiyyə, RlH-nin memarlıq şöbəsinin, ƏMDX yanında DƏKÜRX 14 saylı Ağsu LTİ-nin, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin, ƏMDX-nın Şamaxı Ərazi Şöbəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsi üzərində hər hansı bir mübahisənin müəyyən edilmədiyini və bələdiyyə mülkiyyətinə aid olduğunu nəzərə alaraq bələdiyyənin mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınmasına dair müsbət rəylər verilmişdir. Şamaxı Bələdiyyəsinin 18 iyul 2021-ci il tarixli qərarı ilə 500 m2 həyətyanı torpaq sahəsi hərrac və müsabiqədən kənar X7 notarial qaydada satılmışdır. İddiaçı mübahisəli torpaq sahəsini 2006-cı ildə bələdiyyədən aldığını bildirsə də, qeyd olunan torpaq sahəsinin vergisini bu günə qədər ödəməmiş və eləcə də, vergi ödəyicisi kimi qeydiyyatda yoxdur. X4 mövcud olan sənədlərdə qeyd olunan torpaq sahəsinin iddiaçıya satılması barədə məlumat yoxdur. Şamaxı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə dair planda torpaq sahəsi T.Zahidov və M.Bayramov küçələri arasında olduğu qeyd edilmiş, lakin kəsişən küçələrin adları göstərilməmişdir. Məlumat üçün bildirilir ki, bu vəziyyət həmin ərazidə 13 yerdə təkrarlanır. Ona görə, İddiaçı Maqqı qızının mübahisəli torpaq sahəsi ona aid olması öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2-1(118)-448/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli qərarının əsassız olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Belə ki, Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli qərarının iddiaçıya ayrılmış torpaq sahəsinə aid olub-olmamasının müəyyən edilməsi məqsədilə mütəxəsiss rəyi alınmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsi tərəfindən verilmiş **********37 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə bu fakt öz təsdiqini tapmamışdır. Yəni iddiaçı özünə ayrıldığını iddia edilən torpaq sahəsinin faktiki istifadəçisi olmamış və torpağın harada yerləşməsi barədə əsaslı dəlillərə sahib olmamışdır. Belə olan halda Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli qərarının ləğvini qanuni hesab etmək olmaz. Beləliklə, mübahisələndirilən bələdiyyə qərarı bir neçə təşkilat tərəfindən tədqiq edilib qəbul edildiyindən məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi arqumentlər mübahisə predmeti olan Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı apellyasiya şikayətini dəqiqləşdirərək, xx.xx.2021-ci il tarixli 10 №-li və xx.xx.2021-ci il tarixli 08 №-li protokolların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin istər döngə nöqtələri, istərsə də cizgiləri tam məlumdur. Belə olan halda mütəxəssis rəyinin verilməsindən imtina edilməsi üçün heç bir əsas mövcud deyil. iş üzrə mütəxəssis rəyinin verilməsindən imtina edilməsində Şamaxı Bələdiyyəsi və digər şəxslərin (bələdiyyənin eyni torpaq sahəsini satdığı digər şəxs) şəxsi maraqları var. Buna görə də ehtimal olunur ki, iş üzrə korrupsiya halları mövcuddur. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət olunmuş və ərizəyə cavab məktubunda iş üzrə təkrar və ya əlavə ekspertizanın təyin edilməsinin mümkün olduğu qeyd olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsi isə bu hal ilə bağlı heç bir araşdırma aparmamış və iddianı rədd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Kollegiya hesab edir ki, iddiaçının 0,05 ha torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə qərarı mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Kollegiya hesab edir ki, iddiaçının 0,05 ha torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla bələdiyyənin şəhərin 10A saylı məhəlləsində yerləşən 500 m2 torpaq sahəsinin X7 verilməsi barədə 18 iyun 2021-ci il tarixdə qəbul edilmiş 10 nömrəli protokolundan çıxarışı mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. İddiaçı subyektiv hüququnun əsası kimi bələdiyyənin 04 sentyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə ona 0,05 ha torpaq sahəsinin ayrıldığı, sonradan məhz həmin torpaq sahəsinin X7 verilməsi barədə 18 iyun 2021-ci il tarixli 10 nömrəli protokolun qəbul edildiyini bildirir. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisə predmeti olan 0,05 ha torpaq sahəsi ilə iddiaçı tərəfindən naturada ona ayrılmasını iddia etdiyi sahənin eynilik təşkil etməsi bələdiyyə tərəfindən məhz həmin sahənin iddiaçıya ayrıldığına dəlalət etmir. Belə ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçıya Şamaxı bələdiyyəsinin 04 sentyabr 2006-cı il tarixli, 241 nömrəli qərarı ilə 0,05 ha torpaq sahəsi ayrılsa da, ayrılan torpaq sahəsinə dair Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı sənədində ayrılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilməmiş, eləcə də, yerquruluşu qaydasında torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi aparılmamışdır. Belə ki, Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı sənədində torpaq sahəsinin Şamaxı şəhərinin 10 a saylı məhəlləsindən ayrıldığı göstərilsə də, sxem yerquruluşu qaydasında hazırlanmamış, ayrılan torpaq sahəsinin istinad nöqtələri qeyd edilməmiş, bundan əlavə torpaq sahəsinin yeri olaraq T.Zahidov küçəsinə birləşən küçə qeyd edilsə də, küçənin adı göstərilməmişdir. Bundan əlavə, işdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair Şamaxı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 nömrəli protokolunu məhkəmə qaydasında mübahisələndirmişdir. Həmin iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı bələdiyyəsinin 08 may 2021-ci il tarixli, 08 nömrəli protokolunun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 12 mart 2024-cü il tarixli, e-2-1(118)-1953/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və G.İ.Cabbarova) 24 may 2024-cü il tarixli, 2- 1(105)-486/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2509/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2-1(105)-486/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Həmin iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinə dair sxem yerquruluşu qaydasında hazırlanmadığından (istinad nöqtələri, ayrılan torpaq sahəsinin ölçüləri və T.Zahidov küçəsinə birləşən küçələrin adı qeyd olunmadığından) naturada göstərilən torpaq sahəsinin qərara əlavə edilmiş sxemdə göstərilən torpaq sahəsi ilə eyni olub-olmamasını müəyyən etmək, o cümlədən, naturada göstərilən torpaq sahəsinin qərara əlavə edilmiş sxemdə göstərilən torpaq sahəsi ilə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadığından, ünvan 3 ünvanında yerləşən **********65, **********66 reyestr nömrəli çıxarışlara əsasən cavabdeh Şamaxı bələdiyyəsinin mülkiyyətində olan 0,05 ha torpaq sahəsi ilə hansı hissədə və hansı ölçüdə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin hazırda iddiaçının naturada iddia etdiyi torpaq sahəsi olduğu təsdiq edilmədiyindən, iddiaçının vaxtilə bələdiyyənin mülkiyyətində olmuş 0,05 ha torpaq sahəsi üzərində hər hansı subyektiv hüququnun və buna uyğun olaraq, həmin torpaq sahəsinə dair bələdiyyənin prosedur qərarını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan, iddiaçının hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüququnun mövcudluğunu araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının təsbit edildiyi yerquruluşu planından çıxarışın tərtib edilməsi ilə bağlı bələdiyyə orqanına müraciət edə, hazırlanmış yerquruluşu sənədində göstərilən koordinatlarının hazırda mübahisələndirilən bələdiyyə qərarından göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, o, subyektiv hüququn sahibi kimi həmin qərarı məhkəmə qaydasında mübahisələndirə bilər. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2-1(118)-448/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar