Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-70/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(118)-690/2021 saylı qərarından cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının yaşayış yeri üzrə mövcüd olan mənzil növbəliliyinin hərbi xidmət əlilləri siyahısından növbədənkənar yaşayış sahəsi ilə təmin edilməli olan şəxslər siyahısına keçirilməsi və onun növbədənkənar mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23.04.2021-ci il tarixli 2-1(118)-690/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası ƏƏSMN üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 sentyabr 2007-ci ildən 16 mart 2008-ci il tarixə qədər N saylı hərbi hissədə kəşfiyyat bölmə zabiti, bölmə rəisinin müavini vəzifəsində xidmət etmişdir. 16 mart 2008-ci il tarixdə hərbi xidmət vəzifələrinin yerinə yetirərkən əlil olmuş və buna görə də hərbi xidmətdən tərxis olunmuşdur. 31 may 2008-ci il tarixdən yaşayış yeri üzrə mövcud olan mənzil növbəliliyində hərbi xidmət əlili kimi uçota alınmışdır. Həmin ildən bəri o, mənzil növbəsində uçotda olsa da, ona mənzil verilməmişdir, illərdir ki, kirayələrdə yaşayır, işsizdir və kirayə pulunu ödəyə bilmir. Uçota alındığı mənzil növbəsini gözləyə bilmir. Mənzil uçotunda 1-ci növbədə mənzillə təmin olunmağına ehtiyac yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışından da görünür ki, onun travması hərbi xidmət vəzifələrini yerinə yetirərərkən alınmışdır. Hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş hərbi qulluqçu kimi yaşayış sahəsi ilə növbədənkənar təmin olunmağa ehtiyacı vardır. Bununla əlaqədar iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia tələbinə etiraz olaraq cavabdehin nümayəndəsi qeyd etmişdir ki, İddiaçı 2-ci qrup hərbi xidmət əlili imtiyazı əsasında 31.05.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar imtiyazları əsasında yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunurlar. Hazırda cavabdehin iddiaçını növbədənkənar qaydada mənzillə təmin etmək imkanı olmadığı üçün iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş : -Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyinin 15.12.2020-ci il tarixli, **********3 saylı məktubundan görünür ki, əlilliyin bərpa edilməsi ilə bağlı müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aidiyyəti üzrə baxılmış, tibbi-ekspert sənədləri araşdırılmış və 27.05.2014-cü il tarixdən Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əsəbdən müddətsiz ikinci dərəcə əlillik hüququ təmin edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 16.09.2020-ci il tarixli S-128-068 saylı məktubdan görünür ki, İddiaçı 2-ci qrup hərbi xidmət əlili imtiyazı əsasında 31.05.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar imtiyazları əsasında yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunurlar. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 07.10.2020ci il tarixli S-128-068/2, S-128-068/3 saylı məktubdan görünür ki, mənzillə təmin olunma və hərbi xidmət əlil kimi iddiaçıya müəyyən edilmiş pensiyanın bərpa olunmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin və şəhər İcra Hakimiyyəti Başçısının ünvanına daxil olmuş müraciətlərə baxılmışdır. Müəyyən olunmuşdur ki, o, ehtiyata buraxılmış (xəstəliyə görə) zabit kimi 05.04.2008-ci il tarixdən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyata alınmışdır. Hərbi xidmət əlili kimi 31.05.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsindədir. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə imtiyazlarına əsasən yalnız növbəlilik qaydasında təmin olunurlar. Qaldırılan digər məsələ ilə əlaqədar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə müraciət etməsi tövsiyə olunmuşdur. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 17.03.2021-ci il tarixli 33 saylı məktubdan görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında hərbi xidmət əlili kimi 31.05.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. İddiaçı tərəfindən mənzil tələbi ilə bağlı Sumqayıt şəhər icra Hakimiyyətinə daxil olmuş ərizəyə əsasən verilmiş S-128-068 saylı 16.09.2020-ci il tarixli cavab məktubunda mənzil uçotuna alınmış vətəndaşların yaşayış sahələri ilə AR Mənzil Məcəlləsinə tələblərinə uyğun olaraq imtiyazlarına əsasən yalnız növbəlilik qaydasında təmin edilmələri barədə izahat verilmişdir. Yaşayış yeri üzrə mənzil uçotuna alınmış imtiyazlı şəxslərin mənzil təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. - ƏƏSMN tərəfindən verilmiş SER TSE-01 № 411050 saylı arayışdan görünür ki, İddiaçı 2-ci qrup əlildir. - SHXÇDX tərəfindən vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, İddiaçı 27.07.1996-22.07.2000, 22.07.2000-16.03.2008 tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. Xəstəliyə görə Hərbi-Həkim Komsisyasının rəyinə əsasən ehtiyyata buraxılmışdır. -1224 saylı 06.05.2014-cü il tarixli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəliklərin səbəb əlaqəsi kimi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” göstərilən 17.01.2008-ci il tarixli 400 saylı qərarı ləğv edilmiş və səbəb əlaqəsi kimi “ Hərbi travmadır, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(118)-690/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Birinci instansiya məhkəməsi maddi hüquq norması kimi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə istinad etmişdir. Həmin maddəyə əsasən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(118)-690/2021 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Vətəndaşlar sosial kirayə müqaviləsi əsasında (dövlət mənzil fondu) yaşayış sahələri ilə yalnız növbəlilik qaydasında təmin olunurlar (48.2). Həmin Məcəllənin 56-cı maddəsinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir(56.1). Hazırda hərbi xidmət əlillərinin yaşayış yeri üzrə mövcud olan mənzil növbəlik siyahısında 131 nəfər qeydə alınmışdır. İddiaçı həmin siyahı üzrə 41 -çidir. Qanunvericiliyə əsasən, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi, onların mənzil təminatı (mənzil tikintisi və ayrılması) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2008-ci ildən ötən müddət ərzində ev növbəsində olan hərbi xidmət əlillərinə yaşayış sahəsi verilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti hal-hazırda mənzil təminatı məsələsini həll etmir. İddiaçının növbədənkənar mənzillə təmin olunması ilə bağlı məsələnin icrası Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə öhdəlik kimi qoyulmamalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, həqiqətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi Sosial Ekspertiza Agentliyinin rəyində də göstərilmişdir ki, iddiaçı hərbi xidmət vəzifələrini həyata keçirərkən əlil olmuşdur. İddiaçının ev ilə təmin olunması məsələsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin deyil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəliyindədir. Azərbaycan Respublikasının prezidentinin 30 iyun 2021-ci il tarixli, 2449 nömrəli sərəncamında iddiaçının aid olduğu kateqoriyalı şəxslərin evlə təmin olunması barədə hər hansısa bir göstəriş yoxdur. Həmçinin İcra Hakimiyyətləri evlə təmin olunma barədə sərəncam verərsə, həmin sərəncam Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir və nazirlik həmin sərəncamı araşdırdıqdan sonra əgər müraciət etmiş şəxs müəyyən edilmiş kateqoriyaya aiddirsə o, evlə təmin olunur. Nəticə etibarı ilə hal-hazırda hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslərin evlə təmin olunması barədə hər hansısa sərəncam olmadığı üçün iddiaçının növbədənkənar evlə təmin olunması mümkün deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(118)- 690/2021 saylı qərarı ləğv edilməklə iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri üzrə Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi tərəfindən “Yaşayış sahəsinə ehtiyacı olan hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş vətəndaşların mənzil növbəlilik siyahisina əsasən həmin siyahıda iddiaçı 41–ci şəxs kimi göstərilmişdir. Cavabdehin hazırda mənzil fondu olmadığından cavabdeh iddiaçının müraciətini hazırki vəziyyətdə təmin edə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə iddiaçının qeyd olunduğu siyahı üzrə mənzil fondu ayrılacağı təqdirdə iddiaçının mənzillə təmin olunma məsələsinə baxıla bilər. Lakin iş materiallarından göründüyü kimi iddiaçı mənzil növbəsinə götürülməsinə baxmayaraq müraciət etdiyi vaxtdan mənzillə təmin olunmasını xahiş edir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən isə iddiaçı həmin sərəncamda qeyd olunan şəxslər siyahısına aid deyildir. Belə ki,həmin sərəncamda aşağıdakılar təsbit olunmuşdur.
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və yuxarıda qeyd olunan qanunvericilik normalarina əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(118)-690/2021 saylı qərarı ləğv edilməklə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilən apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(118)-690/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.