Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-70/2023 27.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “mənzil kirayə haqqının ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-1(118)-1336/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08 may 2019-cu il tarixli, 367 saylı qərarına əsasən İddiaçı hərbi xidmət keçərkən 2016-cı ilin may ayında paraşütdən tullanarkən aldığı və xx.xx.2019-cu ildə MN-nin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticəsi diaqnoz: “Katotravma nəticəsində sol aşıq sümüyünün arxa çıxıntısının sınığı” “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” və xx.xx.2019-cu il tarixdə MN-nin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “L5-S1 fəqərəarası diskin protruziyası” “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli ”Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışına əsasən iddiaçı xx.xx.2010-xx.xx.2011-ci il və xx.xx.2015-xx.xx.2018-ci il tarixlərində həqiqi hərbi xidmət keçmiş və xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən iddiaçıya “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbi ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 17 mart 2021-ci il tarixli 75 nömrəli sərəncamına əsasən iddiaçı üçüncü qrup hərbi xidmət əlili kimi 3 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı X2, oğlu X3) yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək tərxis olunduğu tarixdən mənzil kirayə xərcinin ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, Ş-5-068, Ş-5/2-068/2 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli Qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar üçüncü qrup əlil kimi mənzil uçotuna alındığından qanunvericiliyin tələbinə görə ona müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi şamil edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun ordu sıralarından tərxis olunduğu tarix nəzərə alınaraq kirayə kompensasiyası ilə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra iddiaçı tələbini dəqiqləşdirərək, xx.xx.2018-ci il tarixdən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli məhkəmə iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 9N saylı xüsusi təyinatlı hərbi hissədə xidmət etmişdir. xx.xx.2016-cı il tarixdə paraşüt təlim atlayışı zamanı xidməti vəzifəni yerinə yetirərkən yerə çırpılaraq bel-oma nahiyyəsindən ağır zədə almış, travma, xəsarət nəticəsində hər iki daban-topuq nayihəsində kəskin ağrılar, bel-oma nayihəsində yırtıqlar və protuziya əmələ gəlmişdir. xx.xx.2018-ci il tarixdə aldığı travma, xəsarətlə əlaqədar tərxis olunmuşdur. xx.xx.2020-ci il tarixdə ona hərbi əlillik təyin edilmişdir. Qanunvericilik əsasında müvafiq sənədlər cavabdehə təqdim edilmiş, cavabdeh orqan sənədlərin qanunauyğunluğunu nəzərə alaraq onun növbəlilik əsasında mənzillə təmin olunmağı barədə qərar qəbul etmişdir. Mövcud qanunvericiliyin tələbləri əsasında hərbi əlillərin mənzillə təmin edilənədək kirayə müqaviləsi əsasında kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Kirayə müqaviləsi və lazım olunan sənədlər Sumqayıt şəhəri İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinə təqdim edilmişdir. Pandemiya şəraitinin yaratdığı məhdudiyyətlər nəticəsində ondan asılı olmayan səbəblər üzündən sənədlərin yığılaraq təhvil verilməsində problemlər yaranmış və gecikməyə səbəb olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli Ş-5/2- 068/2 saylı məktubu ilə iddiaçıya 3-cü qrup hərbi əlil kimi mənzil uçotuna alındığına görə müvafiq yaşayış sahəsinə kirayə üçün kompensasiya ödənilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçıya 3-cü qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin olunmuşdur. O, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 3-cü qrup əlil kimi xx.xx.2021-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. İddiaçı dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək ehtiyata buraxıldığı tarixdən ona mənzil kirayə xərcinin ödənilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə əsasən hərbi xidmət əlillərinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-1(118)-1336/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə prosesində onu nümayəndə təmsil etməmiş, özü şəxsən iştirak etmişdir. Qeyd edir ki, baş vermiş hadisənin araşdırılması barədə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli, 8 saylı qərarını əsas götürərək 09N saylı hərbi hissə tərəfindən verilən “Travma haqqında arayış”a əsasən, katatravma nəticəsində hərbi xidməti davam etdirmək mümkün olmamışdır. Hesab edir ki, məhkəmə işdə olan MN Mərkəzi Hərbi Həkim Komissiyasının 397 saylı, xx.xx.2019-cu il tarixli qərarını düzgün təsvir etməmiş, əlilliyin əlaqəli səbəbi kimi "Xəstəlikdir, hərbi xidmət dövründə almışdır" kimi göstərmişdir. Halbuki, MN Mərkəzi Hərbi Həkim Komissiyasının 367 saylı, xx.xx.2019-cu il tarixli qərarında “Travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır" kimi qiymətləndirilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya əlillik dərəcəsi təyin olunmuş ehtiyatda olan hərbçilərə deyil, xəstəliklə ehtiyata və istefaya buraxılmış və 15 təqvim ili xidmət keçmiş zabitlərə ödənilir. 5 təqvim ilindən az xidmət etmiş hərbi xidmət əlili olan hərbi qulluqçuya mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiqedilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 147-ci bənd. (-). Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12cimaddəsində göstərilmiş qaydada təmin edirlər. (-). 156-cı bənd. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 39.1. Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: (-) 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün – 45 yaş; (-). “Hərbi qulluqçuların statusu haqında” Qanun: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
5. (-) 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. (-).
“Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarı: 1-ci bənd. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə ehtiyata buraxılmış hərbi qulluqçuya mənzillə təmin olunanadək mənzil kirayə haqqının ödənilməsi barədədir. Hər şeydən öncə kollegiya qeyd edir ki, yuxarıda qeyd olunmuş normalara əsasən, kirayə haqqının alınması hüququ mənzil və ya torpaq sahəsi almaq hüququna malik şəxsə verilir. Yəni o şəxsə kirayə haqqının ödənilməsi labüd ola bilər ki, həmin şəxsin ilk öncə mənzil və ya torpaq sahəsi almaq hüququ qanunvericiliyə uyğun olaraq tanınsın. Məsələ burasındadır ki, iş materialları ilə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müəyyən olunur. “Hərbi qulluqçuların statusu haqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 5-ci hissəsində qeyd olunmuşdur ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İstinad olunan normaya əsasən o hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi müəyyən olunur ki: 1) əlillik təyin edilmiş olsun; 2) bu əlillik hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar müəyyən edilmiş olsun; 3) hərbi xidmətdən tərxis bununla əlaqədar olmuş olsun. İddiaçı bildirir ki, o, hərbi vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar tərxis olunduğundan, ona elə həmin tərxis olunduğu tarixdən mənzillə təmin olunanadək mənzil kirayə haqqı ödənilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 24cü maddəsində qeyd olunmuşdur ki, Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı həqiqi hərbi xidmətdə olmuşdur. Həmin Qanunun 28.1.3-cü maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət həqiqi hərbi xidmətin növlərindən biri kimi qeyd edilmişdir. Eyni zamanda da işdən görünür ki, iddiaçı, müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. Müddətdən artıq həqiqi hərbi xidmətin müddətinin müəyyənləşdirilməsi istinad olunan Qanunun 38.1.2-ci bəndi ilə tənzimlənmişdir. Adıçəkilən normaya görə, dinc dövrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il müəyyənləşdirilmişdir. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Qeyd olunanlardan belə nəticə çıxır ki, müddətdən artıq həqiqi hərbi xidmətdə müddətli həqiqi hərbi xidmət bitdikdən sonra minimum 3 il xidmət etmək gərəkir. Bu müddət qurtardıqda tərəflərin razılığı ilə müvafiq olaraq hər dəfə 5 ilədək müddətə uzadıla bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli ”Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışı və iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən ona məxsus AO seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Bununla da müəyyən olunur ki, iddiaçı, müddətdən artıq həqiqi hərbi qulluqçu kimi ilkin müəyyən olunmuş 3 ili xidmət etmiş, üçillik xidməti başa çatdığında xidmət müddəti uzadılmamış, iddiaçı da xidmətdən məhz bu əsasla, yəni xidmət müddəti başa çatdığından tərxis olunmuşdur. Bu qiymətləndirmə isə o nəticəyə gətirib çıxarır ki, iddiaçı xidmətdən özünün qeyd etdiyi kimi xəstəliyi ilə əlaqədar deyil, xidmət müddəti başa çatdığı üçün tərxis olunmuşdur. İddiaçının tələbinə hüquqi qiymət verilməsi üçün hazırda aydınlaşdırılmalı məsələ müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş və 3 il xidmət etmiş, xidmət müddəti başa çatdığına görə xidmətdən tərxis olunmuş hərbi qulluqçuya tərxis olunduğu tarixdən mənzil kirayə haqqının ödənilməli olub-olmamasıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Bununla bağlı qanunvericilikdə 5 il təqvim ilindən az xidmət etmiş olsa da, hərbi xidmət əlili olan hərbi qulluqçuya mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə cavabdeh inzibati orqanın hər hansı bir qanunsuz hərəkətə yol verdiyi müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qeyd edildiyi kimi iddiaçı ona hərbi xidmətdən ehtiyata buraxıldığı xx.xx.2018-ci il tarixdən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsini tələb edir. Cavadeh imtina məktubu, habelə iddiaya və apellyasiya şikayətinə etirazının əsas dəlili iddiaçının yerli icra hakimiyyəti orqanında üçüncü qrup hərbi xidmət əlili kimi uçota alınması və qanunvericilikdə hərbi xidmət əlillərinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinin nəzərdə tutulmamasıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya ilk öncə qeyd edir ki, yuxarıda qeyd edilən hərbi qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların, həmçinin, mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin: - 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. - 2-ci hissəsinə əsasən bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. - 3-cü hissəsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. - 4-cü hissəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndində qeyd edilir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Yəni həm “Hərbi qulluqçuların statusu haqqında” Qanunda, həm də Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabit, gizir və miçmanların, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçularının, azı 5 təqvim ili xidmət etmiş ştatların ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü hissəsində qanunverici konkret iradəsini ifadə etmiş, müddətindən artıq xidmət etmiş hərbi qulluqçusunun mənzil kirayə xərclərinin ödənilməsi üçün hansı müddətə hərbi xidmət etməli olmasını qeyd edilmişdir. Belə ki, müddətindən artıq xidmət hərbi qulluqçusu 15 təqvim ili və daha çox xidmət etmiş olduğu halda mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin edilir. AR SHXŞDX-nin xx.xx.2022-ci il tarixli ”Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışından görünür ki, iddiaçı cəmi 4 il 5 ay 10 gün hərbi xidmət keçmiş və xidmət müddəti başa çatdığından ehtiyata buraxılmışdır. Həmçinin, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən ona məxsus AO seriyalı ******* nömrəli hərbi biletdən də görünür ki, iddiaçı 21 aprel 2010 - 03 oktyabr 2011-ci il tarixlərində həqiqi hərbi xidmət, 15 yanvar 2015 - 23 yanvar 2018-ci il tarixlərində müddətindən artıq xidmət hərbi qulluqçusu kimi hərbi xidmət keçmiş və 24 yanvar 2018-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçı müddətindən artıq xidmət hərbi qulluqçusu olmuş, 15 təqvim ilindən az xidmət etmiş və xidmət müddəti başa çatdığından ehtiyata buraxılmışdır. Kollegiya qeyd edir ki, qeyd edilən kateqoriyadan olan hərbi qulluqçulara aid qanunvericilikdə nəzərdə tutulan müddətlə bağlı şərt iddiaçıya münasibətdə mövcud olmamışdır. Bundan əlavə iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində tələbinin əsası kimi cavabdeh orqan tərəfindən onun növbəlilik əsasında mənzillə təmin edilməsi barədə qərar qəbul edildiyini bildirmişdir. Hazırkı işdə iddiaçının müddətindən artıq xidmət hərbi qulluqçusu kimi hərbi xidmət keçməsi, 2016-cı ildə hərbi xidmət zamanı təlimdə travma aldığı, lakin xidmətini 24 yanvar 2018-ci il tarixədək davam etdirdiyi, ona 2020-ci ildən üçüncü dərəcə əlilliyin təyin olunduğu mübahisələndirilmir və mübahisə predmeti deyil. Məhz bu səbəbdəndir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 17 mart 2021-ci il tarixli 75 nömrəli sərəncamına əsasən iddiaçı üçüncü qrup hərbi xidmət əlili kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Hazırkı işdə cavabdeh tərəfindən mübahisə olunan iddiaçının müddətindən artıq xidmət hərbi qulluqçusu kimi qanunvericilikdə nəzərdə tutulan şərtlə ehtiyata və ya istefaya buraxıldığını təsdiq edən sübutun olmamasıdır ki, inzibati məhkəmə icraatı zamanı da belə sübutun olduğu müəyyən edilməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, işə baxan birinci instansiya məhkəməsi isə iddianı rədd edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-1(118)-1336/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.