Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-70/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdehin qərarlarının ləğv edilməsi və AR vətəndaşlığına qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(118)- 2449/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı barəsində Rusiya Federasiyası tərəfindən verilmiş 06 mart 2000-ci il tarixli, İ- AK seriyalı, 508328 nömrəli “Doğum haqqında şəhadətnamə” yə əsasən iddiaçı 09 fevral 2000-ci il tarixdə Sankt Peterburq şəhərində doğulmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. Onun atası X1 Federasiyası, anası X5 isə Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı 05 noyabr 2000-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir. İddiaçının müraciəti ilə əlaqədar ona münasibətdə cavabdeh tərəfindən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 11 noyabr 2022-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılan araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Bu baxımdan, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın 3.11-ci bəndi və 4.4-cü bəndi rəhbər tutularaq İddiaçı AR vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Həmin qərarla razılaşmayan iddiaçı 11 noyabr 2022-ci il tarixli, ******* nömrəli qərardan cavabdehə inzibati şikayət verərək qərarın ləğv edilməsini və onun AR vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin 11 mart 2023-cü il tarixli, 3-37-06/2-578/2023 nömrəli məktubu ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş, 11 noyabr 2022-ci il tarixli, ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı yenidən eyniməzmunlu müraciətlə cavabdehə müraciət etmiş, cavabdeh 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli məktubu ilə iddiaçının AR vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair müraicətinin araşdırıldığını və barəsində 11 noyabr 2022-ci il tarixli, ******* nömrəli qərar qəbul edildiyini bildirmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati qərarının, 11 fevral 2023cü il tarixli və 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli inzibati aktlarının ləğv edilməsi və Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 09 fevral 2000-ci il tarixdə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində doğulmuş və Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Atası Rusiya, anası Azərbaycan Respublikası vətəndaşıdır. AR vətəndaşlığına mənsubiyyətinin qəbul edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə vətəndaşlığa qəbul edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin həmin qərarı qanunsuzdur. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Hesab edir ki, qeyd olunan norma ona münasibətdə tətbiq edilməlidir. Belə ki, onun anası AR vətəndaşıdır və Qanunun 12-ci maddəsinin 1-ci və 2-ci hissələrində göstərilən istisna hallar ona münasibətdə mövcud deyil. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və RF-yə məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin AR-nin vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən razılığa gələn dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi razılığa gələn həmin dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin AR-nin vətəndaşlığına mənsubiyyəti tanınmır. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı. Göründüyü kimi, şəxsin digər dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınması AR vətəndaşlığının itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(118)-2449/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi arqument, yəni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində əks olunmuş “Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi” mövqenin hazırkı iddia tələbinə tətbiq edilməsi yolverilməzdir. Belə ki, cavabdeh iddiaçının AR vətəndaşı statusunu əldə etməməsini nəzərə almamışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia digər əsasla təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 2.2.4-cü bəndində qeyd olunmuş müddəa, yəni valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olduğu təqdirdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsas hesab edilməsi qeydinin digər ölkənin vətəndaşına tətbiq edilməsi düzgün deyil. Qeyd olunan müddəanın vətəndaşsızlıq vəziyyətində olan şəxslərə tətbiq edilməsi daha düzgün olardı. Hazırkı iddia tələbi üzrə iddiaçının vətəndaşlığının olması qeyd olunan halı aradan qaldırır. Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, əvvəl AR vətəndaşı olmamış və digər dövlətin vətəndaşlığını könüllü əldə etməmişdir. Doğum yeri Rusiya olduğu üçün ona doğum yeri üzrə avtomatik Rusiya vətəndaşlığı verilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci bəndinin ona hər hansı bir aidiyyəti yoxdur. Onun anası Azərbaycan Respublikası vətəndaşıdır və bu işin mübahisəsiz halıdır. Cavabdeh və işə baxan məhkəmə “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyaya əsasən onun AR vətəndaşlığa qəbul edilməsini mümkün hesab etməsə də, Hesab edir ki, həmin konvensiya əksinə, məhz valideynlərindən birinin vətəndaşlığı üzrə əldə etməsini təsdiqləyir. Məhkəmənin özünün istinad etdiyi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. AR Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Lakin elə həmin qanunun 11.1-ci maddəsinin 1-ci hissəsinə əsasən şəxs Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda AR vətəndaşlığını əldə edir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. 2-ci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. İddiaçının valideynlərindən biri, yəni anası X6 Azərbaycan vətəndaşıdır və 12-ci maddəsinin 1 və 2-ci hisslərində qeyd edilən hal-hazırki mübahisədə mövcud deyil. Hesab edir ki, Qanunun 11.1-ci maddənin 1-ci hissəsi ilə Azərbaycan Respublikası vətəndaşlığı almaq hüququ vardır və qanun buna icazə verir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun: Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər ... Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; ... Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; ... “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 nömrəli Qərarı:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir.
4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki mübahisənin predmeti iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtinası barədədir. Cavabdeh iddiaçının bununla bağlı müraciətinin icrasından imtina edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nöömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın 4.4-cü bəndinə əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməməklə, düzgün hüquqi nəticəyə gəlsə də, məhkəmənin hüquqi mövqeyi əsaslı olmamışdır. Belə ki, məhkəmə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın 4.4-cü bəndində istinad edilən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin yalnız vətəndaşlığı olmayan şəxslər barəsində tətbiq edilməli olduğunu, bu baxımdan, həmin normanın iddiaçı barəsində tətbiqini əsaslı hesab etməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə istinad edərək AR vətəndaşından doğulan şəxslərin belə vətəndaşlığı əldə etmək hüququnun olduğunu, onun da valideynlərindən birinin Azərbaycan Respublikasının vətəndaşı olduğunu nəzərə alaraq həmin normanın onun barəsində tətbiq edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və iddiaçının dəlilləri ilə razılaşmayaraq bildirir ki, hazırkı qərarın yuxarıda sadalanan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı 09 fevral 2000-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş və Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi Rusiya Federasiyasında doğulduğu üçün həmin ölkənin vətəndaşı olması və könüllü surətdə vətəndaşlığını dəyişdirməməsi ilə bağlı dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının Rusiya Federasiyasında doğulması faktı onun məhz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməli olması anlamına gəlmir. Başqa sözlə, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını məcburi deyil, könüllü şəkildə qəbul etmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(118)-2449/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.