Məhkəmə qərarları › İş №2-1(105)-70/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-70/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-70/2025 17.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(118)-833/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib “xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1976-cı ildə Quba rayonu Adur kəndində anadan olmuş, uşaqlığından bu günə kimi epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar bir çox müalicələr alsa da, müalicələrin heç bir faydası olmamışdır. Bundan əlavə 2007-ci ildə ürək tutmasından yıxıldıqdan sonra həkimə aparılmış, həmin vaxt onun ürək çatışmamazlığından əziyyət çəkdiyi aşkar olunmuşdur. Müalicə alsa da, ona “Rematik miokardit. Durğunluq ürək çatışmamazlığı, erkən depolyarizasiya, iltihabı poliartiya” diaqnozu qoyulmuşdur. 2008-ci ildən 2021-ci ilə kimi ona hər il müayinədən keçərək İİ qrup əlillik təyin edilmişdir. Əliliyə görə pensiya almış, hər il daim müalicələrdə olmuş, müalicə olunmasa da vəziyyəti ağırlaşır. 2021-ci ilin noyabr ayında əliliyinin müddəti bitdikdə onu yenidən müayinəyə göndərdilər. Üç dəfə onu müayinəyə göndərmişlər, iki dəfə yataq şəraitində müayinə olunmuş, hər dəfə müxtəlif bəhanələrlə ona əlillik təyin edilməsindən imtina etmişlər. Sonuncu dəfə isə rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, həkimin rəyi, xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmalar əsası ilə növbəti imtina cavabı gəlmişdir. İmtina məktubunda qeyd edilən heç bir hal ona TSEK tərəfindən əlillik təyin edilməməsi üçün əsas deyildir. Hazırkı halda heç bir əsas olmadan qanunsuz olaraq ona əlillik təyin edilməsindən imtina edilir. Xəstəliyi ilə bağlı heç bir yerdə işləyə bilmədiyi üçün ailəni dolandıra bilmir, dərmanlar ala bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.0 - Nevrasteniya; Diaqnozun mətni: Nevrasteniya; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Digər" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ09 - Ürəyin digər revmatik xəstəlikləri => İ09.0 - Revmatik miokardi; Diaqnozun mətni: REMATİK MİOKARDİT. DURĞUNLUQ ÜRƏK ÇATMAMAZLİĞİ. ERKƏN DEPOLYARİZASİYA. İLTİHABİ POLİARTOPATİYA; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ09 - Ürəyin digər revmatik xəstəlikləri => İ09.0 - Revmatik miokardit; Diaqnozun mətni: REMATİK MİOKARDİT. DURĞUNLUQ ÜRƏK ÇATMAMAZLİĞİ. ERKƏN DEPOLYARİZASİYA. İLTİHAB! POLİARTOPATİYA; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixii göndərişi əsasında baxılmış və Diaqnozun mətni: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası lil f s, p ostinf a rkti k kardioskleroz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Anqioqrafiya müayinə olunması masləhət görülür” səbəbi ilə imtina verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ f.s; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmalar ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi iddiaçıya sonuncu göndəriş əsasında geri qaytarmanın səbəbi “Göndərişin natamam doldurulması – Səbəb: Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmalar ətraflı qeyd edilsin” olmuşdur. Odur ki, iddiaçıya qeyd edilən natamamlıqları aradan qaldırdıqdan sonra müraciət etməsi tövsiyə olunur. Bundan əlavə qeyd edilir ki, iddiaçının müraciəti əsasında ona imtina verilməmiş və inzibati akt qəbul edilməmişdir. Bu səbəbdən iddiaçının “Forma88”-nin “göndərişin natamam doldurulması” səbəbi ilə səhiyyə müəssisəsinə geri qaytarılmasından inzibati akt formasında məhkəməyə şikayət etməsi qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 28 noyabr 2023-cü il tarixli, 3-17-4/2-30951/2023 nömrəli məktubuna qoşma olaraq Tibbi-sosial ekspert komissiyasının qərarı əlavə olunmuşdur. Həmin qərardan görünür ki, əlillik təyinatının əsas xəstəliyin, əlillik təyinatına əsas verən ağırlaşmalarına görə aparıldığı nəzərə alınaraq, vətəndaşda rəsmiləşdirilmiş göndərişdə əsas diaqnoz kimi qeyd edilmiş “İ25.2, İ50.0, İ20.8, İ11.9, XBT kodu ilə göstərilmiş xəstəliklər təsdiqlənməmiş, obyektiv müayinədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində əlilliyin təyinatına əsas verən ağırlaşma kimi qeyd edilmiş “G93.4 Dəqiqləşdirilmiş ensefalopatiya, Epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 7- 8 dəfə)” diaqnozu təqdim edilmiş, EEQ müayinə nəticəsinə əsasən tutmaların epileptik xarakterli olmasını əsaslandırmamış və DTSERA-da həkim-nevroloqun obyektiv müayinəsində təsdiqini tapmamışdır. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişində Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T204/2024 nömrəli ekspert rəyində qeyd edilir ki, “iddiaçının əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ fs” diaqnozu şəxsin əyani müayinəsi zamanı öz təsdiqini tapmadığından, aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin hər hansı bir maddəsini aid etmək mümkün olmadı”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(118)-833/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən aparılmış yenidən müayinə nəticəsində iddiaçının tibbi sənədlərinə baxış keçirilmiş və iddiaçı əyani müayinə olunmuş, iddiaçıya təyin edilmiş diaqnozun əlillik dərəcəsinin təyininə əsas verməməsi ilə öz təsdiqi tapmışdır. Bundan başqa iddiaçının qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi halların mövcudluğu aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində səciyyələnmiş sənədlərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona əlillik dərəcəsi 2008-ci ildə təyin edilmiş və hal-hazırki dövrə kimi xəstəliyi daha da kəskinləşmişdir və həkim komissiyası əsassız olaraq qeyri-obyektiv rəy vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X8-Təcrübi və Tədris birliyi publik hüquqi şəxsin tərəfindən aparılmış və həmin sənəddə qeyd edilir ki, onun tibbi sənədlərinə baxış keçirilmiş və o, əyani müayinə olunmuşdur və verilən diaqnozun əlillik dərəcəsinə təyinə əsas verməməsini, öz əksini tapmamasını əsas gətirmişdir. Halbuki, onun təqdim etdiyi sənədlərdə xəstəliyi ona əlillik təyin edilməsi üçün kifayət qədər əsas verirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci maddəsinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışın nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin Əsasnamənin 2.3-cü maddəsinə əsasən üçüncü dərəcə əlillik- xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin(ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Sadalanan normalardan müəyyən olunur ki, qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulması funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi hallar əsas meyarlar kimi çıxış edir. Məhkəmə işi üzrə onun şifahi vəsatətini nəzərə almayaraq təkrar kompleks ekspertiza keçirilməsi barədə vəsatətini təmin etməyərək onun qanunla qorunan hüquqlarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununa və Azəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və(vəya) məhkəməyə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya electron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; (-) 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; (-) 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı; (-) 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı; (-) 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması; (-) 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; (-) 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı; (-)

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşdən görünür ki, iddiaçı ilk dəfə xx.xx.2014-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək uzadılmışdır. xx.xx.2016-cı il tarixində iddiaçıya 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli, G00094972VPY nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – İ20.8 “Stenokardiyanın digər formaları ÜİX stabil gərginlik stenokardiyası İİİ fs”, ağırlaşmaları: İ25.2 “Əvvəllər keçirilən miokard infarktı, Postinfarktik kardioskleroz“, İ50.0 “Durğunluq ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİİ f.s. (AF 42/%)”, yanaşı xəstəliklər: G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, Epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)”, G40.1 “Dissirkulyator ensefalopatiya (İ67.4)”, İ11.9 “[Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [yi], Arterial hipertenziya İİİ d risk İV” qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - səbəb: Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmalar ərtaflı qeyd edilsin” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-4068/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 28 noyabr 2023-cü il tarixli, 3- 17-4/2-30951/2023 nömrəli məktubuna qoşma olaraq Tibbi-sosial ekspert komissiyasının qərarı əlavə olunmuşdur. Həmin qərardan görünür ki, əlillik təyinatının əsas xəstəliyin, əlillik təyinatına əsas verən ağırlaşmalarına görə aparıldığı nəzərə alınaraq, vətəndaşda rəsmiləşdirilmiş göndərişdə əsas diaqnoz kimi qeyd edilmiş “İ25.2, İ50.0, İ20.8, İ11.9, XBT kodu ilə göstərilmiş xəstəliklər təsdiqlənməmiş, obyektiv müayinədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində əlilliyin təyinatına əsas verən ağırlaşma kimi qeyd edilmiş “G93.4 Dəqiqləşdirilmiş ensefalopatiya, Epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)” diaqnozu təqdim edilmiş, EEQ müayinə nəticəsinə əsasən tutmaların epileptik xarakterli olmasını əsaslandırmamış və DTSERA-da həkim-nevroloqun obyektiv müayinəsində təsdiqini tapmamışdır. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişində Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Daha sonra iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçıda aşkar olunan xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsi (orqanizm funksiyalarının pozulması dərəcəsi) verilməsinə əsas verib-verməməsi, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsinin verdiyi xx.xx.2022-ci il tarixli, 13695 nömrəli tibbi vərəqədə göstərdiyi diaqnozun iddiaçıya əlillik dərəcəsinin verilməsinə əsas verib-verməməsi, əgər əsas verirsə onun orqanizm funksiyalarının pozulmasının hansı dərəcəsi ilə verildiyi ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T204/2024 nömrəli ekspert rəyində qeyd edilir ki, “iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ fs” diaqnozu şəxsin əyani müayinəsi zamanı öz təsdiqini tapmadığından, aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin hər hansı bir maddəsini aid etmək mümkün olmadı”. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı qərar qəbul edərkən yuxarıda qeyd olunan ekspert rəyini əsas götürmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin rəyin tərtib olunmasında, eyni zamanda məhkəmə-tibbi müayinələrinin həyata keçirilməsində cavabdeh inzibati orqanın eksperti də iştirak etmişdir. Belə ki, daxil olmuş ekspert rəyindən görünür ki, məhkəmə icraatı zamanı təyin olunmuş ekspertiza təkcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirilmişdir. Bununla da rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin mövqeyinin nümayiş olunduğu göstərilir. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-936/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, və ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi şəxsinin başqa ekspertinə tapşırılmışdır. Ekspert qarşısında tibb müəsisəsinin müəyyən etdiyi xəstəliklərin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aşağıdakı suallar qoyulmuşdur: 1) Əsas diaqnoz olan “120.8 “Stenokardiyanın digər formaları ÜİX stabil gərginlik stenokardiyası İİİ f.s” xəstəliyi aşkar edilirmi? 2) Əsas diaqnozun ağırlaşması olan “İ25.2 “Əvvəllər keçirilən miokard infarktı, Postinfarktik kardioskleroz“, xəstəliyi aşkar edilirmi? 3) Əsas diaqnozun ağırlaşması olan “İ50.0 “Durğunluq ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİİ f.s. (AF 42/%) xəstəliyi aşkar edilirmi? 4) Yanaşı xəstəlik olan “G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, Epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) G40.1 “Dissirkulyator ensefalopatiya (İ67.4)” xəstəliyi aşkar edilirmi? 5) Yanaşı xəstəlik olan “İ11.9 “[Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ d risk İV “xəstəliyi aşkar edilirmi? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, T 152/2025 nömrəli ekspert rəyində qeyd edilir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə “X1”nun konsultativ poliklinika şöbəsində müayinə olunmuş və ona “ÜİX, gərginlik stenokardiyası İİ f.s. İ120.8; arterial hipertoniya İİ dər. İ11.0, hiss dəstəsinin sağ ayağının tam blokadası 45.1, XÜÇ İ f.s. (AF- 55%) İ50.0” diaqnozu qoyulmuş, yəni o, həmin xəstəliklərdən hazırda əziyyət çəkir. İddiaçı “Arterial hipertoniya İİ dərəcə - İ11.0” xəstəliyi istisna olmaqla digər xəstəliklər əsas xəstəliklərdir. Göründüyü kimi iş materialları ilə müəyyən edilir ki, iddiaçının 2008-2021-ci illər arasındakı əlliyinə əsas olmuş xəstəliklər davam edir və tibb müəsisəsinin göndərişində qeyd edilən xəstəliklər öz təsdiqini tapmışdır və bu da iddiaçıya əlillik təyini üçün əsas təşkil edir. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia təmin etməməklə yanaşı həmin iddia tələbinə münasibətdə iddia müddəti ilə bağlı məsələyə də münasibət bildirməli olduğu halda bunu etməmiş, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla iddiaçıya düzgün hüquqi yardım etməmişdir. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iddiaçının tələbi ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilmiş və həmin göndəriş əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdən əvvəlki imtinalar isə, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2023-cü il tarixdən təyin edilməlidir. Yuxarıda qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyasının iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişindən cavabdeh orqanın imtinasının əsassız hesab edilməsi, həmin imtina tarixindən ona əlillik təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(118)-833/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 11 may 2023-cü il tarixdən ümumi əsaslarla (ümumi xəstəliklə əlaqədar) əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar