Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-700/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-2781/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəninin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1972-ci il tarixdə Yevlax şəhərində doğulmuş, 14 iyun 1991-ci il tarixdən 12 iyun 1992-ci il tarixə kimi keçmiş SSRİ SQ-də hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün 30 iyun 1992-ci il tarixdə Yevlax Rayon Hərbi Komissarlığından könüllü olaraq hərbi xidmətə qayıtmış və N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. Xidmətdə olduğu dövrlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə-əməliyyatlarda iştirak etmək üçün dəfələrlə müxtəlif döyüş bölgələrinə ezam olunmuş və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissədə xidmət keçən zaman Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qoruyarkən 29 iyul 1992-ci il tarixdə güllə yarası alaraq yaralanmış, 28 iyul 1992-ci il tarixdən 25 avqust 1992-ci il tarixədək Yevlax Şəhər Xəstəxanasında müalicə almış, sonrakı illərdə zaman-zaman müalicə və müayinə kursu qəbul etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 950 saylı, 25 may 2017-ci il tarixli qərarı “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏƏSMN tərəfindən 19 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuş, yenidən qiymətləndirimə zamanı isə ləğv edilmişdir. Müharibə veteranı adı və vəsiqəsi almaq üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, müsbət nəticə əldə edilməmişdir. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçı işin aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Cavabdehə inzibati işin aidiyyət məsələsi ilə əlaqədar məhkəmə bildirişi göndərilsə də, cavabdeh aidiyyət məsələsinə münasibətini bildirməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-2781/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəninin verilməsi” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim K.Həbibova). Məhkəmə hesab etmişdir ki, İPM 8.1.2 və 8 8.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq işə iddiaçının yaşayış yeri üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəninin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəninin verilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bildirmək istəyir ki, Abşeron rayonunda fərdi yaşayış evi, daimi iş yeri var. Övladları Bakı şəhərində təhsil alırlar. Yevlax şəhərində olan qeydiyyatı formal xarakter daşıyırdı. Məhkəmə iclasında hüquqşünas olmadığı üçün hakimin aidiyyəti üzrə göndərmə məsələsinə etiraz edə bilməmişdir. Lakin, məhkəmə işinin Şəki İnzibati Məhkəməsinə göndərilməsi vətəndaş kimi mənafeyinə uyğun deyildir. Məhkəmə qərardad çıxararkən 10 gün müddətində şikayət verə biləcəyimi bildirərək narazı qalarsa şikayət verməyini tövsiyyə etmişdir. Belə ki, düşünmüşdür ki, qərardad ona rəsmi qaydada verilənə qədər qeydiyyat ünvanını Abşeron rayonunda yerləşən ünvanına dəyişib qərardaddan şikayət verib Sumqayıt İnzibati Məhkəməsində baxılmasına davam edilsin. Qərardadın çıxarıldığı tarixdən 2 ay gözləyib qərardadın ona göndərilmədiyini görüb 16 aprel 2024-cü il tarixdə məhkəməyə yaxınlaşaraq imza edib qərardadı götürmüşdür. Məhkəmədə ona bildirilmişdir ki, iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müharibə veteran adı və vəsiqəsinin verilməsi barədədir. Birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, hazırkı iddiaya iddiaçının yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılmalı olduğunu əsas götürərək, hazırki işə baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsalandırmışdır ki, “hazırkı mübahisə inzibati orqanla (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) hərbi qulluqçular arasında mövcud olan (və ya əvvəllər mövcud olmuş) xidməti hüquq münasibətləri ilə bağlıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir - 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının xidməti yaşayış yeri yoxdur. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.3-cü maddəsində göstərilən (iddiaçının xidməti yaşayış sahəsinin olduğu yeri üzrə) aidiyyətin təsir dairəsinə düşmür. Belə olan halda, iddiaçının hazırkı tələbinin ərazi aidiyyəti Azərbaycan Respublikası İPM-in 8.1.3-cü maddəsində göstərilən “xidməti yaşayış sahəsi olmadığı hallarda yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılır” kimi müəyyən edilmiş aidiyyətin təsir dairəsinə düşür. Bundan əlavə, İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd edilməlidir ki, İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı məcburetmə iddia növü kimi, müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, hazırkı iddiaya iddiaçının yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılmalıdır. Göründüyü kimi, yuxarıda şərh olunan, ərazi aidiyyəti qaydalarını müəyyən edən hər iki maddənin (8.1.2 və 8.1.3) tələbləri baxımından hazırkı iddianın ərazi aidiyyəti iddiaçının yaşayış yeri üzrə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarından müəyəyn olunur ki, o, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, m.5-də qeydiyyatdadır. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşadığı yer üzrə səlahiyyətli məhkəmə olan Şəki İnzibati Məhkəməsidir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həm İPM-in 8.1.3cü, həmdə 8.1.2-ci maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, İPM-in 8.1.3-cü maddəsi həmin məcəllənin 8.1.2-ci maddəsinə münasibətdə xüsusi norma olduğuna görə hazırkı mübahisəyə tətbiq edilməli olan normadır və həmin normanın tələbləri baxımından birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materialllarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldıran zaman o, ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Ona görə də yuxarıda qeyd edilən normalara əsasən iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşadığı yer üzrə səlahiyyətli məhkəmə olan Şəki İnzibati Məhkəməsi olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə iddia qaldırılan zaman hazırki iş üzrə iddiaçının yaşayış yeri üzrə qeydiyyat ünvanı Yevlax şəhərində yerləşdiyindən, qeyd edilən inzibati ərazi vahidi isə ərazi yurisdiksiyası baxımından Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan, birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydalarının müəyyən edilməsi zamanı müvafiq qanunvericiliyin norma və tələblərini nəzərə alınmış, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur, iddiaçının şikayətinin dəlilləri isə əsaslı olmamışdır. İş materiallarından görsənir ki, məhkəmə qərardadı iddiaçıya çatmamış, iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş, həmin məhkəmə aidiyyat məsələsini mübahisələndirməmiş, müvafiq prosessual hərkətlər etmişdir. Lakin iddiaçı sonradan apellyasiya şikayəti verdiyi üçün iş həmin məhkəmədən geri istənilmişdir. Göründüyü kimi aidiyyat məsələlərində məhkəmələr arasındada mübahisə olmamışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olduğu üçün apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Lakin məhkəmə kollegiyası bir məqama münasibət bildirməyi zəruri hesab edir. İş materiallarından görsənir ki, iddiaçı hazırda Sumqayıt İnzibati Məhkəməsinin yuristiksiyasına aid olan ünvana qeydiyyata düşmüşdür. İddiaçının hüquqi marağı onun faktiki yaşadığı yer üzrə işinə baxılmasından ibarətdir. Mübahisələndirilən məhkəmə qərardadı qanuni və əsaslı olduğu üçün həmin qərardadın ləğv edilməsu üçün əsas yoxdur. Lakin iddiaçının digər bir hüquq müdafiə vasitəsindən istifadə etmək imkanı vardır. İddiaçı məhkəmə iclasında iştirak etmədiyi üçün ona hüquqi yardım etmək mümkün olmamışdır. İddiaçının faktiki yaşadığı yer üzrə qeydiyyata düşdüyü andan yaşayış yeri üzrə yenidən iddia qaldırmaq hüququ yaranmışdır. Lakin iddiaçı bu hüquqdan istifadə etməmiş, səmərəli olmayan şikayətlər vermişdir. Nəzərə alandakı hazırkı iddia öhdəliyin icrasıdır və həmin iddialara iddia müddəti tətbiq edilmir, iddiaçının bu hüquqndan istifadə etməsi məqsədəmüvafiq hesab edilə bilər. İddiaçıya izah edilsin ki, işin göndəriləcəyi Şəki İnzibati Məhkəməsindən iddia ərizəsinin geri götürülməsini xahiş edərək, yenidən Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-2781/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-700/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-700/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver