Məhkəmə qərarları › İş №2-1(105)-701/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-701/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-701/2024 23.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Masazır bələdiyyəsinin 65 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış 0,0588 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-1243/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 65 saylı qərarı ilə Masazır bələdiyyəsi ərazisində yerləşən 0,0588 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Masazır bələdiyyəsinin 66 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış 0,0588 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 65 saylı qərarı ilə Masazır bələdiyyəsi ərazisində yerləşən 0,06 ha (faktiki 0,0588 ha) torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyəri ödənildikdən sonra torpaq sahəsi iddiaçıya təhvil verilmiş, həmin tarixdən bu torpaq sahəsi faktiki olaraq istifadəsində olub və hal-hazırda sahibliyindədir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 66 saylı qərarı ilə Masazır bələdiyyəsi ərazisində istifadə və sahibliyinə verilmiş 0,06 ha (faktiki 0,0588 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023-cü ii tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-32/2-Ə-0201/2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin yuxanda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Masazır bələdiyyəsi tərəfindən İddiaçı 0,06 ha torpaq sahəsinin 02 sentyabr 2004-cü il tarixdə, 65 nömrəli sərəncamla ayrıldığı halda, alqı-satqı aktı, müvafiq bələdiyyənin yerquruluşu planından çıxarışı, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyləri, həmçinin arxiv arayışının İdarəyə təqdim edilmədiyi, sözügedən sərəncamda hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq olduğu, təhkim aktında 13 avqust 2004-ci il tarixli, 16 saylı qərara istinad edildiyi, hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0,06 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0588 ha olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 65 saylı sərəncamından görünür ki, vətəndaş X2 0,06 ha torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmiş aktda görünür ki, İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi ona təhvil verilmişdir. 01 iyul 2004-cü il tarixli, 35 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən torpaq alqısatqısı üçün Masazır bələdiyyəsinin hesabına 1,000000 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsinin bir tərəfində metal var, bir tərəfi şərti, digər tərəfləri daş hasarla bərkidilmişdir. Faktiki koordinatlar əlavə edilmişdir. Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, Masazır bələdiyyəsi tərəfindən tərtib edilmiş qərarda soyadı texniki səbəbdən səhv yazılmışdır. Belə ki, 66 saylı, 16 sentyabr 2004-cü il tarixli qərarda “Əsgərov” soyadı “Əsgədov” soyadı kimi göstərilmişdir. Yəni “r” hərfinin əvəzinə “d” hərfi qeyd edilmişdir. Bu baxımdan Masazır bələdiyyəsinin 66 saylı, 16 sentyabr 2004-cü il tarixli qərarla 0,06 ha torpaq sahəsi vətəndaş İddiaçı ayrılmışdır. Məhkəmə sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin 65 saylı sərəncamı xx.xx.2004-cü il tarixli deyil, xx.xx.2004-cü il tarixlidir və həmin sərəncamda İddiaçı adı aşkar edilməmişdir. Məhkəmə sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin 16 sentyabr 2007-ci il tarixli, 66 nömrəli sərəncamı ilə X4 fərdi mənzil tikintisi üçün 0,06 saylı torpaq sahəsi ayrılmışdır. Sərəncamdan çıxarış və əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək 0,06 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən vətəndaşa 0,06 ha torpaq sahəsinin 02 sentyabr 2004-cü ildə, 65 nömrəli sərəncamla ayrıldığı halda alqısatqı aktının, müvafiq bələdiyyənin yerquruluşu planından çıxarışının, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin, həmçinin arxiv arayışının hazlrkl ırizəyə əlavə olunmadlğl müəyyən edilmişdir. Bundan başqa sözügedən sərəncamda hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq olduğu, həmçinin təhkim aktında 13 avqust 2004-cü il tarixli, 16 saylı qərara istinad edildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0,06 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0588 ha olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-1243/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinanın dəlilləri kimi göstərilmiş torpaqların alqı-satqısına dair aktın və memarlıq və şəhərsalma şöbəsinin rəyinin, yerquruluçu planından çıxarışın olmaması iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Torpaq sahəsinin ölçüsüsünün naturada daha az olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin naturada daha az olması faktını qəbul edir və 0.0588 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. İddiaçının soyadının səhv yazılması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı torpq sahəsinin ayrılması barədə bələdiyyənin qərarında həm iddiaçının soyadı, həm də qərarın tarixi və nömrəsinin səhv yazılması müəyyən edilmişdir. Arxiv əsasları araşdırıldıqda aşkar edilmişdir ki, əslində torpaq sahəsi iddiaçıya xx.xx.2004-cü il tarixli 66 saylı qərarla ayrılmışdır. Qərarda iddiaçının soyadı “Əsgərov” əvəzinə “Əsədov” yazılsa da, qərara əlavə edilmiş bütün sənədlərdə, o cümlədən yaşayış yerindən arayışda, torpağın ayrılması ilə bağlı ərizəsində, təhkim aktında və s.vətəndaşın soyadı “Əsgərov” kimi qeyd edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-1243/2024 saylı qərarının “qərara aldı” hissəsində Masazır Bələdiyyəsinin qərarının tarixi və nömrəsi fərqli qeyd edilib. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılan zaman qüvvədə olan redaksiyası): Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (-). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Masazır Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 65 saylı qərarı ilə ayrılan Masazır bələdiyyəsi ərazisində yerləşən 0,0588 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh dörd əsasla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərdən üçünə istinad etmişdir: 1) Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən vətəndaşa 0,06 ha torpaq sahəsinin 02 sentyabr 2004-cü ildə, 65 nömrəli sərəncamla ayrıldığı halda alqı-satqı aktının, müvafiq bələdiyyənin yerquruluşu planından çıxarışın, həmçinin arxiv arayışının təqdim edilməməsi; 2) Sözügedən sərəncamda hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq olması; 3) Təhkim aktında 13 avqust 2004-cü il tarixli, 16 saylı qərara istinad edilməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. İşdən görünür ki, Masazır Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 66 nömrəli sərəncamı ilə iddiaçıya Masazır Bələdiyyə torpaqlarından fərdi yaşayış evinin inşası məqsədilə 0,06 ha torpaq sahəsinin satılması qərara alınmış və onun tərəfindən torpaq sahəsinin müqabilində bələdiyyənin bank hesabına ******* AZN pul ödənilmişdir. Həmçinin, torpaq sahəsinin iddiaçıya ayrılmasının qanuniliyi Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən verilmiş 16 avqust 2004-cü il tarixli təhvil-təslim aktı eləcə də, ödəniş qəbzi ilə də təsdiq edilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının bağlanmaması, yerquruluşu planından çıxarışın, həmçinin arxiv arayışının təqdim edilməməsi halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin rəyin torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırkı iş üzrə isə cavabdeh apellyasiya şikayətində qeyd edilən xüsusatları ümumiyyətlə qeyd etməmişdir. Odur ki, kollegiya bu baxımdan cavabdehin dəlillərini əsassız hesab edir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Masazır Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 65 nömrəli sərəncamına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Masazır bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 65 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,06 hektar, faktiki olaraq isə 0,0588 ha-dır, yol və qonşu torpaq sahələri ilə sərhəddir, bir ədəd yaşayış evi mövcuddur, bir tərəfi metal tor, bir tərəfi şərti, digər tərəfləri daş hasarla bərkidilmişdir. Faktiki koordinatlar əlavə edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi 2-3-cü dəlilləri də əsassız hesab edərək aşağıdakıları qeyd edir. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi sözügedən sərəncamda hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq olması, təhkim aktında 13 avqust 2004-cü il tarixli, 16 saylı qərara istinad edilməsi halı iddiaçının təqsiri ilə əhatə olunamamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş Abşeron rayonu Masazır bələdiyyəsinin 15 mart 2024-cü il tarixli, 01/01-06/346 nömrəli məktubunun məzmunundan da görünür ki, Masazır bələdiyyəsi tərəfindən tərtib edilmiş qərarda soyad texniki səbəbdən səhv yazılmışdır. Belə ki, 66 saylı, 16 sentyabr 2004-cü il tarixli qərarda “Əsgərov” soyadı “Əsgədov” soyadı kimi göstərilmişdir. Yəni “r” hərfinin əvəzinə “d” hərfi qeyd edilmişdir. Bu baxımdan Masazır bələdiyyəsinin 66 saylı, 16 sentyabr 2004-cü il tarixli qərarla 0,06 ha torpaq sahəsi vətəndaş İddiaçı ayrılmışdır. İş materiallarına əlavə olunmuş 16 avqust 2004-cü il tarixli təhvil-təslim aktı, eləcə də, 01 iyul 2004-cü il tarixli, 35 nömrəli ödəniş qəbzi və digər bu qəbildən olan sənədlərin hər birində iddiaçının soyadı “Əsgərov” olaraq qeyd olunmuşdur, bu da sərəncamda texniki yalnışlığa yol verilməsi faktını təsdiq edir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-1243/2024 saylı qərarının “qərara aldı” hissəsində Masazır Bələdiyyəsinin qərarının tarixi və nömrəsinin fərqli qeyd edilməsinə istinad olunmuşdur. Qeyd olunan halla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin 16 sentyabr 2007-ci il tarixli, 66 nömrəli sərəncamı ilə X4 fərdi mənzil tikintisi üçün 0,06 saylı torpaq sahəsi ayrılmışdır. Sərəncamdan çıxarış və əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Masazır bələdiyyəsinin 66 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış 0,0588 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sözügedən sənədlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə haqlı olaraq icraata qəbul edilmiş, bununla da Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-1243/2024 saylı qərarının nəticə hissəsinin məzmununda heç bir yalnışlığa yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sənəd nömrələri arasında uyğunsuzluq iddiaçının məsuliyyət dairəsinə aid deyil və arxiv məlumatlarına əsasən müəyyən olunmuş Abşeron rayon Masazır bələdiyyəsinin 66 saylı, xx.xx.2004-cü il tarixli qərarının iddianın təmini üçün əsas hesab edilməsi və həmin inzibati akta istinad edilməsi əsaslı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-1243/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar