Məhkəmə qərarları › İş №2-1(105)-702/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-702/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-702/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə üzrə icra nümayəndəsinin xx.xx.1999-cu il tarixli 61 saylı sərəncamı ilə ayrılmış 0,0385 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2-1(118)-1139/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ona Abşeron rayon İHB-nın Digah qəsəbə üzrə icra Nümayəndəsinin xx.xx.1999-cu il tarixli 61 saylı sərəncamıyla ayrılmış 0.0385 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayon İHB-nın Digah qəsəbə üzrə icra Nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamı ilə ayrılmış 0,0385 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayon İHB-nın Digah qəsəbə üzrə İcra Nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamına əsasən qəsəbə daxilində 0,04 ha torpaq sahəsi ayrılmış və həmin torpaqda ev tikilməsinə razılıq verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2011-ci il tarixli rəyinə əsasən Abşeron rayon İHB-nın Digah qəsəbə üzrə İcra Nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamına əsasən İddiaçı 0,0385 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilmədiyi bildirilmişdir. 11 avqust 2011-ci ildə 17105 nömrə ilə X9 kitabında A №358148 seriya ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən torpaq sahəsinə çıxarış almaq üçün rəsmi qaydada cavabdehə müraciət edilmiş, cavabdeh xx.xx.2023-cü il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hazırda iddiaçıya məxsus sahənin qonşu sahələrinə dair mülkiyyət hüquqları qeydiyyata alınıb, lakin idiaçının sahəsini qeydiyyata almırlar, halbuki qeyd etdiyi qonşularda eyni onda olan sənədlər əsasında çıxarış alıblar, hətta notarial qaydada alqısatqı aparılmışdır. Cavabdehə təqdim edilən sənədlərin hamısı dövlət qurumları tərəfindən verilmişdir, hüquqi cəhətdən düzgündür və əsaslıdır. İddiaçı hesab edir ki, onun sözügedən torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmalı və müvafiq çıxarış verilməlidir. Cavabdehin bu imtinası qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbəsi üzrə nümayəndəsinin 10 iyun 1999-cu il tarixli sərəncamı ilə ayrılmış 0,04 ha torpaq sahəsinin ilkin bas planı və ya təsdiq edilmiş ayrıc aktının və arxiv arayışının İdarəyə təqdim edilmədiyi, X4 tərəfindən ünvanlanmış müraciətin sözügedən torpaq sahəsi üzərində hüquqların X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olduğu, müraciət üzrə əlavə edilmiş sənədlərdə torpaq sahəsi 0,04 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0385 ha olduğu, daşınmaz əmlakın təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 148 saylı sərəncamından görünür ki, hər ailəyə 0.10 ha hesabı ilə 30 ailəyə 3.0 ha həyətyanı və 0.6 ha küçə satışına, cəmi 3.60 ha X8 və Emalı müəssisəsinin (Abşeron üzümçülük sovxozunun) dincə qalmış torpaq sahəsindən alınıb fərdi mənzil tikintisi üçün Abşeron RİHB Digah qəsəbə üezrə icra nümayəndəliyinə verilməsi qərara alınmışdır. Abşeron rayon İHB Digah qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 148 saylı sərəncamı ilə Digah qəsəbəsində yaşayan, lakin fərdi evi və torpaq sahəsi olmayan vətəndaşlar üçün ayrılmış torpaq sahələrindən İddiaçı qəsəbə daxilində 0,04 ha torpaq ayrılması qərara alınmışdır. Abşeron rayon İHB Digah qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, Abşeron Rayonu İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə icra Nümayəndəliyinin 10 iyun 1999-cu il tarixli, 61 saylı Sərəncamı ilə İddiaçı 0,04 hektar torpaq sahəsi ayrılmışdır və şəxsən özünə məxsusdur. 23 oktyabr 2001 ci il tarixdə Digah qəsəbəsi üzrə İcra Nümayəndəliyinin inzibati binasında oğurluq olmuş və arxiv oğurlanmışdır. Buna görə də, xx.xx.2001-ci ildə Abşeron RPŞ-si tərəfindən AR CM-nin 177.23 və 326.1-ci maddələri ilə cinayət işi başlanmış, istintaq aparılmışdır. DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Abşeron rayon İHB Digah qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamına əsasən İddiaçı 0,0385 ha olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Abşeron rayon Digah bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus torpaq sahəsinə dair tərtib edilmişdir. DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Abşeron Rayonu İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə icra Nümayəndəliyinin 10 iyun 1999-ci il tarixli, 61 saylı sərəncamı ilə İddiaçı verilmiş 0,0385 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Digah qəsəbəsi üzrə icra nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 61 saylı sərəncamı ilə ayrılmış 0,04 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə ləğv edilmiş DT və XK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən İddiaçı Mayıİ oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aiddir. Elektron məlumat bazasına əsasən mübahisəli torpaq sahəsinin qonşuluğunda (ətrafında) yerləşən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron Rayonu İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə icra Nümayəndəliyinin vətəndaşlara torpaq sahəsini ayrılması barədə sənədləri saxlanması və mühafizə edilməsi üçün arxivə təhvil verilməmişdir. Abşeron RİHBnin Digah qəsəbəsi üzrə icra Nümayəndəliyinin 10 iyun 1999-ci il tarixli, 61 saylı sərəncamında istinad olunan Digah qəsəbəsində yaşayan, lakin fərdi evi və torpaq sahəsi olmayan vətəndaşlara vermək üçün torpaq fondunun ayrılıb Digah qəsəbəsə icra nümayəndəliyinə verilməsi barədə Abşeron RİHB-nın 07 may 1997-ci il tarixli, 148 nömrəli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubundan bildirmişdir ki: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Abşeron rayonu Digah qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbəsi üzrə nümayəndəsinin 10 iyun 1999-cu il tarixli sərəncamı ilə ayrılmış 0,04 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının və arxiv arayışının hazırki ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. Bundan başqa tərəflərindən ünvanlanmış müraciətin sözügedən torpaq sahəsi üzərində hüquqların X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olduğu aşkar edilmişdir. Həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,04 ha göstərildə də, faktiki vəziyyətdə 0,0385 ha olduğu, təyinatına və hüquqi rejiminə görə isə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2-1(118)-1139/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılmasına dair sərəncama ayrıc aktının və ya ilkin baş planın əlavə edilməməsi iddaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Belə ki, torpaq sahəsi iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 31 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı əsasında ayrılmışdır. Torpaq sahəsi həmin vaxtdan hazıradək iddiaçının istifadəsindədir. Mütəxəssis rəyindən də görünür ki, vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə ləğv edilmiş DT və XK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğundur, kənd təsərrüfatına yararsızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının istifadəsində olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə üzrə icra nümayəndəsinin xx.xx.1999-cu il tarixli 61 saylı sərəncamı ilə ayrılmış 0,0385 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: 1) Abşeron rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbəsi üzrə nümayəndəsinin 10 iyun 1999-cu il tarixli sərəncamı ilə ayrılmış 0.04 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının və arxiv arayışının İdarəyə təqdim edilməməsi; 2) Daşınmaz əmlakın təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edilməsi. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 786 nömrəli arayışında qeyd edilmişdir ki, Abşeron Rayonu İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə icra Nümayəndəliyinin 10 iyun 1999-cu il tarixli, 61 saylı Sərəncamı ilə İddiaçı 0,04 hektar torpaq sahəsi ayrılmışdır və şəxsən özünə məxsusdur. 23 oktyabr 2001 ci il tarixdə Digah qəsəbəsi üzrə İcra Nümayəndəliyinin inzibati binasında oğurluq olmuş və arxiv oğurlanmışdır. Buna görə də, xx.xx.2001-ci ildə Abşeron RPŞ-si tərəfindən AR CM-nin 177.23 və 326.1-ci maddələri ilə cinayət işi başlanmış, istintaq aparılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktının və arxiv arayışının arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin, bununla bağlı qeyd edilməlidir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi həmin hallar formal xarakter daşımaqla, əsassız olmuşdur. Eləcə də, həmin hüququn qeydiyyata alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə üzrə icra nümayəndəsinin xx.xx.1999-cu il tarixli 61 saylı sərəncamına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan normanın məzmununa əsasən inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədlərin siyahısına aid edilə bilər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla bərabər, təqdim edilən sənədlər və qeyd edilən hüquq normalarına əsasən iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır və həmin hüququn dövlət qeydiyyatına alınması onun hüququdur. Eyni zamanda iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Abşeron Rayonu İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə icra Nümayəndəliyinin 10 iyun 1999-ci il tarixli, 61 saylı sərəncamı ilə İddiaçı verilmiş 0,0385 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi ilkin torpaq ayırma sənədi olmasa da, qeyd ediln sənədin verildiyi tarixdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi səlahiyyətli inzibati orqan olmuşdur. Bu isə onu deməyə əsas verir ki, torpaq sahəsinin ölçüsü və əsas döngə nöqtələrinin koordinatları səlahiyyətli inzibati orqan tərəfindən müəyyən edilmişdir. Sözügedən sənəd torpaq sahəsinin yerini müəyyən edən etibarlı sənəd kimi qəbul edilə bilər. Eyni zamanda iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın torpaq sahəsinə dair ayrıc aktının idarəyə təqdim edilməməsi əsası ilə imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası cavabdehin 2-ci, yəni daşınmaz əmlakın təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edilməsi dəlilinə münasibətdə isə aşağıdakıları qeyd edir: Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi 1999-cu ildə ayrılmışdır. Həmin tarixdə isə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaq sahələrinin yaşayış sahəsi kimi ayrılmasını istisna edən halı cavabdeh inzibati orqan əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə bir əsas olduğu halda belə məsələyə bərabərlik prinsipindən yanaşılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən mübahisəli torpaq sahəsinin qonşuluğunda (ətrafında) yerləşən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2-1(118)-1139/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar