Məhkəmə qərarları › İş №2-1(105)-703/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-703/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-703/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4rşı “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində 0.03 ha torpaq sahəsinin real bazar qiymətinin dəyərləndirməklə müvafiq kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli 2-1(118)-568/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X5 05 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayandırılmışdır, adı çəkilən layihə çərçivəsində tikintisi nəzərdə tutulmuş yeni avtomobil yolunun təhkim zolağında hər hansı tikinti işlərinin aparılması qeyri-mümkün hesab edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X5 14 noyabr 2022-ci il tarixli, 07557 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Plan”nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Fatmayı kəndi ərazisindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla 1 sotu 4800 manat qiymətləndirilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin 14 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli ünvanda yaxın ərazilərdə dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin mülkiyyətçilərinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında torpaq sahələrinin 1.0 kv.metrinə 30.0-48.0 manat hesabı ilə kompensasiya ödənilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 4 saylı Abşeron Ərazi İdarəsinin 19 dekabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış 0.03 ha torpaq sahəsi tam olaraq “Bilgəh Sumqayıt avtomobil yolu”nun tikintisi altına düşür, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X5 iddiaçıya ünvanladığı 05 aprel 2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yaranmış texniki zərurət ilə əlaqədar yeni tikililərin yolunun ayrı-ayrı hissələrinin layihələndirilməsi yenidən aparılır. Odur ki, yeni tikililər yolun Abşeron rayonu, Fatmayı qəsəbəsindən keçən hissəsinin layihələndirilməsi başa çatdıqdan və müvafiq icra orqanı tərəfindən təsdiq edildikdən sonra yolun tikintisi altına düşən maneələrə (yaşayış, qeyri-yaşayış və torpaq sahəsi) görə kompensasiya məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehlər Abşeron rayon İcra Hakimiyyətinə və «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4rşı “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndi ərazisində 0.03 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamın verilməsinin Abşeron rayon İcra Hakimiyyətinə həvalə edilməsi, bu mümkün olmadıqda isə Abşeron rayonu, Fatmayi kəndi ərazisində 0.03 ha torpaq sahəsinin 2022-ci il tarixinə uyğun olaraq real bazar qiyməti dəyərləndirilməklə, müvafiq kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, Abşeron rayon İcra Hakimiyyətinin cavabdehlər sırasından çıxarılaraq, “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində 0.03 ha torpaq sahəsinin real bazar qiymətini dəyərləndirməklə müvafiq kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Fatmayi kəndi ərazisində 0.03 ha torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir və onun xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AA seriyalı 001389 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Çıxarışı aldıqdan sonra mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinə müraciət edərək, müvafiq sərəncam verilməsini xahiş etmişdir. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli H-240-151 saylı məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinə baxış keçirilən zaman mülkiyyətində olan torpaq sahəsinin ərazisində çəkilməkdə olan dairəvi yolun layihələndirilən hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Bununla əlaqədar, münasibət bildirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub ünvanlanmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 05 avqust 2022-ci il tarixli ********* saylı məktubu ilə bildirilmişdir ki, "Bilgəh Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun Fatmayi kəndi ərazisindən keçən hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastri və X2 tərəfindən hazırlanmış kadastrı planına əsasən İddiaçı məxsus **********12 nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la qeydə alınmış 0.03 - ha torpaq sahəsinin yolun tikintisi altına düşməsi müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, "Bilgəh Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayandırılmışdır. Odur ki, adı çəkilən layihə çərçivəsində tikintisi nəzərdə tutulmuş yeni avtomobil yolunun təhkim zolağında hər hansı tikinti işlərinin aparılması qeyri-mümkün hesab edilir. Onun yaşamağa heç bir yaşayış sahəsi yoxdur. Mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikərək, ailəsi ilə birlikdə orada yaşamaq istəyir. Lakin Abşeron rayon icra Hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikintiyə icazə verməməsi səbəbindən mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu isə onun hüquqlarını pozur. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli 2-1(118)-568/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.03 ha sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 14400.00 manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın dəyişdirilməsini, 20 000 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın təmin olunmuş məbləği ilə razı deyildir. Çünki torpaqda daş hasar, qaz trubası çəkmiş, təmizlik işləri görmüş, qiymətləndirmə vaxtı çəkdiyi işlər nəzərə alınmamışdır. Bu barədə cavabdeh də məlumatlıdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalı, iddia tələbi rədd olunmalıdır. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı qismən təmin etmişdir. İddiaçı ona məxsus torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” alt;na düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. İddiaçıya verilən məktubda göstərilmişdir ki, “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” dayandırılmışdır və bu səbəbdən tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. İddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yolun həmin hissəsində tikinti altına düşən torpaq sahələrinin kadastr planı hazıradək tərtib edilməmişdir. Lakin birinci instansiya məhkəməsi isə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir, "Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” çərçivəsində İddiaçı məxsus Abşeron rayonu Fatmayı kəndində torpaq sahəsi tam tikinti altına düşmüş və kompensasiya məbləği hesablanmışdır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, ərazidə ağacların, tikilinin mövcud olub-olmamasını, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) və həmin torpağın üzərində ağacların, tikilinin mövcudluğu müəyyənləşdirilməmişdir və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-). 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.03 ha sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 14400.00 manat manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmalı, iddia qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qərarı onunla əsaslandırmışdır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Məhkəmə icraatı zamanı cavabdeh orqanın özü tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş 14 noyabr 2022-ci il tarixli, 07557 saylı məktubuda mübahisəli torpaq sahəsinin 1 sotu 4800 manat kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, o iddianın təmin olunmuş məbləği ilə razı deyildir. Çünki torpaqda daş hasar, qaz trubası çəkmiş, təmizlik işləri görmüş, qiymətləndirmə vaxtı çəkdiyi işlər nəzərə alınmamışdır. Bu barədə cavabdeh də məlumatlıdır. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 54-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İş materialları ilə müəyyən olunur ki, nə iddia ərizəsi, nə də birinci instansiya məhkəməsində təqdim olunmuş ərizələrdə torpaqda daş hasar, qaz trubası çəkilməsi, təmizlik işləri görülməsi, qiymətləndirmə vaxtı çəkilmiş xərclər mübahisə predmeti olmamış və müvafiq olaraq həmin hallar məhkəmə araşdırmasının predmetini təşkil etməmişlər. Yalnız apellyasiya şikayətində iddiaçı həmin əsaslara istinad edərək iddianın təmin olunmuş məbləği ilə razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən həmin tələblər yalnız apellyasiya baxışı zamanı təqdim edildiyindən və həmin tələblər üzrə birinci instansiya məhkəməsində araşdırma aparılmadığından apellyasiya şikayətinin həmin dəillərinə qiymət verilmir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, 1) iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz, 2) məhkəmə əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, ərazidə ağacların, tikilinin mövcud olub-olmamasını, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. 3) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bakı- Sumqayıt avtomobil yolunun tikintisi” çərçivəsində həqiqətən tikinti altına düşübdüşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) və həmin torpağın üzərində ağacların, tikilinin mövcudluğu müəyyənləşdirilməmişdir və araşdırma aparılmamışdır. 4) mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. Cavabdehin apellyasiya şikayətinin 1-ci dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Cavabdehin apellyasiya şikayətinin 2-ci, 3-cü və 4-cü dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 4 saylı Abşeron Ərazsinin 19 dekabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış 0.03 ha torpaq sahəsi tam olaraq “Bilgəh Sumqayıt avtomobil yolu”nun tikintisi altına düşür; torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Novxanı- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsinə tam şəkildə düşməsi mütəxəssis rəyi ilə təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərini də əsassız hesab edir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş ərizələr nəzərə alınmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə bir neçə dəfə ərizə təqdim etmişdir. Belə ki, ilk ərizəsində iddiaçı Abşeron rayon İcra Hakimiyyətinin cavabdehlər sırasından çıxarılaraq, “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində 0.03 ha torpaq sahəsinin real bazar qiymətinin dəyərləndirməklə müvafiq kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, daha sonra təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində həmin torpaq sahəsi üçün xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman 21000 manat ödədiyini bildirmiş və bu halın məhkəmə tərəfindən qərar qəbul edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Beləliklə göründüyü kimi, iddiaçı alınmış torpaq üçün ona 21000 manat verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan kompensasiya məbləği ilə bağlı iddiaçının son ərizəsini nəzərə almamış və iddianı tam təmin etmişdir ki, bu da iddiaçı tərəfindən tələbinin tam təmin olunmaması kimi qiymətləndirilmiş və iddiaçı qərardan apellyasiya şikayəti vermişdir. İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, həmin ərizə ilə iddiaçı 21000 manat məbləğində kompensasiya verilməsini tələb etdiyindən məhkəmə həmin ərizəyə qiymət verməli və bu əsaslarla iddia tələbinə qiymət verməli idi. Məhkəmə kollegiyası həmin ərizənin əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş torpaq sahəsinin alqı-satqısı ilə bağlı notarial qaydada təsdiqlənmiş müqavilənin surətindən görünür ki, iddiaçı 0.03 ha torpaq sahəsini 10 min manata almışdır. İddiaçı ərizədə torpaq sahəsi üçün ilk öncədən 10 min manat beh verdiyini, bununla da torpaq sahəsini 21 min manata aldığını bildirir. Məhkəmə kollegiyası 0.03 ha torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsinin əsas meyarlardan biri kimi inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. İddiaçıya dəymiş zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh orqanın özü tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş 14 noyabr 2022-ci il tarixli, 07557 saylı məktubuda mübahisəli torpaq sahəsinin 1 sotu 4800 manat kimi qiymətləndirilmişdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə əsasən, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Birinci instansiya məhkəməsi tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə uyğun olaraq torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara müvafiq sorğular verilmiş, Abşeron rayon 1 saylı Notariat ofisinin 2013-2015-ci illərə dair alqı-satqı müqavilələri təqdim edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Lakin hazırki mübahisədə torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamışdır. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş 2013-2015-ci illərə dair alqı-satqı müqavilələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayonu, Fatmayı qəsəbəsində 2013-cü ildə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti 15.00 manat, 11.4 manat və 10 manat, 2014-cü ildə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti 156.67 manat, 16.67 manat və 16.67 manat, 2015-ci ildə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti 50 manat, 20 manat və 18.67 manat olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən həmin müqavilələrə istinadən aparılmış hesablamalarla və kompensasiyanın hesablanması zamanı iddiaçıya 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi ilə bağlı mövqeyi və son nəticədə cavabdehin məktubu nəzərə alınmaqla ödənilməli olan kompensasiya məbləği ilə razılaşır. Belə ki, kollegiya qeyd edir ki, cavabdeh orqanın 14 noyabr 2022-ci il tarixli, 07557 saylı məktubuna əsasən mübahisəli torpaq sahəsinin 1 sotu 4800 manat kimi qiymətləndirilmişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən edilmiş bazar qiymətinin (42 manat) cavabdehin özünün müəyyən etdiyi qiymətə (20 % əlavə ilə birlikdə 48 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, ödənilməli olan kompensasiyanın məbləği cavabdeh tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalı, iddiaçıya 0.03 ha torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (0.03 x 4800=14400) 14.400 manat kompensasiya ödənilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinə münasibətdə yuxarıda qeyd edilən əsaslandırmanı aparmaqla, iddianı qismən təmin etməli olsa da, iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli 2-1(118)-568/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.03 ha sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 14400.00 manat manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar