Məhkəmə qərarları › İş №2-1(105)-704/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-704/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-704/2022 01.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı pasport qeydiyyatına alınma öhdəliyinin qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1397/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək onun Xaçmaz şəhəri Arif Səlimov küçəsi, 44 ünvanında yerləşən yaşayış evinə qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının ərizəsini təmin etməmişdir. Cavabdeh məktubda bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-3267/2016 nömrəli qətnaməsinə əsasən Xaçmaz şəhəri, Arif Səlimov küçəsi,44 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun tanınması, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4127/2018 nömrəli qərarı ilə qətnamənin qüvvədə saxlanılması barədə məhkəmə qərarlarında onun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması barədə qərar qəbul edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarlarının sözügedən ünvana qeydiyyatı üçün əsas olub-olmaması barədə Xaçmaz Rayon Məhkəməsinə sorğu göndərilmiş, lakin bu barədə izah verilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığı bildirildiyindən onun pasport qeydiyyatına alınması mümkün olmamışdır. Odur ki, ünvan 4 ünvana pasport qeydiyyatına alınması barədə məhkəmə qərarını təqdim etdikdən sonra onun müraciəti müsbət həllini tapacaqdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq “cavabdehin iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 nömrəli yaşayış evində qeydiyyata alınmasından imtina etməsinin qanunsuz hesab edilməsi və Cavabdeh üzərinə iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi 44 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə rəsmi nikah bağlamaqla X10 ilə ailə həyatı qurmuş və həmin tarixdə də ərinin valideynlərinə məxsus Xaçmaz rayonu Qaraqurtlu kədində yerləşən evə gəlin köçmüşdür. 2006-cı ildə ailəsi, yəni əri Kamran, o və 2005-ci il təvəllüdlü oğulları Amin əri Kamranın babası olan Əlövsət Pənahova məxsus Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən evə Əlövsət Pənahovun razılığı ilə köçmüşlər və hal-hazıra kimi həmin evdə yaşayırlar. Həmin evdə onun 2009-cu ildə əkiz övladları Nuray və Asim anadan olmuşlar. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-3267/2016 saylı qətnaməsi ilə ailə üzvlərinin, o cümlədən iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən evdə yaşamaq hüquqları tanınmışdır. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətanaməsi ilə iş üzrə Xaçmaz rayon Məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4127/2018 saylı, 14 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Yuxarıda göstərilən məhkəmə qətnamələri ilə onun və ailə üzvlərinin Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüquqları tanınmışdır. İddiaçı yuxarıda göstərilən məhkəmə qərarlarını əlavə etməklə ərizə ilə ünvan 7 ünvanda yerləşən evə qeydiyyata alınmasını xahiş etmişdir. Həmin şöbənin rəisi cənab Həmid Həsənov imzası ilə ona xx.xx.2022-ci il tarixli məktubla cavab vermişdir ki, Ali Məhkmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-4127/2018 nömrəli qərarı ilə onun Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən yaşayış evinə pasport qeydiyyata alınmaları barədə qərar qəbul edilməmişdir. Ona görə də onun pasport qeydiyyatına alınması mümkün olmamışdır. Belə hesab edir ki, Xaçmaz RPŞ-nin imtina cavabı əsassızdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1397/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1397/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir.

7. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

8. İddiaçı apellyasiya şikayətində göstərir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil xidməti, yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yuxarıda göstərilən qanun normalarına əsasən onun yaşayış yeri ünvan 8 ünvanda qeydiyyata alınmalıdır. Onu da qeyd etmişdir ki, hazırda qeydiyyatda olduğu ünvan 9 ünvandakı yaşayış evi əvvəllər atası X3 məxsus olmuş, həmin yaşayış evi 16 fevral 2021-ci il tarixdə notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən vətəndaş X1, həmin tarixdən evdə Seymur Mustafayevin ailəsi yaşayır, dəfələrlə ondan tələb etmişdir ki, həmin evdən pasport qeydiyyatından çıxsın.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəməyə ünvanladığı məktubda onların nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 71 İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

14. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar ...82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5 . Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsİ 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi... Maddə 8. Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir:

1. Bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə;

2. Bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda;

3. Şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə;

4. Şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

16. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.

19. Belə ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı məhkəmə qətnamələrinə əsasən yaşayış hüququ tanınmış Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmasından ibarətdir.

20. Cavabdeh imtinasında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-3267/2016 nömrəli qətnaməsinə əsasən Xaçmaz şəhəri, Arif Səlimov küçəsi,44 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun tanınması, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4127/2018 nömrəli qərarı ilə qətnamənin qüvvədə saxlanılması barədə məhkəmə qərarlarında iddiaçının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması barədə qərar qəbul edilməməsinə istinad etmişdir.

21. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsini iddiaçının qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməməsi ilə əsaslandırmışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim etməlidir. Cavabdehin etirazının məzmunundan məlum olur ki, iddiaçı qeyd edilən sənəd kimi Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-3267/2016 nömrəli qətnaməsini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4127/2018 nömrəli qərarını təqdim etmiş, lakin cavabdeh həmin qərarlarda iddiaçının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması barədə qərar qəbul edilməməsini bildirməklə imtina etmişdir.

24. Kollegiya cavabdeh inzibati orqanın qeyd edilən məzmunlu imtinasını əsaslı hesab etmir. Belə ki, istinad edilən iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(102)- 4127/2018 saylı qərarından görünür ki, iddiaçı X12 cavabdehlər X6 və İddiaçı qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə Xaçmaz rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tələb irəli sürən X7 ərizəsi təmin edilmiş, X12, X7 azyaşlı uşaqları xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X13 ilə birlikdə ünvan 11 ünvanda yerləşən yaşayış evinə köçürülmələri qət edilmiş, qarşılıqlı iddia təmin olunaraq X10 və İddiaçı Bahəddin qızının azyaşlı uşaqları X15, X16 və X11 ilə birlikdə ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüquqları tanınmış, müstəqil tələb irəli sürən X4 ərizəsi təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunaraq qarşılıqlı iddia ərizəsinin təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdehlər X6 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi qismən qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 apellyasiya şikayəti təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qarşılıqlı iddia ərizəsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(102)-4127/2018 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli 2(102)-4127/2018 nömrəli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaqla Kamran və Amalya Mövsümovlar mübahisəli evə 2006-2007-ci ildə köçüb daimi yaşadıqlarından 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən azyaşlı uşaqları ilə birlikdə həmin evdə istifadə hüququ əldə etmişdirlər. Bu səbəbdən də Xaçmaz rayon məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsi qarşılıqlı iddia ərizəsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

26. İstinad edilən qərarın məzmunu və həmin qərarla iddiaçı ilə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X12 arasında olan mülki mübahisənin mahiyyətini, iddiaçının ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun tanınmasını və beləliklə həmin qətnamənin iddiaçı və üçüncü şəxs üçün preyudisiallığını nəzərə alan kollegiya hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsi iddiaçının qeyd edilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas qismində çıxış edir.

27. İşin yuxarıda qeyd edilən hallarına əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

28. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1397/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi 44 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması Cavabdeh üzərinə qoyulmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1397/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 nömrəli fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmasıöhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar