Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-704/2025 29.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(118)- 1377/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan Qusar rayon X3nin 02 saylı, 05 mart 2006-cı il tarixli sərəncamından görünür ki, İddiaçı Qusar rayonu X3nin alqı-satqı predmeti olan 77 ha torpaq sahəsinin uzunmüddətli (99 il) icarəyə verilməsi qərara alınmışdır. İddiaçı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, 77 ha torpaq sahəsi üzərində icarə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, JN 9956, KOD 30100038 saylı “X1 hüququna dair şəhadətnamə”nin dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamasını, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış, torpaq sahəsinin yerləşdiyi yerin sənəd üzrə məlum olmadığı, ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud olmadığını, torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilmədiyini, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmadığını qeyd etmişdir. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 12 may 2006-cı il tarixli, JN-9956 KOD 30100038 saylı “X1 hüququna dair Şəhadətnamə” yə əsasən iddiaçının 99 illik icarəsində olan 77.0 ha torpaq sahəsindən elektron məlumat bazasında ( DWG) dövlət reyestrindən digər şəxsin adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin cizgisinin üzərinə düşən bir hissəsinin və qonşu torpaq sahələri ilə kəsişmələrini çıxaraq yerdə qalan 70.0 ha torpaq sahəsinə iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu X3nin 05 mart 2006 -cı il tarixli 02 saylı sərəncamına əsasən ünvan 1inin kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən heyvandarlığın inkişafı (örüş) məqsədilə 77.0 ha torpaq sahəsini uzunmüddətli ( 99 il) icarəyə götürmüşdür. Həmin torpaq sahəsinin ilkin sənədləri əsasında ləğv edilmiş DT və XK- nin Qusar rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli, kod 30100038, JN-9956 nömrəli X1 hüququna dair Şəhadətnamə ilə təsdiq olunur. 2006-cı ildən hal- hazırkı dövrə kimi həmin torpaq sahəsindən təyinatına uyğun istifadə edir. Həmin torpaq sahəsinin iddiaçının icarəsində olduğunu hazırki elektron məlumat bazasında öz əksini tapmışdır. Bu yaxınlarda həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi 08.04. 2024-cü il tarixdə mənə yazılı cavab verməklə həmin X1 hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməkdən imtina etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş məktubunuza baxılmışdır. Bildirirlər ki, İddiaçı ünvan 1i ərazisində yerləşən 77.0 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, Qusar rayonu X3nin xx.xx.2006-cı il tarixli 02 saylı sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə icarəyə verilmiş 77.00 ha torpaq sahəsinə dair JN-9956 nömrəli (KOD ********) seriyalı “Torpaqdan müvvəqqəti istifadə hüququna dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və şəhadətnamənin arxiv surəti Ərazi İdarəsində aşkar edilməmişdir. Bildirirlər ki, JN-9956 nömrəli (KOD ********) seriyalı “Torpaqdan müvvəqqəti istifadə hüququna dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, torpaq sahəsinin bir hissəsi elektron məlumat bazasında dövlət reyestrindən digər şəxsin adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin cizgisinin üzərinə düşür. Həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-3805/2024 məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, JN-9956 nömrəli (KOD ********) seriyalı “Torpaqdan müvvəqqəti istifadə hüququna dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanları nəzərə alaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4495/2024 saylı Qərardadı ilə Qusar rayonu X3 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(118)-1377/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 12 may 2006-cı il tarixli, JN-9956 KOD 30100038 saylı “X1 hüququna dair Şəhadətnamə”yə əsasən iddiaçının 99 illik icarəsində olan 77.0 ha torpaq sahəsinin digər şəxsin torpaq sahəsi ilə üst-üstə düşən hissəsi istisna olmaqla, qalan 70.0 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Sözügedən şəhadətnamənin qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib, onun gözlənilən icarə hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. 12 may 2006- cı il tarixli, JN-9956 KOD 30100038 saylı “X1 hüququna dair Şəhadətnamə”yə əsasən iddiaçının 99 illik icarəsində olan 77.0 ha torpaq sahəsinin digər şəxsin torpaq sahəsi ilə üst-üstə düşən hissəsi istisna olmaqla, qalan 70.0 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışda qeyd edilmişdir ki, “İddiaçı JN-9956 nömrəli şəhadətnamə TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında - 72.99 hektar, 2.19 hektar, 0.28 hektar və 1.54 hektar olmaqla, 4 (dörd) hissədə uçota alınmışdır, həmin hissələrdən uçot məlumatlarına əsasən 72.99 hektar hissəsi ünvan 1i ünvanda yerləşməklə uqodiyası - təmiz örüş sahələrinə aiddir, 2.19 hektar hissəsi ünvan 1i ünvanda yerləşməklə uqodiyası - tikinti altında olan torpaq sahələrinə aiddir, 0.28 hektar hissəsi ilə 1.54 hektar hissəsi ünvan 2i ünvanda yerləşməklə uqodiyası - təmiz örüş sahələrinə aiddir. Torpaq sahəsinin koordinatlarını elektron xəritə məlumatlarında dəqiqiləşdirildikdə 3.79 hektar hissəsi Qusar rayonu, Yuxarı Qələnxur bələdiyyəsinin mülkiyyətinə verilmiş **********21 reyestr nömrəli 50 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyüyü kimi, iddia predmeti olan 77.0 ha torpaq sahəsinin 3.79 ha hissəsi digər mülkiyyətdə olan torpaq sahəsi ilə üsüt-üstə düşür. Belə olan halda yerdə qalan hissə 73.21 ha təşkil edir. Bununla da torpaq sahəsinin ərazinin 4 hiisədə yerləşən torpaq sahəsinin hansı hissəsindən verilməsi məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin 0.28 hektar hissəsi ilə 1.54 hektar hissəsi ünvan 2i ünvanda yerləşir. Göründüyü kimi, məhkəmə tərəfindən mülkiyyət hüquq müəyyən edilmiş torpaq sahələrinin bir hissəsi ərazi idarəsinin torpaqların elektron kadastrı uçotu məlumat bazasında təsərrüfatı təyinatlı örüş torpaqları kimi əks olunmuşdur. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 16.4-cü maddəsinə əsasən, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. İddiaçı apellyasiya şikayətinə etirazda qeyd etmişdir ki, apellyasiya şikayəti cavabdehin iddia ərizəsinə qarşı verdiyi etirazla və əvvəlki imtina məktubu ilə eyni məzmun təşkil etməklə qanunun tələblərinə söykənmir. Apellyasiya şikayətini dəlilləri ondan ibarətdir ,ki, adıma olan JN-9953 nömrəli (KOD ********) seriyalı Torpağdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə ləğv edilmiş DT və XK Qusar rayon Şöbəsi tərəfmdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 ^aylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyatdan keçməmiş və şəhadətnamənin arxiv surəti ərazi idarəsində aşkar edilməmişdir, həmin şəhadətnamə elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamış, şəhadətnamədə göstərilmiş torpaq sahəsinin bir nissəsi elektron məlumat bazasında dövlət reyestrindən digər şəxsin adma verilmiş çıxarışda göstərilən torpaq sahəsinin cizgisinin üzərinə düşür və həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Birinci instansiya məhkəməsinin qərarında cavabdehin şikayətində göstərilmiş dəlilləri (iddia ərizəsinə etirazdakı dəlilləri ilə eynilik təşkil edir) ətraflı araşdırılmış və qiymət verilmişdir. 19 ildir ki, həmin torpaq sahəsi onun qanuni istifadəsindədir, hər il o, bələdiyyənin hesabına icarə haqqını ödəyir və torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Həmin torpaq sahəsi üzərində istifadə hüququ dövlət tərəfindən 12 may 2006-cı il tarixdə verilmiş JN-9956, KOD 30100038 saylı X1 hüququna dair Şəhadətnamə ilə tanınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Heç bir dövlət orqanı onun adıma verilmiş Şəhadətnaməni ləğv etməmişdir. Mən sadəcə olaraq həmin şəhadətnamə ilə rəsmiləşdirilmiş hüquqlarımın dövlət reyestrində qeydiyyata alınıb adıma müvafiq çıxarışın verilməsini istəyirəm. Torpaq sahəsini icarəmə vermiş bələdiyyə orqanı aramızda bağlanmış icarə müqaviləsinin qanuni olduğunu və torpaq sahəsinin tərəfindən təyinatı üzrə istifadə olunduğunu, icarə haqqının ödənildiyini təsdiq etmişdir. Apellyasiya şikayətində oda vurğulanır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək verilə bilər. Qeyd edir ki, Torpaq Məcəlləsinin 16.4-cü maddəsində icarə müqaviləsinin hansı müddətə bağlanmalı olduğu barədə heç bir göstəriş yoxdur. Əslində, həmin Məcəllənin 50.3-cü maddəsində göstərilir ki, torpaqdan müvvəqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə-on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün-on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün- on beş ildən 49 ilədək müəyyən oluna bilər. Həmin maddədə göstərilən dəyişikliklər 18 dekabr 2015-ci il tarixli Qanunu ilə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Beləliklə, hesab edirəm ki, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1377/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən iş Üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1377/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından cavabdeh DƏDKR publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilsin. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Torpaq Məcəlləsi (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri ...
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 16-cı maddənin 4-cü bəndin ikinci abzasının ikinci cümləsində "yenidən uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər" sözləri ilə əvəz edilmişdir). Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanun Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1 Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2 Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” qərardadı
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İddia ərizəsindən və iş materiallarından görsəndiyi kimi hazırkı mübahisənin əsasını cavabdehin iddiaçının icarəsinə verilmiş torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Hazırkı işin halları ilə müəyyən olunur ki, Qusar rayon X3nin 02 saylı, 05 mart 2006cı il tarixli sərəncamı ilə İddiaçı Qusar rayonu X3nin alqı-satqı predmeti olan 77 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və icarəsində olmuşdur. Buna dair iddiaçının adına JN 956, KOD30100038 saylı “X1 hüququna dair şəhadətnamə” tərtib edilmişdir. Qeyd edilməlidir ki, icarə müqaviləsi bağlanılarkən və bələdiyyə tərəfindən qərar qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndi örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsini istisna edir. Belə ki, həmin maddəyə yeni redaksiyada verilsə də və həmin redaksiyada örüş torpaqlarının icarəyə verilmə müddəti ilə bağlı norma əks olunmasa da, nəzərə alınmalıdır ki, elə həmin maddənin 5-ci bəndində qeyd edilmişdir ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 21-ci bəndinə qeyd edilmişdir ki, örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların İİ və İİİ bölmələrinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların İİ və İİİ bölmələri yay və qış otlaqlarının bölünməsi, istifadə və icarəyə verilməsini tənzimləyir ki, İİİ bölmənin 13-cü bəndi bu qəbildən olan torpaq sahələrinin icarəsi müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir. Beləliklə, 99 il müddətinə bağlanmış icarə müqaviləsi qanunvericiliyə uyğun gəlmir və bu, mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, icarə müqaviləsinin müddəti bitdikdən sonra, icarə müddətinin uzadılması yalnız qanuni prosedurlarla mümkündür. Həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən isə, icarə müqaviləsinin müddəti başa çatdıqda (2021-ci ildə), müqavilənin uzadılması yalnız torpaq hərracı və ya müsabiqəsi yolu ilə həyata keçirilməli idi. Belə ki, qanunvericiliyin başqa bir mühüm tələbi bələdiyyə torpaqlarının icarəyə verilməsi prosedurunun düzgün aparılması ilə bağlıdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və digər əlaqəli normativ aktlar, bələdiyyə torpaqlarının icarəyə verilməsini yalnız bələdiyyə qərarına və tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq həyata keçirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan qanunvericilikdə (həmçinin, indiki qanunvericiliyin tələbinə də uyğun olaraq) örüş torpaq sahəsinin 15 il müddətinədək icarəyə verilməsinin mümkünlüyü təsbit edilmişdi, həmin müddət başa çatdıqda (2021-ci ildə) qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi. Lakin iş materialları ilə də müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi 2006-cı il tarixdə bağlanmış, 2021-ci il tarixdə torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş icarə müddəti başa çatmış, müqavilənin müddəti uzadılmamışdır. Göründüyü kimi işə baxan birinci instansiya instansiya məhkəməsi qeyd edilən örüş torpaq sahəsinə dair icarə müddəti bitdikdən sonra müqavilənin uzadılmamasını nəzərə almamışdır. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdırıb birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmır və yuxarıda qeyd edilənləri ümumiləşdirərək iddiaçının 2006-cı ildə Qusar rayon X3ndən 77 ha örüş torpağını 99 il müddətinə icarəyə götürməsi barədə sərəncam və şəhadətnaməyə baxmayaraq, həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndi və Nazirlər Kabinetinin 42 nömrəli Qərarı ilə təsdiqlənmiş Qaydaların İİİ bölməsinin 13-cü bəndinin bu qəbildən olan torpaq sahələrinin icarə müddətini maksimum 15 il müddəti ilə məhdudlaşdırmasını əsas götürərək, 99 illik müqaviləni qanunvericiliyin imperativ tələblərinə zidd hesab edir. Habelə, bu müddətin 2021-ci ildə başa çatdığını və icarə hüququnun uzadılmasının yalnız torpaq hərracı və ya müsabiqəsi yolu ilə mümkün olduğunu nəzərə alır. Kollegiya həmçinin onu da qeyd edir ki, məhkəmənin yuxarıda qeyd edilən mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2- 1(102)-49/2025 nömrəli qərarındakı hüquqi mövqeyə uyğundur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(118)-1377/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.