Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-705/2023 03.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və bu öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1538/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Şamaxı rayonu, Çıraqlı kəndində anadan olmuşdur. İddiaçı məxsus 10 avqust 1974-cü tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. № 219 saylı, 03 sentyabr 1972-ci il tarixli “Attestat”ın surətindən görünür ki, İddiaçı tarktorçu peşəsi üzrə təhsil almışdır. Milli Arxiv İdarəsi tərəfindən verilmiş 135 saylı, 20 may 2022-ci il tarixli, 185 saylı, 13 iyul 2022-ci il tarixli və 306 saylı, 16 avqust 2022-ci il tarixli arxiv arayışlarından görünür ki, iddiaçı 1983-1996-cı illərdə “Çıraqlı” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 12 avqust 2022-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir i! azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətinə əsasən sığorta stajınız (xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək təhsil illəriniz nəzərə alınmaqla) 22 il 5 ay 23 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. X7 Filialının müvafiq arayışına əsasən “Çıraqlı" kolxozundakı xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyətiniz zamanı sizə 1994-cü il üzrə 4 ay, 1995-ci il üzrə 7 ay, 1996cı il üzrə 2 ay əmək haqqı hesablandığı müəyyən edilmiş və yalnız əmək haqqı hesablanan aylar (13 ay) sığorta stajınıza daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən 130,00 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixindən 180,00 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona yaşa görə əmək pensiyasının təyin edilməsi və bu öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ərizəyə daxil etdiyi 219 saylı, 03 sentyabr 1972-ci il tarixli attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı traktorçu olmaqla texniki peşə təhsillidir. Ona məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1972-ci ildən 1997-ci iləsək Şamaxı rayonu, Sabir adına sovxozda və Çıraqlı kəndində müxtəlif sahələrdə (traktorçu,çilingər) işləmişdir. 1997-ci ilin sonlarından etibarən 2012-ci ilədək işsiz qalmışdır. Lakin 2011-ci ildən 2020-ci ilədək "xxxx" Azərbaycan-X2 9 il yenidən işləmişdir. O, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aidiyyatı orqanlara rəsmi müraciət etmişdir. Müraciətləri ilə əlaqədar cavabdeh orqan ona **********3 saylı, 12 avqust 2022-ci il tarixli imtina məktubu göndərmişdir. Məktubda yazılmışdır ki, xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir və mənim təqdim etdiyim sənədlər üzrə sığorta stajı 22 il 5 ay 23 gündür ki, bu da 25 ildən az müddətdir. Həmçinin 1993-1997-ci illərdə əmək fəaliyyətim zamanı 1994-cü il üzrə 4 ay, 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 2 ay əmək haqqı hesablandığı müəyyən edilməklə yalnız əmək haqqılar hesablanan bu 13 ay mənim sığorta stajına daxil edilmişdir. Yəni həmin illərdə əmək haqqlar aldığı 1994-cü il üçün 8 ay, 1995-ci il üçün 5 ay və 1996-cı il üçün 10 ay olmaqla - cəmi 23 ay onun sığorta stajına daxil edilməmişdir və ümumiyyətlə bu barədə məlumat yoxdur. Ona görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və əgər qərarla razılaşmırsa, bundan şikayət vermək hüququ izah olunmuşdur. İş materiallarına əlavə etdiyi arxiv arayışlarından və çıxarışlardan da görünür ki, orada onun 1994-1996-cı illərdə əmək haqlarının aylıq ödənilmələrinə dair qeydlərdə müəyyən uyğunsuzlulaq vardır. Amma bu uyğunsuzluq onun təqsirindən yaranmamışdır. Bu nöqsanlar müvafiq orqanlarının sənədləşmə işlərində yanlışlığa yol verməsinin nəticəsidir. O, 2011-2020-ci illərdə "xxxx" Azərbaycan-X2 işləmişdir. Amma belə görünür ki, həmin müəssisənin rəhbərliyi də vəzifə saxtakarlığı və dələduzluq edərək onun oradan aldığı əmək haqları sənədləşdirilməmişdir. Buna görə də orada çalışan 25 nəfər hüquq mühafizə orqanlarına şikayətlər etmişdirlər və iş üzrə cinayət işi başlanmışdır. Bu məqsədlə Şamaxı rayon məhkəməsinin 1(074)-15/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını və hökmünü hazırki ərizəsinə əlavə etmişdir. Məhkəmənin qərarından görünür ki, həqiqətən də 2011-2020-ci illərdə o və digərləri "xxxx" Azərbaycan-X2 əmək fəaliyyəti ilə məşğul olub əmək haqqılar almışdır. Lakin həmin müəssisənin rəhbərliyinin vergidən yayınmaq məqsədilə işçilərlə müvafiq sənədləşmə işlərinin aparmaması onun əmək fəaliyyətinin olmaması demək deyil və belə hal həm də onun təqsiri deyildir. Ona görə də hesab edir ki, sözügedən məhkəmə qərarına əsaslanaraq 2011-2020-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması onun sığorta stajına daxil edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı Q.İsmayılov cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Lakin Q.İsmayılovun təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Belə ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyini iddia etdiyi “Çıraqlı” kolxozunda əməkhaqqı alınmadığı dövlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olduğu vurğulanmış və iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Lakin İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İddiaçı Q.İsmayılov ümumi iş stajı 22 il 5 ay 23 gündür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hazırkı iş üzrə iddiaçının təhsil aldığı dövr sığorta stajına daxil edilmiş, lakin tələb edilən staj həddi tamamlanmamışdır. Eyni zamanda iddiaçının “Çıraqlı” kolxozundakı xx.xx.1993-xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti zamanı ona 1994-cü il üzrə 5 ay, 1995-ci il üzrə 6 ay, 1996-cı il üzrə 2 ay əmək haqqı hesablanmadığı müəyyən edilmiş və yalnız əmək haqqı hesablanan aylar (13 ay) sığorta stajına daxil edilmişdir. Qeyd edildiyi kimi, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışının açıqlanması verilir. Belə ki, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarının onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçının müəyyən dövrlər əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin iş stajına daxil edilərək iddaçıya cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən X7 filialına sorğu ünvanlanmışdır. X7 filialından daxil olmuş xx.xx.2023-cü il tarixli, 440/161 nömrəli cavab məktubunda iddiaçının Şamaxı rayon “Çıraqlı” kolxozunda 1994-1996-cı illərdə bəzi aylar əməkhaqqı aldığı, 1993 və 1997-ci illərdə dair sənədlərin aşkar edilmədiyi qeyd olunmuşdur. Qanunun 22-1-ci maddəsinə əsasən Q.İsmayılovun xx.xx.2006-cı il tarxidən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibai prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə poses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1538/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Hazırki iş üzrə iddiaçının 23 mart 1993-cü ildən 01 avqust 1997-ci ilədək “Çıraqlı” kolxozunda işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda yuxarıda adıçəkilmiş və iş materiallarına əlavə edilmiş Milli Arxiv İdarəsi tərəfindən verilmiş 135 saylı, 20 may 2022-ci il tarixli, 185 saylı, 13 iyul 2022-ci il tarixli və 306 saylı, 16 avqust 2022-ci il tarixli arxiv arayışlarında da iddiaçının “Çıraqlı” kolxozunda işlədiyi dövrlər və işlədiyi dövrlərdə əmək haqqı alması öz təsdiqini tapmışdır. Hal-hazırdakı inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan onun 23 mart 1993-cü ildən 01 avqust 1997-ci ilədək “Çıraqlı” kolxozunda işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Belə ki, cavabdeh orqan iddiaçının 23 mart 1993-cü ildən 01 avqust 1997-ci ilədək “Çıraqlı” kolxozunda işlədiyi dövrlərdən yalnız 13 ili onun sığorta stajına daxil edərək, iddiaçının 22 il 05 ay sığorta stajına malik olmasıı bildirərək, ona pensiyanın təyin edilməsinin əsassız olmasını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçası və yuxarıda adları çəkilən arayışlarla iddiaçının 23 mart 1993-cü ildən 01 avqust 1997-ci ilədək “Çıraqlı” kolxozunda işləməsi və əməkhaqqı alması öz təsdiqini tapmışdır. Qeyd edilən dövrlər də cavabdeh inzibati orqanın hesabladığı iddiaçıya məxsus sosial sığorta stajına daxil edildikdə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş həddən çox, yəni 25 ildən çox sosial sığorta stajı möcvud olmuş olur. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətininin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının 25 ildə az iş stajına malik olması, xx.xx.2006-xx.xx.2018-ci il traixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması halı təşkil etmiş, habelə iddiaçının sığorta stajının hesablanması zamanı əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Çıraqlı” Kolxozunda işlədiyi dövrlərdən yalnız əmək haqqı aldığı ayların nəzərə alınması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması. İddiaçı xx.xx.1956-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına-65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 22 il 05 ay 23 gün iş stajına malik olması halını qəbul edərək, məhz əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Çıraqlı” Kolxozunda işlədiyi dövrlərdən yalnız əmək haqqı hesablanan ayları (13 ay) nəzərə alaraq, sosial sığorta stajına daxil etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Çıraqlı” Kolxozunda işləməsi (işə qəbul və işdən azad olunması) barədə qeydlər məhz ona məxsus olan əmək kitabçasında öz əksini tapmışdır. Bundan əlavə, iddiaçının həmin dövrlərdə “Çıraqlı” kolxozunda işləməsi ilə bağlı arxiv arayışı təqdim edilmiş, arxiv arayışında əmək haqqı ödənişləri qeyd edilmiş, əmək haqqı qeyd edilməyən 1994-1996-cı ilin müəyyən ayları üzrə, habelə 1993-cü il və 1997-ci ilə aid sənədlərin olmaması halına istinad edilmişdir. Həmçinin, müvafiq arxiv məlumatlarından görünür ki, “Çıraqlı” kolxozunun 1994-cü ilin may ayından dekabr ayı daxil olmaqla, 1995-ci ilin aprel, iyun, iyul, avqust, sentyabr aylarının, 1996-cı ilin yanvar, fevral, mart, iyun ayından dekabr ayı daxil olmaqla və 1997ci ilin heç bir ayının əmək haqqı cədvəllərinin, habelə 1993, 1997-ci illərin sənədlərinin təhvil verilmədiyi, kolxozda minimum aylar üzrə hesablanması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Çıraqlı” Kolxozunda işləməsi halı həm əmək kitabçası, həm də arxiv arayışı əsasında öz təsdiqini tapmışdır. İddiaçı işlədiyi bütün dövrlər üzrə əmək haqqı aldığını qeyd etmişdir. İndiki halda iddiaçının həmin kolxozda işlədiyi dövrlərdə müəyyən illər və aylar üzrə əmək haqqı ödənişləri ilə bağlı arxiv məlumatlarının mövcud olmamasının səbəbi məhz müvafq sənədlərin arxiv idarəsinə təhvil verilməməsi ilə bağlı olmuşdur. Bu hal isə özlüyündə iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Belə olan halda isə həmin əsasa istinad edilməklə, pensiya təyin edilməsindən imtina edilməsi iddiaçının konstitusion hüququ kimi çıxış edən pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtina əsası kimi istinad etdiyi hallar əsassız olmuş, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Çıraqlı” Kolxozunda işlədiyi dövr sosial sığorta stajına daxil edilməli olduğu halda, həmin dövr əsassız olaraq tam nəzərə alınmamışdır. Beləliklə, indiki halda iddiaçının əmək kitabçasında qeyd olunmuş işlədiyi dövrlər, o cümlədən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Çıraqlı” Kolxozunda işlədiyi dövrlər nəzərə alındıqda, 25 ildən artıq sosial sığorta stajına malik olması öz təsdiqini tapır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1538/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.