Məhkəmə qərarları › İş №2-1(105)-705/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-705/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-705/2024 05.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “işdən azad olunmasının qanunsuz hesab edilməsi, vəzifəyə bərpa olunmağı, əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 3241/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, içkili olmadığı və işində heç bir nöqsanlara yol vermədiyi, Hərbi Hissə komandiri Polkovnik onun ilə qərəzli mövqe tutaraq şər-böhtan ataraq onu azad olunmasına səbəb olunmasını, bəzi sübutlarını nəzərə alaraq, onun işdən azad olunmasını qanunsuz hesab edərək, Müdafiə Nazirliyinin (silah təmin tağımının nəzarət yoxlama heyyət rəisi) vəzifəsinə bərpa olunmağına və məcburi işburaxma müddəti üçün - 5 iyul 2013-cü il tarixdən işə bərpa olunan günədək olan orta əmək haqqının işəgötürəndən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, N nömrəli hərbi hissənin Şərəf məhkəməsinin onunla əlaqədar qərarını (vəsatətini), onun 5 iyul 2023-cü il tarixdə Müdafiə Nazirinin müavini X2 25 iyun 2023-cü il tarixli, 067gm əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxılmağı barədə əmrin müvafiq qaydada təsdiq edilmiş surətinin N nömrəli hərbi hissədən götürülməsi və N nömrəli hərbi hissənin komandiri Mustafayev barəsində aparılan araşdırma ilə əlaqədar Füzuli hərbi prokurorluğunda aparılan araşdırma ilə əlaqədar sorğunun verilməsini, iddianı təmin etməklə həmin əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunmağı və 5 iyul 2023-cü il tarixdən vəzifəsinə bərpa olunan günədək olan müddət üçün ştat vəzifəsi üzrə almalı olduğu pul vəsaitinin ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, qanunvericiliklə müəyyən olunmuş prosessual müddətin onun təqsiri olmadan buraxıldığından, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi inzibati akt - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2 əmri ona təqdim edilməmiş və yaxud elan edilməmiş, poçt rabitəsi vasitəsilə və ya elektron üsulla göndərilməmişdir. Belə əmrin olmasını 2023-cü ilin noyabr ayının sonlarında Azərbacan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Şöbəsində hərbi bileti ona veriləndə bilmişdir. Həmçinin, həmin vaxt bilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) Azərbaycan Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı üçün əsas Müdafiə Nazirliyinin 30 may 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı qüvvələrində hərbi qulluqçuların Şərəf Məhkəmələri haqqında” Əsasnaməyə əsasən xidmət etdiyi hərbi hissənin Şərəf Məhkəməsinin iştirak etmədiyi, ona rəsmi qaydada təqdim və ya elan edilməmiş qərarı olmuşdur. Onun mübahisələndirdiyi inzibati akt cavabdeh orqanın əmri və onun üçün əsas olmuş Şərəf məhkəməsinin qərarı ona təqdim edilməmiş və yaxud elan edilməmiş, belə bir aktın qəbul edilməsi barədə ona rəsmi məlumat verilməmişdir. Mübahisələndirdiyi əmrin olmasını hərbi biletini alarkən bilməyi həmin inzibati aktın ona qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməsi və yaxud elan edilməsi, poçt rabitəsi vasitəsilə və ya elektron üsulla göndərilməsi demək deyildir. Qanunvericiliklə müəyyən edilmiş həmin qaydalar cavabdeh inzibati orqan tərəfindən pozulmuşdur. Cavabdeh məhkəməyə mübahisələndirilən əmrin ona verilməsini, elan edilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh qanunun tələblərini pozaraq onun tutduğu vəzifəyə bərpa olunmağı barədə şikayətinə bu günədək cavab verməmişdir. O isə bu günədək iştirak etmədiyi Şərəf məhkəməsinin qərarını, mübahisələndirdiyi əmri görməmişdir və tutduğu vəzifədən nəyə görə azad edilib ehtiyyata buraxılmağını bilmir, iddia ərizəsinə mübahisələndirilən inzibati aktın əslini və ya surətini əlavə edə bilməmişdir. Bu səbəbdən də məhkəməyə qanunvericiliklə müəyyən edilmiş bir ay müddətində deyil, sonradan müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3241/2024 nömrəli qərardadı ilə iddiaçının prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Göndəriş vərəqələrinin qeydiyyatı kitabı”nın (Cild №1) surətindən görünür ki, “145. xx.xx.2023. İddiaçı. SHXÇDX Quba. xx.xx.2025-ci il tarixdə “sənədi qəbul edənin imzası, adı, soyadı və tarix” bölməsində ad və soyadını yazmış və öz imzası ilə təsdiq etmişdir.” İş materialının araşdırılması ilə müəyən olunur ki, gizirlərin şərəf məhkəməsinin 3 iyun 2023-cü il tarixli 36 nömrəli protokolundan görünür ki, iclasda dinlənilən iddiaçı məhkəmədə onun barəsində deyilən fikirlərlə razı olduğunu bildirərək, etiraf etmişdir ki, xidmət etməkdə çətinlik çəkir, məhkəmədə onun barəsində heç bir qərəzli fikir söylənilmədi, həqiqətən spirtli içkiyə meyillidir, dəfələrlə söz versə də, bu vərdişdən əl çəkə bilməməsini, barəsində söyləyən fikirlərlə razı olduğunu bildirmişdir. 3 iyun 2023-cü il tarixli Söhbət vərəqəsindən görünür ki, iddiaçı deyilənlərə razılığını bildirərək, ona digər hərbi hissədə xidmətini davam etdirmək üçün kömkəliyin göstərilməsini xahiş etmişdir. Öz üzərində çalışacağına, nizam-intizamlı hərbi qulluğçu olacağına söz vermişdir. Həmin vərəqə onun tərəfindən imzalanmışdır. N nömrəli hərbi hissənin gizirlərin şərəf məhkəməsinin 3 iyun 2023-cü il tarixli 36 nömrəli qərarının surətindən görünür ki, iddiaçının “Xidməti uyğunsuzluğa görə” Azərbaycan Ordusundan etiyyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatətin qaldırılması qərara alınmışdır. 17 iyun 2023-cü il tarixli İkinci söhbət vərəqəsindən görünür ki, iddiaçı qeyd etmişdir ki, bu hərbi hissədə xidmətini təşkil etməkdə çətinlik çəkir və komandanlıq onun həmin hissədə xidmət etməyini istəmir. Hərbi hissə komandanlığı ilə yola getmədiyi üçün, hərbi hissəni özbaşına tərk etməsini və spirtli içkiyə meyilli olduğunun səbəbi olaraq, psixolojı durumunun yerində olmamasını bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, onunla dəfələrlə söhbətlər aparılıb, dönüş yaratmadığı üçün, kifayət qədər vaxt verilmişdir, hərbi hissə komandanlığı ilə yola getmədiyi üçün nəticə çıxara bilməmişdir. übahisə predmeti olan inzibati akt iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur və bu, İPM-in 38.1-ci maddəsinin tələbi baxımından “elan” edilmə anlayışının mahiyyətinə tam cavab verir. Bundan əlavə, hazırki məsələyə münasibətdə həmçinin, iddiaçı tərəfin məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir. Prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edərək ərizənin təmin edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edəsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı əsassız və qanunsuz olduğu üçün ləğv edilməli, ərizə təmin edilməklə inzibati işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını İPM-nin 38.1-ci maddəsini səhv təvsir etmiş, İPM-nin 22-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımı ilə bağlı müəyyən olunmuş ümumi qaydaları tətbiq etmişdir. Birinci instansiya məhkəməsi prosessual müddətin təqsiri olmadan buraxılmasına dair dəlillərinə ümumiyyətlə nəzərə almamışdır. Belə ki, mübahisələndirdiyi inzibati akt - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2 əmri ona təqdim edilməmiş və yaxud elan edilməmiş, poçt rabitəsi vasitəsilə və ya elektron üsulla göndərilməmiş, habelə birinci instansiya məhkəməsinin qeyd etdiyi digər vasitələrlə həmin akt barədə məlumat əldə etməmişdir. Bir sözlə mübahisələndirdiyi inzibati akt - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2 əmri və onun üçün əsas oluş Şərəf məhkəməsinin qərarı ona təqdim edilməmiş və yaxud elan edilməmiş, belə bir aktın qəbul edilməsi barədə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən rəsmi məlumat verilməmiş, birbaşa elan edilməmiş, təqdim olunmamışdır. Mübahisələndirdiyi əmrin olmasını hərbi biletini alarkən bilməyi həmin inzibati aktın qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməsi və yaxud elan edilməsi, poçt rabitəsi vasitəsilə və ya elektron üsulla göndərilməsi demək deyildir. Həmin əmr barədə məlumatı olandan sonra tələb etməyinə baxmayaraq güya məxfi olmasına görə Şərəf Məhkəməsinin qərarı və ehtiyyata buraxılmağı barədə əmrin surəti təqdim edilməmişdir. (Səfərbərlik və hərbi xidmətə çağırış üzrə DX-nin Quba rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, MN-nin N №-li hərbi hissəsinin N yanvar 2024-cü il tarixli rəsmi cavablarını 05 mart tarixli ərizəmlə birlikdə Məhkəməyə təqdim etmiş). Birinci instansiya məhkəməsi bu dəlillərinə də əhəmiyyət verməmiş, onlara qiymət belə verməmiş, və s. məhkəmə nəzərdən qaçırmışdır ki, hərbi qulluqçu olmaqla gizir rütbəsində xildmət etmiş. Nizamnaməyə əsasən şəxsi heyətlə bağlı bütün əmrlər əskərlər üçün şəxsi heyətin qarşısında, gizirlər üçün əmrlər isə gizir və zabit heyəti qarşısında hərbi hissənin nizami hissəsi tərəfindən əmrin oxunması ilə «İnzibati icraat haqqında» Qanunun 62.1ci maddəsində nəzərdə tutulduğu qaydada birbaşa elan edilir və bundan sonra qərargaha çağırılaraq həmin əmrin ona elan edilməsi imzası ilə rəsmiləşdirilir. Lakin birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun qeyd etdiyim normalarını tətbiq etməli olduğu halda onları tətbiq etməmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə əsasən işlərini və vəzifəmin təhvil-təslimini hərbi hissə üzrə verilmiş əmrə əsasən aparmalı idi. Təhvil-təslim barədə akt tərtib edilməli, həmin aktda silahların, döyüş texnikasının və s.vəziyyəti göstərilməli,aktı vəzifəni qəbul edən və təhvil verən şəxslər tərtib edib sonra isə onu ehtiyata buraxılmağı barədə əmr verilə bilərdi. Lakin birinci instansiya məhkəməsi qərardadını N nömrəli hərbi hissə komandirinin bu qaydaları pozmaqla imzaladığı 5 iyul 2023-cü il tarixli, 193 nömrəli əmri ilə əsaslandırmışdır. Məhkəmənin qərardadından məlum olun bu əmr də təsdiq edir ki, ona bu əmr elan edilməmiş, təqdim edilməmiş, işlərini və vəzifəni təhvil verməmiş, bunu təsdiq edən təhvil-təslim aktı və digər sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Ona görə də əmrdə «müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş». Birinci instansiya məhkəməsi qərardadını normativ hüquqi aktla deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)- 1871/2023 saylı qərarı ilə əsaslandıraraq belə qənaətə gəlmişdir ki, mübahisələndirdiyim inzibati akt ona rəsmi qaydada təqdim olunmasa belə, digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etməyi təkzibolunmaz şəkildə sübuta yetirildiyindən, iddia müddətinin axımının başlanması onun həmin inzibati akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi qərardadını müvafiq normativ hüquqi aktla deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mübahisə predmetinə aidiyyəti olmayan 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1871/2023 saylı konkret inzibati iş üzrə qərarı ilə əsaslandırması Azərbaycan Respublikası MPM-nin 13-cü maddəsinin tələblərinə ziddir. Məhkəmənin qənaətinə görə mübahisə predmeti olan inzibati aktdan məlumatlı olmağım aşağıdakı təkzibolunmaz sübutlarla təsdiq olunur: - şərəf məhkəməsinin 03 iyun 2023-cü il tarixli protokolu və həmin tarixli qərarı; - onunla 03 və 17 iyun 2023-cü il tarixdə söhbət aparılması barədə tərtib edilmiş Söhbət vərəqələri; - X2 25 iyun 2023-cü il tarixli, 067gm nömrəli əmri; - N nömrəlihərbihissənin komandirininhəmin əmri əsasında hazırladığı 05 iyul 2023-cü il tarixli 193 nömrəli əmri. Halbuki inzibati işin materiallarında cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə onun Şərəf məhkəməsində 03 iyun 2023-cü il tarixdə dənlənilməyimi, həmin məhkəmənin qərarının ona elan edilməsini, 3- 4-cü qeyd edilən əmrlərin imza edilməklə elan edilməsini təsdiq edən hər hansı bir mötəbər sübut yoxdur. Məhkəmə həmin qərardadı ilə mübahisələndirilən inzibati aktın birbaşa təqdim edilməməsini qəbul etmişdir. Məhkəmə qərardadını mübahisələndirdiyi inzibati aktın elan edilməsini deyil, başqa inzibati aktın – şərəf məhkəməsinin 03 iyun 2023-cü il tarixli protokolunu və həmin tarixli qərarının elan olunmasını əsaslandırmağa cəhd etmiş, hərbi hissə komandirinin ondan pul tələb etməsi, 29.04.23-cü il tarixdə onun tərəfindən xəsarət yetirilməsi, bununla bağlı tibb məntəqəsinə yerləşdirməsi, atasının ondan şikayət etməsi, buna görə də qanunsuz hərəkətlərini pərdələmək üçün Şərəf məhkəməsinin protokol və qərarını hazırlaması, bunları ondan gizlətməsi və sonda isə şikayətilə əlaqədar sərəncama göndərməsi adı ilə hərbi hissədən kənarlaşdırması, əleyhinə hazırlanmış sənədlərin hərbi hissə komandirinin diktəsi ilə hazırlanması və s. Birinci instansiya məhkəməsi ərizəyə baxarkən müddətin təqsiri olmadan ötürülməsinə dair dəlillərini tam və hərtərəfli yoxlanılıb qiymətləndirilməsi üçün bütün qanuni vasitələrdən istifadə etməmiş, müddətinin ötürülməsinin üzrlü olub-olmamasını dəqiqliklə araşdırmadan nəticəyə gəlmiş; gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üzrə mövcud olan faktlar göstərilən sübutlarla təsdiq edilməmiş və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilmişdir. Bu isə düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin predmetini hərb xidmətdən ehtiyata buraxılma barədə əmrn ləğv edilməsi,əvvəlki tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi bağlı tələb təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Belə ki, qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırki mübahisə üzrə iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmçinin, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə mübahisə predmetini iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ehtiyata buraxılma barədə 25 iyun 2023-cü il tarixli Əmr və onunl bağlı tələb təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmr haqqında məlumatlar iddiaçıya məxsus hərbi biletdə ətraflı və aydın şəkildə qeyd edilmiş, habelə iddiaçıya həmin Əmr haqqında məlumat verilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli əmri əsasında hərbi xidmətdən ehtiyata buraxılmış, bu barədə ona məxsus olan hərbi biletdə qeydiyyat aparılmışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı müvafiq qeydiyyat kitabına xx.xx.2023-cü il tarixdə imza etməklə, həmin əmr barədə məlumat əldə etmiş, habelə bu barədə ona məxsus olan hərbi biletdə qeyd aparılmaqla, iddiaçıya təhvil verilmişdir (ddiaçı hərbi biletin ona 2023-cü ilin noyabr ayında təhvil verildiyini bildirmişdir). Bundan əlavə, qeyd olunmalıdır ki, iddiaçı artıq 05 iyul 2023-cü il tarixdən hərbi hissəninin şəxis heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış, birdəfəlik pul müavinəti verilməsi, əlavə pul təminatı ödənilmişdir. Göründüyü kimi, iddiaçı onun barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş həmin əmr haqqında artıq 05 iyul 2023-cü il tarixdən məlumatlı olmuşdur. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-ci il tarixdə 6 aydan artıq vaxt keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da iddiaçı inzibati icraat haqqında və inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüş, lakin müddətin üzrlü səbəbdən ötürülməsi hallarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halla bağlı onu qeyd edir ki, iddiaçı müvafiq Əmrin ona elan olunsa da, şəxsən ona təqdim edilmədiyini, bu səbəblə də müddəti ötürməməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, inzibati priosessual qanunvericiliyin müvafiq normasının tələbinə əsasən inzibati aktın mübahisələndiriməsi ilə bağlı başlanğıc müddət inzibati aktın təqdim edilməsi və elan edilməsi vaxtı əsas götürülməklə müəyyən edildiyindən, indiki halda isə iddiaçı müvafiq inzibati akt barəsində məlumatlı olma vaxtı (05 iyul 2023-cü ildən) artıq aşkar olduğundan, iddia müddətinin axımı da məhz həmin tarixdən (05 iyul 2023-cü il tarixdən) hesablanmalıdır. Göründüyü kimi, iddiaçı müvafiq Əmr barədə məlumatlı olsa da, qeyd edilən halları mübahisələndirməmiş, həmin Əmrlə hüquqlarının məhdudlaşdırıldığını həmin vaxtı bildiyi halda, qanunla müəyyən edilmiş müddətdə iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. İşin müəyyən edilmiş həmin halları özlüyündə iddiaçının prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan hallar kimi çıxış etmədiyini deməyə əsas verir. Bu baxımından iddiaçının apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar işin hallarına uyğun olmamış, iş materialları əsasında təkzib olunmuşdur. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini . “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd eidlmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməməsi, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3241/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar