Məhkəmə qərarları › İş №2-1(105)-706/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-706/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-706/2022 16.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2566/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə müraciət edərək 02 avqust 2002-ci il tarixdən 02 dekabr 2014-cü il tarixədək olan dövr üçün əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan 04 mart 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən cavab ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müaciət edərək, onun əmək qabiliyyətini itirdiyi və əlilliyinin başlandığı 02 avqust 2002-ci il tarixdən əmək pensiyası üçün müraciət etdiyi 02 dekabr 2014-cü il tarixədək ötmüş dövr üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Rusiya Federasiyası Perm vilayət klinik xəstəxanasının Neyrocərrahiyə şöbəsində “2-ci dərəcəli Arnold-Kiari sindromu, onurğanın boyun nahiyəsinin sirinqomeliyası, okklüzion hidrosefaliya” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müalicə zamanı xx.xx.2002-ci il tarixdə “siringomelitik kistin drenajlanması” və xx.xx.2002ci il tarixdə “sağdan Ventrikulo-peritoneal şuntlama” neyrocərrahiyə əməliyyatları keçirmişdir. 2014-cü ildə əlilliyin müəyyən edilib qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 38 saylı (hal-hazırda 11 saylı) Tibbi Sosial Ekspert Komissiyasına müraciət edərək tələb olunan sənədləri təqdim etmiş, TSEK-nın (“Amoldkiari 2 malformasiyası, okkulyuzion hidrosefaliya, siringomeliya” diaqnozu) xx.xx.2014-cü il tarixli SER TSE-01 N- 080994 saylı qərarı ilə ona birinci qrup əlillik dərəcəsi verilmiş və əmək pensiyası (hal-hazırda 248 (iki yüz qırx səkkiz) manat) təyin edilmişdir. Qeyd edir ki, keçirdiyi xəstəlik və neyrocərrahiyə əməliyyatları ilə əlaqədar 2002-ci ildən əlilliyə görə pensiya almaq hüququ əmələ gəlmişdir, ancaq öz iradəsindən asılı olmayan səbəblərdən 2014-cü ildə əlilliyin müəyyən olunması üçün müracət etmişdir. Qanunvericiliyə əsaslanaraq hesab edir ki, ona müraciət etdiyi tarixdən deyil, əmək qabiliyyətini itirdiyi və əlilliyin yarandığı tarixdən pensiya təyin edilməlidir. Əmək pensiyasının xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ötən dövr üçün hesablanaraq ödənilməsi ilə əlaqədar etdiyi müracətə cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Qeyd edir ki, cavabdehin imtinasını əmək pensiyasının “hüquq əmələgəlmə” tarixindən “hüquqəldəetmə” tarixinədək ötən dövr üçün fərq məbləğinin hesablanması və ödənilməsi barədə inzibati aktın qəbul edilməsindən imtina kimi dəyərləndirir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, əlillik 2002-ci ilin avqust ayından başlamışdır, yəni hüquq əmələ gəlmə vaxtı xx.xx.2002-ci il tarixdir, əlilliyin müəyyən edilməsi üçün xx.xx.2014-cü il tarixdə müraciət edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı iddia edir ki, keçirdiyi xəstəlik və neyrocərrahiyə əməliyyatları ilə əlaqədar 2002-ci ildən əliiliyə görə əmək pensiyası almaq hüququ yaranmışdır, lakin öz iradəsindən aslı olmayan səbəblərdən 2014-cü ildə əlilliyi müəyyən edilmişdir. Qanunvericilik aktlarının əlaqəli təhlilinə əsasən şəxsə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ilkin və mütləq şərt şəxsin əlilliyinin qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilməsidir. Bununla yanaşı, təyin edilmiş əlilliyin dərəcəsinə uyğun olaraq sığorta stajı və pensiya kapitalı ilə bağlı tələblər vardır. Belə ki, iddiaçıya xx.xx.2014-cü il tarixindən birinci qrup əlillik təyin edilmiş, 15 nömrəli xx.xx.2015-ci il tarixli qərar ilə ona xx.xx.2014-cü il tarixdən pensiya təyin edilmişdir. Eyni zamanda xx.xx.2014-cü il tarixinə qədər əlilliyin hansı səbəblərdən təyin edilməməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-8120/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2566/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim C.Məmmədov) Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, sorğu nəticəsində 2022-ci ildə Rusiya Federasiyası Perm vilayət klinik xəstəxanası tərəfindən verilmiş, rus dilindən tərcümə edilərək məhkəməyə təqdim edilmiş sənəddə (epikriz) iddiaçının göstərilən xəstəxanada iki neyroxirurgiya əməliyyatı keçirdiyi və müalicə aldığı təsdiq edilmiş və tarixi 02 avqust 2002-ci il qeyd edilmişdir. Əmək qabiliyyətinin məhdudlaşdırılması və əlilliyin yaranması ilə əlaqədar mötəbər dəlilin təqdim olunmasına baxmayaraq məhkəmə bu faktı qiymətləndirməmiş və nəzərə almamışdır. Məhkəmə iddiaçının iradəsindən asılı olmayan səbəblərdən (uzun müddətli müalicə, müraciət üçün vacib olan sənədlərin çatışmazlığı və əldə etmək imkanının olmaması) əlilliyin müəyyən edilərək qiymətləndirilməsi üçün 2014-cü ildə müraciət etməsini araşdırmamış və nəzərə almamışdır ki, 01 yanvar 2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd olunan maddəyə 10 mart 2017-ci il tarixli AR Qanunu ilə (01 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir”. b) Apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; (-). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” na 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən əlilliyə görə pensiya təyin edilməsi üçün şəxsin əlilliyini, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən TSEK qərarı təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya TESK-in xx.xx.2014-cü il tarixli SER TSE-01 080994 nömrəli qərarı ilə xx.xx.2014-cü il tarixindən birinci qrup əlillik təyin edilmiş, 15 nömrəli xx.xx.2015-ci il tarixli qərar ilə ona xx.xx.2014-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. Qanunverici imperativ norma olaraq göstərib ki, şəxsə ilk öncə əllilik təyin edildikdən sonra, müvafiq qaydada DSMF-yə müraciət edib əlilliyə görə əmək pensiyası almalıdır. Bu səbəbdən də, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan 38 nömrəli TSEK-in xx.xx.2014-cü il tarixli, SER TSE-01 № 080994 nömrəli müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya “Arnold-Kiari İİ malformasiyası, onurğa ziou hidrosefaliya. Sirinqomieliya. Sağdan venfrikuloperisonial şuntlama və sirinqomieliya kistaların drena olunmasından s/v” diaqnozu ilə ümumi xəstəlik səbəbindən xx.xx.2017-ci il tarixinədək birinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçının əlilliyi xx.xx.2016-cı il tarixindən müddətsiz olaraq uzadılmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2015-ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixindən birinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərində keçirdiyi xəstəlik və neyrocərrahiyyə əməliyyatları ilə əlaqədar 2002-ci ildən əlilliyə görə pensiya almaq hüququnun əmələ gəldiyini, lakin öz iradəsindən asılı olmayan səbəblərdən 2014-cü ildə əlilliyin təyin edilməsi üçün müraciət etdiyini bildirərək, 2002-2014-cü illər üzrə əlilliyə görə əmək pensiyasının ödənilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, şəxsin əlilliyə görə pensiya almaq hüququnun yaranması üçün zəruri şərtlərdən biri əlilliyin müəyyən edilmiş olmasıdır. Hazırkı halda isə işdən görünür ki, 2002-ci ildən iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün qeyd edilən şərt ödənilmir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” na 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı” nın 2.5 və 2.5.1-ci bəndinə əsasən əlilliyə görə pensiya təyin edilməsi üçün şəxsin əlilliyini, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən TSEK qərarı tələb olunur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi əlillik tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilir və əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən şəxs əlil hesab edilir və həmin qərar əsasında əlilliyə görə pensiya təyin edilir. Hazırkı halda isə, iddiaçının əlilliyinin qiymətləndirilməsi özünün də bildirdiyi kimi 2014-cü il tarixdə aparılmış, həmin tarixdən əlil hesab edilmiş və əlilliyə görə pensiya təyinatı aparılmışdır. Həmçinin kollegiya qeyd edir ki, 2014-cü ildə iddiaçının əlilliyinin qiymətləndirilməsi aparılarkən qəbul edilmiş qərarla iddiaçı razılaşmış, səhhəti ilə bağlı 2002-ci il tarixdən əlil hesab olunmasına dair ərizə ilə aidiyyəti inzibati orqana mürciət etməmiş və bu faktı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, işə baxan birinci instansiya məhkəməsi isə iddianı rədd edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2566/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar