Məhkəmə qərarları › İş №2-1(105)-706/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-706/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-706/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər:əlillik dərəcəsinin bərpa edilməsi, inzibati icraatın aparılması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “ona 35 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının SER-TSE- 01 seriyalı 278420 №-li Arayışı əsasında müddətsiz olaraq təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-194/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı vəkili Nümayəndə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Tibbi-Sosial Ekspertiza sənədlərində uyğunsuzluqlar aşkar edildiyindən əyani müayinə məqsədilə Agentliyə müraciət etməsi zəruridir. Qeyd: Vətəndaş qəbula gəldiyi zaman əlilliyini təsdiq edən arayışlar və son bir il ərzində keçirilmiş müayinələrə dair tibbi sənədlərini (epikrizləri, tibbi rəylər və s.) gətirməyi xahiş olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2013-cü il tarixdə dövlət tibb müəssisəsinin göndərişi əsasında əyani müayinə vasitəsilə qiymətləndirilmiş və 1 (bir) il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə şəxsə dair Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsistemində heç bir məlumat aşkarlanmadı. İddiaçı tibbi-sosial ekspertiza sənədlərinin yoxlanıması məqsədi ilə hazırda araşdırma aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2013cü il tarixində dövlət tibb müəssisəsinin göndərişi əsasında əyani müayinə yolu ilə qiymətləndirilmiş və 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa dair Nazirliyin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əlillik” altsistemində heç bir məlumat və göndəriş aşkarlanmadı. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərində uyğunsuzluqlar mövcuddur. Bununla əlaqədar vətəndaşın keçirilmiş müayinələrinə dair bütün tibbi sənədlərlə epikrizlər, tibbi rəylər, TSEK-in sənədləri və s.) birlikdə X4-Sosial ekspert komissiyasına yaxınlaşmağı tövsiyə olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən əlilliyə görə aylıq əmək pensiyası almışdır. Pensiya işinin nömrəsi – 021191, təyinatın başlama tarixi: xx.xx.2011-ci il, təyinatın bitmə tarixi: xx.xx.2021-ci il. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Xeyrulla oğluna FİN: xxxxxxx, pensiya işi № 021191, Qubadlı rayonu ) əlilliyə görə əmək pensiyası üzrə xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumilikdə 19028,36 manat məbləğində vəsait ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, "ona xx.xx.2014cü il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 35 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının SER-TSE- 01 seriyalı 278420 №-li Arayışı əsasında müddətsiz olaraq təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü ildə Qubadlı rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 100 №-li Qərarından görünür ki, o döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz “Soltərəfli adheziv orta otit”dir. Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Daha sonra Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş vəxx.xx.2013-cü il tarixli Forma 88 tərtib edərək xx.xx.2014-cü il tarixinədək ikinci dərəcəli əlillik təyin etmişdir. Bundan sonra xx.xx.2014-cü ildə o təkrar müayinədən keçmiş və ona xx.xx.2014-cü ildən ömürlük ikinci dərəcəli əlillik təyin edilmişdir. Göndərişdən görünür ki, İddiaçı təyin edilmiş diaqnoz “İkitərəfli eşitmə sinirinin nevriti, ikitərəfli ağıreşitmə İİİ-İV dər”. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi şəxsə xx.xx.2014-cü il tarixli Forma 88 əsasında ömürlük 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona ömürlük müddətinə 2-ci dərəcəli əllik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. İnzibati orqan tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda, əlillik meyarlarının müəyyən olunması AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamşıdır. Göründüyü kimi, Xidmət tərəfindən iddiaçının hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Bundan başqa qeyd edir ki, hazırkı mübahisə üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud praktikası vardır. Həmin praktika bu mübahisələrin vətəndaşların xeyrinə həll olunmasını özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanaşmasına və mövqeyinə əsasən hazırkı mübahisə üzrə əsas diqqət yetirilməli 4 məqam vardır. 1. İnzibati icraat aparılıbmı? Yəni inzibati icraatın başlanılması barədə qərar qəbul edilibmi? 2. İnzibati icraat aparılan zaman vətəndaşın yəni maralı şəxsin iştirakı təmin edilibmi? 3. Əlilliyin etibarsız hesab edilməsi barədə yekunda inzibati akt formasında qərar qəbul edilibmi? 4. Hətta inzibati icraat aparılmış olsaydı belə yəni müvafiq sorğular verilmiş olsaydı belə əlilliyin qiymətləndirilməsinə əsaslı şübhələr yalnız qiymətləndirilmiş əlilliyin qərarının ləğv edilməsinə yönələ bilərdi. Etibarsız hesab edilməsinə yox. Hazırkı mübahisə üzrə göründüyü kimi yuxarıda sadalanan dörd məqamın heç biri cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilməmiş və bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz oloduğundan iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə yönəlmiş hərəkətlər də qanunsuz hesab edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Salyan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90- H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki Diaqnozun mətni: İkitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: İkitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Salyan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki ...; Diaqnozun mətni: ikitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: İkitərəfli eşitmə sinirinin nevriti,ikitərəfli ağıreşitmə lll-İV dər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2014-cü il tarixli Forma 88 arayışı əsasında təyin olunmuş müddətsiz İİ dərəcə əlillik dərəcəsinin bərpa edilməsini tələb etsə də, hesab edirlər ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Göründüyü kimi, iddiaçıya müddətsiz İİ dərəcə əlillik dərəcəsi təyin edilməsi üçün ardıcıl olaraq 10 il əlillik müddəti olmalıdır, lakin iddiaçının altsistemdə olan sənədlərində cəmi 2 il əlillik müddəti vardır və iddiaçının xx.xx.2014cü il tarixli göndərişi haqqında və ona müddətsiz əlillik dərəcəsi təyin edilməsi haqqında heç bir məlumat yoxdur. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-194/2023 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddianın təmin edilməsi, iddiaçıya 35 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının SER-TSE-01 seriyalı 278420 №-li Arayışı əsasında müddətsiz olaraq təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X7 üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan inzibati icraat çərçivəsində araşdırıma aparmalı, iddiaçının iştirakını təmin etməli, yalnız əyani müayinəyə cəlb etdikdən sonra müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edə bilərdi. Lakin cavabdeh orqan inzibati icraat aparmadan iddiaçının əlilliyini ləğv etmişdir. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Cavabdeh inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq yeni inzibati icraat aparması istisna edilmir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmışdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. .... Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan iddiçının müraciətinə baxaraq, onun tibbi sənədlərində uyğunsuzluqlar aşkar edildiyindən, əyani müayinə məqsədilə Agentliyə müraciət etməsinin zəruri olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının müvafiq formalı arayışına əsasən iddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyin edilmiş, əsas kimi xx.xx.2013-cü il tarixli müayinə aktına istinad edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıya əlilliyə görə xx.xx.2011-ci il tarixdə pensiya təyin edilmiş, xx.xx.2021-ci il tarixdə təyinatın vaxtı bitmiş, xx.xx.2021-ci il tarixədək pensiya məbləği ödənilmişdir. Eyni zamanda cavabdeh inzibati orqanın təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə dövlət tibb müəssisəsinin göndərişi əsasında əyani müayinə yolu ilə qiymətləndirilmiş və bir il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatı aparılmış, sonrakı dövrdə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “əlillik” alt sistemində heç bir məlumat və göndəriş aşkarlanmamış, tibbi sənədlərdə uyğunsuzluqlar olduğu, keçirilmiş müayinələrə dair tibbi sənədlərlə birlikdə komissiyaya yaxınlaşmağı tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı barəsində xx.xx.2014-cü il tarixdə müddətsiz əlillik təyin edilməsi barədə alt sistemdə məlumat olmadığını qeyd etsə də, iş materialları əsasında iddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədə TSEK tərəfindən verilmiş müvafiq formalı arayış mövcud olmuş, habelə iddiaçıya xx.xx.2021-ci il tarixədək həmin əsasa görə pensiya ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində aparılmış inzibati icraatın nəticəsi olaraq ona əlillik təyinatı apardığı (məhz onun əsasında da pensiya təyin edilmişdir) halda, həmin əlilliyin sonradan iddiaçının iştirakı ilə heç bir inzibati icraat həyata keçirilmədən, iddiaçıya heç bir məlumat vermədən, əlilliyin etibarsız hesab edilməsi (ləğv edilməsi) barədə gəldiyi nəticə qanunauyğun olmamışdır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olubolmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. İndiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlilliyin olmaması qənaətinə gəlməsi halını məhz iddiaçı barəsində bu cür qiymətləndirilmə aparılmaqla, onun nəticəsinə uyğun olaraq qərar qəbul etməklə edə bilərdi, əks halda özünün təkbaşına olaraq, heç bir qiymətləndirmə və bununla bağlı inzibati icraat aparmadan bu qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində əilliyin ləğv edilməsi və ya etibarsız hesab edilməsi məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına dair, əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur. Həmçinin, qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbinə əsasən inzibati akt qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Başqa sözlə desək, cavabdeh inzibati orqan öz qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, ilk növbədə həmin qərarın ləğv və ya dəyişdirilməsi üçün əsasları, habelə bu halı istisna edən halların mövcudluğunu müəyyən etməli, onların olduğunu müəyyən etdiyi halda, qərarı ləğv edərək, qərarın qəbulu üzrə icraatı təzələməli, yeni inzibati icraat aparmalı, həmin inzibati icraatın aparılması barədə maraqlı şəxsə məlumat verməli, onu iştirakını, dinlənilmə hüququnu təmin etməli, qanunvericiliyin tələbinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsində yeni qərar qəbul etməlidir. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraatı təzələməli, həmin inzibati icraat iştirakçılarının iştirakı və dinlənilmə hüququ təmin edilməli, inzibati icraat haqqında və müvafiq qanunvericilik normalarının tələbinə əsasən aparılmış inzibati icraat nəticəsində əlilliyin ləğv edilməsinə əsas olan hallardan birini müəyyən etdiyi halda, bu barədə qərar qəbul etməlidir. Əks halda iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə inzibat akt qüvvədə olduğu halda, onun əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi halı özlüyündə inzibati icraat haqqında qanunveriliyin tələbini pozmaqla, inzibati aktın etibarlılığı və hüquqi qüvvəsinə zidd olar. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibai orqan tərəfindən istinad olunan qanunvericiliyin imperativ norma şəklində müəyyən edilmiş tələbləri pozulmuş, iddiaçı barəsində təyin edilmiş əlillik dərəcəsinin ləğv edilməsi barədə gəldiyi qənaəti onun tərəfindən bununla bağlı hər hansı inzibati icraatın təzələnməsi və aparılmış yeni inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş qərar kimi çıxış etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin hallara əməl edilməsinə dair heç bir dəlilə istinad edilməmiş, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, habelə inzibati orqan iddiaçı barəsində əlillik dərəcəsini ləğv etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-194/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar