Məhkəmə qərarları › İş №2-1(105)-707/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-707/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-707/2024 23.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2-1(118)-75/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayonu Quba bələdiyyəsi sədrinin 23 dekabr 2002-ci il tarixli, 151 nömrəli sərəncamına əsasən İddiaçı kommersiya obyektinin tikintisi üçün Quba şəhərinin 28-ci məhəlləsindən - Vaqif və Nizami küçələrinin kəsişməsindən (məhəllənin şimal-şərq sərhəddindən) 150,0 kv.m. torpaq sahəsi ayrılması qərara alınmışdır. Quba bələdiyyəsi sədrinin 23 dekabr 2002-ci il tarixli, 151 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 0,015 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən onun adına 12 may 2006-cı il tarixli, JN-1120 KOD 30301004 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. 23 dekabr 2002-ci il tarixdə ayrılmış 0,015 ha torpaq sahəsinin sxemi Quba şəhərinin 1:5000 miqyasında baş planında çıxarışda göstərilmişdir. İddiaçı 05 aprel 2022-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək JN-1120 KOD 30301004 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,015 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********782 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, JN-1120 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-1120 seriyalı, KOD 30301004 saylı dövlət aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya kommersiya obyektinin tikintisi üçün Quba bələdiyyəsi tərəfindən ayrılmış 0,015 hektar torpaq sahəsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN1120 KOD 30301004 saylı Dövlət Aktı DT və XK-nın Quba rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq olunmuşdur. Torpaq sahəsinin plan və cizgisi müəyyən olunaraq faktiki olaraq ona təhvil verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, ləğv edilmiş və mövcud olan idarələr arasında mülkiyyət hüquqlarını təsdiq edən akta dair heç bir məlumatın aşkar olunmaması onun təqsiri ola bilməz. Bunun üçün müvafiq qurumlar məsuliyyət daşıyır. Ona verilmiş akt həmin sahədən məsul şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur və torpaq sahəsi də ona təhkim edilmişdir. Həmin prosesin digər hissəsi isə ona aid məsələ deyildir. X10 heç bir halda mübahisələndirilməmişdir (həqiqiliyinə ciddi şübhə olmamışdır). Məsələyə bu formada yanaşılması hesab edir ki, onun Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin yeri dəqiq məlum deyildir və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “Torpağa mülkiyyət hüququna dair” JN-1120, 30301004 nömrəli dövlət aktı əsasında ona məxsus olan torpaq sahəsinin 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alnmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2-1(118)-75/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN-1120, 30301004 nömrəli dövlət aktı əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin 0,09 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alnmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə icraatı zamanı alınmış mütəxəssis rəyinə mübahisəli torpaq sahəsinin əsasən üst-üstə düşdüyü qeyd edilən JN- 1405 nömrəli sənəd barədə kadastr uçotu informasiya sistemində məlumat olsa da, faktiki olaraq mövcud deyildir. Həmçinin, müəyyənləşdirilmişdir ki, cavabdeh orqanın elektron baza kadastr informasiya sistemində mübahisəli torpaq sahəsinin koordinatlarına dair məlumat mövcud olmasa da, iddiaçının faktiki istifadəsində və onun adına tərtib edilmiş Quba bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan torpaq sahələri eynidir və uyğunluq təşkil edir, torpaq sahəsinə dair hər hansı mübahisəli hal qeydə alınmamışdır. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin JN-1120 KOD 30301004 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,015 ha torpaq sahəsinin 0,009 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Şikayətin dəlilləri iki hissədən ibarətdir: 1) İddiaçının adına olan JN-1120 KOD 30301004 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması və elektron məlumat bazasında olan xəritədə öz əksini tapmaması; 2) Torpaq sahəsinin yerinin dəqiq məlum olmaması, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İşdən görünür ki, Quba bələdiyyəsi sədrinin 23 dekabr 2002-ci il tarixli, 151 nömrəli sərəncamına əsasən iddiaçıya kommersiya obyektinin tikintisi üçün 0,015 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən onun adına 12 may 2006-cı il tarixli, JN-1120 KOD 30301004 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq: - Quba bələdiyyəsi 06 oktyabr 2022-ci il tarixli, 824 nömrəli məktubla bələdiyyənin 23 dekabr 2002-ci il tarixli, 151 nömrəli qərarı ilə iddiaçıya torpaq sahəsi ayrılması barədə bələdiyyədə heç bir məlumat olmadığını qeyd etsə də, məhkəmənin sorğusu əsasında X8 Filialı tərəfindən 15 avqust 2022-ci il tarixli, 850 nömrəli məktubla iddiaçıya 0,015 ha torpaq sahəsinin ayrılmasına dair Quba bələdiyyəsi sədrinin 23 dekabr 2002-ci il tarixli, 151 nömrəli sərəncamının və şəhərin baş planından həmin torpaq sahəsinə dair çıxarışın arxiv nüsxələri məhkəməyə təqdim edilmişdir; - Cavabdeh inzibati orqan tərəfindən 26 avqust 2022-ci il tarixli, **********682 nömrəli məktubla həmin “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxiv nüsxəsi də məhkəməyə təqdim edilmişdir. - "xxxx" MMC tərəfindən 14 oktyabr 2022-ci il tarixli məktubla “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin olmadığı və elektron məlumat bazasında X10na dair məlumat aşkar edilmədiyi bildirilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili imtina üçün əsas ola bilməz. Belə ki, torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən X10 qüvvədə olduğu müddətdə, yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar X10nın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı həmin dövrdə (xx.xx.2006-cı ildə) belə aktın verilməsi səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmişdir və həmin aktın həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Bununla bağlı, həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan, səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq sənəd, hazırkı mübahisəyə münasibətdə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən hüququn qeydiyyata alınmasından, eləcə də müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Sadalanan maddi hüquq normalarını hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur. Kollegiya, eyni zamanda, qeyd edir ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-810/2024 nömrəli qərarından görünür ki, həmin iş üzrə də inzibati orqanın daşınmaz əmlak üzərində hüququn qeydə alınmasından imtinanın və kassasiya şikayətinin əsas dəlili mübahisəli əmlaka dair daşınmaz əmlakın dövlət reyestr kitabında qeydiyyat mövcud olsa da, həmin qeydiyyatın hansı hüquq müəyyənedici sənədlər əsasında aparıldığına dair sənədlər arxivdə aşkar edilməməsi olmuşdur. Kassasiya instansiya məhkəməsi inzibati orqanın həmin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, həlledici olan reyestr kitabındakı qeydiyyat və onun yaratdığı hüquqi nəticələrdir. Sözügedən qeydiyyat mülkiyyət hüquqlarını qeydə almağa səlahiyyətli orqan tərəfindən aparıldığına görə, qeydiyyatın aparıldığı vaxt buna əsas verən sənədlərin mövcud olduğu “a priori” qəbul edilməlidir. Digər tərəfdən, qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmasını təmin etmək, ilk növbədə, qeydiyyatı aparan orqanın borcudur. Odur ki, cavabdeh qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmadığı halına öz xeyrinə istinad edə bilməz, eləcə də həmin sənədlərin saxlanılması yükü iddiaçının üzərinə qoyulmaqla bu hala istinadla hüququn qeydə alınmasından imtina oluna bilməz. Cavabdehin apellyasiya şikayətinin növbəti dəlilində torpaq sahəsinin yerinin dəqiq məlum olmaması, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsinin müəyyən edilməməsini bildirsə də, işdən görünür ki, mübahisəli 0,015 ha torpaq sahəsinin sxemi Quba şəhərinin 1:5000 miqyasında baş planında çıxarışda göstərilmişdir. Qeyd olunan sənəd torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verir. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı həmin torpaq sahəsi cavabdeh bir neçə dəfə yerində müayinə edilməklə, mütəxəssis rəyləri verilmişdir. Mütəxəssis rəylərindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi onun adına tərtib edilmiş yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsi ilə üstüstə düşür. Faktiki istifadədə olan torpaq sahəsi yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. İddiaçıya məxsus Dövlət Aktı elektron baza məlumatlarında öz əksini tapmadığından həmin sahənin digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, JN-1120 KOD 30301004 qeydiyyat nömrəli Dövlət Aktına əsasən iddiaçıya məxsus 150 kv.m. torpaq sahəsinin bir hissəsi (60 kv.m.) bələdiyyə tərəfindən başqa şəxsə satıldığından, iddiaçı təkrar həmin sahəni alqı-satqı yolu ilə vətəndaşdan əldə etmişdir. Belə ki, iş materiallarından görünür ki, Quba bələdiyyəsi mülkiyyətində olan 0,006 ha torpaq sahəsini 17 mart 2018-ci il tarixdə alqı-satqı qaydasında X1, Ş.N.Əfəndiyevin ölümündən sonra torpaq sahəsi “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında X3 mülkiyyətinə keçmiş, daha sonra sonuncu həmin torpaq sahəsini 07 iyul 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən iddiaçıya satmışdır. Eyni zamanda mütəxəssis rəyi ilə təsdiq edilir ki, həmin 0,006 ha torpaq sahəsi JN- 1120 KOD 30301004 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,015 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu baxımdan, iddiaçı həmin hissədə iddia tələbinin həcmini azaltmışdır. Eyni zamanda, kollegiya qeyd edir ki, verilmiş mütəxəssis rəyində torpaq sahəsinin bir hissəsinin koordinatlarının elektron baza məlumatlarında TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən JN- 1405 nömrəli sənədlə üst-üstə düşdüyünü qeyd etsə də, JN-1405 nömrəli sənədlə və onun verilməsinə əsas olmuş sənədlərlə bağlı Ərazi İdarəsində məlumat olmadığından və iddiaçının adına tərtib edilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin koordinatları göstərilmədiyindən həmin sahələrin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bəhs edilənlərə əsasən, apellyasiya şikayətinin sonuncu dəlilini də kollegiya əsassız hesab edir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.5-ci maddəsi, eləcə də Mülki Məcəllənin 139-1.1, 139-1.1.5-ci maddəsindən irəli gələn hüquqmüəyyənedici sənədlərə - 12 may 2006-cı il tarixli, JN-1120 KOD 30301004 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsaslanır. İstinad olunan həmin normalarda 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qismində təsbit edilmişdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Eyni zamanda, kollegiya qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,015 ha (150 kv.m.) torpaq sahəsinin 0,006 ha hissəsi (60 kv.m.) hissəsi başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşdüyündən, iddiaçı məhz həmin hissədə tələbinin həcmini azaltmış, lakin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 0,009 ha əvəzinə, texniki yanlışlıq olaraq 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də ərizədə qeyd edildiyi kimi 0,09 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması nəticəsinə gəlmiş, bununla da aşkar yanlışlığa yol vermişdir. Lakin, kollegiya hesab edir ki, həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Belə olan halda, yanlışlıq İPM-in 76.1-ci maddəsinə əsasən aradan qaldırılmalı, qərarın mətnində “iddiaçıya məxsus olan torpaq sahəsinin 0,09 ha” sözləri “iddiaçıya məxsus olan torpaq sahəsinin 0,009 ha” sözləri ilə əvəz edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2-1(118)-75/2024 nömrəli qərarı “iddiaçıya məxsus olan torpaq sahəsinin 0,09 ha” sözləri “iddiaçıya məxsus olan torpaq sahəsinin 0,009 ha” sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar