Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-708/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtina məktubunun əsassız hesab edilməsi, onun soyadının arvadının soyadına dəyişdirilərək “Əzizov” kimi qeydə alınması, yeni doğum haqqında şəhadətnamənin verilməsi və şəhadətnamədə soyadının dəyişdirilərək “Əzizov” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1801/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Cavabdehnə qarşı cavabdehin imtina məktubunun əsassız hesab edilməsi, onun soyadının arvadının soyadına dəyişdirilərək “Əzizov” kimi qeydə alınması, yeni doğum haqqında şəhadətnamənin verilməsi və şəhadətnamədə soyadının dəyişdirilərək “Əzizov” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1969-cu il tarixində Laçın rayonunun Vəlibəyli kəndində anadan olmuşdur və mövcud vəziyyətlə əlaqədar olaraq köçkün kimi Sumqayıt şəhərində, sürücülük yataqxanasında məskunlaşmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9315/2015 nömrəli, 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə soyadı Əzizov kimi qeyd edilmişdir. X1 Respublikasında anadan olmuşlar və onların doğum haqqında şəhadətnamələrində soyadları Əzizov kimi qeyd edilmişdir. Eyni zamanda onun və arvadının soyadı Əzizov kimi qeyd edilmişdir. Soyadının Əşrəfli kimi olması ailə üzvlərinin sənədlərinin rəsmiləşdirilməsində maneələr yaradır. Bu baxımdan o, 28 mart 2022-ci il tarixində ərizə ilə soyadının arvadının mövcud soyadına dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmişdir. Cavabdeh 31 mart 2022-ci il tarixli, 05/Q-46/62 nömrəli məktubla ərizəsinin təmin olunmaması və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeydiyyat orqanının məktubu qanunsuzdur, onun hüquqlarını pozur, bu baxımdan o, məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1801/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu ildə doğulmuş Əzizov Vəkil Lətif oğlu soyadının dəyişdirilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)-9315/2015 saylı, 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə xx.xx.1969-cu il tarixdə anadan olmuş Əzizov Vəkil Lətif oğlunun soyadının dəyişdirilərək “Əşrəfli” kimi qeydə alınması qət edilmişdir və qətnamə 19 oktyabr 2015-ci ildə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş AZ-İİİ 625661 saylı doğum haqqında şəhadətnamənin surətində də görünür ki, iddiaçının adı “Vəkil”, soyadı “Əşrəfli”, ata adı “Lətif” kimi qeyd edilmişdir. İddiaçı soyadının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci, 26.4-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 və 26.4-cü maddəsinə görə, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları hüquq və azadlıqlarının həyata keçirilməsinə maneə törədir. Bu baxımdan Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci və 26.4-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə uyğunluğu və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsininn Vİ bəndinə əsasən şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunmalıdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları: Bənd 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Hazırki işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə soyadın dəyişdirilməsi ilə bağlıdır və iddiaçı soyadının “Əşrəfli”dən “Əzizov”a dəyişdirilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9315/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.1969-cu il tarixdə anadan olmuş Əzizov Vəkil Lətif oğlunun soyadının dəyişdirilərək “Əşrəfli” kimi qeydə alınması qət edilmişdir. Həmin qətnamə əsasında AZ-İ 015186 №-li, xx.xx.2015-ci il tarixli soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmiş və yeni doğum haqqında şəhadətnamənin soyad qrafasında iddiaçının soyadı “Əşrəfli” kimi qeyd olunmuşdur. Ona məxsus olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsində də İddiaçı yazılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-192/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək soyadının əvvəlki soyadına qaytarılmasına, yəni soyadının “Əzizov” kimi yazılmasına və bu barədə müvafiq qeydiyyat aparmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsini cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1621/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, lakin şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1621/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. İddiaçı soyadının arvadının soyadına dəyişdirilərək “Əzizov” kimi qeydə alınmasını xahiş etsə də, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının arvadının nikaha daxil olmazdan əvvəl soyadı “Quluyeva” olmuşdur və ona nikaha daxil olarkən ərinin soyadına uyğun olaraq “Əzizova” soyadı verilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iddianın əsasını dəyişsə də, iddiaçının əvvəllki və hazırkı iddiaları ilə hüquqi marağı soyadının təkrarən “Əzizov” kimi qeydə alınması barədədir. Onun bu tələbi üzrə isə yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyünə hüquqi qiymət vermədən təkrarən eyni predmet üzrə tələbə mahiyyəti üzrə baxmışdır. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1801/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtina məktubunun əsassız hesab edilməsi, onun soyadının arvadının soyadına dəyişdirilərək “Əzizov” kimi qeydə alınması, yeni doğum haqqında şəhadətnamənin verilməsi və şəhadətnamədə soyadının dəyişdirilərək “Əzizov” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.