Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-708/2025 28.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-754/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 754/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “istehsalat qəzası nəticəsində dəymiş zərərə görə aylıq ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin ləğv edilməsi nəticəsində istehsalat qəzası zamanı dəymiş zərərə görə aylıq ödəncin və ya ödəncin əvəzinə aylıq müavinətin xx.xx.2022-ci il tarixdən verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də işləmiş və 1989-cu ildə iş qəzası xəsarəti alaraq əlil olmuşdur. Ödənişləri "xxxx" ASC tərəfindən 2022-ci ilin mart ayına qədər hər ay ödənilmişdir. 2022-ci ilin aprel ayından etibarən "xxxx" ASC ödənişləri ödəməkdən imtina etmişdir və bildirilmişdir ki, "xxxx" ASC ləğv prosesinə cəlb edilmişdir. "xxxx" ASC xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və ləğv prosesi xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Bundan sonra dəfələrlə sosial ödənişləri ilə bağlı "xxxx" ASC-yə müraciət etsə də, müəssisənin ləğv edilməsi ilə əlaqədar müavinətlərin dayandırıldığı və bundan sonra ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ödəyəcəyi və ona məxsus sənədlərin həmin Fonda göndərildiyi bildirmişdir. Həmin orqana müraciət etsə də, Fond həmin müraciətlərə imtina cavabı vermişdir. Aldığı xəsarətlərlə bağlı ona zərərin kim tərəfindən ödənilməsi barədə dəqiq cavab verilmir. Özü yaşlı və xəstədir, şəhid atası da var. Artıq 2 ilə yaxındır ki, qapıları döyməkdən yorulmuşdur. xx.xx.2023-cü ildə cavabdeh təşkilata müəsissədə istehsalat qəzası almış 5 nəfər ilə birlikdə müraciət etmişlər. Aldığı cavabdan sonra məhkəməyə bir yerdə müraciət etmişlər. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Həmin Qaydaların 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, xx.xx.2003-cü il tarixdən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və ödənilir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 3.11-ci və 3.12-ci bəndlərinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisə ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallarda müəyyənləşdirilə bilər. Bu baxımdan, ləğv prosesində olan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərər dəymiş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə zərərə görə aylıq ödəncin əvəzinə aylıq müavinətin Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən bu Qaydalar: “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” çərçivəsində və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Qeyd olunanlara əsasən İddiaçı “istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş ziyanın ödənilməsi” barədə iddia tələbinə dair iş üzrə müvafiq ödənişin həyata keçirilməsi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətləri xaricindədir. Ona görə də, iddianın rədd edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehin apellyasiya şikayətinin dəlili iddia ərizəsinə etiraz ilə eyni məzmun daşımış və əlavə olaraq göstərilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Ona görə də, iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın xx.xx.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərində oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydası tənzimlənirdi. Həmin normalara əsasən ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi qüvvədə olan qanunvericilik normalarında müəssisənin ləğv edilməsindən sonrakı dövrlər üzrə əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsi ilə bağlı məsələlər nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə tərəfindən mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsinin iddiaçının ziyanına təfsir oluna bilməməsi qənaətinə gələrək əsassız olaraq xx.xx.2023-cü il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi qərara alınmışdır. Həmçinin analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-25/2025 nömrəli qərarında qeyd edilmişdir: 35. İş materialları ilə həmçinin müəyyən edilir ki, X3 2000-2005-ci illərdə X1 tərəfindən 100 % özəlləşdirilmiş və “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. 36. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********116900 nömrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən xx.xx.2009-cu il tarixdə (VÖEN: **********) şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2020-ci il tarixli təsisçinin ləğv qərarına əsasən xx.xx.2020-ci il tarixdə ləğv edilmiş, yenidən təşkil olunması tətbiq olunmadığından hüquqi varisliyi yaranmamışdır və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. 37. Qanunvericiliyin yuxarıda sadalanmış normalarına istinadla kollegiya qeyd edir ki, cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrü əhatə edir. 38. Beləliklə, qanunvericiliyin müddəalarına görə cavabdehin hazırkı işin halları nəzərə alındıqda iddiaçı qarşısında tələb olunan aylıq müavinəti ödəmək öhdəliyi yoxdur. Cavabdehin belə öhdəlik daşıdığı ilə bağlı qənaətə gələrkən apellyasiya məhkəməsi maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Hesab edirik ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tələbinin tam rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Maddə 1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” İ.Ümumi müddəalar Bu Qaydalar “Azərbaycan Respublikasında 1995 - 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. İİ. Qaydaların tətbiq dairəsi 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. V. Müavinətin verilməsi müddəti və qaydası 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları Şərtləri və Məbləği” 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. 1.3. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);. 3.2. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası: Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003cü il 27 sentyabr tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq Qurum, Maliyyə İdarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi, iddiaçı isə qərarla razılaşaraq iddianın rədd edilən hissəsindən şikayət vermədiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılacaqdır. İddianın rədd edilən hissəsində məhkəmənin qərarının yoxlanılmasına zərurət yoxdur. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən haqlı olmamış, İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq, məhkəmə işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə iddianın təmin edilmiş hissəsində düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı "xxxx" ASC-nin ləğv edilməsi ilə əlaqədar olaraq istehsalat qəzası zamanı dəymiş zərərə görə aylıq ödəncin və ya ödəncin əvəzinə aylıq müavinətin xx.xx.2022-ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı "xxxx" ASC-də işləmiş və 1989-cu ildə iş qəzası xəsarəti alaraq əlil olmuşdur. İddiaçıya "xxxx" ASC tərəfindən 2022-ci ilin mart ayına qədər hər ay aylıq müavinət ödənilmişdir. 2022-ci ilin aprel ayından etibarən "xxxx" ASC ödənişləri ödəməkdən imtina etmiş, bunun səbəbi olaraq "xxxx" ASC ləğv prosesinə cəlb edilməsi olmuşdur. “Sumqayıt Dəmir Beton-1" ASC xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Ləğv etmə xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş, həmin qurum Azərbaycan Respublikası Kommersiya Hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nı hazırkı iş üzrə normativ əsas kimi qəbul edən məhkəmə kollegiyası bildirir ki, cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrü əhatə edir. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə əvvəllər qəbul etdiyi qərarlarındakı hüquqi mövqeyə əsasən müavinətin ödəyən hüquqi şəxslər dövlət reyestrindən çıxarılaraq ləğv olunduğu halda müavinət cavabdeh tərəfindən həyata keçirilirdi. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın tələbinə əsasən cavabdehin müavinət öhdəliyi olmadığından Ali Məhkəmənin İnzibati Kollegiyası oxşar işlər üzrə yeni yanaşma (hüquqi mövqe) tətbiq etmişdir. Oxşar işlər üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-25/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 2-1(102)- 1692/2025 nömrəli qərarlarında istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxslərə aylıq müavinətin verilməsi tələbləri üzrə yeni yanaşma (hüquqi mövqe) tətbiq edilməklə, iddia tələbləri rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə istehsalat qəzasının baş verdiyi qurum özəlləşdirildiyindən, daha sonra isə hüquqi şəxs kimi ləğv edildiyindən cavabdehin iddiaçı qarşısında tələb olunan aylıq müavinəti ödəmək öhdəliyi yoxdur. Belə olan halda birinci instansiya məhkəməsi cavabdehin qeyd edilən tələblə bağlı öhdəlik daşıyan tərəf olması barədə gəldiyi qənaət, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-754/2025 nömrəli qərarı qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə də iddia tələbi rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-708/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-708/2025
28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver