Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-71/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin 2 saylı regional ərazi filialının nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin 2 saylı regional ərazi filialına (Qurumun indiki adı: 1 saylı Quba-Xaçmaz regional filialı) qarşı “hüququnun yarandığı 14.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək, hazırki günədək ödənilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(118)-838/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin 2 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq “hüququnun yarandığı 14.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək, hazırki günədək ödənilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Xaçmaz rayonu, Köhnə Xudat kəndində anadan olmuşdur. 14.05.2020-ci il tarixdə onun yaşa görə pensiya hüququ yaranmışdır. Bu səbəbdən pensiya təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir. Fondun 2 saylı regional ərazi filialı tərəfindən ona verilən cavab məktubunda guya onun 25 il sığorta stajının olmaması göstərilərək pensiya təyin edilməsindən imtina edilmişdir. Filial tərəfindən verilmiş imtina qanunsuz və əssasızdır. 21.11.2014-cü il tarixində tərtib edilmiş ******* nömrəli, əmək kitabçasının dublikatında 25 il 3 ay 15 gün sığorta stajı vardır. Bundan əlavə o, 14.05.1974-cü il tarixdən 03.05.1976-cı il tarixədək 1 il 11 ay 19 gün müddətində Sovet Sosialist Respublikaları İttifaqında həqiqi hərbi xidmətdə olmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 12.10.2020-ci il tarixli, DA-00353-2020 nömrəli “arxiv arayışı”na əsasən o, 03.08.1976-cı il tarixdə “L.Şmidt” adına Maşınqayırma Zavoduna 290/k nömrəli əmrlə işə qəbul olunmuş və 22.07.1980-cı il tarixdə 188/k nömrəli əmrlə işdən azad olunmuşdur. Bununla da qeyd olunan müəssisədə 3 il 11 ay 19 gün sığorta stajının olduğu öz əksini tapır. Göründüyü kimi onun ümumilikdə 31 il 2 ay 23 gün sığorta stajı mövcuddur. Lakin DSMF-nin regional ərazi filialı ona heç bir qanuni əsas olmadan imtina vermişdir. Onun əmək kitabçasının dublikatı Əmək kitabçasının forması və onun tərtibatı haqqında Qaydalara uyğun şəkildə tərtib olunmuşdur. Həmin əsasnamənin 3.10cu bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(118)-838/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı 14.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək, hazırki günədək ödənilməmiş fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun 2 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin iddiaçının 1997-ci il tarixdən 2005-ci il tarixədək "xxxx" ASC-də əmək haqqı almadığından qeyd edilən illəri sığorta stajı kimi təyin etmək mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən iddiaçının müraciətininin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə qanunda göstərilmiş iki şərtdən biri mövcud oİmaiıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006- il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. İddiaçı iddia ərizəsində 03.08.1976-22.07.1980-ci illərdə L.Şmidt adına maşınqayırma zavodunda, 10.09.1980-ci il tarixdən "xxxx" ASC-də işləməyə başlamış və 21.12.2005-cı il tarixədək orda işləməyə davam etdiyini biİdirmişdir. İşə əlavə olunmuş qarşılıqlı yoxlama aktında 1991-2005-ci il tarixədək iddiaçının qazandığı əmək haqları öz əksini tapmışdır. Arayışdan göründüyü kimi, şəxs yalnız 1991- 1992, 1993-cü ildə 7 ay, 1994, 1995-ci illərdə, 1996-cı ilin 10 ayı üzrə, 1997-ci ilin yanvar və aprel aylarında əmək haqqı almışdır. İddiaçının 1997-2005-ci illərdə ümumiyyətlə əmək haqqı almadığı göstərilmişdir. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajının müddəti 15 il 05 ay 21 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. 1976-1980-cı illərdə iddiaçının “L.Şmidt” adına Maşınqayırma zavodunda işləməsi faktı əmək kitabçasında deyil, yalnız Milli Arxiv idarəsinin təqdim etdiyi arxiv çıxarışında öz əksini tapır. Apellyasiya şikayətində qərarın ləğv, iddianın rədd edilməsi xahiş olunmuşdur. TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apelyasiya şikayətinə əlavə olaraq bildirmişdir ki, iddiaçı 1997-2005-ci illərdə əmək haqqı almamışdir. Məhkəməyə təqdim edilən sübutlar da iddiaçının 1997-2005-ci illərdə əmək haqqı aldığını sübut etmir ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək iddiaçının mübahisələndirilən illər üzrə işləyərək əmək haqqı aldığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini və iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bekə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının 10.09.1980-ci ildən 21.12.2005-ci ilədək "xxxx" ASC-də işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 10.09.1980-ci ildən 21.12.2005-ci ilədək "xxxx" ASC-də işlədiyi dövr onun iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC-yə göndərilən sorğulara cavab olaraq bildirilmişdir ki, 1997-2005-ci illərdə müəssisə fəaliyyət göstərib, lakin İddiaçı həmin illərə dair əməkhaqqı cədvəlləri mövcud olmadığından işçinin həmin illər ərzində olan əmək fəliyyəti dövründəki əməkhaqqı rəsmiləşdirilməri ilə bağlı məlumat verilməsi mümkün olmur. İş materiallarına əsasən aydın olur ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. "xxxx" ASC-nin sənədlərinin arxivə verilməməsi və həmin sənədlərin müəsissənin özündə də saxlanılmaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, ona görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(118)-838/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-71/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-71/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver