Məhkəmə qərarları › İş №2-1(105)-711/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-711/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-711/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə görə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(118)-3180/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 17 avqust 1989-cu il tarixli, 15.342 nömrəli qərarına əsasən 13 nömrəli mikrorayonla Corat qəsəbəsi arasında yerləşən “Novruz” ərazisindən 1,74 ha və 16 nömrəli mikrorayon ərazisində yerləşən 0,42 ha torpaq sahəsinin fərdi yaşayış binasının tikintisi üçün Sumqayıt Superfosfat zavoduna ayrılması qərara alınmışdır. Sumqayıt Superfosfat zavodu üzrə 16 mart 1992-ci il tarixli, 145 nömrəli əmrə əsasən “Novruz” qəsəbəsində tikilmiş evlərin 01 yanvar 1992-ci il tarixdə mənzil siyahısında dayanan zavod işçilərinin arasında növbəyə əsasən bölüşdürülməsi və həmişəlik olaraq onların ailəsinin şəxsi mülkiyyətlərinə verilməsi qərara alınmışdır. “Azərkimya” Mənzil Sosial Tikinti Quraşdırma Tresti ilə İddiaçı arasında bağlanmış 28 sentyabr 1993-cü il tarixli müqaviləyə əsasən Trest Sumqayıt şəhəri, “Novruz” qəsəbəsi ərazisində 300 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 46,66 kv.m., yaşayış sahəsi 26,09 kv.m. olan 31 nömrəli evin 1-ci mənzilini İddiaçı bağışlamışdır. Daha sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50,6 kv.m., yaşayış sahəsi 26,1 kv.m. olan 2 otaqlı mənzil üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydə alınaraq onun adına **********14-093001 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması xahiş etmişdir. İnzibati orqan 11 iyul 2023-cü il tarixli, 3-21-3-31/2-M-0053-8/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mənzilin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Novruz qəsəbəsi ünvanında yerləşən 31 saylı evin 1-ci mənzilinin yerləşdiyi 300 kv.m. torpaq sahəsinə görə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsi ünvanında yerləşən 31 saylı evin 1-ci mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu xx.xx.2014-cü ildə qeydə alınmış RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış təsdiq edir. Mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Novruz qəsəbəsi ünvanında yerləşən 31 saylı evin 1 saylı mənzilin yerləşdiyi 300 kv.m (0.3 ha.) torpaq sahəsi vaxtilə işlədiyi “Azərkimya” Mənzil Sosial Tikinti Quraşdırma Tresti tərəfindən 1993-cü il tarixli, 28 sentyabr tarixində müqavilə əsasında (xx.xx.1993-cü il tarixli, 45 saylı əmr) ona bağışlanmışdır. Mənzilin yerləşdiyi torpaq sahəsi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 15.342 saylı qərarına əsasən Sumqayıt Superfost zavoduna ayrılmışdır. O, mənzilinin yerləşdiyi 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(118)-3180/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Novruz qəsəbəsi ünvanında yerləşən 31 saylı evin 1-ci mənzilin yerləşdiyi 300 m2 torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evinə dair 1999-cu ildə tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsünün 300 m2 təşkil etməsi öz əksini tapmışdır. Bu isə həmin torpaq sahəsinin uzun müddətdir ki, iddiaçının istifadəsində olmasına dəlalət edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın 2.4.-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının xüsusi mülkiyyətində fərdi yaşayış evi deyil, mənzil olduğundan təqdim etdiyi texniki pasporta əsasən mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Əgər iddiaçının mülkiyyətindəki əmlak fərdi yaşayış evi olsaydı, onun cavabdehə həmin müraciəti təmin ediləcəkdi. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etmişdir ki, onun hazırda iddia etdiyi 300 kv.m. torpaq sahəsi yerləşən ərazidə müvafiq torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqları qeydə alınmaqla, onlara reyestrdən çıxarışlar verilmişdir. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin ididaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin yerləşdiyi 300 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir. Cavabdehin imtina məktubu, etiraz və apellyasiya şikayətinin yeganə dəlili torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsidir. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş siyahının 2.4-cü bəndini tətbiq edərək, mübahisəli torpaq sahəsinə dair 1993-cü ilin noyabr ayında tərtib edilmiş texniki pasportu hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olsa da, hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, işdən görünür ki, mübahisəli torpaq sahəsində yerləşən mənzilə dair iddiaçının adına 1993-cü ilin noyabr ayında Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” tərtib edilmiş, mənzilin üzərində iddiaçının xüsusi mülkiyyət hüququ isə 2014-cü ildə dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının: 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportun (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq etdiyini ehtiva edir. Başqa sözlə, həmin normanın tətbiqi üçün yaşayış evi üzərində mülkiyyət hüquqlarının 2001-ci il yanvarın 1-dək qeydiyyata alınması və məhz üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış evin torpaq sahəsinə münasibətdə texniki pasportun tərtib edilməsi zəruridir. Hazırkı işdən isə bu hal müəyyən edilmir. Ona görə də, hazırkı mübahisəyə Siyahının 2.4 bəndi deyil, 2.6-cı bəndi tətbiq edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə ümumilikdə, 2,16 ha torpaq sahəsi fərdi yaşayış binasının tikintisi üçün "xxxx" Dövlət Şirkətinin tərkibində olan Sumqayıt Superfosfat zavoduna ayrılmışdır. Həmin torpaq sahəsində yaşayış evləri inşa edilmiş, Superfosfat zavodunun 1992-ci il tarixli əmrinə əsasən həmin yaşayış evlərinin zavod işçilərinin arasında bölüşdürülməsinə və onların mülkiyyətlərinə verilməsinə başlanılmış və “Azərkimya” Mənzil Sosial Tikinti Quraşdırma Tresti ilə iddiaçı arasında 1993-cü ildə bağlanmış müqavilə əsasında mübahisəli 300 kv.m. torpaq sahəsində yerləşən 31 nömrəli evin 1-ci mənzili sonuncuya verilmişdir. Yuxarıda adı çəkilən Siyahının 2.6-cı bəndinə əsasən, fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. Kollegiya hesab edir ki, hazrıkı halda da, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı Siyahının 2.6-cı bəndinə əsasən, iddiaçının ayrılmış torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Həmçinin, hazırkı işin halları ilə eynilik təşkil edən (Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 18 nömrəli qərarına əsasən Sumqayıt Superfosfat zavoduna ayrılmış torpaq sahəsi üzərində vətəndaşın mülkiyyət hüququnun qeydə alınmasından inzibati orqan tərəfindən imtina edilmişdir) Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1117/2022 nömrəli qərarında da kassasiya instansiya məhkəməsi cavabdeh inzibati orqanın torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə dair dəlilini əsassız hesab edərək torpaq sahəsinə münasibətdə XDS İcraiyyə Komitəsinin qərarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.6-cı bəndinə əsasən hüquqmüəyyənedici sənəd kimi qiymətləndirərək iddianı təmin edən birinci və apellyasiya instansiya məhkəmələrinin mövqeyi ilə razılaşmışdır. Qeyd edilənlərdən əlavə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münaisbətdə bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, analoji hüquqmüəyyən edici sənədlər (Sumqayıt şəhər Superfosfat zavodunun 576 nömrəli əmri, “Azərkimya” Mənzil Sosial Tikinti Quraşdırma Tresti ilə bağlanmış müqavilə) əsasında Sumqayıt şəhəri, “Novruz” qəsəbəsində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində X5 və X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtina etsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mübahisəli torpaq sahəsi yerləşən ərazidə qonşu torpaq sahiblərinin hüquqları hazırkı iş üzrə eyni əsaslarla qeydə alınmış və onlara bu barədə müvafiq çıxarışlar verilmişdir. Yəni, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(118)-3180/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar