Məhkəmə qərarları › İş №2-1(105)-712/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-712/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-712/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)- 1327/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ AZE seriyalı, 06144684 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 02 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2013-cü il tarixində ona hərbi qulluqçu, xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə o, yenidən xidmətə daxil olmuşdur. Xidmətə qayıtdıqdan sonra ona təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır. O, pensiya ödənişinin nə üçün dayandırıldığını pensiya təyinatını aparan orqandan soruşduqda isə ona izah olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən yenidən xidmətə qəbul olunmuşdur və bu səbəbdən də pensiyanın ödənişi dayandırılmalıdır. O da inzibati orqanın cavabına etimad göstərmişdir. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, vaxtilə ona təyin edilmiş pensiya cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Əslində o, yenidən xidmətə daxil olsa da, təyin olunmuş pensiyanı almalı idi. O, aldadıldığını başa düşdükdən sonra xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə ödənişi qanunsuz olaraq dayandırılmış əmək pensiyasının bərpa edilməsini, pensiya məbləğinin dayandırıldığı vaxtdan hesablanaraq tam şəkildə və birdəfəlik ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən onun pensiya ödənişi bərpa edilsə də, keçmiş müddət üçün üç il hesablanaraq ödənilmişdir. Cavabdeh pensiya məbləğinin qalan hissəsini ödəməkdən imtina etmişdir. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 23 oktyabr 2013-cü il tarixli 49 nömrəli məlumat vərəqinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ona 26 sentyabr 2013-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. 9 dekabr 2015-ci il tarixindən yenidən xidmətə cəlb olunmuşdur. Bununla əlaqədar olaraq ona pensiya ödənişi həmin tarixdən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Sözügedən Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq pensiya ödənişi cari ilin avqust ayında tam məbləğdə (608,31 manat) bərpa olunub və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün 22103,43 manat fərq məbləği və 425,81 manat maddi yardım məbləği hesablanıb. Cari ilin avqust ayında həmin fərq məbləğinin 597,39 manat hissəsi və 425,81 manat maddi yardım məbləği, daha sonra sentyabr ayında isə 597,39 manat hissəsi ona ödənilib. Qalan 20908,65 manat hissəsinin isə onun Mərkəzi Filiala müraciətini nəzərə alaraq cari ilin oktyabr, noyabr və dekabr aylarında hissə-hissə (hər ay 6969,55 manat) pensiyanın üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, xx.xx.2022-ci il tarixində İddiaçı yenidən xidmətdən ehtiyata buraxılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 26 avqust 2022-ci il tarixli 666 nömrəli yeni məlumat vərəqinə əsasən pensiyası yenidən hesablanaraq 1458,49 manat məbləğində müəyyən edilmiş və 29 iyul 2022-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, onun əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1960,90 manat fərq məbləğinin (178,26 manat maddi yardım fərq məbləği ilə birlikdə) cari ilin noyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.11-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 980,45 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-145,85 manat maddi yardım ödənilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-1327/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2013-cü il tarixində İddiaçı təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.(hakim L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılması əsası kimi çıxış etmir. Əksinə, qanunvericiliyin tələbindən də müəyyən edilir ki, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçıları statusu müəyyən etməklə, şəxsin əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini həyata keçirməsi nəzərə alınmaqla və daha sonradan işləməyən əmək pensiyası statusu müəyyən edildiyi təqdirdə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının müraciəti zamanı qüvvədə olan redaksiyası): Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (-) 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; (-) 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.2. Əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, xx.xx.2013-cü il tarixində İddiaçı təyin edilmiş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmiş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Hazırkı mübahisə predmeti iddiaçının yenidən xidmətə qəbul edildikdən sonra ona 26 sentyabr 2013-cü il tarixindən təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanuni olub-olmaması ilə bağlıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, hərbi qulluqçular "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.5-ci maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kateqoriyasına aid edilmişdir. İşin müəyyən edilmiş və tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı xx xxxxxx 1973-cü il təvəllüdlü olmaqla, ona müraciəti əsasında cavabdeh tərəfindən 26 sentyabr 2013-cü il tarxidə hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı 09 dekabr 2015-ci ildə yenidən xidmətə qayıtmışdır. Lakin o, işinə qayıdan zaman cavabdeh orqan tərəfindən ona verilən pensiya dayandırılmışdır. İddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılması inzibati iş materiallarında olan pensiya işi ilə də təsdiq edilir. İddiaçı cavabdeh orqana müraciət edərək xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən ödənilməsini istəmişdir, lakin cavabdeh orqan 02 sentyabr 2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh etiraz və apellyasiya şikayətinin dəlillərində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyini bildirmişdir. Göründüyü kimi iddiaçının əmək pensiyası cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələri tətbiq edilməklə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən onun pensiya ödənişi bərpa edildikdən sonra keçmiş üç il müddət üçün ödənilmiş məbləğdən əlavə, pensiya məbləğinin qalan hissəsisinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası yaranmış mübahisə üzrə “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarına diqqət yetirməyi zəruri hesab edir. Həmin qərarda göstərilmişdir ki, “Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç ili ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanmasını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018ci il tarixindı yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibat orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1.1ci maddəsinin tələblərini şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi tərəfindən şərh verilmiş müddəa pensiyanın təyini və yenidən hesablanması ilə əlaqədar ödənişlərin təyinatı məsələsinə müddətlə bağlı məhdudiyyətin gətirilib-gətirilməməsi ilə bağlıdır. Hazırki iş üzrə tələb edilən ödəniş isə nə əmək pensiyasının təyini, nə də əmək pensiyasının yenidən hesablanması ilə bağlı olmadığından müddətlə bağlı məhdudiyyətin tətbiqini istisna edir. İnzibati işin faktiki hallarından da görünür ki, hazırda iddiaçı tərəfindən ödənilməsi tələb edilən ödəniş heç bir inzibati akt olmadan inzibati orqanın maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan səhvi nəticəsində dayandırılmış pensiya ödənişlərinin bərpası ilə bağlıdır ki, bununla bağlı iddiaçının müraciətinə məhdudiyyət gətirən hər hansı norma mövcud deyil və mülkiyyət hüququnun tərkib hissəsi kimi iddiaçı ona ödənilməli olan, lakin cavabdeh orqan tərəfindən ödənilməmiş ödənişləri müddət məhdudiyyəti olmadan tələb etmək hüququna malikdir. Həmin ödənişlərin ödənilməli olmasının maddi və prosessual hüququ əsası fərqli olması səbəbindən də hazırki mübahisə nə 32.1-1-ci maddənin, nə də 32.1-2-ci maddənin tətbiqindən söhbət gedə bilməz. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılması əsası kimi çıxış etmir. Əksinə, yuxarıda adıçəkilən müddəaların tələbindən də müəyyən edilir ki, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçıları statusu müəyyən etməklə, şəxsin əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini həyata keçirməsi nəzərə alınmaqla və daha sonradan işləməyən əmək pensiyası statusu müəyyən edildiyi təqdirdə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir. Beləliklə cavabdeh orqan heç bir qanuni və əsaslı səbəb olmadan 26 sentyabr 2013cü il tarixli əmək pensiyasının təyinatını iddiaçının xidmətə bərpası əsası ilə dayandırmış, şəxsin işləyən əmək pensiyaçısı statusunu nəzərə almamış, əmək pensiyası həmin dövrdə də ödəməli olmasına baxmayaraq, ödənişləri iddiaçı xidmətdən öz arzusu ilə xaric edildikdən sonra yenidən təyinat aparmaqla əldə etməyə nail olmuşdur. Halbuki, iddiaçı işləyən əmək pensiyaçısı statusuna malik olduğu dövrdə də həmin ödənişləri əldə etməli idi. Kollegiya qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, xx.xx.2013-cü il tarixində İddiaçı təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, e-2-1(118)-2243/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. xx.xx.2013-cü il tarixində İddiaçı təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar