Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-712/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********7499 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2-1(118)- 885/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli, **********7499 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********7499 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Yük-həyəti ünvanında yerləşən anbarda elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 62029,52 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Hesab edir ki, vergi orqanının operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə qəbul etdiyi inzibati akt aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur. Operativ vergi nəzarətin keçirilməsi haqqında qərar iddiaçıya təqdim edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla) nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1,14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsində 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar, 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar, 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, 4) vergi orqanlarının bu məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarliq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar kimi təsbit edilmişdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 50.4.-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Normaların məzmunundan göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyini və həmin qərarın vergi ödəyicisinə təqdim edildiyi müəyyən edilmişdir. Lakin, vergi orqanı nəinki hansı səbəbə operativ vergi nəzarətinin həyata keçirdiyini izah etmiş, hətta qərarın özünü belə təqdim etməmişdir. Məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyinin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı “QARABAĞ AZƏRBAYCANDİR 021" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) tərəfindən verilmiş iddia ərizəsini aşağıdakı səbəblərdən əsassız hesab edir: Belə ki, Uçot-baza məlumatlarına əsasən MMC-nin xx.xx.2021-ci il tarixdə ******* fəaliyyət kodu ilə “Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı” (əsas) və ******* fəaliyyət kodu ilə “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti" üçün vergi ödəyicisi kimi uçota alındığı və xx.xx.2021-ci il tarixində ******* fəaliyyət kodu ilə “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti” üçün obyekt qeydiyyatı (sahəsi 100 kv metr) barədə ərizə ilə müraciət etdiyi görünür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5770 nömrəli qərarı əsasında MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olmadığı, elektron qaimə faktura təqdim edilməli olduğu halda 620.295,23 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrıayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək DVX seriyalı 000985 nömrəli akt tərtib edilmiş, həmin akt MMC-nin qanuni nümayəndəsi tərəfindən imzalanmamış və aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş idarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********7499 nömrəli qərarı ilə MMC-yə 62.029,52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və 'Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2023-cü il tarixli **********557600 nömrəli məktubu ilə MMC-nin qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 13:21 -də oxunmuşdur, (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib)MMCnin rəhbəri Quliyev Ədalət operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdiyi xx.xx.2023- cü il tarixli arayışda qeyd etmişdir ki, “Bildirirəm ki, cəmiyyətə məxsuz təsərrüfat subyekti Sumqayıt səhəri, Sumqayıt stansiyası, Yük həyəti ünvanında yerləşən 29001 kodlu anbardır. Bizə məxsus digər ünvanda təsərrüfat subyekti və saxlanc verimiz yoxdur. Cəmiyyət tərəfindən satılan malların üzərinə 2-5 % ticarət əlavəsi tətbiq edirik. Cəmiyyətin iş vaxtı həftənin altı günü olmaqla, saat 10:00-dan saat 17:00-dəkdir.” Məlumat üçün bildirilir ki, baza məlumatlarına əsasən vergi ödəyicisinin təsərrüfat subyektinin anbar tipli olmasına baxmayaraq oradan NKA ilə satış həyata keçirilməsi vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti geniş şəkildə təhlil edilmiş və Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi üçün əsaslar müəyyən edilmişdir. Bu hal Vergi Məcəlləsinin 58.13- cü maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsinə əsas olmuş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********5770 nömrəli qərarla operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. Maliyyə sanksiyasının tətbiq edilməsi əsasları ilə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən 570.476,50 manat dəyərində mal idxal olunmuş, eqaimə ilə mal alınmamış və e- qaimə əsasında 146.460,00 manat dəyərində mal təqdim edilmişdir. Vergi ödəyicisi təsərrüfat subyektinin anbar tipli olmasına baxmayaraq orada NKA quraşdırıb idxal etdiyi malların kassa çeki ilə satışının həyata keçirilməsinə cəhd etmişdir ki, bu da Vergi Məcəlləsinin 58.13- cü maddəsinin tələblərinə ziddir. Bu səbəbdən cəmiyyət tərəfindən vergi məcəlləsinin 58.13- cü maddəsinin tələbləri pozularaq anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə satılmasına görə vergi ödəyicisinə NKA ilə rəsmiləşdirilmiş 620.295,23 manatın 10 faizi miqdarında 62.029,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nəzər yetirilməli olan məqam operativ vergi nəzarəti həyata keçirilmiş obyektin, yəni təsərrüfat subyektinin “anbar” olmasıdır ki, anbardan pərakəndə satışın həyata keçirilməsi qanunvericiliklə qadağan olunmaqla yanaşı (Vergi Məcəlləsinin 58.13 maddəsi), ümumi formalaşmış və oturuşmuş təcrübəyə əsasən ağlabatan olmamaqla pərakəndə satış fəaliyyətinin xarakterinə uyğun deyildir.Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan xx.xx.2023cü il tarixdə iddiaçıya məxsus anbarda operativ vergi nəzarəti tədbirləri həyata keçirmişdir. Həmin tarixdə artıq anbarda hər-hansı mal aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş çeklər barədə hesabatdan görünür ki, iddiaçının ilk tərtib etdiyi çek xx.xx.2022-ci il tarixdə olmuşdur. Sonuncu çek isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Yoxlama keçirilən zaman anbarda hər-hansı mal aşkar edilməmişdir. Sanksiyanın məbləğinin hesablanmasına gəldikdə cavabdeh orqan iddiaçıya məxsus anbarda bütün fəaliyyəti dövrü ərzində tərtib olunmuş çekləri yəni 620295,23 manat məbləğində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər olan dövriyəsinin 10 faizini hesablamaqla, 62029,53 manat maliyyə sanksiyası tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2-1(118)-885/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun, ümumilikdə az qala 2 illik dövrü ərzində nəzarət kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Vergi orqanı buna səlahiyyəti və hüququ olmadığı halda iddiaçının 2 illik dövrünün nəzarət-kassa aparatına vurulan dövriyyəsinə maliyyə sanksiyası tətbiq etmişdir ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. Belə ki, vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ həmin dövrün vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 13.2.81-ci yarımbəndinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. Həmçinin məhkəmə qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə və Ali Məhkəmənin hüquqi mövqeyinə zidd olaraq, hazırkı iş üzrə də cavabdeh tərəfindən operativ nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan əməliyyatlar üzrə deyil, operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilmiş əməliyyatlar və satış dövriyyələri əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr ərzində baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir və bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakterinə uyğun deyildir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra -Baş İdarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 230440l0135770 nömrəli qərarı əsasında MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olmadığı, elektron qaimə faktura təqdim edilməli olduğu halda 620.295,23 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrıayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2023-cü il tarixli DVX seriyalı 000985 nömrəli akt tərtib edilmiş, həmin akt MMC-nin qanuni nümayəndəsi tərəfindən imzalanmamış və aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********7499 nömrəli qərarı ilə MMC-yə 62.029,52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədləri aşağıdakı şəkildə təsnif etmək olar. Uçot-baza məlumatlarına əsasən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdə ******* fəaliyyət kodu ilə “Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı” (əsas) və ******* fəaliyyət kodu ilə “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti” üçün vergi ödəyicisi kimi uçota alındığı və xx.xx.2021-ci il tarixində ******* fəaliyyət kodu ilə “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti” üçün obyekt qeydiyyatı (sahəsi 100 kv metr) barədə ərizə ilə müraciət etdiyi görünür. Həmçinin "xxxx" MMC-nin rəhbəri X2 X4 üzrə Nəzarət Baş İdarəsinə xx.xx.2023-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, “Bildirirəm ki, Cəmiyyətə məxsus təsərrüfat subyekti Sumqayıt şəhəri, Sumqayıt stansiyası yük həyəti ünvanında yerləşən 29001 kodlu anbardır. Bizə məxsus digər ünvanda təsərrüfat subyekti və saxlanc yeri yoxdur.” Eyni zamanda vergi ödəyicisinə məxsus olan təsərrüfat subyektinin (obyektinin) icarə müqaviləsində operativ vergi nəzarətinin həyata keçirildiyi Sumqayıt şəhəri, Sumqayət stansiyası yük həyəti ünvanında yerləşən obyektin “Anbar” kimi icarəyə götürüldüyü qeyd edilmişdir. Yuxarıda qeyd olunan sözügedən obyektlər üzrə nəzarət tədbirinin əhatə etdiyi dövrdə fəaliyyət növü ******* fəaliyyət kodu ilə “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti” olmuşdur ki, bu fəaliyyət növləri də məhz iddiaçının müraciətləri əsasında obyekt üzrə qeydiyyata alınmışdır. Dövlət Vergi Xidmətinin məlumat bazasında '"QARABAĞ AZƏRBAYCANDİR 021' MMC-nin əsas fəaliyyət növü “Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı” olaraq qeyd edilmişdir. Sübuta ehtiyacı olmayan haldır ki, anbardan malı yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Əsas fəaliyyət növü topdansatış fəaliyyəti olan və cəmiyyətin təsərrüfat obyektləri anbar kimi qeydiyyata alınan vergi ödəyicisinin demək olar ki, bütün dövriyyəsinin pərakəndə şəklində təqdim edilməsi, yəni NKA-ya mədaxiledilməsi nə dərəcədə ağlabatandır. Maliyyə sanksiyasının tətbiq edilməsi əsasları ilə bağlı bildirir ki, vergi ödəyicisi tərəfindən 570.476,50 manat dəyərində mal idxal olunmuş, e-qaimə ilə mal alınmamış və e-qaimə əsasında 146.460,00 manat dəyərində mal təqdim edilmişdir. Vergi ödəyicisi təsərrüfat subyektinin anbar tipli olmasına baxmayaraq orada NKA quraşdırıb idxal etdiyi malların kassa çeki ilə satışının həyata keçirilməsinə cəhd etmişdir ki, bu da Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə ziddir. Bu səbəbdən cəmiyyət tərəfindən vergi məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə satılmasına görə vergi ödəyicisinə NKA ilə rəsmiləşdirilmiş 620.295,23 manatın 10 faizi miqdarında 62.029,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Eyni zamanda hesab edir ki, məhkəmə iş üzrə tətbiq edilməli olan, lakin tətbiq edilməyən Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotnun aparılması Qaydası”-nın 4.1-ci və Nazirlər Kabinetinin 2014cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişi “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndini nəzərə almamışdır. Belə ki, “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotnun aparılması Qaydası”-nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Digər tərəfdən də NKA-nın obyektdəquraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir. b) İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh Sumqayıt İnzibati Məhkəməsinin qərarını əsassız hesab edərək apellyasiya şikayətində qeyd etmişdir ki: cavabdeh, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********7499 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Yük həyəti ünvanında yerləşən anbarda elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 62029,52 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Hesab edilir ki, cavabdehin Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsaslanaraq 62029,52 manat vergi məsuliyyətinə cəlb etməsi qanunsuzdur, heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh orqan xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus anbarda operativ vergi nəzarəti tədbirləri həyata keçirmişdir. Həmin tarixdə artıq anbarda hər-hansı mal aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş çeklər barədə hesabatdan görsənir ki, iddiaçının ilk tərtib etdiyi çek xx.xx.2022-ci il tarixdə olmuşdur. Sonuncu çek isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Yoxlama keçirilən zaman isə anbarda hər-hansı mal aşkar edilməmişdir. Sanksiyanın məbləğinin hesablanmasına gəldikdə cavabdeh orqan iddiaçıya məxsus anbarda bütün fəaliyyəti dövrü ərzində tərtib olunmuş çekləri yəni 620295,23 manat məbləğində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər olan dövriyəsinin 10 faizini hesablamaqla, 62029,53 manat maliyyə sanksiyası tətbiq etmişdir. Vergi orqanı yuxarıda qeyd olunan normaların tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun, ümumilikdə az qala 2 illik dövrü ərzində nəzarət kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Vergi orqanı buna səlahiyyəti və hüququ olmadığı halda iddiaçının 2 illik dövrünün nəzarət-kassa aparatına vurulan dövriyyəsinə maliyyə sanksiyası tətbiq etmişdir ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. Belə ki, vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Beləliklə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr ərzində baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir və bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakterinə uyğun deyildir. Başqa sözlə, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ həmin dövrün vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; ... Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2- 1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. 1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. ... 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin İ0 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.1.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.1.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********7499 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını belə əsaslandırmışdır ki, vergi orqanı maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun, ümumilikdə az qala 2 illik dövrü ərzində nəzarət kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Vergi orqanı buna səlahiyyəti və hüququ olmadığı halda iddiaçının 2 illik dövrünün nəzarət-kassa aparatına vurulan dövriyyəsinə maliyyə sanksiyası tətbiq etmişdir ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. Belə ki, vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ həmin dövrün vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 13.2.81ci yarımbəndinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. Həmçinin məhkəmə qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə və Ali Məhkəmənin hüquqi mövqeyinə zidd olaraq, hazırkı iş üzrə də cavabdeh tərəfindən operativ nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan əməliyyatlar üzrə deyil, operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilmiş əməliyyatlar və satış dövriyyələri əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr ərzində baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir və bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakterinə uyğun deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı iş üzrə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə aparılan əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və məqsədinə uyğun deyildir. Qeyd edilənlərdən əlavə, məhkəmə kollegiyası operativ vergi yoxlaması barədə qərarın qanuniliyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət edilməsi və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 08 may 2023cü il tarixli, **********5770 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. (50-ci maddəyə ümumi şəkildə istinad edilmişdir) Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin, VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, hazırkı halda iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olmadığı və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Operativ vergi yoxlaması nə onun məqsədlərinə nə də yoxlamanın əsaslarına uyğun gəlmədiyi üçün “İnzibati icraat haqqında” qanunun 67-ci maddəsinin tələbləri baxımından cavabdehin qərarı əsaslı olaraq məhkəmə tərəfindən ləğv olunmuşdur. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmadığından, iş üzrə araşdırma hərtərəfli aparıldığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2-1(118)-885/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-712/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-712/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver