Məhkəmə qərarları › İş №2-1(105)-713/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-713/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-713/2021 24.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.07.2021-ci il tarixli **********9112 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1620/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.07.2021-ci il tarixli **********9112 nömrəli qərarının” ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması Cavabdeh tərəfindən cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq 08.06.2021-ci il tarixli DVX seriyalı 004482 nömrəli Akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində güya həmin obyektdə 8796079,48 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən 23.07.2021-ci il tarixli **********9112 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmiş və həmin qərar əsasında cəmiyyətə 879607,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edirlər. Cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün (08.06.2021ci il tarixdə) cəmiyyətə məxsus obyektdə 8796079,48 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2020-ci ilin fevral ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri Nəzarət kassa aparatına mədaxil edilmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 16.1.11-6-cı maddəsinə əsasən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi (16.1.11-6.1), dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatlan tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi (16.1.11-6.2) və notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi (16.1.11-6.3) istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Sadalanan normalardan aydın olduğu kimi, mallar alıcıya son istehlak məqsədi ilə təqdim edildiyi halda həmin fəaliyyət pərakəndə, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçiin təqdim edildiyi halda isə lıəmin fəaliyyət topdansatış fəaliyyəti hesab edilir. Vergi ödəyicisi malların (işlərin, xidmətlərin) alıcılarına alınan pulun müqabilində pərakəndə ticarət fəaliyyəti zamanı nəzarət-kassa aparatının çekini, topdansatış fəaliyyəti zamanı isə elektron qaimə-faktura təqdim etməyə borcludur. Pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə-faktııranın təqdim edilməsi yalnız malın (işin, xidmətin) alıcısı tələb etdiyi halda, məcburi xarakter daşıyır. İddiaçı avtomobil ehtiyyat hissələrinin pərakəndə və topdansatışı fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq, cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət kassa aparatına mədaxil edilmiş malları elektron qaimə-faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün, başqa sözlə desək yenidən satış, emal və digər məqsədlər üçün aldığı zaman ona elektron qaimə-fakturamn təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Malın alıcısı həmin malları istehlak məqsədilə aldığını qeyd etdiyi halda, həmin şəxsə elektron qaimə-fakturamn təqdim edilməsi qeyrimümkün olur. Başqa sözlə desək, elektron qaimə-faktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimiiddiaçı qanunvericiliklə onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Vergi orqanı bir kassa çekində böyük miqdarda məbləğin mədaxil edilməsini cəmiyyətin topdansatış fəaliyyəti ilə məşğul olmasına dəlil kimi göstərir. Bununla bağlı bildirir ki, vergi qanunvericiliyində topdansatış və pərakəndə ticarət fəaliyyəti üzrə vergi tutulan əməliyyatın məbləğinə dair hər hansı hədd müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh vergi orqanı nəzarət kassa aparatına mədaxil edilən məbləğlərin əslində vergi ödəyicilərinə satılmış mallara dair olduğunu iddia etsə də, buna dair hər hansı mötəbər sübutu (satılan vergi ödəyicisinin adı, ondan alanın hər hansı izahat və s.) cəmiyyətə təqdim edə bilməmişdir. Halbuki, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş 08.06.2021-ci tarixli aktda həmin gün deyil, 01.02.2020-ci il tarixdən yoxlama keçirilən günədək satılmış və Nəzarət kassa aparatına mədaxil edilmiş malların dəyəri əsas götürülərək, iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Beləliklə, "xxxx" MMC malların alıcısına satılmış mallara görə qanunla müəyyən edilmiş sənədləri (pərakəndə satış zamanı nəzarət kassa aparatının çekini, topdansatış zamanı isə elektron qaimə-faktura) təqdim etdiyi halda, vergi orqanı əsassız şəkildə həmin malları elektron qaimə-faktura təqdim edilməli olduğu halda təqdim edilməmiş mallar kimi qiymətləndirərərk, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin iddia tələbinə etirazı: Cavabdeh iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 17.05.2021-ci il tarixdən 15.06.2021-ci il tarixədək (15.06.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 08.06.2021-ci il tarixdə Baş İdarə tərəfindən MMC-yə məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 8796079,48 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və 08.06.2021-ci il tarixli 004482 nömrəli Akt tərtib edilmişdir. 08.06.2021-ci il tarixli 004482 nömrəli Akt iddiaçının rəhbərinə təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir və imtina etməsi barədə Baş İdarənin əməkdaşları tərəfindən 08.06.2021-ci il tarixli Akt tərtib edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 08.06.2021-ci il tarixli 004482 nömrəli aktına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən "xxxx" MMC-nin 879.607,94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçının rəhbəri cavabdehə 17.05.2021-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı - 29003 kodlu anbar; Sumqayıt şəhəri, BakıRostov şosesi, maşın bazarı - 29002 kodlu anbar, Sumqayıt şəhəri, şəhərin girəcəyi, magistral yolun yaxınlığı - 31001 kodlu anbar. Anbarlarda olan mallar cəmiyyətə məxsusdur, malların ticarət əlavəsi 5% tətbiq olunur. Cəmiyyətin iş rejimi həftənin 6 günü olmaqla səhər saat 10:00-dan axşam saat 17:00-dəkdir, 6-cı günlər iş rejimi səhər saat 10:00-dan günorta saat 14:00-dəkdir. Bu obyektdən başqa yerdə obyekti və saxlancda olan malı yoxdur. Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən 150 m2 -lik anbarın 298 nömrəli icarə müqaviləsində və Sumqayıt şəhəri, BakıRostov şosesi, maşın bazarı ünvanında yerləşən 180 m2-lik anbarın 299 nömrəli icarə müqaviləsində həmin anbarın topdansatış fəaliyyəti üzrə icarəyə verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63 maddəsində topdansatışın anlayışı verilmişdir: topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Dövlət Vergi Xidmətinin məlumat bazasında iddiaçının fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmişdir. Eyni zamanda Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında olan məlumatlarda da iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Bakı- Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarın topdansatış fəaliyyəti üzrə icarəyə götürüldüyü görünür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1620/2021 saylı qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul etdiyi 23.07.2021-ci il tarixli **********9112 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv olunması qərara alınmışdır.(hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında bildirmişdir ki, “operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib- edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə 23.07.2021-ci il tarixli **********9112 nömrəli qərardan müəyyən olunur ki, tədbirin 17.05.2021-ci il tarixdən 15.06.2021-ci il tarixləri aralığında keçirilməsi müəyyən olunmuşdur. Belə olan halda, nəzarət tədbirinin qərar üzrə müəyyən olunan əvvəlki tarixin əməliyyatlarına şamil edilməsi yolverilməzdir”. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin Operativ vergi nəzarəti adlanan 50-ci maddəsində vergi orqanı tərəfindən yalnız operativ vergi nəzarətinin həyata keçirildiyi dövrdə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub- olunmamasına nəzarətin həyata keçirilməli olduğu qeyd edilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 17.05.2021-ci il tarixli **********9877 nöfnrəli Qərarda göstərilmiş müddət, yəni 17.05.2021-ci il tarixdən 15.06.2021-ci il tarixədək (15.06.2021 -ci il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Məhkəmə heç bir halda operativ vergi nəzarətinin məhz nəzarət həyata keçirilən dövrdə aşkar olunan nöqsanların, hüquq pozuntularının müəyyən edilməsindən ibarət olduğunu hüquqi cəhətdən əsaslandırmamış, operativ vergi nəzarətinin mahiyyətini isə ona xələl gətiriləcək şəkildə təhrif etmiş və məhdudlaşdırıcı təfsir etmişdir. Məhkəmə operativ vergi nəzarətinin mahiyyətinə qanunvericiliyin tələb etdiyi şəkildə deyil, şəxsi mülahizələrinə əsasən və gəldiyi nəticəyə xidmət edəcək şəkildə anlayış vermişdir. Məhkəmə tərəfin irəli sürdüyü hər hansı bir dəlilini, arqumentini və faktını rədd edərkən həmin dəlilin rədd səbəblərini əsaslandırılmış şəkildə və ona konkret hüquq norması tətbiq etməklə əsaslandırmalıdır. Lakin bu iş üzrə məhkəmə heç bir əsaslandırma aparmadan, bəzən hətta qanunvericilikdə konkret tənzimləmə olduğu halda qanunun tələblərinə zidd anlayış verməklə qəbul etdiyi məhkəmə aktını əsaslandırmağa çalışmışdır. Bu isə məhkəmə qərarının şübhə altına alınması üçün konkret əsaslar yaradır. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatında bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməsinin topdansatış kimi qiymətləndirilməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi arqumenti əsassız sayılmalıdır. Bu səbəbdən vergi orqanları tərəfindən öz subyektiv yanaşması ilə aparılan əməliyyatın ehtimal üzərində topdansatış qaydasında həyata keçirildiyinə görə maliyyə sanksiyasının tətbiq olunması qanunauyğun deyil”. Hesab edir ki, məhkəmənin yuxarıda qeyd etdiyi mövqeyi tamamilə əsassızdır. Belə ki, nə Baş İdarənin əməkdaşları tərəfindən, nə də ki iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə sübut kimi operativ vergi nəzarətindən əvvəlki dövrləri əhatə edən kassa çekləri təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçı tərəfindən nəzarət kassa aparatı 27.05.2021-ci il tarixdə, yəni Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 17.05.2021-ci il tarixli **********9877 nömrəli Qərardan sonrakı dövrdə qeydiyyata qoyulmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, “pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir”. Bununla bağlı qeyd edilir ki, pərakəndə satış fəaliyyəti zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektronqaimə faktura və ya elektron vergi hesab-fakturası təqdim edilir, lakin topdansatış fəaliyyəti zamanı belə bir tələb yoxdur və malların alıcıya satışı (təqdim edilməsi) zamanı birmənalı olaraq elektron-qaimə təqdim edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən 8796079,48 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır və faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyat pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyəti pərdələnmişdir. Hesab edirlər ki, məhkəmə iş üzrə faktiki halların həqiqi tərəflərini müəyyən etməməklə, o istiqamətdə heç bir araşdırma aparmamaqla nəticədə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iki əsasla müəyyən etmişdir ki, iddiaçı məhz pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmənin müəyyən etdiyi birinci əsas iddiaçının məhkəməyə təqdim etdiyi 10.04.2021-ci il tarixli arayışa əsasən, iddiaçının fəaliyyət növlərinin “saxlama və anbarlara yığma”, “avtomobillər üçün ehtiyyat hissələrinin, qovşaqların və ləvazimatların pərakəndə satışı” və “ixtisaslaşdırılmamış topdansatış” kimi vergi orqanında qeydiyyatdan keçməsi, digər əsası isə 27.05.2021-ci il tarixdə fəaliyyət göstərdiyi təsərrüfat subyektində nəzarət kassa aparatının qeydiyyata alınması olmuşdur. Məhkəmə qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. İddiaçının apellyasiya şikayətinə dair etirazı: İddiaçı Rusiya Federasiyasında istehsal olunan LADA və digər markalı avtomobillərin ehtiyat hissələrinin Azərbaycan Respublikasında topdan və pərakəndə satışı üzrə yeganə rəsmi destributordur. Hazırda ölkə ərazisində 500.000.0 ədəddən daha artıq Rusiya istehsalı olan avtomobillər istismar edilir və onları ehtiyat hissələri ilə təmin edən yeganə rəsmi təşkilat məhz iddiaçıdır. Qeyd olunan ehtiyat hissələrinin satışından əldə olunan gəlir 2019-cu il üzrə 7 298 056.76 manat, 2020-ci il üzrə isə 6 368 693.0 manat olmuşdur. İddiaçı heç bir zaman vergidən yayınan təşkilat olmamış, vergidən yayınma halına yol verməmiş və fəaliyyət göstərdiyi dövr ərzində dövlət büdcəsinə 1 067 612.23 manat verginin ödənilməsini həyata keçirmişdir. Cəmiyyətin şəxsi hesab vərəqəsinə diqqət yetirilsə görünər ki, hazırda mübahisələndirilən qərarla hesablanmış maliyyə sanksiyası istisna olmaqla, 2006-cı ildən hazırkı tarixədək cəmiyyətin dövlət büdcəsi qarşısında həmişə artıq ödəməsi olmuş, vergi borcu yaranmamışdır. Bütün bunlar iddiaçı "xxxx" MMC-nin nümunəvi vergi ödəyicisi olmasının bariz göstəricisidir. Lakin buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektdə həyata keçirdiyi vergi nəzarəti tədbiri zamanı nəzarət kassa aparatına mədaxil edilmiş malların “əslində” topdansatış qaydasında təqdim edilməsini iddia edərək cəmiyyətə qanunsuz maliyyə sanksiyası tətbiq etmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, “nə Baş İdarənin əməkdaşları, nə də iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə sübut kimi operativ vergi nəzarətindən əvvəlki dövrləri əhatə edən kassa çekləri təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçı tərəfindən nəzarət kassa aparatı 27.05.2021-ci il tarixdə, yəni operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 17.05.2021-ci il tarixli qərardan sonrakı dövrdə qeydiyyata qoyulmuşdur” Bununla bağlı bildirir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilən zaman iddiaçıya məxsus **********-29002 kodlu təsərrüfat subyektində (obyektdə) 00224174 zavod nömrəli Merkuri-130F01 markalı nəzarət kassa aparatı mövcud olmuş və həmin kassa aparatının tədbirdən 2 il əvvəl-15.05.2019-cu il tarixdə vergi orqanında uçota alınması haqqında **********8 nömrəli qeydiyyat vərəqəsi sübut qismində məhkəməyə təqdim edilmişdir. Bundan başqa operativ vergi nəzarətinə dair akt ilə yoxlanılan dövrlər üzrə nəzarət kassa aparatından çıxarılmış aylıq Z hesabatlarını da etiraza əlavə edərək təkrar olaraq məhkəməyə təqdim etmişlər. Həmin Z hesabatlarından göründüyü kimi cavabdeh qurumun iddiaçıya məxsus obyektdə həyata keçirdiyi birinci-21.02.2020-ci il tarixli nəzarət tədbirindən hazırkı 26.05.2021-ci il tarixli nəzarət tədbirinədək olan dövr ərzində iddiaçı pərakəndə qaydada satdığı ümumilikdə 8.873.986,0 manat məbləğində malların dəyərini qanunvericiliyin tələblərinə uyğun olaraq nəzarət kassa aparatına mədaxil etmişdir. Lakin qeyd olunan faktlara baxmayaraq, cavabdeh vergi orqanı hər 2 instansiya məhkəməsində utanmadan iddiaçının nəzarət kassa aparatının yoxlama tədbirindən sonrakı tarixdə-27.05.2021-ci il tarixdə quraşdırıldığını iddia etməyə davam etmişdir. Halbuki, 27.05.2021-ci il tarixdə quraşdırılan iddiaçının 2-ci nəzarət kassa aparatıdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 5.1-ci bəndinə əsasən topdansatış ticarət ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır və bu səbəbdən iddiaçı topdansatış mərkəzindən pərakəndə mal sata bilməzdi. Bununla bağlı bildirmişdir ki, yuxarıda qeyd olunan qaydalar yalnızca topdansatış mərkəzi formasında fəaliyyət göstərən vergi ödəyicilərinə aiddir və həmin qaydalar vergi ödəyicilərinə eyni anda paralel olaraq həm topdansatış, həm də pərakəndə satış fəaliyyəti üzrə məşğul olmağı qadağan etmir. Belə ki, cavabdehin özünün də apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 16.06.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 19.04.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Yuxarıda sadalananlardan aydın olduğu kimi, qanunvericilik topdansatış fəaliyyəti ilə məşğul olan şəxslərin paralel olaraq pərakəndə satış fəaliyyəti göstərməsini qadağan etmir, sadəcə olaraq hər iki fəaliyyət ilə bağlı vergi və mühasibat uçotunun ayrılıqda aparılmasını şərt qoyur. İş materiallarına əlavə edilmiş iddiaçının vergi orqanında uçota alınmış fəaliyyət növləri barədə arayışdan görünür ki, iddiaçı həm topdansatış, həm də pərakəndə satış fəaliyyəti həyata keçirən qurum kimi vergi orqanında uçota alınmışdır. Eyni zamanda hesab edirlər ki, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektdə həyata keçirdiyi operativ vergi nəzarəti tədbiri olduğunu sübuta yetirə bilməmişdir. Belə ki, 08.06.2021-ci il tarixdə həyata keçirilmiş tədbirin nəticəsinə dair aktdan bəlli olur ki, cavabdeh vergi orqanı 21.02.2020-ci və 26.05.2021-ci il tarixlərdə operativ vergi nəzarəti həyata keçirərək iddiaçının mal qalığını müəyyən etmiş, daha sonra həmin tarix aralığında idxal edilmiş malların dəyərinin üzərinə 21.02.2020-ci il tarixdə olan mal qalığını əlavə etmiş və iddiaçının sahibliyində olan malların ümumi dəyərini müəyyən etmişdir. Bundan sonra həmin malların dəyərindən 26.05.2021-ci il tarixə olan mal qalığını, elektron qaimə faktura və yeni nəsil onlayn kassa aparatı vasitəsilə satılmış malların dəyərini çıxmış və əldə olunan fərqə 5 faiz ticarət əlavəsini və 18 faiz ƏDV-ni əlavə edərək iddiaçı tərəfində “topdan satılmış” malların dəyərini müəyyən etmişdir. Yekunda isə həmin məbləğə VM-nin 58.13-cü maddəsinə əsasən 10% dərəcə ilə maliyyə sanksiyası tətbiq etmişdir. Göründüyü kimi, iddiaçının 21.02.2020-ci və 26.05.2021-ci il tarixlərdə VM-nin 58.8-ci maddəsinə əsasən mal qalığının müəyyən edilməsi məqsədilə həyata keçirdiyi tədbirlər operativ vergi nəzarəti tədbirinə aid olduğu halda, 08.06.2021-ci il tarixdə həyata keçirdiyi tədbir Vergi Məcəlləsində təsbit edilməyən yeni bir yoxlama növüdür. Belə ki, operativ vergi nəzarətinin qanunla müəyyən edilmiş mahiyyəti ondan ibarətdir ki, vergi orqanı əvvəlcədən xəbər verilmədən qəfil reyd şəklində vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektə daxil olur və orada Vergi Məcəlləsinin 50.1-ci maddəsində təsbit edilmiş hallar üzrə hər hansı pozuntu aşkar etdikdə, bunu müvafiq aktla rəsmiləşdirir və daha sonra Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş maliyyə sanksiyasını tətbiq edir. Lakin hazırkı işdən göründüyü kimi, vergi orqanı iddiaçıya məxsus obyektə operativ vergi nəzarəti tədbiri məqsədilə qəfil reyd şəklində gəlməzdən öncə artıq pozuntunu aşkar etmişdi. Belə ki, iddiaçının idxal etdiyi, sahibliyində qalan malları. Eləcə də e-qaimə və onlayn kassa aparatı vasitəsilə satdığı malların dəyərini və aralarındakı fərqi artıq bilirdi. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektə gəlmədən öz inzibati binası daxilində mübahisələndirilən aktı tərtib edə bilərdi. Çünki, aktın tərtib olunması üçün lazım olan bütün məlumatlar artız cavabdehdə mövcud idi. Bu isə təbii ki. pozuntunun tədbir zamanı aşkar edilməsini şərt qoşan operativ vergi nəzarətinin vergi qanunvericiliyində müəyyən edilmiş mahiyyətinə tamamilə ziddir. Bundan başqa hesab edirlər ki, cavabdehin iddiaçıda Vergi Məcəlləsinin 58.13-cü maddəsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirmək hüququ olmamışdır. Belə ki, cavabdehin fəaliyyətinə dair əsasnamənin 4.0.1-ci bəndinə əsasən cavabdeh təşkilat yalnızca riskli vergi ödəyicisi siyahısına daxil edilmiş vergi ödəyicilərinə münasibətdə operativ vergi nəzarəti həyata keçirə bilər. İddiaçı riskli vergi ödəyicisi siyahısında deyil və heç bir zaman da olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz ilə eyni məzmunda izahat verərək, şikayətin rədd edilməsi. birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsində tətbiq edilmiş maliyyə sanksiyası barədədir. Belə ki, işdən görünür ki, cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 17.05.2021-ci il tarixli **********9877 nömrəli qərarına əsasən, iddiaçının Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, maşın bazarı ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. Qərarda nəzarətin keçirilməsi müddəti 17.05.2021-ci il tarixdən 15.06.2021-ci il tarixədək (15.06.2021 -ci il tarixi daxil olmaqla) qeyd olunmuşdur. 26 may 2021-ci il tarixdə iddiaçıya məxsus anbarda operativ vergi nəzarətinin həyata keçirilməsinə başlanılmış və tədbirin nəticəsində ümumi dəyəri 8.796.079,48 manat məbləğində malların iddiaçı tərəfindən elektron-qaimə faktura tərtib edilmədən satışının həyata keçirilməsi müəyyən edilmişdir. Belə ki, iddiaçının əvvəlki yoxlama zamanı (21.02.2020-ci il tarixə) mal qalığı 2.642.076,91 manat, hazırkı yoxlama zamanı (26.05.2021-ci il tarixə) mal qalığı 2.786.310,67 manat, həmin iki tarix aralığında elektronqaimə faktura əsasında satdığı malların dəyəri 343.032,06 manat, onlayn kassa ilə satdığı malların dəyəri 287.406,8 manat, idxal etdiyi malların dəyəri isə 7.818.570,32 manat olmuşdur ki, nəticədə iddiaçı tərəfindən 8.796.079,48 manat dəyərində ((7.818.570,32 + 2.642.076,91 – 2.786.310,67 – 343.032,06) * 1.05 * 1.18 – 287.406,8) mallar topdansatış qaydasında təqdim edilmiş, lakin həmin mallar ilə bağlı elektron-qaimə faktura verilməmişdir. Şirkətin rəhbərliyindən yoxlamanın nəticəsi olaraq izahat alınmış və o, satılan malların bir qisminin fiziki şəxslərə kassa mədaxil orderi, hüquqi şəxslərə isə qaimə faktura əsasında rəsmiləşdirilməsini bildirmişdir. Bundan sonra keçirilmiş tədbirin nəticəsi olaraq cavabdeh tərəfindən 08.06.2021-ci il tarixli 004482 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında qəbul edilmiş 23.07.2021-ci il tarixli **********9112 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 879607,94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. İşə baxan birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Cavabdeh qərarla razılaşmamış və öz mövqeyini belə əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin məlumat bazasında "xxxx" MMC-nin əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmiş və iddiaçı tərəfindən nəzarət kassa aparatı 27.05.2021-ci il tarixdə, yəni Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 17.05.2021-ci il tarixli **********9877 nömrəli Qərardan sonrakı dövrdə qeydiyyata qoyulmuşdur. Halbuki, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında malları təqdim etməsi qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Mübahisə ilə bağlı kollegiya cavabdehin dəlilləri ilə aşağıdakılara əsasən razılaşmır. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə bir halda ki, cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Bununla bağlı kollegiya qeyd edir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Eyni zamanda məhkəmə kollegiyası Dövlət Vergi Xidmətinin məlumat bazasında iddiaçının əsas fəaliyyət növünün ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilməsi barədə dəlilinə münasibətdə ilk öncə bildirir ki, vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, iddiaçı "xxxx" MMC-nin hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “SAXLAMA VƏ ANBARLARA YİĞMA”, “AVTOMOBİLLƏR ÜÇÜN EHTİYYAT HİSSƏLƏRİNİN, QOVŞAQLARİN VƏ LƏVAZİMATLARİN PƏRAKƏNDƏ SATİŞİ” və “İXTİSASLAŞDİRİLMAMİŞ TOPDANSATİŞ” olmuşdur. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Bundan başqa məhkəmə kollegiyası iddiaçı tərəfindən nəzarət kassa aparatının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 17.05.2021-ci il tarixli Qərardan sonrakı dövrdə, 27.05.2021-ci il tarixdə qeydiyyata qoyulması barədə cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 15.05.2019-cu il tarixli **********8 nömrəli nəzarət kassa aparatının qeydiyyat vərəqəsindən aydın olur ki, Merkuri-130F-01 markalı 00224174 zavod nömrəli Nəzarət kassa aparatı iddiaçıya məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, Maşın bazarı ünvanında yerləşən obyektdə vergi nəzarəti tədbirindən 2 il öncə - 15.05.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmçinin iddiaçı 21.02.2020-ci il tarixdən 26.05.2021-ci il tarixədək pərakəndə qaydada satılmış mallara dair Merkuri-130F-01 markalı 00224174 zavod nömrəli nəzarət kassa aparatından alınmış aylar üzrə icmal hesabatları sübut qismində məhkəməyə təqdim etmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin dəlilinin əksinə olaraq qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Beləliklə, məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, iddiaçıya operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1620/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar