Məhkəmə qərarları › İş №2-1(105)-714/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-714/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-714/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun əlillik dərəcəsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək hesablanması və həmin müddət üçün ona müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(118)-1888/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. TSEK tərəfindən verilmiş qərarlardan görünür ki, İddiaçı xx.xx.2016-cı ildən 29 dekabr 2020 -ci ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir.

1. TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “əlavə müalicəyə ehtiyac olması” göstərilmişdir.

2. TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “əlavə müalicəyə ehtiyac olması” göstərilmişdir.

3. TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “əlavə müalicəyə ehtiyac olması” göstərilmişdir.

4. TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək hesablanması və həmin müddət üçün ona müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2016-cı il tarixdən cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixədək bronxial- astma, infeksiya mənşəli, orta ağır gedişli, TÇ-il dər.ANS. Ağ ciyər emfizeması diaqnozu qoyularaq ikinci dərəcəli əlillik verilmişdir. Daha sonra isə ona cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə əlilliyi ilə bağlı əlavə müalicəyə ehtiyacının olmasını əsas götürərək imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə TSEK-də müayinə tarixi xx.xx.2021-ci il tarixə təyin edilirmiş, lakin ona əlillik verilməmiş və əlavə stasionar müalicəyə ehtiyacının olması göstərilmişdir. xx.xx.2021-ci il tarixdə də həmin senari başına gətirilmiş, ona əlillik verilməmiş, əlavə müalicəyə ehtiyacının olmasını ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülmüşdür. O, da göstərilənləri yerinə yetirmişdir. Lakin nədənsə cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdən başlayaraq, yanakı xəstəliklərlə yanaşı əvvəlki illərdə qeyd olunan xəstəlik diaqnozları da göstərilməklə ikinci dərəcəli əlillik verilmişdir. Uzun illərdir ki, bu xəstəlikdən əziyyət çəkir, tibbi rəylərdən də görünür ki, ona həmin xəstəliklə əlaqədar olaraq həmişə 2-ci dərəcəli əlillik verilmişdir. O, sağalmamışdır və bu xəstəlik müalicə edilməyən xəstəlikdir. Göründüyü kimi cavabdeh orqanlar tərəfindən əsassız olaraq süründürülmüşdür. Buna görə də, 2022-ci ilin aprelində əlillik dərəcəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanması barədə qərar qəbul edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ərizəni təmin etməmiş və imtinasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq onun əlilliik vəziyyətinin dövlət tibb müəsissəsinin göstərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirildiyini və ümumi səbəbdən 5 il müddətinə 2-ci dərəcəli əlillik təyini barədə qərar qəbul edildiyini və daha sonra cavabdeh “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci il tarixdən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edildiyini və əlilliyinin son bitmə tarixi xx.xx.2020-ci il tarixə təsadüf etdiyindən ötürülmüş müddətə görə müavinətin ödənilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, 2020-ci ilin dekabrında Sumqayıt şəhəri 1 saylı xəstəxanada müalicə edilmiş və orada həkim bildirmişdir ki, 2 aydan sonra müayinənin nəticəsi barədə ona məlumat veriləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əliliyi barədə imtina edərək əlavə müalicəyə ehtiyacının olmasını ixtisaslaşmış müalicə təyin edildiyi qeyd edilib. Bundan sonra aprel-may aylarında yenə də həmin xəstəxanada müalicə edilmişdir, yenə ona əlillik verilməmiş, xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacı olması qeyd edilmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixdə yenə də TSEK tərəfindən müayinədən keçirilmişdir və yenə də ona imtina edilmişdir. Nəhayət, məcburiyyət qarşısında qalıb özü şəxsən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir və orada ona bildirilmişdir ki, X5 Xəstəlikləri İnstitutuna müraciət etməyi tövsiyə olunub. X5 Xəstəlikləri İnstitutunda müayinə edilərək nəticəsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmişdir. Göründüyü kimi, ona verilmiş diaqozun təsdiq olunmasına baxmayaraq TSEK- dən keçirilmişdir və onu süni surətdə növbəti müalicəyə göndəriblər və ona əlillik verilməmişdir. Bununla da onun qanunla qorunan hüquqları pozulmuşdur. Hesab edir ki, əlillik dərəcəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmalı və həmin müddət üçün ona müavinət ödənilməlidir.

7. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı Şəhər Poliklinikasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: X Sinif-Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial-astma xəst. infeksionallergik mənşəli orta ağır gedişli, TÇ-İİ dər, ANS; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: X Sinif- Tənəffüs sistemi xəstəlikləri=>J40J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45- Astma=>J45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial-astma. İnfeksion-allergik mənşəli, orta ağır gedişli. TÇ-İİ dər. ANS. Ağ ciyər emfizeması; Meyar: 2.2. İkinci dərəcə əlillik =>2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif-Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial- astma. İnfeksion-allergik mənşəli, orta ağır gedişli. TÇ-İİ dər. ANS. Ağ ciyər emfizeması; Meyə: 2.2. İkinci dərəc əlillik => 2.2.8, Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə-tənəffüs çatmamazlığı ilə səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixil göndəriş əsasında baxılmış və “X2 X Sinif-Tənəffüs sistemi xəstəlikləri=>J20-J22- Aşağı tənəffüs yollarının digər kəskin respirator infeksiyaları>J22-Aşağı tənəffüs yollarının, dəqiqləşdirilməmiş kəskin respirator infeksiyası; 'Diaqnozun: mətni: Qarışığ astma, Bronxial astma İnfeksion altergik forma, orta - ağır gedişi!; tez-tez kəskinləşmələrlə. Hormondan asılılıq. Təngnəfəslik (töyşümə), .Ekspirator tipli təngnəfəslik var. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmalsıazlığı 11 dərəcə Emfizema, Ağciyər emfizernaşı; Mərkəzə göndərilmənin/imtina səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-“Səbəb: əlavə müalicəəlavə ixtisaslaşmış müalicə təyin edilir səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1:X Sinif-Tənəffüs sistemi xəstəlikləri=> J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J45-Astma =>J45.8-Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma İnfeksion allergik forma, ortaağır gedişli tez-tez kəskinləşmələrlə. Hormondan asılılıq. Tənəffüs çatmamazlığı İİ dərəcə. Ağciyər emfizeması. Ekspirator tipli təngnəfəslik var. Asteno-nevrotik sindrom. Boyun fəqərələrinin osteoxondrozu, kökcük ağrı sindromu ilə; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb:”Əlavə stasionar müalicəyə ehtiyacı vardır"səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi:ümumi xəstəlik; :“X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri=>J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45-Astma => J45.8-Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma infeksion allergik forma, orta ağır gedişli tez-tez kəskinləşmələrlə. Hormondan asılılıq. Ağırlaşma J43 Emfizema, Ağciyər emfizeması Ağırlaşma J96.0 Kəskin respirator çatmamazlıq, Tənəffüs çatmamazlığı İİ dərəcə Ağırlaşma- R.06.0 Təngnəfəslik-(töyşümə), Ekspirator tipli-təngnəfəslik var. Yanaşı xəstəliklər G98 Sinir sisteminin digər rubrikalarda təsnif olunmayan başqa pozğunluqları. Astenol-nevrotik sindrom Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Boyun fəqərəlirinin osteoxondrozu, kökcük ağrı sindromu ilə. Yanaşı xəstəliklər M18 Birinci bilək-əldarağı oynağının artrozu, İ daraq bilək oynağının artrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9.J35- J37.1J41...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyi Sumqayıt 1 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar qiymətləndirilmiş və ona 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir, lakin iddiaçı isə tələbində əlillik dərəcəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanması və müavinətin ödənilməsini qeyd etmişdir. Belə olan halda iddiaçının tələbi qanunsuz və əsassızdır. Çünki sosial müavinətin ödənilməsi agentliyin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndəriş verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərində dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosiai müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir.

8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2197/2022 nömrəli qərardadı ilə (hakim Ceyhun Məmmədov) iddia mümkün sayılmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin mahiyyəti əlilliyə görə müavinətin verilməsindən ibarətdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın səlahiyyətləri əlilliyin təyin edilməsi və ya dayandırılmasından ibarətdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlillik təyinatını etdikdən sonra şəxs müvafiq icra hakimiyyəti orqanına (Dövlət Sosial Müdafiə Fondu) müraciət edir və həmin əsaslarla ona əlillik müavinəti qanunvericiliyin tələblərinə uyğun olaraq verilir. Lakin məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə cavabdeh təşkilat tərəfindən əlilliyin 13 noyabr 2021-ci ildən deyil 29 dekabr 2020-ci ildən təyin edilməsi, yəni 13 noyabr 2021-ci il təyinatını mübahisələndirilməsi təklif edilsə də iddiaçının nümayəndəsi verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, iş üzrə cavabdeh inzibati orqanın müvafiq iddiaya cavab verməli olmadığını nəzərə alaraq iddia tələbi mümkün hesab edilməməlidir.

10. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

b)apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-687/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən: F.M.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və Z.T.Məmmədov) iddiaçınınapellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2197/2022 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərardadında cavabdeh inzibati orqanın səlahiyyətlərinin əlilliyin təyin edilməsi və ya dayandırılmasından ibarət olduğunu göstərsə də, iddia tələbinin iddiaçıya əlillik dərəcəsinin 29 dekabr 2022-ci il tarixdən 13 noyabr 2021-ci il tarixədək hesablanması hissəsinə münasibət bildirməmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçıya hüquqi yardım etməmişdir.

Birinci instansiya məhkəməsində ikinci icraat

11. 15 may 2023-cü il tarixli ərizə ilə iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, iddiaçıya xx.xx.2021-ci ildə təyin edilmiş əlilliyin ləğv olunaraq xx.xx.2020-ci ildən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1888/2023 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya cavabdeh tərəfindən əlilliyin bərpa edilməsi və təyin edilməsi ilə bağlı hər hansı bir öhdəliyin qoyulması qanunvericiliyə uyğun deyildir. Belə ki, cavabdeh təşkilat əlilliyin müddətinin uzadılması zamanı müvafiq tibbi rəylər alaraq tələbin təmin edilib-edilməməsini həll edir. Başqa sözlə, cavabdeh təşkilat müvafiq tibbi rəyləri almadan əlilliyin müddətini uzatmaq səlahiyyətində deyil.

14. Həmin qərardan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. İlkin olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DTSE və RA-nə qarşı "Əlillik dərəcəsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək hesablanması və həmin müddət üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmədə hüquqi yardım göstərilməli olması əsası ilə bildirilmişdir ki, ərizəyə dəqiqləşmə vermək və yazmaq lazımdır ki, xx.xx.2021-ci il tarixli əlillik ləğv olunaraq xx.xx.2020-ci ildən hesablansın. Nümayəndə həmin ərizəni yazmışdır. Hakim də məhz bu dəqiqləşmə barədə ərizəyə əsaslanıb Agentlik tərəfindən bunun təmininin mümkünsüz olduğunu göstərərək iddianı rədd etmişdir. Tibbİ-Sosial Ekspert Komissiyasının öz süründürməçilikləri və bürokratiyaları səbəbindən bu qədər uzatdıqları müayinə müddətinin pensiya pulunun ən azı 6 ayının ödənilməsi tamamilə qanuni haqqı olduğu halda, hakimin məsləhəti ilə yazılan dəqiqləşmə iddiaçını bundan məhrum etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

21. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

25. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya “bronxial astma, infeksion allergik mənşəli, orta ağır gedişli, TÇ-İİ dər, ANS, ağ ciyər emfizeması” diaqnozu ilə xx.xx.2015-ci ildə 2-ci qrup əlillik təyin edilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti kimi xx.xx.2020-ci il müəyyən edilmişdir.

26. Bundan sonra, iddiaçı əlillik vəziyyətinin növbəti qiymətləndirilməsi üçün cavabdehə müraciət etmiş, lakin ona əlilliyin növbəti dəfə təyinindən TSEK-nin xx.xx.2021ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarları ilə imtina edilmişdir. Səbəb kimi “əlavə müalicəyə ehtiyac olması” göstərilmişdir.

27. TSEK-nin xx.xx.2021-ci il tarixli digər qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

28. İddiaçı hesab edir ki, cavabdehin təqsiri üzündən ona əlillik xx.xx.2020-ci ildən deyil, xx.xx.2021-ci ildən təyin edilmişdir. Yəni, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyi olan şəxs sayılması, nəticədə bu dövr üzrə ona pensiya ödənişinin həyata keçirilməsi barədədir.

29. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə cavabdehin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarları “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

31. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

32. Qeyd edilməlidir ki, cavabdehin yuxarıda göstərilən imtina qərarlarının məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı ona əlillik təyin edilməsindən imtina olunması barədə cavabdehin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarlarından İPM-in 38-ci maddəsi ilə müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir.

33. Cavabdehin qeyd olunan imtinaları inzibati akt olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyi olan şəxs sayılması barədə iddiaçının tələbi qanunvericiliyin bəhs olunan tələbləri baxımından əsaslı deyildir.

34. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, iddiaçının barəsində xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021ci il tarixli TSEK-in imtina qərarları qüvvədə olduğu müddətcə, onun xx.xx.2020-ci il tarixdən əlil hesab edilməsı barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir.

35. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir.

36. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(118)-1888/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıtapellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar