Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-714/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “mənzildə pasport qeydiyyatından çıxarılma” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(118)- 2419/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş iş üzrə icraata xitam verilməsinə dair ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X4, X1, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X2 ona məxsus Sumqayıt şəhəri, 18-ci məhəllə ünvanda yerləşən 7/27A saylı evin, 4 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qərardadı ilə X8, X3, X9 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.
3. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(118)-2419/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Rahim Həsənov).
4. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, hazırkı iş üzrə üçüncü şəxs olan gəlini və nəvələrinin ona məxsus mənzildən öz ərizələri əsasında qeydiyyatdan çıxdıqlarını, işlə bağlı heç bir mübahisə olmadığını və bu səbəbdən iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini, həmçinin, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
6. Ərizəyə əlavə edilən AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildə yalnız iddiaçı qeydiyyatdadır, üçüncü şəxslər mənzildə qeydiyyatdan çıxarılmışdır.
7. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası İPM-nin 62.3cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir.
8. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən, iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsində inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə müvafiq olaraq iddiaçı iddiadan imtina etdikdə .............. məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin ................. bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
10. Kollegiya hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından, həmçinin, iddiaçı bu əsasla tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.