Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-715/2022 08.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılaraq icarə müddətinin 25 il göstərməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1302/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X3 ilə Xızı rayonunun Fındığan bələdiyyəsi arasında bağlanmış 05 dekabr 2002ci il tarixli icarə müqaviləsi əsasında 48 ha torpaq sahəsi 25 il müddətinə X1 icarəsinə verilmişdir.
2. Ləğv edilmiş DTXK-nin Xızı rayon şöbəsi tərəfindən Mövlüd Ağamalıyevə verilən ”Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3038 saylı şəhadətnamədə torpağın icarədə olma müddəti 15 il göstərilmişdir.
3. X4 vəfat etdikdən sonra onun vərəsəsi olan İddiaçı buraxılmış texniki səhvin aradan qaldırılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, həmin orqanın xx.xx.2021-ci il tarixli **********91 saylı cavab məktubu ilə iddiaçının müraciətini yerinə yetirməkdən imtina edilmiş, Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə istinad edilməklə icarə müddəti başa çatdığından mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən sənədləşdirilmə aparılması tövsiyə olunmuşdur.
4. Cavabdeh inzibati orqanın (2 saylı Sumqayıt Ərazi İdarəsinin) xx.xx.2019-cu və xx.xx.2022-ci il tarixli məktublarında da eyni əsaslarala iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X5 ilə Xızı rayonu Fındığan bələdiyyəsi arasında 48 ha torpaq sahəsi ilə bağlı 25 (iyirmi beş) il müdətinə 05 dekabr 2002-ci ildə bağlanmış icarə müqaviləsi əsasında X10 Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN3038 seriyalı (Kod ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə hüquqlarının dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılaraq icarə müddətinin 25 il göstərməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xızı rayonu Fındığan Bələdiyyəsi ilə iddiaçının atası X4 arasında bağlanmış 05 dekabr 2002-ci il tarixli müqaviləyə əsasən 48 ha örüş sahəsi 25 il müddətinə atasının icarəsinə verilmişdir. Atası bu barədə 21 aprel 2013-cü il tarixli Torpaqdan istifadə hüququna dair Şəhadətnamə almışdır ( JN-3038 KOD ********). Atası 15 mart 2019-cu il tarixdə vəfat etmişdir. Hazırda o atasının icarə hüquqlarına vərəsəlik hüquqlarını həyata keçirmək üçün müraciət edəndə məlum olmuşdur ki, şəhadətnamə verilərkən səhv olaraq icarə müddəti 25 il əvəzinə 15 il göstərilmişdir. O bu barədə olan texniki səhvin düzəldilməsi üçün Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, həmin orqan mənim müraciətinə müsbət cavab vermədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Reyestrin nümayəndəsi bildirdi ki, bu səlahiyyət onlarda deyil, bunu yalnız Əmlak Komitəsi edə bilər. Qanunvericiliklə tanış olduqda məlum oldu ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi barədə olan AR Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanının 2.1. maddəsinə əsasən, ləğv edilmiş Torpaq Komitəsinin bu səlahiyyətləri Əmlak Komitəsinə verilmişdir. Hazırda Əmlak Komitəsinin hüquqi varisi və onun funksiyalarını yerinə yetirən orqan cavabdehdir. Ona görə də cavabdehə bu barədə yazılı ərizə ilə cavab vermiş və cavabdeh ona xx.xx.2021-cı il tarixli məktub ünvanlayaraq icarə müddətinin bitdiyini bildirərək ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edir. Əvvəla o cavabdehdən atası ilə bağlanmış müqavilənin müddətinin uzadılmasını deyil, Torpaq Komitəsi tərəfindən verilmiş şəhadətnamədəki texniki səhvin düzəldilməsini xahiş etmiş, cavabdeh isə cavabında ona bildirir ki, icarə müddəti bitdiyi üçün qanunvericiliyə uyğun olaraq yenidən sənədləşdirmə aparmalıdır. Bu cavab təsdiq edir ki, cavabdeh onun ərizəsinin məzmununu düzgün başa düşməmiş, ya da bilərəkdən cavabdan yayınmışdır. Cavabdehin öz imtina məktubunda qanuna etdiyi istinad da səhv olmuşdur. Belə ki, məktubda istinad edilən AR TM-nin 16.4. maddəsində bu tip torpaqların icarə müddətinin adətən 15 il olması göstərilmişdir. Lakin həmin maddi norma icarə müqaviləsinin daha artıq olmasını istisna etməmişdir və bu torpağın mülkiyyətçisinin öz maraqlarına uyğun artırıla və ya azaldıla bilər. Cavabdehin bu müqavilənin müddətinə hər hansı bir müdaxiləsi yolverilməzdir. Vaxtilə Torpaq Komitəsi səhvə yol verərək icarə müddəti 25 illik olmasına baxmayaraq, şəhadətnamədə bu müddəti 15 il göstərmişdir. İndi onun ərizəsi əsasında cavabdeh bu səhvi aradan qaldırmalı və icarə müddəti 25 il göstərilməklə ona yeni şəhadətnamə verməlidir. Bundan imtina üçün isə heç bir hüquqi əsas mövcud olmamışdır. Vaxtilə Torpaq Komitəsində yol verilmiş bu texniki qüsur hazırda atasından qalma torpağa dair vərəsəlik hüquqlarının qeydə alınmasına maneçilik göstərir. Belə ki, 2002-ci ildə 25 il müddətinə icarəyə verilmiş torpağın şəhadətnaməsində səhvən icarə müddəti 15 il göstərildiyinə görə belə çıxır ki, guya atasının icarə hüquqlarının müddəti bitmişdır. Amma müqavilə 25 illik olduğu üçün bu icarə hüququnun əsl müddəti 2027-ci ilə qədərdir. Ona görə də onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün bu texniki səhv aradan qaldırılmalıdır.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.4 maddəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq on ildən on beş ilədək verilə bilər. Bundan əlavə, torpaqdan müvəqqəti istifadə hüququna dair JN-3038 nömrəli şəhadətnamə ilə icarə müddəti başa çatdığından hərrac və ya müsabiqənin keçirilməsi üçün bələdiyyəyə müraciət etməyiniz tövsiyyə olunur. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1302/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, ərizəyə əlavə olunmuş X7 ilə Xızı rayonunun Fındığan bələdiyyəsi arasında bağlanmış xx.xx.2002-ci il tarixli icarə müqaviləsi ilə kənd təsərrüfatı təyinatlı 48 ha örüş sahəsi 25 il müddətinə icarəyə verilmişdir. Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Göründüyü kimi müvafiq torpaq sahəsinin ayrılmasına dair Xızı rayonunun Fındığan bələdiyyəsinin bağladığı xx.xx.2002-ci il tarixli icarə müqaviləsi müvafiq torpaq sahəsinin icarəyə verilməsi müddətinin tələbləri baxımından qanunun tələbinə ziddiyyət təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
15. Torpaq Məcəlləsi: Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
16. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 9-cu bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası tərəflərin nümayənələrinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. İşdən görünür ki, iddiaçının tələbi iddiaçı ilə Xızı rayonun Fındığan bələdiyyəsi arasında 48 ha torpaq sahəsi ilə bağlı 25 il müddətinə 05 dekabr 2002-ci ildə bağlanmış icarə müqaviləsi əsasında X10 Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-3038 seriyalı (Kod ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə hüquqlarının dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılaraq icarə müddətinin 25 il göstərməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur.
22. İddia tələbindən də görünür ki, iddia tələbinin predmeti bağlanmış icarə müqaviləsinin müddətinin artırılması deyil, artıq DƏDRX-nin hüquqi sələfi olmuş Dövlət və Torpaq Xəritəçəkmə Komitəsinin dövlət qeydiyyatına aldığı sənəddə buraxdığı texniki səhvin aradan qaldırılmasından ibarətdir. DƏKÜRX-nin 18 avqust 2021-ci il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2002-ci il tarixli təhkim aktından müəyyən olunur ki, 25 il müddətinə torpaq sahəsinin Mövlud Həmdulla oğluna icarəyə verilməsi ilə razılaşaraq həmin ərazi iddiaçının atasına təhvil verilmişdir.
23. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gəlməklə düzgün olaraq göstərmişdir ki, DTXK, o cümlədən onun hüquqi sələfi olan DƏDRX qeydiyyat orqanlarıdır və həmin təşkilatların vəzifəsi yaranmış hüquqları qeydiyyata almaqdan ibarətdir. DTXK-nin yaranmış hüquqa müdaxilə etmək, yəni müqavilənin qüvvədə olma müddətini azaltmaq və ya artırmaq hüququna malik deyil. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmiş və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bu səbəbdən, cavabdehin etirazının və apellyasiya şikayətinin müvafiq dəlilləri əsassızdır.
24. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin digər bir dəlili isə Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən (yay və qış otlqları, habelə bələdiyyə ehtiyyat fondunun örüş və biçənək sahələri) hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək müəyyən oluna biləcəyi halda 25 il müddətinə icarəyə verilməsinin qanunsuz olması ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, həmin normada torpaq sahəsinin bir qayda olaraq on ildən on beş il müddətinə verilə bilməsi öz əksini tapmışdır. Yəni qanunverici həmin müddətin artıq göstərilməsini torpaq icarə müqaviləsinin tərəflərinin iradə ifadəsindən asılı etmişdir. Bununla da həmin normanın imperativ xarakterli olmaması müəyyən olunur.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1302/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.