Məhkəmə qərarları › İş №2-1(105)-715/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-715/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-715/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iş üzrə (Açar sözlər:qulluq stajına görə əlavənin məbləği azaldılmadan pensiyanın yenidən hesablanması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 6 il və daha çox işləyərək qazandığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2394/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin hallari Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü tarixli məktubunan görünür ki, son dövrlər ölkəmizdə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə pensiyaların minimum məbləği 2,5 dəfə artırılaraq 280 manata çatdırılmış, bütün növ pensiyaların sığorta hissəsi əvvəlki illərdə müvafiq olaraq 16,6%, 11,4%, 10% və 14,7% artırılmış, nəticədə orta aylıq pensiya məbləği təxminən 423 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 456 manata yüksəldilmişdir. Pensiya təyinatı prosesinin sadələşdirilməsi üçün 1 yanvar 2019-cu il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış və təqribən 71 min nəfərə e-pensiya təyinatı aparılmışdır. Həmçinin vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya məbləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün "Pensiya kalkulyatoru" elektron xidməti (https://e-sosial.az/#/eServiceFrafne/5721) yaradılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən həmin Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanmışdır. Yəni, pensiyanız yenidən hesablandıqda artımlar yalnız sığorta hissəsinin üzərinə əlavə edilir, qulluq əlavəsi isə həmin məbləğ qədər azaldılırdı. Məsələn, pensiyasının məbləği 1000 (300 manat sığorta hissə + 700 manat qulluq stajına görə əlavədən ibarət olmaqla) manat olan hərbi qulluqçunun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında pensiyasının sığorta hissəsi 200 manat artırıldıqda qulluq stajına görə əlavəsi həmin məbləğ qədər - 200 manat azaldılırdı. Beləliklə, sığorta hissəsi 500 (300 + 200) manat və qulluq stajına görə əlavəsi 500 (700 - 200) manat olmaqla pensiya məbləğində heç bir dəyişiklik baş vermədən 1000 manat olaraq qalırdı. Lakin, Qanunun 29.2-ci maddəsi 1 yanvar 2023-cü il tarixindən qüvvədən düşdüyü üçün culluq stajına görə əlavə alan şəxslərin əmək pensiyası təyin edildikdən sonra onların işlədikləri dövr üzrə fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında həmin tarixdən sonra yenidən hesablanarkən artım ümumi pensiya məbləğinin üzərinə əlavə edilir. Beləliklə, əmək pensiyasının yenidən hesablanması barədə müraciətlərə müraciət tarixində qanunun qüvvədə olan şərt və tələbləri tətbiq edilməkdədir. Sizin əmək pensiyanız xx.xx.2023- il tarixindən əvvəl yenidən hesablandığı üçün Qanunun həmin tarixdə qüvvədə olan şərtlərinə əsasən hesablama aparılmışdır. Odur ki, sizə əmək pensiyası təyin edildikdən sonra işlədiyiniz dövr üzrə fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı istifadə olunduğu üçün (sığorta hissə artırılaraq qulluq əlavəsi azaldılmışdır) əmək pensiyanızın yenidən hesablanaraq artırılması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Lakin əmək fəaliyyətinizi hazırda da davam etdirəcəyiniz təqdirdə və ya gələcəkdə təkrar işləməyə başlayacağınız halda pensiyanızın sonuncu yenidən hesablanmasından sonra topladığınız pensiya kapitalı əsasında pensiyanız Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq artırılacaq, yəni hazırkı normalar tətbiq edilərək artım ümumi pensiya məbləğinin üzərinə əlavə ediləcəkdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən aparılan yenidən hesablanma barədə qərarın ləğv edilməsini və onun 6 il və daha çox işləyərək qazandığı sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq illərinə görə əlavə azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə müraciət etmiş, müraciətinə birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Departamenti tərəfindən cavab verilib. Verdikləri cavab məktubuna görə onun hazırda qüvvədə olan Əmək pensiyaları haqqında Qanuna əsasən pensiyasının əlavəsinin azaldılmış məbləğ miqdarında bərpa edilməsi mümkün deyil. O verilən cavab məktubu ilə razı deyil, pensiya təminatı hüququnun pozulmasını hesab edir, bununla bağlı şikayətçidir. Belə ki, o xx.xx.2017-ci il tarixədək pensiyaya çıxan hərbi pensiyaçısıdır. xx.xx.2017-ci il tarixədək pensiyaya çıxanların qulluq illərinə görə pulunun yenidən hesablanması qaydası Prezident tərəfindən müəyyən edilib və bu Əmək pensiyaları haqqında Qanunun 26.3-cü maddəsi ilə Prezidentə həvalə olunub. xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanla təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması QAYDASİ" nın 2.6-cı bəndi ilə onun pensiyasının qulluq illərinə görə əlavəsinin yenidən hesablanması Əmək pensiyaları haqqında Qanunun 29.2-ci bəndinə göndərilib. 29.2-ci maddə isə ona xx.xx.2019-cu il tarixdən etibarən tətbiq olunmağa başlayıb. Əmək pensiyaları haqqında Qanun müddətindən asılı olmayaraq keçmiş illərdə yaranmış hüququ tanıyır. Əks halda keçmiş müddət ərzində alınmamış üç ilin pulunun ödənilməsini nəzərdə tutmazdı. Qanun keçmiş üç il ərzində pensiyaçının almadığı pulunun verilməsini nəzərdə tutur, bu o deməkdir ki, hüququn yaranması tarixindən asılı olmayaraq keçmişdə yaranan hüququ tanıyır. Onun da pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ xx.xx.2019-dək yarandığı üçün və o xx.xx.2017-dək pensiyaya çıxdığı üçün, barəsində Prezidentin Fərmanı ilə təsdiq edilmiş Qaydalar tətbiq olunduğu üçün onun qulluq illərinə görə pulumun azaldılması yolverilməzdir və ona 29.2-ci maddə tətbiq oluna bilməz.Cavabdeh tərəfindən verilmiş cavaba etiraz edir, Cavabdeh Konstitusiya Məhkəməsinin Qərarında yazılanları təhrif olunmuş şəkildə təqdim edir. Konstitusiya Məhkəməsinin xx.xx.2022 tarixli Qərarında birbaşa yazılıb: Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Göründüyü kimi Konstitusiya Məhkəməsi müraciət edildiyi gündən" ifadəsini yalnız 9.6-cı maddəyə münasibətdə şamil edir. Eyni zamanda həmin Qərarın təsviri əsaslandırıma hissəsində də eyni məzmunlu ifadə məhz 9.6-cı maddəyə münasibətdə şamil edilir. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya 8 noyabr 2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. İddiaçının sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 876,53 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir:-əmək pensiyasının sığorta hissəsi-243,30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavəsi-633,23 manat.; İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 32806,91 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin 32806,91 manat nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 37.3.1 -ci, 29.2-ci və 45-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11 -ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli müvafiq Qərarına və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 -ci, 65.3.3cü və 65.3.4-cü maddələrinin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyansının sığorta hissəsi yenidən hesablanmışdır. Nəticədə:-əmək pensiyasını sığorta hissəsi-603,82 manat; qulluq stajına görə əmək pensiysına əlavə-272,71 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına və həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmış, yəni sözügedən pensiya sığorta kapitalı iddiaçının müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də iddiaçının pensiyasının tərkib hissələrinin yenidən hesablandığı tarixədək topladığı pensiya sığorta kapitalına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X3 mövcud olan məlumatlara əsasən idddiaçı İddiaçı əmək pensiyasının yenidən hesablanmasından sonra əmək pensiyaçısı kimi işləmədiyindən əmək pensiyasının sonuncu dəfə işdən azad olunduğ tarixə topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əmək pensiyasının müraciətdə qeyd etdiyi əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olunduğu təqdirdə baxıla bilər. Əlavə olaraq, “Əmək pensiyaları haqqında Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 964,18 manat müəyyən edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2023-cü il tarixindən hesablanmaqla 1105,91 manat məbləğində müvafiq kart hesabına köçürülür.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, “49-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. Bundan başqa məhkəmənin sözügedən qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627- VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bununla bağlı həmin qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Eyni zamanda, məhkəmə Qanunun 29.2-ci maddəsinin ləğvini Azərbaycan Respublikasının 149-cu maddəsində nəzərdə tutulan hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirməklə də səhvə yol vermişdir. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətində hər hansı yaxşılaşdırmasına səbəb olmayıb. Bu dəyişikliklər sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət edir. Sözügedən dəyişiklik sadəcə hesablanma qaydasındadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair" 2014-cü il 28 yanvar tarixli Qərarına əsasən, hüquqi vəziyyət (status)" kateqoriyası qanun nöqteyi-nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. Hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar" dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləliklə, Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, pensiya kapitalına əsasən pensiyanın sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Göstərilənlərə əsasən müəyyən olunur ki, Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2394/2023 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddianın təmin edilməsi, İddiaçı yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimi olmuşdur: 2017-ci il iyulun 1- dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır. Qanunun 29.2-ci maddəsi ləğv edilməsəydi belə Qanunun 37.3.1-ci maddənin 29.2-ci maddə ilə qarşılıqlı əlaqəsi mövcud deyildi. Əvvəla nəzərə alınmalıdır ki, Qanunun 29.1ci maddəsi əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədardır, yəni əmək haqlarında orta illik artım nəzərə alınmaqla dövlət tərəfindən şəxsin pensiya kapitalı ildə bir dəfə dövlət tərəfindən əvəzsiz olaraq artırılır. Qanunun qüvvədən düşmüş 29.2-ci maddəsi isə 29.1-ci maddənin davamı olaraq Qanunun 20-ci maddəsində pensiyaları əmək haqqı nisbətində hesablanan (50- 80%) peşələri göstərilmiş şəxslərin pensiya kapitalının hesablanmasına aiddir. Belə ki, həmin şəxlərin pensiya kapitalı Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə nəticəsində artırıldıqdan sonra dövlət tərəfindən əmək haqlarına edilmiş artımların nəticəsi olaraq pensiya kapitalları 2 dəfə əsassız olaraq artır. Ədalətsiz artımın (əsassız varlanmanın) qarşını almaq niyyəti ilə 2019-cu ildə 29.2-ci maddə Qanuna əlavə edilmişdir. Lakin hazırkı hal üzrə cavabdeh təşkilat heç bir əsas olmadan Qanunun 37.3.1-ci maddəsinə əsasən şəxsin öz əməyi ilə əldə etdiyi pensiya kapitalını yenidən hesablayarkən 29.2-ci maddənin tələblərinə istinad etməklə azaltmışdır.Hesab olunur ki, şəxsin pensiyaya çıxdıqdan sonra 6 ildən artıq işləməsi nəticəsində əldə etdiyi kapitalın yenidən hesablanmasını nəzərdə tutan 37.3.1-ci maddədən fərqli olaraq 29.1-ci maddədə nəzərdə tutulmuş artım (indeksləşdirmə) dövlət tərəfindən pensiya kapitalına əvəzsiz olaraq verilən ianə kimi qəbul olunmalıdır. İddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmışdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Maddə 4.2.2 sığorta hissəsindən Maddə 4.2.3. yığım hissəsindən. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2002-ci il tarixdən xidmət illərinə görə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 6 ildən çox işləyən əmək pensiyaçısı statusunda olmuşdur. O, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini 6 ildən çox müddətə davam etdirdiyindən, sonrakı dövr üzrə pensiya kapitalının toplanması halına istinad edərək, əmək qanunvericiliyinin tələbini əsas tutaraq, əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, ilk növbədə onu qeyd edir ki, təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasına dair qeyd olunan normanın məzmununa əsasən bu normanın tətbiqi üçün iki şərt olmalıdır-şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə qeyd olunan normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunub-şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Həmçinin, qeyd olunamalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələbləri işləyən pensiyaçıların əmək pensiyasının sonrakı dövrdə qazanılmış pensiya kapitalına münasibətdə maddədə qeyd olunmuş qaydada yenidən hesablanmalı olması imperativ norma kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğundan və pensiya təyin olunduğun gündən sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələrindən ibarət olan pensiya kapitalı toplandığından, habelə 6 ildən çox işlədiyindən (bu hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir) yuxarıda qeyd olunan Qanunun 37.3.1-ci maddəsinin tələbləri ona da şamil edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, həmin norma ümumilikdə işləyən əmək pensiyaçılara aid norma olmaqla, iddiaçı da həmin şəxslərin kateqoriyasına aid olduğundan, bu normanın iddiaçıya tətbiq edilməsini istisna edən hər hansı xüsusi norma qanunvericilikdə ehtiva olunmadığından, həmin norma ona münasibətdə də tətbiq edilməlidir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, indiki halda əmək pensiyasının yenidən hesablanmasının əsası məhz pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılmış pensiya kapitalına əsasən yaranır və qulluq stajına əlavələrin məbləği azladılmaqla əmək pensiyasının yenidən hesablanması qeyd olunan qanunvericilik normalarının mahiyyəti ilə uzlaşmamaqla, əlverişsiz inzibati akt qismində çıxış etmiş, iddiaçının sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə düzgün nəticəyə gəlmiş, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2394/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar