Məhkəmə qərarları › İş №2-1(105)-717/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-717/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-717/2025 06.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, X1 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləğini Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1899/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür.

2. НЗ № ******* seriyalı hərbi biletin surətindən görünür ki, iddiaçı 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin xx.xx.2024-cü il tarixli 250 saylı arxiv arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.1983-cü il tarixli 93-ct nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin azərbaycan bölməsinə tam orta (10-illik) təhsil bazasından “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-101) daxil olmuşdur. Həqiqi hərbi xidmətə çağırıldığı üçün xx.xx.1984-cü il tarixli 51-ст nömrəli əmrlə akademik məzuniyyət verilmiş, hərbi xidmətdən tərxis olunduqdan sonra xx.xx.1986-cı il tarixli 138-ct nömrəli əmrlə Sumqayıt Kimya- Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-125) bərpa edilmişdir. xx.xx.1988-ci il tarixli 108-ct nömrəli əmrlə həmin ixtisas üzrə Sumqayıt Kimya-Texnologiya Texnikumunu bitirmişdir. İddiaçı MT-İ seriyalı 281194 nömrəli diplom almışdır. (qeyd.No 1810)

4. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 44 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li qərarı ilə təsdiq edilmiş 1 №li siyahının Vİİİ bölməsinin 1 №li bəndində göstərilmiş istehsalatlara uyğun olaraq KOD 1080A010 Sumqayıt Superfosfat zavodunun 03/240 saylı X12 zərərli şəraitdə müxtəlif peşə sahələrində işləmişdir.

5. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 45 saylı arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt Superfosfat zavodunda xx.xx.1988-ci il tarixdən (463-k nömrəli xx.xx.1988-ci il tarixli işə qəbul Əmri) xx.xx.2011-ci il tarixinə kimi 03/240 saylı Sulfat Turşusu sexinində müxtəlif vəzifələrdə (xx.xx.2011-ci il tarixli 08-k nömrəli işdən çıxma Əmri-Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsi) işləmişdir.

1. xx.xx.1988-ci il-03/240 nömrəli Sulfat turşusu sexinə (SKS) 4-cü dərəcəli Təmirçiçilingər vəzivəsinə işə qəbul edilmişdir. Əmr-463 k xx.xx.1988-ci il

2. xx.xx.1990-cı il-03/240 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dərəcəli Təmirçiçilingər ixtisası verilmişdir. Əmr-641 k xx.xx.1990-cı il

3. xx.xx.1990-cı il-03/240 nömrəli Sulfat turşusu sexinə (SKS) İkinci ixtisas kimi 4-cü dərəcəli Elektrik-mantyoru vəzifəsi verilmişdir. Əmr-1274 k xx.xx.1990-cı il

4. xx.xx.1992-ci il-03/240 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dərəcəli Təmirçiçilingər işinə keçirilmişdir. Əmr-163 k xx.xx.1992-ci il

5. xx.xx.1992-ci il-03/240 nömrəli X12 (SKS) avadanlıqların təmiri üzrə usta vəzifəsinə keçirilmişdir. Əmr-456 k xx.xx.1992-ci il

6. xx.xx.1996-cı il-Zavod üzrə verilmiş xx.xx.1996-cı il tarixli 58 saylı əmrə əsasən Struktur dəyişiklikləri ilə əlaqədar 03/240 nömrəli X12 (SKS) avadanlıqların təmiri üzrə usta vəzifəsinə keçirilsin. Əmr-201 k xx.xx.1996-cı il

7. xx.xx.1996-cı il-Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərikimya D/Ş xx.xx.1996-cı il tarixli 60 saylı qərarına əsasən vahid tarif 64 saylı dərəcələrinə müvafiq olaraq 03/240 nömrəli X12 avadanlıqların təmiri üzrə usta vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı il tarixli Əmri. Əmr-358k xx.xx.1996-cı il

8. xx.xx.1996-cı il-03/240 nömrəli X12 (SKS) avadanlıqların təmiri üzrə böyük usta vəzifəsinə keçirilmişdir. Əmr-538 k xx.xx.1996-cı il

9. xx.xx.2001-ci il-03/240 nömrəli X12 (SKS) məhsulların yarımfabrikatların hazırlanması və buxarlanması üzrə 7-ci dərəcəli aparatçı vəzifəsinə keçirilmişdir. Əmr-177 k xx.xx.2001-ci il

10. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 241 saylı Sərəncamına əsasən Sumqayıt Superfosfat zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

11. xx.xx.2002-ci il 03/240 nömrəli Sulfat turşusu sexinin (SKS) Absorbsiya suyunun dövr edilməsi və turşu anbarı şöbəsinə məhsulların yarımfabrikatların hazırlanması və buxarlanması üzrə 7-ci dərəcəli aparatçı vəzifəsinə keçirilmişdir. Əmr-201 k xx.xx.2002-ci il

12. xx.xx.2008-ci il- müəssisə üzrə verilmiş xx.xx.2008-ci il tarixli 62 saylı əmr-qərara əsasən Yeni tarif cədvəlinə çevrilməsi ilə əlaqədar 03/240 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dərəcəli aparatçı vəzifəsinə keçirilmişdir. Əmr-60 k xx.xx.2008-ci il

13. xx.xx.2011-ci il-Azərb.Resp.ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Əmr-08 k xx.xx.2011-ci il Qeyd: 1. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli Fərmanı ilə "xxxx" Dövlət Şirkəti yaradılaraq, Sumqayıt Superfosfat zavodu həmin Şirkətin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 241 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Sumqayıt Superfosfat zavodu Sumqayıt Superfosfat Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

6. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 06 saylı məktubunda qeyd edilmişdir ki, müəssisənin keçmiş işçisi İddiaçı həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.2011-ci ilə kimi Sumqayıt Superfofat zavodunda xüsusi ilə zərərli və ağır sexlərdə müxtəlif vəzifələrdə işləmişdir. O cümlədən, xx.xx.1988-ci il tarixdən xx.xx.2011-ci il tarixinə kimi Sumqayıt Superfosfat zavodunun 03/240 saylı xüsusi ilə zərərli olan X12 (STS) Aparat və Texnoloji Avadanlıqları üzrə müxtəlif dövrlərdə 4-cü və 5-ci dərəcəli təmirçi-çilingər, 4-cü dərəcəli elektrik-çilingəri, usta və böyük usta, məhsulların yarımfabrikatlarının hazırlanması və buraxılması üzrə 7-ci dərəcəli aparatçı vəzifələrində zərərli iş şəraitində işləmişdir. Zavodun o dövrlərdə yalnız kimyəvi məhsullar istehsal edərək, Keçmiş SSRİ-nin bütün Respublikalarına yəni, Kənd Təsərrüfatlarında və digər sahələrində istifadə etmək üçün Dənəvər Superfosfat, Sadə Superfosfat (üyüdülmüş toz şəklində) kübrələri, Sulfat Turşusu, Oleum.Ftor-Alminium kimi zəhərli, eləcə də insan orqanizminə bilavasitə tam zərərli olan kimyəvi məhsullar istehsal edirdi. Elə bu səbəbdən də həmin sexlərdə çalışan işçilər müəyyən müddətdən sonra, yaş həddinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 № -li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olurlar (Kod: 1080A010- 17541,1080A010) və 2 №-li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olanlar (Kod: 2110A00) pensiyaya çıxırlar. Müəssisənin keçmiş işçisi olan İddiaçı illər üzrə əmək haqqı cədvəlləri ilə və eləcə də işə qəbul və işdən çıxma əmrləri haqqında çətinliklə də olsa əldə etdikləri sənədlərin surətlərini məktuba əlavə etmişdirlər. 2018-ci ilin oktyabr ayından etibarən və eləcə də 2019-cu ilin sonuna kimi Zavodun köhnə və istismar müddətini bitirmiş sexlərində demontaj işləri aparıldığından və eyni zamanda zavodun inzibati binalarında, eləcə də xüsusən Arxiv yerləşən binada əsaslı təmir içləri aparıldığından, orada çalışan işçilərin səhlənkarlığı nəticəsində bütün mühasibat sənədlərinin, kadrlar üzrə sənədlərin və eləcə də digər sənədlərin yerləşdiyi Arxiv otağın dağıdılması səbəbindən, bu günkü gündə bəzən lazım olan və tələb olunan sənədlərin vaxtlı- vaxtında tapılması üçün qarşımızda müəyyən çətinliklər yaranmışdır. Bununla bağlı 25 Avqust 2019-cu il tarixli Akt tərtib edilmişdir. Bu isə bəzən keçmiş işçilərə lazım olan sənədlərin vaxtlı-vaxtında hazırlanıb verilməməsində haqlı olaraq, narazılıqlara səbəb olur.

7. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışları ilə əmək haqqı və digər gəlirlər barədə arayışları məhkəməyə təqdim edilmişdir.

8. 25.08.2019-cu il tarixli 01 saylı Aktda qeyd edilmişdir ki, “Biz aşağıda imza edənlər: "xxxx" ASC-nin Baş mühasibi X8, Baş enetgetiki-Elektrik və Enerji sexinin rəisi X2, Elektrik sexinin elektriki X10, Kadrlar şöbəsinin rəisi X11 və Elektrik sexinin elektriki X4 iştirakı ilə bu aktı yazaraq,öz imzamızla təsdiq edirik ki, həqiqətən 2019-cu ilin avqust ayında zavodun 53-cü korpusunda əsaslı təmir işləinin aparılması məqsədi ilə işlərin görülməsi zamanı ustaların səhlənkarlığı nəticəsində Zavod Arxivi olan otağın dağılması səbəbindən Kadrlar şöbəsinə və Mühasibatlığa aid (illəri məlum olmayan) müxtəlif bəzi Arxiv kitablarlnın (Əmr kitabları, T-2 kitabları, Əmək haqqı kitabları və s.) müəyyən hisssələri dağıntı altında qaldığını və toplanmış zibillə birlikdə daşınaraq zibilxanaya atılmasını müəyyən etdik. Qeyd:Komissiya üzvləri belə qənaətə gəlir ki,gələcəkdə lazım olan sənədlərin araşdırılması zamanı, hər-hansı illərə aid sənədlərin olmaması və yaxud tapılmaması müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər.”

9. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-16751/2025 saylı məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – MEİS) qeydiyyata alınmış İddiaçı 2007-ci ilin may-iyul və sentyabr ayları üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edilmişdir. MEİS-də qeydiyyata alınmış İddiaçı fərdi şəxsi hesabında 2006-2011-ci illər (2007-ci ilin may-iyul və sentyabr ayları istisna olmaqla) üzrə məlumat aşkar edilməmişdir.

10. Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt Superfosfat zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı iş stajı və əmək haqqı barədə məlumatların verilməsi mümkün olmamışdır.

11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-0-142886/2024 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edimişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 45 nömrəli arayışında xx.xx.1988-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində təmirçi-çilingər, elektrik-montyoru, usta və aparatçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İş stajına dair məlumatların araşdırılması zamanı, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr üzrə (5 il 27 gün) ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının yalnız 4 ayının ödənişlərinin fərdi hesabın sığorta hissəsində öz əksini tapdığı müəyyən edilib. Buna görə də xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində də iddiaçının işləməyinə əsaslı şübhələr yaranıb. Bununla əlaqədar, Mərkəzi Filialın mütəxəssisləri tərəfindən həmin dövrə dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, iddiaçıya dair verilmiş arayışın əmək kitabçasına əsasən yazıldığı müəyyən olunub. Bu fakt "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də, xx.xx.2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 20 ildən az (2 il 3 ay 2 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir.

12. Cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-40204/2025 saylı xidməti məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş satjı 13 il 7 ay 28 gün (xx.xx.2006-cı il tarixinədək 12 il 1 ay 28 gün (xx.xx.1984-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 1 il 6 ay), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 6 ay (xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1994xx.xx.1999-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə xx.xx.1987-ci ildən xx.xx.2011-ci ilə qədər Sumqayıt "xxxx" zavodunda xüsusi ilə zərərli və ağır sexlərdə təmirçi-çilingər, elektrik-mantuyoru, aparatçı, usta, böyük usta işlədiyi müddətlər sosial sığorta stajına daxil edilərək, iş stajının hesablanması və ona hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləğinin “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Sumqayıt Kimya texnalogiya texnikumuna daxil olmuşdur. Sovet ordusu sıralarında (xx.xx.1984)-cü ildən (xx.xx.1986-cı ilə qədər) qulluq etmişdir. Hərbi xidmətdən sonra təhsilini davam etdirərək xx.xx.1988-ci ildə “Kimya və neft-qaz emalı zaavdounun avadanlığı” üzrə mexanik ixtisası diplomunu almışdır. İlk dəfə istehsalat təcrübəsini Sumqayıt “Sintez-Kauçuk” zavodunda almış, (xx.xx.1987-ci ildən xx.xx.1987-ci İlə kimi) 2 ay 14 gün sonra Mineral kübrələr nazirliyinin göndərişi ilə xx.xx.1988-ci ildə Sumqayıt Superfosfat zavodunun ən ağır və zərərli “Sulfat turşusu” sexinə təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir (Əmr-463K xx.xx.1988-ci il). Həmin gündən-xx.xx.1988-ci ildən xx.xx.2011-ci ilə qədər X12 müxtəlif vəzifələrdə, o cümlədən təmirçi-çilingər, elektrik-mantyoru, usta, böyük usta, aparatçı və s. vəzifələrində çalışmışdır. Yuxarıda qeyd etdiyi kimi ən ağır və zərərli işlərdə işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Lakin cavabdeh inzibati rəsmi müraciətini təmin etməmiş, imtina etmişdir. Bununla da 52 yaşı tamam olduğu 2017ci ildən zavod rəhbərliyi tərəfindən hüququnun pozulduğu halda indi isə DSMFXŞ Mərkəzi Filialı hüququnu pozaraq əmək pensiyası almağından məhrum etmişdirlər. Zavod 2001-ci ildən Sumqayıt ASC-yə çevrilib. Rəhbərlikdə olan X5 və kadrlar şöbəsinin rəisi Kərimov Vaqif Ş. oğluna dəfələrlə müaciət etməyinə baxmayaraq, istehsalat arayışı verməmişdirlər. Hər dəfə bir bəhanə gətirərək süründürməçiliklə get-gələ salırdılar. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/20-142886/2024 saylı imtina məktubundan aydın olur ki, Mərkəzi Filialın “mütəxəssisləri” misli görünməmiş bir saxtakarlıqla həmin məktubu hazırlayıblar. Ən dəhşətlisi budur ki, guya iddiaçı xx.xx.1988-ci ildən xx.xx.2005-ci ilə qədər heç zavodda işləməmişdir. Bu dövr ərzində işləməyinə əsaslı şübhələr yaranıb, yazılan əmək kitabçası da saxtadır. Onda belə çıxır ki, 4500 nəfər işçisi olan Sumqayıt Superfosfat zavodu da yəqin ki, olmayıb. Daha sonra qeyd edirlər ki, xx.xx.2006-ci ildən xx.xx.2011-ci ilə qədər, 5 il 27 gün fərdi hesabının sığorta hissəsi öz əksini tapmayıb, yalnız 4 ayı ödənilib. Bununla əlaqədar birdirir ki, 1988-ci ildən 2006-cı ilə kimi (qanunda yazıldığı kimi) düz 18 il zərərli iş stajı vardır. 2 ay yarım Sintez-Kauçuk zavodundakı stajını, 2 il hərbi stajını, 2 il texnikum təhsilini də nəzərə alınsa, 22 il 2 ay 14 gün ümumi iş stajı vardır. 2006-cı ildən sonra sığorta kapitalına ehtiyac yoxdur. 20 il ümumi iş stajını 2006-cı ilə qədər toplamışdır. Sığortanın ödənilməsi isə ona aid deyil. Hərbi xidmət stajını və 2 ay yarımlıq praktikanı hesablayırlar, ancaq faktiki iş stajını hesablamırlar. Təkcə zavodda isə ümumi 22 il 8 ay 14 gün işləmişdir. Doğum tarixi xx.xx.1965-ci il olmaqla 52 yaşı xx.xx.2017-ci ildə tamam olmuşdur. Artıq 7 ildir onun əmək stajıma görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ pozulmuşdur. İndiki rəhbərlik ona qanuni, düzgün sənəd verib, iş fəaliyyətində də heç bir qüsur yoxdursa, nəyə görə ona saxta bir arayış, akt hazırlayıb pensiyaya çıxmaq hüququndan məhrum edirlər. Qeyd edirlər ki, bu fakt Sumqayıt "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Buna görə də, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü idiaçının iş stajına daxil etmək mümkün deyil. Sonra yazırlar ki, iddiaçının iş stajı xx.xx.2006-cı ilə qədər 20 ildən az (yəni 2 il 3 ay 2 gün), (1984-1986-cı) illəri təşkil edir, güzəştli iş stajı isə yoxdur. Buna görə də iddiaçıya güzəştli şərtlərlə əmək pensiyanın təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

16. İddia ərizəsinə qarşı etiraz imtina ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən "xxxx" ASC-nin arxivində mühafizə olunan sənədlərə əsasən İddiaçı işləməsinə dair yanlız xx.xx.1988-ci il tarixli 463 nömrəli işə daxil olma barədə əmr aşkar edilmişdir. Güzəştli iş stajına dair verilmiş arayışın isə əmək kitabçası əsasında verildiyi müəyyən olunmuşdur. Belə ki, hər hansı müəssisə tərəfindən həmin müəssisədə işləmiş işçiyə dair arayışın işçi tərəfindən təqdim olunan əmək kitabçasına əsasən verilməsi qanunvericiliklə mümkün hesab edilə bilməz. Əlavə olaraq iddiaçının xx.xx.2006-cı il tarixədək olan sığorta stajına bütün dövrlərin daxil ediləcəyi təqdirdə belə, tələb olunan 20 il müddət tamamlanmır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

17. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1899/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləğinin Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova).

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Həmçinin, məhkəmə sorğusu nəticəsində "xxxx" ASC tərəfindən xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlərə dair əmək haqqı və digər gəlirlər barədə cədvəldən çıxarışlar təqdim edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-40204/2025 saylı xidməti məktubunda həmin dövrlər ümumi və xüsusi iş stajı kimi nəzərə alınmışdır. Əmək haqqı cədvəli təqdim edilməmiş dövrlərlə bağlı məhkəmə qeyd etmişdir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin qorunub saxlanılmaması (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırkı iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)-594/2021 saylı qərarı) Beləliklə, iddiaçının ümumi iş stajı: xx.xx.1983-xx.xx.1984-cü il (təhsil dövrü); xx.xx.1984-xx.xx.1986-ci il (hərbi xidmət dövrü); xx.xx.1986-xx.xx.1988-ci il (təhsil dövrü); xx.xx.1988-xx.xx.2005-ci il tarixləri – cəmi 22 il 15 gün (xx.xx.1987-xx.xx.1987-ci illərdəki əmək fəaliyyəti təhsil dövrü ilə əhatə olunur) xüsusi iş stajı xx.xx.1988- xx.xx.2005-ci il tarixləri, cəmi – 17 il 5 ay 13 gün təşkil edir. Göründüyü kimi mübahisəli dövrlər nəzərə alındığı zaman iddiaçının 20 il ümumi, 10 il güzəştli iş stajı yaranmış olur. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li qərarı ilə təsdiq edilmiş 1 №li siyahının Vİİİ bölməsinin 1 №li bəndində göstərilmiş istehsalatlara uyğun olaraq KOD 1080A010 Sumqayıt Superfosfat zavodunun 03/240 saylı X12 zərərli şəraitdə müxtəlif peşə sahələrində işləmişdir.

19. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmış və bildirilmişdir ki, məhkəmənin iş üzrə mövqeyinə əsasən məhkəmə sorğusu nəticəsində Sumqayıt "xxxx" ASC tərəfindən xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlərə dair əmək haqqı və digər gəlirlər barədə cədvəldən çıxarışlar təqdim edilmişdir. Əmək haqqı cədvəli təqdim edilməmiş dövrlərlə bağlı məhkəmə qeyd edilmişdir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin qorunub saxlanılmaması (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Qeyd olunan əsasa münasibətdə bildirirlər ki, müəssisə tərəfindən iddiaçının işləməsini təsdiq edən sənədlərin təqdim edildiyi xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1999cu il tarixləri arasındakı dövrlər cavabdeh tərəfindən iddiaçının stajı kimi nəzərə alınmışdır. Lakin 1990-1994, 1999-2005-ci illərlə bağlı iddiaçıya dair hər hansı təsdiqedici sübut olmadan həmin dövrləri onun sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilə bilməz. Lakin qeyd olunan hal məhkəmə tərəfindən nəzərə alınmadan sözügedən dövrlər kortəbii şəkildə sığorta stajı kimi nəzərə alınmışdır. Qeyd olunan dövrlərin əmək kitabçasında qeyd edilməsi iddiaçının həmin illərdə ödənişsiz məzuniyyətdə olması kimi sığorta stajına aid edilməyən digər halların olmasını istisna etmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazı iddia ərizəsinin dəlilləri ilə eyni əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

25. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

26. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı.

28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

29. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

30. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

32. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.

35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.

37. İlk növbədə kollegiya qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir.

38. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 01 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması 2) 01 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması.

39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr üzrə (5 il 27 gün) ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının yalnız 4 ayının ödənişlərinin fərdi hesabın sığorta hissəsində öz əksini tapdığı, buna görə də xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində də iddiaçının işləməyinə əsaslı şübhələr yarandığını əsas gətirmişdir.

40. Hazırkı halda cavabdeh inzibati orqan iddiaçının həm ümumi, həm də güzəştli iş satjını mübahisələndirərək 13 il 7 ay 28 gün ümumi, 8 il 6 ay güzəştli iş stajını qəbul etdiklərini bildirir.

41. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının işləməsini təsdiq edən sənədlərin təqdim edildiyi xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövrləri iddiaçının stajı kimi nəzərə aldıqlarını, 1990-1994, 1999-2005-ci illərlə bağlı iddiaçıya dair hər hansı təsdiqedici sübut olmadığından həmin dövrlərin onun sığorta stajına daxil edilməsinin qanunvericiliklə mümkün olmadığını bildirir.

42. İddiaçının 1990-1994, 1999-2005-ci illərdə "xxxx" ASC-də (Sumqayıt Superfosfat zavodu) işlədiyi dövrlərlə bağlı hər hansı təsdiqedici sübutun olmaması ilə bağlı cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi dəlili ilə bağlı kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X18) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

43. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir.

44. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1990-1994, 1999-2005-ci illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir.

45. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv sənədlərinin qorunub saxlanılmaması (əməkhaqqı cədvəlləri, əmrlər və s.) iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq, həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

46. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.

47. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

48. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövr ərzində isə iddiaçının 1990-1994, 1999-2005-ci illədə "xxxx" ASC (öncələr Sumqayıt Superfosfat zavodu) müxtəlif vəzifələrdə (təmirçi-çilingər, elektrik-mantyoru, usta, böyük usta, aparatçı) işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir.

49. Güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 44 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li qərarı ilə təsdiq edilmiş 1 №li siyahının Vİİİ bölməsinin 1 №li bəndində göstərilmiş istehsalatlara uyğun olaraq KOD 1080A010 Sumqayıt Superfosfat zavodunun 03/240 saylı X12 zərərli şəraitdə müxtəlif peşə sahələrində işləmişdir.

50. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 1 nömrəli siyahı üzrə 10 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasınnı təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

52. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın ödənilməsinin onun müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021-ci il tarixdən başlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

53. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1899/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar