Məhkəmə qərarları › İş №2-1(105)-719/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-719/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-719/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri və qanuni təmsilçisi kimi reyestrdən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2- 1(118)-2192/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri və qanuni təmsilçisi kimi reyestrdən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ilin iyul ayında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri seçilmişdir. 2010-cu ildə cəmiyyətin fəaliyyəti tam dayanmışdır. Cəmiyyətin nizamnaməsinin 4.3-cü bəndinə görə idarə heyətinin üzvləri ümumi yığıncaq tərəfindən cəmiyyətin səhmdarları və kənar şəxslərdən üç il müddətinə seçilir. Keçən müddət ərzində cəmiyyətin ümumi yığıncağının keçirilməsi mümkün olmamışdır. Belə ki, səhmdar cəmiyyətdə 70 % paya malik olan X1 vəfat etmişdir. Həmin şəxsin vərəsələri tərəfindən vərəsəlik qəbul edilmədiyi üçün onun adından heç kim çıxış edə bilmir. Ona görə də, səhmdar cəmiyyətin ümumi yığıncağın keçirilməsi də mümkün olmur və olmayacaqdır. Çünki cəmiyyətin heç bir daşınar və daşınmaz əmlakı yoxdur. Hazırda da vergi orqanlarının sistemində qanuni təmsilçi kimi iddiaçının adı görünür. Halbuki, onun adının orada qalması formal xarakter daşıyır və onun hüquqlarını məhdudlaşdıra bilər. Səhmdar cəmiyyətin ümumi yığıncağının keçirilməsi mümkünsüz olduğundan o, müvafiq xahişlə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, "xxxx" ASC-nin ümumi yığıncağının xx.xx.2008-ci il tarixli qərarı ilə cəmiyyətin sədri İddiaçı təyin edilmişdir. Həmin qərar hüquqi şəxslərin dövlət reyestrini aparan quruma qanunla müəyyən edilmiş vaxtda və qaydada təqdim edildiyi üçün dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizə qanuni təmsilçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır. Ümumi yığıncağın qərarı olmadan qeydiyyat orqanının hər hansı dəyişikliyi aparmaq səlahiyyətinə malik deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2192/2022 nömrəli qərardadı ilə (hakim Vəfa Əzizova) iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehə baş vermiş dəyişikliyin dövlət reyestr məlumatlarında əks olunması üçün dəyişikliyin baş verməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Yalnız bundan sonra vergi orqanı tərəfindən həmin müraciətlə bağlı imtina edildiyi halda, iddiaçının vergi orqanına qarşı müəssisənin rəhbəri, qanuni təmsilçisi olduğu faktının dəyişdirilməsi ilə bağlı dövlət reyestrində müvafiq qeydiyyatın aparılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yarana bilər. Hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı, məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi aktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya olunmasının əsası kimi qanunvericilikdə nətərdə tutulan hallar başa düşülür. Bundan başqa, nəzərə alınmalıdır ki, reyestr məlumatları formal vəziyyəti deyil hüquqi şəxslərə münasibətdə real olan, qeydiyyat məlumatlarında hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsinə xidmət edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 4.3.4-cü bəndində deyilir ki, cəmiyyətin sədri 3 il müddətinə seçilir. İddiaçının 2008-ci ildə seçilməsindən 3 il sonra yenidən cəmiyyətin sədri seçilməsi barədə heç bir sübut yoxdur. 3 illik müddət qurtardıqdan sonra iddiaçının reyestrdə cəmiyyətin sədri kimi məlumatların qalmasının heç bir hüquqi əsası yoxdur. Cəmiyyətin nizamnaməsində və qanunda cəmiyyətin sədrinin səlahiyyət müddəti bitdikdən sonra onun səlahiyyətinin uzadılması barədə göstəriş yoxdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 107. Səhmdar cəmiyyətində idarəetmə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. (...) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (...) Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...) Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 107-ci maddəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 4.1.7-ci bəndinə əsasən səhmdar cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səhmdarların ümumi yığıncağının səlahiyyətinə aiddir. Bundan başqa, hüquqi şəxslərin təsis sənədlərində edilən dəyişikliklər, eləcə də, dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqına” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciə edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. İşdən görünür ki, "xxxx" ASC-nin ümumi yığıncağının 09 iyul 2008-ci il tarixli qərarı ilə cəmiyyətin sədri İddiaçı təyin edilmişdir. Həmin qərar hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri və qanuni təmsilçisi kimi reyestrdən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qanuni təmsilçi səhmdarların ümumi yığıncağının qərarı ilə təyin edilir və qanuni təmsilçi barədə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyat ümumi yığıncağın qərarı və təmsilçinin şəxsiyyət vəsiqəsi təqdim edilməklə aparılır. Hazırda iddiaçı təmsilçinin dəyişməsi barədə ümumi yığıncağın qərarını təqdim etmədiyindən həmin dəyişikliklə bağlı hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatın aparılması mümkün deyil. Cavabdeh tərəfindən iddiaçının hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur, lakin iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2192/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar