Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-719/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndələri X7 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 25 yanvar 2024-cü il tarixli, 3-17- 1/1-T- 16113/2024 nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2- 1(118)-3663/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmiş, həmçinin təqaüdün ödənilməsi xx.xx.2023-cü il tarixdə məhz aktiv vegri ödəyicisi olması əsası ilə dayandırılmışdır. İddiaçı cavabdehə müraciət edərək təqaüdün bəra edilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Nəticədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək Prezident təqaüdü üzrə artıq ödəmə müəyyən edilmişdir. Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün ödənilməsinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş bəyannamələrə (hesabatlara) əsasən dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra həmin dövr üzrə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq baxılcaqdır. Verilən imtina razılaşmayan iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-T23736/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması, 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T16113/2024 nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1951-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, o 2017-ci il tarixədək əmək stajına malik olduğu və davamlı olaraq əmək fəaliyyəti göstərdiyi üçün 2017-ci il tarixdən etibarən əmək pensiyaçısıdır. Özünün əmək fəaliyyəti və elmi fəaliyyətilə bağlı bəzi məlumatlar aşağıdakı kimidir: 2015ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Əmək veteranı, 1985-ci ildən pedaqoji elmlər namizədiyəm (halhazırda isə pedaqoji elmlər üzrə fəlsəfə doktoru), 1991-ci ildən baş elmi işçisi, TürkiyəAzərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə 2016-cı ildən X5 X1 fəxri professoru, 2016-cı ildən Türk dünyası elmlərinin və mədəniyyətinin tərəqqisindəki xidmətlərimə görə X5 X1 “Qızıl ulduz” medalı ilə təltif olunmuş; 2016-cı ildən elmi-tədqiqat işlərindəki xüsusi xidmətlərinə görə X9 Akademiyasının (ATEA) həqiqi üzvü- akademiki, 2016-cı ildə ATEA-nın “Taclı ulduz” ordeni ilə təltif olunmuş; 2016-cı ildə elm və mədəniyyət sahəsindəki xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının X4 Beynəlxalq Mükafat Komitəsinin “Şərəf və Vicdan” ordeni ilə təltif ediliş, 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının X4 X2 Komitəsi tərəfindən “Qurtuluş və mərhəmət” ordeni ilə təltif edilmiş, 2020-ci ildə 200-dən çox çap olunmuş elmi əsərlərinin və 10-dan çox kitablarının müqabilində TURAN Elmlər Akademiyasının akademiki elmi rütbəsinə layiq görülmüş; 25 yanvar 2023-ci ildən TURAN Elmlər Akademiyasının vitse-prezidenti olmaqla bərabər həmin akademiyanın Azərbaycan filialının rəhbəridir, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Bütün bunların müqabilində əmək pensiyası hüququ olduğu üçün pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinin müqabilində əvvəllər 120 manat, sonralar isə 300 manat olmaqla qanuni olaraq hər ay müavinət almışdır. 2023-cü ilin avqust ayından sonra isə ona məlum olmayan səbəbdən həmin müavinətin verilməsi cavabdeh orqan tərəfindən dayandırılmışdır. Bütün bu qeyd edilənlərdən də görünür ki, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1969 nömrəli Fərmanına əsasən 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən edilmişdir. Qeyd edilən müddəalardan da görünür ki, onun fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat məbləğində aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ vardır. İddiaçı qanuni olaraq 2023-cü ilin avqust aymadək bu təqüdü alırmış, lakin bilmədiyi səbəblərdən 2023-cü ilin avqust ayından sonra bu təqaüd təqdim edilməmiş, buna görə də o təqaüdünün yenidən bərpa olunması, indiyə qədər almadığı müavinətin ödənilməsi və təqaüdün dayandırılma səbəbinin hansı qanunlar əsasında olduğunun izah etmələri üçün cavabdeh orqana yazılı ərizə ilə müraciət etmiş, onun müraciətinə cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-T23736/2024 saylı cavab məktubu ilə müsbət cavab verilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iş materiallarına əsasən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmışdır. Cavabdehin xx.xx.2024 tarixli 3-17-1/2-T-23736/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Nəticədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək Prezident təqaüdü üzrə artıqödəmə müəyyən edilmişdir. Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün ödənilməsinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş bəyannamələrə (hesabatlara) əsasən dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra həmin dövr üzrə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılması istisna edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya təyin olunmuş Prezident təqaüdünün qanunvericiliyin tələbləri baxımından bərpa edilməsinin mümkün olmaması tərəfindən sübuta yetirilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-3663/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə X6 Sabir Paşa oğlu barəsində qəbul etdiyi 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T-16113/2024 nömrəli qərarı ləğv edilmiş, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla iddiaçıya ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. (hakim Ceyhun Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, inzibati orqanın hərəkətləri qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək qanunuvericiliyinin tələbləri baxımından işləməsi anlamına gəlməməlidir. Adından da göründüyü kimi sahibkarlıq bir fəaliyyət növüdür ki, həmin fəaliyyət növü ilə məşğul olan şəxsin gəlirləri qeyri müntəzəm olmaqla insanın öz fəaliyyəti ilə bağlı olan bir məşğuliyyətdir. Cavabdeh təşkilatın mövqeyi ilə razılaşsaq onda yaşa görə əmək pensiyası ilə təmin edilmiş şəxslərin təqaüddə olduğu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək pensiyasının dayandırılması üçün əsas hesab edilməlidir. Göründüyü kimi büdcə və ya büdcədən kənar vəsait hesabına əmək haqqı almayan, yəni aralarında işçi ilə işəgötürən münasibətləri olmayan şəxslərin başqa fəaliyyət növü ilə (məsələn sahibkarlıq, bəstəkarlıq, rəssamlıq və sair) məşğul olması onun işləməsi anlamını təzahür eləmir. Cavabdeh təşkilat Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün dayandırılması əsassızdır. Mübahisə predmetinə dair qanunvericilik aktların heç birində Prezident təqaüdünün şəxsin VÖEN-nin olması səbəbindən dayandırılması ilə bağlı heç bir müddəa yoxdur. Fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü barədə qanunvericilik aktları isə məhz yuxarıda qeyd edilən Fərmanlardır. Belə olan halda cavabdehin apardığı inzibati icraatın nəticəsi olan mübahisələndirilən qərarın qəbul edilməsi qanunsuz olmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2-1(105)-935/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(102)- 575/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(105)-935/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq da onu qeyd etmişdir ki, iş materiallarına əsasən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmışdır. Cavabdehin xx.xx.2024 tarixli 3-171/2-T-23736/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixdən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixdən Prezident təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Nəticədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək Prezident təqaüdü üzrə artıqödəmə müəyyən edilmişdir. Mərkəzləşdirilmiş informasiya sisteminin "Sığorta" altsistemində olan məlumatlara əsasən, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün ödənilməsinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş bəyannamələrə (hesabatlara) əsasən dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra, onun həmin dövr üzrə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılmasının istisna edilmədiyi bildirilmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olması faktını araşdırmamış, İddiaçı məhkəmə iclasında VOEN-i aktiv saxlamaq üçün hər ay müvafiq vergi ödənişlərinin həyata keçirməsini etiraf etməsini nəzərə almamış, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanının yalnız elmi dərəcəsi olan və işləməyən şəxslər dairəsini əhatə etdiyinə əhəmiyyət verməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilmədiyi tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-3663/2024 nömrəli qərarı ləğv, İddiaçı “Prezident təqaüdün bərpa edilməsi iddiası isə rədd olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaq işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
1. Müəssisə – mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.
2. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
4. Əmək kollektivi – işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyi. 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
8. İş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 8-1. Ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
“Məşğulluq haqqında” Azərbacan Respublikasının Qanunu: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ..... 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs;....
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı:
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2 dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində elmi dərəcəsinə görə müvafiq təqaüdün verilməsinin dayandırılması barədə qərarın ləğv edilməsi və həmin təqaüdün yenidən bərpa edilərək, ödənilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı aktiv vergi ödəyicisi olduğundan, müvafiq təqüdün verilməsi dayandırılmış, artıq ödəmə müəyyən edilmiş, bərpa edilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(102)-575/2025 nömrəli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq, aşağıdakıları qeyd edir. İlk öncə qeyd edilməlidir ki, yuxarıda göstərildiyi kimi cavabdehin iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərmanı ilə təsis edilmiş təqaüdünün dayandırılmasının yeganə səbəbi cavabdehin qənaətinə görə iddiaçının “mərkəzləşdirilmiş elektron informasiya sisteminin” sığorta altsistemində olan məlumatlara əsasən vergi ödəyicisi kimi fəaliyyətin aktiv olduğu üçün Prezident təqaüdünün ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yəni, cavabdeh hesab edir ki, iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğundan (VÖEN: **********), o işləməyən sayıla bilməz. Bununla əlaqədar olaraq kollegiya ilk öncə “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ən azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərmanının müddəalarına diqqət yetirməyi zəruri hesab edir. Belə ki, həmin Fərmanın 1-ci bəndində deyilir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun. Kollegiyası hesab edir ki, həmin bəndin cümlə quruluşundan göründüyü kimi, sözügedən cümlədə açar sözlər “əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində” sözləridir, yəni həmin cümlədə Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdün alınması üçün sonradan göstərilən 4 (dörd) meyar, məhz yuxarıda qeyd edilmiş açar sözlərə bağlıdır. Başqa sözlə, burada “işləməyən” sözü əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində “işləməyən” anlamını verir, belə ki, sözügedən Fərmanın 1-ci bəndindən bariz görünür ki, bu əmək pensiyası deyil, Azərbaycan Respublikası Prezidentinin elmi dərəcələrə görə təsis etdiyi təqaüddür. Həmçinin xüsusi olaraq vurğulanmalıdır ki, sözügedən Fərmanda şəxsin vergi ödəyicisi olaraq fərdi VÖEN-ə malik olub-olmaması barədə hər hansı bir qeyd-şərt yoxdur, digər tərəfdən bu Fərmanın tələbləri təsiri dairəsinə düşən şəxsin VÖEN-lə əlaqədar heç bir istisnalığı da mövcud deyildir. Kollegiya eyni zamanda hazırki qərarın “Tətbiq edilən hüquq hissəsi”ndə Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd edilən bəndlərə nəzər yetirilməsini zəruri hesab edir və qeyd edir ki açıq-aydın göründüyü kimi, iddiaçı Əmək Məcəlləsinin yuxarıda göstərilmiş hüquq normaları baxımından işləyən şəxs sayıla bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirir və xüsusi olaraq onu da qeyd edir ki, “Məşğulluq haqqında” Qanunun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs işə və qazanca malik olmayan, işə başlamağa hazır olub, müvafiq orqanda işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs kimi müəyyən edilsə də, iddiaçı isə əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs kimi bu tərifə daxil edilməyərək, VÖEN-ə malik olması isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanında nəzərdə tutulmuş “işləməyən” anlayışına zidd deyil və onun işləyən şəxs kimi qəbul edilməsi həmin Fərmanın məzmununa ziddir. Eyni zamanda, Əmək Məcəlləsində müəssisə, işçi, işəgötürən, əmək münasibətləri, əmək müqaviləsi, iş yeri, ştat vahidi kimi anlayışların mövcudluğu, real olaraq mütəmadi əmək haqqı almaq, məzuniyyət hüququ kimi hüquqların təmin olunması şərtilə şəxsin işləyən sayılması üçün əsas təşkil etdiyini nəzərə alaraq, cavabdeh orqan tərəfindən iddiaçının vəziyyətinin qanunvericilik normalarına uyğun olaraq düzgün qiymətləndirilmədiyini göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində elmi dərəcəsinə görə müvafiq təqaüdün verilməsinin dayandırılması qanunsuz olmuşdur. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-3663/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.