Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-72/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi hesablanması və ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2-1(118)-1115/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus əmək kitabçasında olan qeydlərə əsasən o, xx.xx.1979-cu il tarixindən əmək fəaliyyətinə başlamış, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü tarixədək “Qafqazenerjitəmir” X1xana avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmiş, hazırda isə 110KV Sumqayıt -2 YS-da növbətçi elektrik montyoru işləyir. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina barədə məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1981xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/2480 nömrəli arayışında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Buna görə də əmək stajını dəqiqləşdirmək mümkün olmadığından qeyd edilən dövrləri sosial sığorta stajına daxil etmək mümkün deyil. İmtinada göstərilir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (13 il 4 ay 1 gün (xx.xx.1979- xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1994- xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli iş stajı isə yoxdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, 'Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 23 yanvar 2007 tarixli 12 saylı Qərarında "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq etmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin siyahısının 24-cü hissənin "a" bəndində "qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri" vəzifələri qeyd olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış Azərbaycan - Rusiya birge İstehsalat müəssisəsi “Azərenerji Döviət Şirkətinin xx.xx.1994-cü il tarixli, 61 nömrəli əmri ilə "xxxx" Dövlət Şirkətinin tərkibindən çıxarılaraq bütün fondu ilə "xxxx" Birgə müəssisəsinə verilmişdir. "xxxx" ASC-nin arxivində "xxxx" Birgə müəssisəsinə aid heç bir sənəd yoxdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,”Qafqazenerjitəmir” İxtisaslaşdırılmış Azərbaycan - Rusiya birge İstehsalat müəssisəsi ‘Azərenerji Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 61 nömrəli əmri ilə "xxxx" Dövlət Şirkətinin tərkibindən çıxarılaraq bütün fondu ilə "xxxx" Birgə müəssisəsinə verilmişdir. "xxxx" ASC-nin arxivində "xxxx" Birgə müəssisəsinə aid heç bir sənəd yoxdur. Bundan əlavə məktubda qeyd olunan çilingər və qazan avadanliğının təmiri üzrə çilingər peşələrinin (vəzifələrinin ) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 24-cü maddənin “a” bəndinə uyğundur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1981xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Era“ Birgə müəssisəsində işlədiyi müddətin sosial sığorta ştajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi hesablanması və ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 1982- 1986-cı illərdə Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsil almışdır. Həmin vaxtlarda gecə növbəsində çalışmışdır. Əmək fəaliyyətinə isə 1979-cu il tarixdə Sumqayıt Elektrik Şəbəkəsində başlamış, 6 ay sonra Sumqayıt Şüşə zavodunda işləmişdir. 1980-ci ilin may ayında hərbi xidmətə yollanmış, 1981-ci ilin oktyabr ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci il tarixdən 1994-cü il tarixə kimi, yəni 13 il 4 ay stajla Qafqaz Enerji Təmir İdarəsində çilingər vəzifəsində çalışmışdır. Qafqaz Enerji Təmir İdarəsi xx.xx.1994-cü il tarixdən "xxxx" Azərbaycan-Rusiya Müəssisəsi kimi adlandırılmışdır. Bu da iddiaçının həmin idarədə işlədiyi vaxtlara təsadüf edir. Bu barədə də iddiaçıya məxsus ИТ- 0361350 № li əmək kitabçasında müəssisəyə aid möhür vurularaq xüsusi qeydlər yazılmışdır. 1995-ci il tarixdən hazıra kimi iddiaçı Sumqayıt Elektrik Şəbəkəsində çilingər, daha sonra 5-ci və 6-cı dərəcə növbətçi elektrik montyoru kimi işləmiş və hazırda da 6-cı dərəcəli növbətçi elektrik montyoru işləyir. İşlədiyi zamanlarda Sumqayıt Elektrik Şəbəkənin adı müvafiq əmr ilə dəyişdirilmiş, bu barədə qeydlər əmək kitabçasında da qeyd olunmuşdur. Ümumi iş stajı və zərərli, ağır işlərdə olan iş stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinat hüququnu verir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, yalnız iki məsələdə əvvəlki qanunvericiliyin tətbiqinə icazə verilir. İddiaçı isə müvafiq tələblərə cavab vermir. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsində işlədiyi qeyd edilsə də, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14 dekabr 2021-ci il tarixli arayışında həmin dövrlərlə bağlı arxiv sənədlərinin arxivə təhvil verilmədiyi bildirilmişdir, bu səbəbdən həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunan əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.1-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaoluna əmək pensiyası təyin edilir.Beləliklə, iddiaçının mübahisələndirdiyi dövrə dair iş stajı qanunvericiliklə müəyyən edilmiş qaydada öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-1115/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1981-1994-cü illərdə "xxxx" Birgə müəssisəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydin mötəbərliyinin yoxlanılması üçün müvafiq arxiv idarələrinə və ərazi vergilər idarəsinə sorğular verilmiş, lakin iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s.mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi araşdırmanı imkansız etmişdir. Bununla da iddiaçının həqiqətən də 25 il sosial sığorta stajına və 12 il 6 ay güzəştli iş stajına malik olması öz təsdiqini tapmamışdır. Belə olan halda ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan ИТ-0361350№li əmək kitabçası onun özünün deyil, respublika ərazisində fəaliyyət göstərən müəssisələr tərəfindən yazılmış və onlara məxsus möhür vurulmuşdur. Halbuki onun həmin dövrlərdə işlədiyi haqqında bütün qeydlər əmək kitabçasında qeyd olunmuşdur. Qanunvericiliyə uyğun olaraq Əmək kitabçası olmadıqda əlavə sənədlərə ehtiyac yaranır. Əmək pensiyaları haqqında AR Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Lakin məhkəmə qanuna zidd gedərək iddiaçının əmək kitabçasında qeydləri nəzərə almadan qərar çıxarmışdır. 01 yanvar 2006- cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən kişilərə yaşa görə pensiya təyin olunması üçün 64 yaş 6 aya uyğun 25 il sığorta stajı tələb olunur. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmçinin bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Habelə Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitançası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır. əmək kitabçası və ondakı qeydlər ölkənin dövlət dilində aparılmalıdır. əmək kitabçasında işçinin soyadı, adı, atasının adı (bütöv şəkildə) doğulduğu gün, ay, il, təhsil (o cümlədən başa çatdırılmamış təhsil), peşəsi və ixtisası haqqında məlumatlar səhvsiz və ixtisar olunmadan göstərilməlidir. Bu məlumatlar əmək kitabçasına təsdiqedici sənədlər əsasında daxil edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etiraza uyğun əsaslandirmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(105)-607/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh qərarından kasasiya şikayəti verərək qərarın ləğv, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(102)-1030/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(105)- 607/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(102)-1030/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(105)-607/2022 nömrəli qərarı ləğv edilib, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1981xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi dövrlə bağlı arxiv sənədləri arxiv idarəsinə təhvil verilmədiyindən, sosial sığorta stajı kimi nəzərə alınması mümkün olmamış, bu səbəbdən də qanunla tələb olunan ümumi iş stajı 25 ildən az təşkil edir, güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı xx.xx.1962-cı il təvələddlü olmaqla, 57 yaşı xx.xx.2019-cu il tarixdə tamamlanmışdır. Cavabdeh inzibati orqan iddiaçının 13 il 4 ay 1 gün ümumi iş stajına malik odluğunu qəbul edir. İşin mübahisəli halı məhz iddiaçının qanunla tələb olunan ümumi və güzəştli iş stajına malik olub-olmaması və iddiaçının məhz xx.xx.1981-xx.xx.1994-cü il tarixlər arasındakı dövr ərzində "xxxx" birgə müəssisəsində işlədiyi dövrlə bağlı haldır. İşin müəyyən edilmiş hallarından görünür ki, “Qafqazenerjitəmir” İdarəsinin və "xxxx" azərbayca-Rusiya Birgə müəssisəsinin arxiv sənədləri mühafizə üçün təhvil verilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, X4 adlı şəxsə "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisəsi tərəfdinən arayış verilmiş, həmin arayışın məzmununda onun həmin müəssisədə xx.xx.1985-ci ildən Sumqayıt təmiri sahəsində qazan avadanlığının təmiri üzrə İV dərəcə çilingər vəzifəsində işləmiş,xx.xx.1994-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ verilməsi haqda 320 saylı xx.xx.1993-cü il tarixli Qərarına əsasən güzəştli sayılması (kod-2140200a-19929) qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı X3 güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair inzibati icraatı materiallaı tələb edilərək, tədqiq edilmişdir. Həmin pensiya işinin materiallarından görünür ki, X4 iddia tələbi ilə məhkəməyə müraciət edərək, məhz "xxxx" birgə müəssisəsində işlədiyi 1985-1994-cü illərin sosial sığorta stajı kimi nəzərə alınmasını xahiş etmiş, məhkəmə qərraı əsasında işəgötürən tərəfindən təqdim edilmiş arayış əsas götürülməklə, həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi inzibati orqanın üzərinə qoyulmuş, cavabdeh inzibati orqan həmin dövrü staj kimi nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Həmçinin, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, ASC "xxxx" birgə müəssisəsi ilə bağlı sənədlərin olmadığını, qeyd olunan çilingər və qazan avadanlığının çilingər peşələrinin (vəzifələrinin) Azərbaycan Respublikası nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 24-cü maddənin “a” bəndinə uyğun olduğu qeyd edilmiş, habelə həmin peşələrə dair işin xarakteri və xüsusiyyətini əks etdirən vəzifə (peşə) təlimatları təqdim edilmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının xx.xx.1981-xx.xx.1994-cü il tarixlər arasındakı dövr ərzində "xxxx" birgə müəssisəsində işlədiyi dövrlə bağlı məhz ona məxsus əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İndiki halda isə cavabdeh inzibati orqan tərəfindən həmin qeydlərin mötəbərliyinin şübhə altına alınmasına dair heç bir dəlilə istinad edilməmişdir. Cavabdeh inzibati orqanın həmin dövrü mübahisələndirməsinin yeganə dəlili arxiv sənədlərin müvafiq arxiv idarəsinə təhvil verilməməsi ilə bağlı haldır. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, müvafiq əmrlərin və ya digər sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi, saxlanılması və arxivə təhvil verilməsi məhz işəgötürənin vəzifəsinə aid olmaqla, işəgötürən tərəfindən həmin öhdəliyin lazimi qaydada yerinə yetirilməməsi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda, həmin əsasa istinad edilməklə, iddiaçının soisal təmin hüququnun məhdudlaşdırılması, pensiya hüququndan məhrum edilməsi ilk növbədə mütənasiblik və ədalətlilik prinsipinin tələblərinə zidd olmuş olar. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, qeyd edilən arxiv sənədlərin mövcud olmaması halı iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hala istinad etməklə, iddiaçının işlədiyi dövrün ümumi iş stajı kimi sosial sığorta stajına daxil edilməməsi ilə bağlı hərəkətləri qanuni olmamışdır. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda cavabdeh tərəfindən mübahisələndirilən dövr (xx.xx.1981-xx.xx.1994-cü il arasındakı dövrlər-ümumilikdə 12 il 6 ay 14 gün) iddiaçının sosial sığorta stajına daxil etdikdə, cavabdeh tərəfindən mübahisələndirilməyən dövr (13 il 4 ay 1 gün) nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması şərti ödənilmiş olur. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olub-olmaması ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1981-xx.xx.1994-cü il arasındakı dövrlərdə çilingər-qazan avadanlığının təmiri üzrə çilingər peşəsində işləmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə eyni müəssisədə və eyni peşədə işləmiş digər şəxsə münasibətdə həmin işlədiyi dövrlər işəgötürən tərəfindən təqdim edilmiş arayış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajı kimi nəzərə alınaraq, həmin şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni müəssisədə və eyni peşədə işləmiş şəxsə münasibətdə həmin dövrün güzəştli iş stajı kimi nəzərə alındığı halda, iddiaçıya münasibətdə nəzərə alınmaması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni müəssisə (Era birgə müəssisəsi) və eyni peşədə (qazan avadanlığının təmiri üzrə çilingər) işləyən şəxsə münasibətdə həmin dövrün güzəştli iş stajı kimi nəzərə alındığı halda, cavabdeh tərəfindən iddiaçıya münasibətdə həmin dövr mübahisələndirilməklə, iddiaçının güzəştli iş stajına malik olmaması barədə gəldiyi qənaəti özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının mübahisələndirilən dövrdə işlədiyi peşə müvafiq Qərarlarla təsdiq edilmiş siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi çıxış etmişdir. Belə ki, bu hal iş materiallarında olan digər şəxsə aid pensiya işinin materiallarında olan işəgötürən tərəfindən təqdim edilmiş arayış, habelə indiki halda oxşar müəssisə tərəfindən təqdim edilmiş arayış, işin xarakteri və xüsusiyyətini əks etdirən vəzifə təlimatları əsasında öz təsdiqini tapmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhz "xxxx" birgə müəssisəsində işlədiyi çilingər-qazan avadanlığı üzrə təmirçi çilingər peşələri güzəştli şərtlər pensiya hüququ verən peşə kimi çıxış etdiyindən, həmin dövr (xx.xx.1981-xx.xx.1994-cü il arasındakı dövrlər, ümumilikdə 12 il 6 ay 14 gün) güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Bu baxımından, cavabdehin qeyd edilən hissədə də imtina əsası kimi istinad etdiyi hallar əsassız olmuşdur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münasibətdə qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması şərti də ödənilmiş olur. Göründüyü kimi, iddiaçının 57 yaşı tamam olduğu vaxtda qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı) tamamlandığından, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, işin halları tam araşdırılmamış, bununla da iş üzr gəldiyi nəticə yanlış olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Göstərilən hallara əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə zəruri olan hallar araşdırılmamış, cavabdeh inzibati orqanın imtinasının dəlillərinin əsaslılığı baxımından yoxalnılmamış, nəticə etibarilə iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının pensiya təyinatı ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən, iddiaçıya əmək pensiyası məhz “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2-1(118)-1115/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrıə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" birgə müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı (ümumi və güzəştli iş stajı) kimi hesablanması və iddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-72/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-72/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver