Məhkəmə qərarları › İş №2-1(105)-72/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-72/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-72/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən işə buraxılacağı günədək əmək haqqının ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)- 1999/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 05 sentyabr 2018-ci il tarixdən Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətə qəbul edilərək, 21 iyun 2023-cü il tarixədək DİN-in Baş Mühafizə İdarəsinin X4 şöbəsində polis nəfəri vəzifəsində işləmiş, 21 iyun 2023-cü il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 17 iyun 2023-cü il tarixli, 3-13- 17/Ə143/2023 nömrəli əmrinə əsasən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli Ə363-038- 22 nömrəli əmrlə elan olunmuş “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin qüvvədə olması nəzərə alınaraq, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9 və 10-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmrlə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, barəsində “DİO-da xidmətdən xaric edilməsi” barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, öz əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən işə buraxılacağı günədək əmək haqqının hesablanaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsindən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 17 iyun 2023-cü il tarixli əmrinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Həmin əmrdə qeyd olunur ki, iddiaçı cəmiyyətdə qəbul olunmuş norma və qaydaları pozaraq, ailəli və himayəsində azyaşlı övladlarının olmasına baxmayaraq, qardaşı Rauf Heydərovun həyat yoldaşı Sürəyya Heydərova ilə etik qaydalara zidd münasibətlər qurduğuna görə və daxili işlər orqanının adına xələl gətirdiyinə görə xidmətdən xaric olunmuşdur. Qeyd edir ki, bunların hamısı əsassızdır. Araşdırma düzgün aparılmamış, qardaşı və onun həyat yoldaşının izahatları alınmamışdır. Halbuki, onlar Siyəzən rayon Polis İdarəsində dindirilmiş və qeyd edilənlərin şər-böhtan olduğunu bildirmişlər. Əmrin surəti iddiaçıya 17 iyun 2023-cü il tarixdə təqdim edilmişdir. İddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı xidmət müddətində 3 dəfə mükafatlandırılmış, 2 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. O, kollektivdə özünü mənfi cəhətdən göstərmiş, üzərinə düşən funksional vəzifələrin öhdəsindən qismən gəlmişdir. Xidməti intizam qaydalarını dəfələrlə pozduğuna görə ona BMİ-nin xx.xx.2021-ci il tarixli 252-038-21 nömrəli əmrilə "Şiddətli töhmət" və xx.xx.2022-ci il tarixli 363-038-22 nömrəli əmrilə "Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam məsuliyyətinə cəlb olunmuşdur. BMİ-nin xx.xx.2023-cü il tarixli, 3-13- 17-Ə143/2023 nömrəli əmrinə əsasən iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı kollektiv arasında hörmət qazana bilməmiş, xidməti geyim formasının daşıma qaydalarına düzgün riayət etmiş, xidməti, döyüş və fiziki hazırlıq səviyyəsi aşağı səviyyədə olmuş, rəhbərlik tərəfindən verilən tapşırıq və göstərişləri əsasən vaxtında yerinə yetirməmişdir. DİN-in xx.xx.2022-ci il tarixli 003-20439-1222 nömrəli məktubunun araşdırılmasının nəticəsinə dair Rəyə əsasən xx.xx.2022-ci il tarixdə saat 21:31-də Astara şəhəri, Qum küçəsi, ev 191-də yaşayan X2 DİN-in «102» Xidmətinə (077) ***-**-** nömrəli telefonla zəng edərək, qeyri-rəsmi münasibətdə olduğu X4 Şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı onu hədələyərək narahat etməsi barədə verdiyi məlumatın araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı daxili işlər orqanlarında xidmət etmədən öncə 2017-ci ildə sosial şəbəkədə Astara şəhərində yaşayan H.A.Hüseynova ilə tanış olmuş, bir neçə ay telefonla əlaqə saxladıqdan sonra onunla qeyri-rəsmi münasibət quraraq, görüşməyə başlamışdır. İddiaçı X5 ilə rəsmi nikaha daxil olub, 3 övladının olmasına baxmayaraq, Həmidə Hüseynova ilə qeyri-rəsmi qadın kişi münasibətlərini pozmamışdır. Hüseynova izahatında o evdə olmadığı vaxtda, polis nəfəri İddiaçı xx.xx.2022-ci il tarixdə evinə icazəsiz gəldiyini, müəyyən müddət orada qaldıqdan sonra tərk etdiyini qeyd etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 4 il qeyri-rəsmi münasibətdə olduğu H.Hüseynova ilə son 3 ayda soyuq münasibətdə olmuş, onunla telefon əlaqəsi saxlamamış və görüşməmişdir. xx.xx.2022-ci il tarixdə isə anası, atası və həyat yoldaşı, həmçinin, 2 ustanın iştirakı ilə yaşadığı Şabran rayonu, Qazbabalı kəndində evində ustalarla birlikdə səhər saat 11:00-dan gecə 23:30-a kimi döşəmə vurmuş, Astara rayonuna H.Hüseynovanın evinə getməmişdir. Göründüyü kimi iddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək, qadın-kişi münasibətlərində riyakarlığa yol verərək, ailəli olduğu halda vətəndaş H.Hüseynova ilə münasibətlərini davam etdirdiyinə görə barəsində şikayət edilməsinə zəmin yaratmışdır. BMİ-də izahat verərkən iddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək qadın-kişi münasibətində riyakarlığa yol verdiyinə görə səmimi peşmanlıq hissi keçirdiyini, H.Hüseynova ilə bir daha görüşməyəcəyini qeyd edərək, bundan sonra daha çox ailəsinin və övladlarının qayğısına qalacağını bildirmişdir. Daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, etik qaydalara ciddi emal etməli, davranışı ilə vətəndaşlara nümunə göstərməli olduğu halda, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək və qadın-kişi münasibətlərində riyakarlığa yol verərək ailəli olduğu halda vətəndaş Həmidə Hüseynova ilə qeyri-rəsmi münasibət qurduğuna, bununla da barəsində şikayət olunmasına zəmin yaratdığına və araşdırma zamanı verilən suallara qeyri-səmimi cavab verərək obyektivliyin təmin edilməsinə köməklik göstərmədiyinə görə iddiaçıya "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" elan edilmişdir. X1 “xx.xx.2023-cü il tarixli, 3-13-3/2-9463/23 nömrəli DİN-in "102" Xidmətinə etdiyi müraciət ilə bağlı aparılmış araşdırmanın nəticəsinə dair" xx.xx.2023-cü il tarixli Rəydə qeyd edilmişdir ki, Hilal Əliyev izahatında xx.xx.2023-cü il tarixdə təxminən saat 23:00 radələrində polis nəfəri İddiaçı, qardaşı Rauf Heydərovun həyat yoldaşı, həmçinin onun bacısı olan Sürəyya Heydərovanın yaşadığı ünvana gələrək içəri daxil olduğunu görüb onları izləmək üçün gizlincə evin pəncərəsinə tərəf yaxınlaşdığını, onların aralarında intim münasibət zamanı yaranan səsləri eşitdikdən sonra həyəcanlanaraq oradan uzaqlaşıb yaşadığı ünvana getdiyini, baş vermiş hadisə ilə bağlı atası Zəbulla Əliyev və ailə üzvlərinə məlumat verdiyini, bacısı Sürəyya Heydərovaya və iddiaçının aralarında qeyrirəsmi münasibətlərinin olmasına iradını bildirsə də, hər ikisinin bu münasibəti inkar etdiyini, eləcə də, xx.xx.2023-cü il tarixdə qardaşı İslam Əliyevlə birlikdə olan zaman iddiaçı ilə Şabran rayonu, Qazbabalı kəndində rastlaşdıqda bacısı Sürəyya Heydərova ilə aralarında olan münasibətlərinə görə onunla mübahisə etdiyini, sonuncunun Şabran RPŞnə ona hədə-qorxu gəlinməsi ilə bağlı müraciət etdiyini, nəticədə münaqişəli ailələr kimi qeydiyyata alındıqlarını qeyd etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə qardaşı Rauf Heydərovun ona mobil telefon vasitəsi ilə zəng etdiyini, qızı Sadəgül Heydərovanın doğum günü olduğundan və işi ilə əlaqədar evə gələ bilmədiyindən ondan hədiyyə alıb yaşadıqları ünvana gedərək təbrik etməsini xahiş etdiyini, iddiaçı qeyd olunan gün işlərinin çoxluğundan saat 23:00 radələrində qardaşı Rauf Heydərovun evinə getdiyini, onun həyat yoldaşı Sürəyya Heydərovanın iştirakı ilə aldığı hədiyyəni onların övladlarına verdikdən sonra yaşadığı ünvana getdiyini, həmçinin, Hilal Əliyevin onun barəsində qeyd etdiyi xüsusatların həqiqəti əks etdirmədiyini izahatında bildirmişdir. Araşdırma aparılarkən müəyyən olunmuşdur ki, iddiaçı ailəli və himayəsində azyaşlı övladlarının olmasına baxmayaraq, qardaşı Rauf Heydərovun həyat yoldaşı Sürəyya Heydərova ilə etik qaydalara zidd qeyri-rəsmi münasibətlər qurmuş eləcə də, düşünülməmiş hərəkətləri ilə barəsində haqlı şikayətə zəmin yaratmışdır. Həmçinin, xidmətdə mənfi xarakterizə olunan iddiaçı bununla yanaşı, üzərinə düşən vəzifələrin icrasına məsuliyyətsiz yanaşaraq dəfələrlə xidməti intizam qaydalarını kobud surətdə pozmuş, son 3 ildə xidmətdə olarkən heç bir məlumat vermədən xidməti postu tərk edərək nəzarətsiz qoyduğuna və ailəli olduğu halda, vətəndaş Sürəyya Hüseynova ilə qeyri-rəsmi münasibət quraraq barəsində şikayət olunmasına zəmin yaratdığına görə ona verilmiş çoxsaylı intizam tənbehlərindən nəticə çıxarmamış, aparılmış araşdırma prosesində isə qeyri-səmimi mövqe tutaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışmış və bununla da, qüvvədə olan normativ aktların tələblərini pozmuşdur. Bununla da aşkar edilmişdir ki, iddiaçı intizam tənbehinə cəlb olunmağa layiqdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsindəki birinci icraat: Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-1999/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İmran Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının öz xidməti fəaliyyəti dövründə xidmətdə olduğu zaman heç bir məlumat vermədən xidməti postu tərk etməsi, ailəli olduğu halda vətəndaş H.Hüseynova ilə qeyri-rəsmi münasibət quraraq (özü də izahatında təsdiq etmişdir) barəsində şikayət olunmasına zəmin yaratması, habelə xidmətdə olduğu və xidmətdən kənar vaxtlarda daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı olduğu halda cəmiyyətdə qəbul olunmuş norma və qaydaları pozması, habelə ona tətbiq olunmuş intizam məsuliyyətindən heç bir nəticə çıxarmaması onun barəsində qəbul edilmiş mübahisəli xx.xx.2023-cü il tarixli, 3-13-17-Ə143/2023 nömrəli əmrin əsaslı olaraq qəbul edilməsinə dəlalət edir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Polis haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur: polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; ... Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: ... 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. ... Maddə 15. Polis əməkdaşının məsuliyyəti ... İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. ... İV. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. V. Polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. Maddə 29. Polis əməkdaşının andı İ. Polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl təntənəli şəraitdə şəxsi heyətin yığıncağında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: “Mən, polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə və daim sadiq qalmağa, Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunlarını rəhbər tutmağa, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, qanunçuluğa ciddi riayət etməyə, xidməti vəzifələrimi namusla və vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumağa və lazım gələrsə, həyatımı belə əsirgəməməyə and içirəm”. Maddə 33. Polis əməkdaşının məsuliyyəti İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 2) xidmət və icra intizamını pozduqda; 3) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə. ... Maddə 3 4 . Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; ... İİ. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə:

1. Daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.

2. Daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və "Polis haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Əsasnamədən, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir.

108. Daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.

114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: ... 7) xidmətdən xaric edilmə. Bənd 135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; ... Bənd 148. Bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, tutduğu vəzifələrdən azad edilib aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarında xidmətdən xaric edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və daxili işlər orqanlarında xidmətə bərpa edilməlidirlər. Bənd 149. Daxili işlər orqanlarında vəzifələrə, xüsusi rütbələrə və xidmətə bərpa olunma üçün əsaslar aşağıdakılardır: xidməti yoxlamaların nəticələri üzrə rəy, məhkəmənin qüvvəyə minmiş qərarı, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin xidmətə bərpa olunması barədə ərizəsi.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 17. Məhkəmə baxışının aşkarlığı prinsipi 17.1. Məhkəmə iclasları, bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ictimaiyyət üçün açıq keçirilir. Məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmaması qadağandır. ... 17.3. İnformasiyanın, qanunla qorunan hər hansı sirrin açıqlanmasının yolverilməz olduğu hallarda, proses iştirakçılarının şəxsi və ya ailə həyatının toxunulmazlığının təmin edilməsinin tələb olunduğu hallarda, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunmasının zəruri olduğu hallarda, habelə proses iştirakçılarının və ya digər şəxslərin həyatı, sağlamlığı və ya azadlığı üçün təhlükə yarandığı hallarda proses iştirakçılarının vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə məhkəmə iclası qapalı keçirilə bilər. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 60. İnzibati orqanların tələb olunan sənədləri və məlumatları təqdim etmək vəzifəsi İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçı 05 sentyabr 2018-ci il tarixdən 17 iyun 2023-cü il tarixədək DİN-in Baş Mühafizə İdarəsinin X4 şöbəsində polis nəfəri vəzifəsində xidmət etmiş, xidmətdə olduğu dövrdə DİN-in 17 iyun 2023-cü il tarixli, 3-13-17/Ə143/2023 nömrəli əmrinə əsasən barəsində xx.xx.2022-ci il tarixli, Ə363-038-22 nömrəli əmrlə elan olunmuş “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin qüvvədə olması nəzərə alınaraq, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9 və 10-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı həmin əmri mübahisələndirir. Birinci instansiya məhkəməsi iddiaçının X7 bir sıra maddələrinin (1, 12, 14, 22-ci maddələr) tələblərini pozmaqla polis adına zidd hərəkətlərə yol verdiyi və ona edilən xəbərdarlıqlara və tətbiq olunan intizam məsuliyyətinə əməl etməyərək yenidən hüquq pozuntuları törədərək polis adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyi əsası ilə qanuni olaraq xidmətdən xaric edildiyi qənaətinə gəlmiş və bu baxımdan, iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olmuş iddiaçının xidməti fəaliyyəti zamanı yol verdiyi hərəkətlərində daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hallar mövcuddur. Belə ki, işdən görünür ki, iddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək, qadın-kişi münasibətlərində riyakarlığa yol verərək, ailəli olduğu halda, vətəndaş H.Hüseynova ilə qeyri-rəsmi münasibət qurmuş, bununla da, H.Hüseynova tərəfindən barəsində DİN-in “102” Xidmətinə şikayət edilməsinə zəmin yaratmış, qeyd olunan hərəkətlərlə iddiaçı “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 12 və 17-ci maddələrinin tələblərini pozduğu üçün ona “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 114-cü maddəsinin 4-cü bəndinə əsasən “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmiş və bununla bağlı cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli, Ə363-038-22 nömrəli əmr qəbul edilmişdir. Qeyd olunan məsələ ilə bağlı inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixdə iddiaçı özü də izahatında bildirmişdir ki, H.Hüseynova ilə sosial şəbəkə vasitəsilə tanış olmuş, bir müddət danışdıqdan sonra qeyri-rəsmi münasibət qurmuş, ailəli olduğu müddətdə də sonuncu ilə münasibətləri davam etmiş, son 3 aydır münasibətləri bitmişdir. Yəni, iddiaçının özü onun barəsində “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsinə əsas olmuş halları – ailəli olduğu halda H.Hüseynova ilə qeyri-rəsmi münasibətdə olduqlarını izahatında təsdiq etmişdir. Hazırda mübahisələndirilən iddiaçının xidmətdən xaric edilməsi barədə 17 iyun 2023cü il tarixli, 3-13-17/Ə143/2023 nömrəli əmrin qəbul edilməsinə əsas olmuş hal isə - onun ailəli və himayəsində azyaşlı övladlarının olmasına baxmayaraq, qardaşı Rauf Heydərovun həyat yoldaşı Sürəyya Heydərova ilə etik qaydalara zidd qeyri-rəsmi münasibətlər qurması və düşünülməmiş hərəkətləri ilə barəsində haqlı şikayətə zəmin yaratması, eləcə də, xidmətdə mənfi xarakterizə olunması, araşdırma zamanı qeyrisəmimilik göstərməsi və hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və nüfuzuna xələl gətirməsi olmuşdur. Məhkəmə araşdırması zamanı əmrin qəbul edilməsinə əsas olmuş hallarından iddiaçının qardaşı arvadı S.Heydərova ilə etik qaydalara zidd qeyri-rəsmi münasibətlər qurduğu təsdiqini tapmasa da, onun düşünülməmiş hərəkətləri ilə barəsində şikayətlərin olmasına zəmin yaratması, xidmətdə mənfi xarakterizə olunması və bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və nüfuzuna xələl gətirməsi baxımından məhkəmə hesab edir ki, onun barəsində qəbul edilmiş əmr əsaslı hesab edilməlidir. Belə ki, işdən görünür ki, 2023-cü ilin aprel və iyul aylarında iddiaçı ilə onun həm qonşusu, həm də bacanağı X6 arasında mübahisələr olmuş, hətta həmin ilin iyul ayında adıçəkilən şəxslər arasında olmuş mübahisə zamanı onlar bir-birlərinin sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmişlər. Qeyd olunanlarla bağlı, iddiaçı tərəfindən Şabran rayon Polis Şöbəsinə edilmiş müraciətlə əlaqədar toplanmış material üzrə Şabran RPŞ-nin TQ-da aparılmış təhqiqat araşdırmasının nəticəsinə dair 03 may və 23 avqust 2023-cü il tarixlərində “Cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında” qərarlar qəbul edilmiş, həmçinin, gələcəkdə baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə iddiaçı və H.Z.Əliyevin adının münaqişəli ailələr kimi qeydiyyata alınmaları üçün qərarın surəti Şabran RPŞ-nin İTB-yə göndərilmişdir. İşin sadalanan halları - xidmətdə mənfi xarakterizə olunması, həm qonşusu, həm də bacanağı X6 arasında dəfələrlə mübahisələr olması və s. hallar cavabdeh inzibati orqan tərəfindən polis əməkdaşı adına ləkə gətirən hərəkət kimi qiymətləndirilərək xidmətdən xaric edilmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin yuxarıda sadalanan normalarının tələblərindən göründüyü kimi polis əməkdaşı adına ləkə gətirən hərəkət edilməsi xidmətdən xaric edilmə əsasıdır. Eləcə də, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” nin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. 12-ci maddəsinə əsasən cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir. 14-cü maddəsinə əsasən iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. 17-ci maddəsinə əsasən müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi” ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə üzərinə qoyulmuş qaydalara riayət edilməməsi müəyyən edildiyindən, onun daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə xidmətdən xaric edilməsinə dair cavabdehin əmri qanunauyğun olmuşdur. Odur ki, hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin qeyd olunan xüsusatlarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının iddia tələbində və şikayətində istinad etdiyi dəlillər yuxarıda göstərilən, polis əməkdaşının məsuliyyətini müəyyən edən normaların tətbiqi şərtlərinə təsir etmir, onların tətbiqini aradan qaldırmır və ya məhdudlaşdırmır. Buna görə də, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-1999/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar