Məhkəmə qərarları › İş №2-1(105)-722/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-722/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-722/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə ödənilməmiş müavinətin ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(118)-3637/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, iddiaçının övladı Zeynalova Zəhra Anar qızına “Epilepsiya tez-tez baş verən tutmalarla psixi inkişafdan geri qalma” diaqnozu ilə xx.xx.2013-cü il tarixindən iki il müddətinə əlillik təyin edilmişdir. Daha sonra əlillik xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra xx.xx.2022-ci il tarixli, 7ZVT93P0006 nömrəli müayinə aktına əsasən iddiaçının övladının “Göndərişin natamam doldurulması - Səbəb: Şagirddir, hal-hazırda təhsil alır. Ekspertiza üçün əhəmiyyətli olan əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçının övladına xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq orqanizmin funksiyasının 55 faizinin pozulması ilə əlillik təyin edilmişdir. İddiaçı övladının əlilliyi müddətinin bitdiyi 2022-ci ilin may ayından onun bərpa edildiyi 2022-ci ilin dekabr ayınadək olan dövr ərzində ona ödənilməli olan müavinət məbləğinin ödənilməsi ilə əlaqədar ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 19 may 2023-cü il tarixli, 3-17-1/2-Z-**********3 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Zeynalova Zəhra Anar qızının əlilliyinin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Təkrar müayinə əsasında əlilliyi xx.xx.2022-ci il tarixdən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ona ərizədə qeyd edilən dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qızı Zeynalova Zəhra Anar qızının əlillik müddətinin bitdiyi tarixdən yenidən əlilliyinin bərpa edildiyi müddətədək əlillik vəziyyətinə uyğun müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı övladı Zeynalova Zəhra Anar qızının sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitdiyi 2022-ci ilin may ayından onun bərpa edildiyi 2022-ci ilin dekabr ayınadək olan dövr ərzində ona ödənilməli olan müavinət məbləğinin ödənilməsi ilə əlaqədar ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-864/2023 nömrəli analoji iş üzrə mövqeyinə əsasən iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2022-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 06 ay ərzində deyil, 06 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(118)-3637/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının övladı Zeynalova Zəhra Anar qızının əlillik müddətinin bitdiyi tarixdən yenidən əlilliyinin bərpa edildiyi müddətədək əlillik vəziyyətinə uyğun müavinətin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim İ.Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının övladı xx.xx.2022-ci il tarixdə Sumqayıt Psixiatriya Xəstəxanasında qeydiyyatda olmuş və tibb müəssisəsi tərəfindən TSEK-ə göndərişlər verilmişdir. Həmin tibb müəssisəsinin göndərişi əsasında onun əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək öz təsdiqini tapmışdır. Həmin müddətin ötürülməsi (30 gün) iddiaçının təqsiri üzündən baş verməmişdir ki, bunun nəticəsində də iddiaçının azyaşlı övladının sosial təminat hüququnun məhdudlaşdırılması düzgün olmazdı. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən əlilliyin müəyyən ediİməsi barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün əsasdır. Hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmir. İddaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyə görə ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qeyd olunan səbəblərdən qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “Sosial müavinətlər haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçının övladı Zeynalova Zəhra Anar qızına xx.xx.2013-cü il tarixindən iki il müddətinə əlillik təyin edilmiş, daha sonra əlillik xx.xx.2016cı il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmış və buna müvafiq olaraq müavinət ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Bundan sonra, iddiaçının övladına xx.xx.2022-ci il tarixdə göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra ona xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 55 faizinin pozulması ilə təkrar müddətsiz əlillik təyin edilmiş və müavinətin ödənişinin həyata keçirilməsi bərpa edilmişdir. Hazırda iddiaçının tələbi və hüquqi marağı müavinətin ödənişinin dayandırıldığı xx.xx.2022-ci il tarixdən övladının əlilliyinin bərpa olunduğu xx.xx.2022-ci il tarixədək olan dövr, yəni 06 ay 03 günlük dövr üçün ödənilməmiş müavinətin ödənilməsidir. Birinci instansiya məhkəməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsində göstərilən altı aylıq müddət ərzində əlilliyin təyin edilməməsinin iddiaçının təqsiri olmamasına istinadən iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əliliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018ci il tarixli, 213 nömrəli Fərmanına əsasən qanunun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, həmin maddədə “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur. Həmçinin, “Əlilliyin qiymətləndirilməsi qaydası” nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək şəxs əlilliyi olan şəxs hesab edilir. Bundan əlavə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna 24 iyul 2021-ci il tarixdən əlavə edilən 3.3-1-ci maddəyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin yuxarıda qeyd olunan mübahisəsiz hallarından göründüyü kimi iddiaçının övladına təkrar əlillik onun bitdiyi tarixdən 6 aydan sonra - xx.xx.2022-ci il tarixdə təyin edilmişdir. İşə baxan məhkəmə 6 aylıq müddət ərzində əlilliyin təyin edilməməsinin iddiaçının təqsiri olmamasına istinadən ödənişin aparılmalı olması nəticəsinə gəlsə də, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan əlillik təyin edən qurumun qərarında göstərilən əlilliyin təyin tarixi ilə bağlıdır. Başqa sözlə, əlillik təyin edən qurumun qərarında qeyd olunan əlilliyin təyin tarixi cavabdehə pensiya ödənişinin hansı qaydada və hansı tarixdən həyata keçirilməli olması üçün əsasdır. Hazırda iddiaçı onun övladına əlilliyin vaxtında təyin edilməməsində təqsirsiz olması halından çıxış edirsə, bu halda, ilk növbədə o, əlilliyin təyini ilə bağlı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirməklə, həmin qərarla təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsinə nail olduqdan sonra hazırkı iş üzrə cavabdehə qarşı əvvəlki dövr üçün pensiya ödənişinin həyata keçirilməsi ilə bağlı tələb irəli sürə bilər. Bundan əlavə, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 89-cü maddəsi Mülki Məcəllənin 1100-cü maddəsinə müvafiq olaraq əlilliyin gec təyin edilməsində təqsirli olan dövlət orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini də tələb edə bilər Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını araşdırmadan iddia tələbini təmin edərkən haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(118)-3637/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar