Məhkəmə qərarları › İş №2-1(105)-723/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-723/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-723/2022 15.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-1446/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus ZE ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 1999-cu ildə C.Naxçıvanski adına Hərbi Liseyi, 2003-cü ildə isə Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, xx.xx.1999-cu ildən hərbi xidmətə başlamış, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0527 nömrəli, xx.xx.2009-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 804 nömrəli, 03 sentyabr 2009-cu il tarixli Xəstəlik haqqında Şəhadətnaməsindən görünür ki, İddiaçı “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı” hesab edilmişdir.

3. İddiaçı ilə Hüseynova Qəndaf Şirin qızı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kirayə müqaviləsindən görünür ki, Hüseynova Qəndaf Şirin qızı ünvan 1 ünvanında yerləşən mənzili iddiaçıya kirayəyə vermişdir.

4. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 58 saylı, 14 fevral 2022-cı il tarixli sərəncamından görünür ki, İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və onun ailə tərkibi 4 (dörd) nəfərdən ibarətdir.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ona mənzil kirayə xərcinin ödənilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli İcra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli İcra hakimiyyəti başçıları hərbi qulluqçuların mənzil sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Ona 2-ci qrup (hərbi xidmət vəzifələrini yerinə yetirərkən) əlil kimi mənzil uçotuna alındığından qanunvericiliyin tələbinə görə müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi şamil edilmir.

Birinci instansiya məhkəməsində icraat

6. İmtina ilə razılaşmayan iddiaçı iddia qaldıraraq, cavabdehə müraciət etdiyi tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1982-ci ildə anadan olmuşdur. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyi, 2003-cü ildə isə Azərbaycan Ali hərbi məktəbi bitirmişdir. Kapitan hərbi rütbəsində xidmət etmişdir. 03 sentyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası MN Hərbi Həkim Komissiyasının 804 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı" hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0527 nömrəli xx.xx.2009-cu il tarixli əmrinə müvafiq olaraq xx.xx.2009-cu il tarixdə “Hərbi xidmət keçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətən ehtiyata buraxılmışdır. Hal-hazırda evlidir və həyat yoldaşı, iki övladı ilə bərabər kirayə mənzildə yaşayır. Onun və həyat yoldaşının adında heç bir daşınmaz əmlak və torpaq sahəsi yoxdur. Ehtiyata buraxıldıqdan sonra “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 nömrəli Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası ilə ona verilmiş hüquqdan istifadə edərək mənzil və ya torpaq sahəsinin ayrılması, mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 14 fevral 2022-ci il tarixli 58 nömrəli Sərəncamı ilə o 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınsa da, qanunsuz və əsassız olaraq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Halbuki adını qeyd etdiyi Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası və 4-cü abzaslarında ehtiyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə təmin olunma barədə, habelə buna qədər müvəqqəti mənzil kirayəsi xərclərinin qarşılanması barədə hüquqlarının olması öz əksini tapmışdır. Mənzil kirayə xərcinin ödənilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli Ə-37/2-068/2 nömrəli məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti ona 2-ci qrup (hərbi xidmət vəzifələrini yerinə yetirərkən) əlil kimi mənzil uçotuna alındığını əsas gətirərək qanunvericiliyin tələbinə görə ona müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsindən imtina etməsi qanunvericiliklə nəzərdə tutulmuş hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, ölkənin digər rayon və şəhərlərində onunla eyni qaydada ehtiyata buraxılmış və müraciət etmiş əksər zabitlərin şəhər icra hakimiyyətləri tərəfindən müvəqqəti mənzil kirayəsi xərcləri qarşılanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarı ilə müəyyən edilmişdir ki, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Qeyd edir ki, cavabdehin imtinası əsassızdır və cavabdeh tərəfindən imtina edilərkən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 nömrəli Qanununun 12-ci maddəsi düzgün tətbiq edilməmişdir.

8. Cavabdeh yazılı etirazında qeyd etmişdir ki, ehtiyatda olan kapitan İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixə qədər AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2009-cu il tarixdə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. xx.xx.2009cu il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatdadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində ona xx.xx.2013-cü il tarixdə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Ərizəçi imtiyazı əsasında xx.xx.2022-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. İddiaçı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətdə (d.o Ə-37/2-068/2, xx.xx.2022-ci il) ehtiyata buraxıldığını bildirərək, ona mənzil kirayə xərcinin ödənilməsini xahiş etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları hərbi qulluqçuların mənzil sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. "Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən hərbi xidmət əlillərinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Ərizəçiyə ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, o hərbi xidmət vəzifələrini yerinə yetirərəkən alınmış xəstəliyə görə 2-ci qrup əlil kimi mənzil uçotuna alındığından qanunvericiliyin tələbinə görə ona müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi şamil edilmir. Bu barədə İddiaçı tərəfindən Şəhər İcra Hakimiyyətinə daxil olmuş d.o Ə-37/2-068/2, xx.xx.2022-ci il tarixli müraciətə imtina cavabı verilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-1446/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək İddiaçı cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin ödənilməsi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu

15. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. (...) Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ (...) 2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarı: Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. (...)

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıya, cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin ödənilməməsi barədədir.

22. İş materialları ilə müəyyən edilir ki, xx.xx.1999-cu ildən hərbi xidmətə başlamış, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0527 nömrəli, xx.xx.2009-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 58 saylı, 14 fevral 2022-cı il tarixli sərəncamından görünür ki, İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

23. İddiaçı mənzil kirayə xərcinin ödənilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

24. Cavabdeh inzibati orqanın həmin məktubunda imtinanın əsası kimi İddiaçı 2-ci qrup (hərbi xidmət vəzifələrini yerinə yetirərkən) əlil kimi mənzil uçotuna alındığından ona müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinin şamil edilmədiyi göstərilmişdir.

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd edilən hüquq normalarının mənasından göründüyü kimi qanunverici mənzil kirayə xərclərinin ödənilməsini nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini fərqləndirmədən, xəstəliyə görə ehtiyata buraxılmış şəxslərə də mənzil kirayə xərclərinin verilməsi ilə bağlı hər hansı məhdudiyyətlər nəzərdə tutulmamışdır.

26. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı hesab etməyərək birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

27. İşdə olan sənədlərə görə iddiaçı xəstəliyə ğörə ehtiyata buraxılmış hərbi qulluqçudur və cavabdeh iddiaçını 2-ci qrup hərbi xidmət əlili kimi mənzil uçotuna almışdır.

28. Yuxarıda istinad edilən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü hissəsinə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin edirlər. İddiaçı xəstəliyə görə ehtiyata buraxılmışdır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarına əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər.

30. Beləliklə, həm Qanunda, həm də Nazirlər Kabinetinin qərarında xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutmuşdur.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ehtiyatda olan kapitan olduğundan və xəstəliyə görə ehtiyata buraxıldığından ona və ailə üzvlərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci intansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-1446/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar