Məhkəmə qərarları › İş №2-1(105)-723/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-723/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-723/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü və X4 19 avqust 2022-ci il tarixli 34 saylı arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR-005/22 nömrəli arayışında, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışında, "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışında, "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli izahlı arayışda göstərilən dövrləri nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-1764/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin əsasən, xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1. ДТ-İ seriyalı 757241 nömrəi diplomun notarial təsdiq olunmuş surətinə əsasən iddiaçı 1977-ci ildə Sumqayıt Politexnik Teknikumuna daxil olmuş, 1981-ci ildə həmin texnikumun “texnik-metallurq” ixtisasını bitirmişdir.

2. HЗ seriyalı, ******* nömrəli hərbi biletin notarial təsdiq olunmuş surətinə əsasən iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

3. БT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1980-ci illərdə, xx.xx.1981-xx.xx.1981-ci illərdə, xx.xx.1981-xx.xx.1983cü illərdə (hərbi xidmət dövrü), xx.xx.1984-xx.xx.1985-ci illərdə, xx.xx.1985-xx.xx.1987-ci illərdə, xx.xx.1987-xx.xx.1993-cü illərdə, xx.xx.1999xx.xx.2001-ci illərdə, xx.xx.2002xx.xx.2005-ci illərdə, xx.xx.2005-xx.xx.2012-ci illərdə, xx.xx.2012-xx.xx.2016-cı illərdə, xx.xx.2017-xx.xx.2020-ci illərdə, xx.xx.2020xx.xx.2022-ci illərdə əmək fəaliyyətilə məşğul olmuşdur.

4. SDL Denholm Limited şirkətinin xx.xx.2022-ci il tarixli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən, iddiaçı güzəştli şərtlə pensiya hüququ verən quraşdırıcı vəzifəsində xx.xx.2002-xx.xx.2005-ci il tarixlərdə (02 il 06 ay 28 gün) çalışmışdır. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

5. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/Aİ/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçının xx.xx.2005-xx.xx.2016-cı il tarixlərdə (11 il, 06 ay, 22 gün) dəniz platformalarında metal-konstruksiya üzrə quraşdırıcı, baş usta və nəzarətçi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu maddəsinin birinci bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir.

6. SDL Nobel MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2017xx.xx.2020-ci illərdə (02 il, 10 ay, 16 gün) boru quraşdırıcı vəzifəsində çalışmışdır ki, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində nəzərdə tutulmuş vəzifə kodunda müəyyən edilmiş sahə və vəzifənin xüsusiyyətləri ilə eynidir.

7. Denholm Limited şirkətinin xx.xx.2022-ci il tarixli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən (02 il 01 ay 20 gün) boru quraşdırıcı vəzifəsində çalışır. Həmin vəzifə “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

8. Cavabdeh orqanının xx.xx.2022-ci il tarixli **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyindatından imtina haqqında məktubuna əsasən iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması tövsiyə edilmşdir.

9. İş materiallarına iddiaçıya məxsus əmək kitabçasının tərcümə edilərək notarial qaydada təsdiqlənmiş surəti də əlavə edilmişdir.

10. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 34 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1981-xx.xx.1981-ci illərdə, xx.xx.1984-xx.xx.1985-ci ilədək Boru yayma sexində soyuq boru kəsicisi vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968 şifri ilə güzəştli şərtlə pensiya almaq hüququ verir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10514/2022 nörəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1 mart 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunun “Yayma ixtisası” üzrə tam kursunu bitirmişdir. Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrdə 22 may 1980-ci il tarixdən 05 noyabr 1980-ci il tarixədək X6 Metallurgiya zavodunun 2 nömrəli boru prokat sexində 3-cü kateqoriya üzrə boru kəsicisi və boru prokatı maşınına əl ilə işləyən yaymaçı vəzifəsində praktika keçmişdir. Sumqayıt Politexnik Texnikumunu bitirdikdən sonra 07 sentyabr 1981-ci il tarixdə Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun Boru Prokat sexinə soyuq boru kəsicisi vəzifəsinə təyin olunmuşdur. 09 oktyabr 1981-ci il tarixdə Sovet ordusu sıralarına hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunmuşdur. 23 oktyabr 1981-ci il tarixdən 01 dekabr 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olduqdan sonra 02 fevral 1984-cü il tarixdən 01 sentyabr 1985-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun 3 kateqoriyalı 4M-1 muftaların istehsalı üzrə EMAQ axın muftalarının bölməsində sexdə soyuq boru kəsicisi vəzifəsində işləmişdir. 18 noyabr 1985-ci il tarixdən 10 iyul 1987-ci il tarixədək “Azneftkimyaquraşdırma” trestinin Sumqayıt montaj boşluqları zavodunda qazan qaynaq sexinə 3-cü dərəcəli çilingər quraşdırıcı, metalokonstruksiyaçı vəzifəsində işləmişdir. 29 iyul 1987-ci il tarixdən 20 aprel 1993-cü il tarixədək Azərbaycan SSR Bakı Yüngül Metal Konstuksiyaların Təcrübə zavodunda aşağı metalkonstruksiyaların quraşdırılması üzrə 4-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. 10 yanvar 1999-cu il tarixdən 25 dekabr 2001-ci il tarixədək Sumqayıt X2 Səhmdar Cəmiyyətində yığıcı çilingər vəzifəsində işləmişdir. 12 avqust 2002-ci il tarixdən 09 mart 2005-ci il tarixədək SDL Denholm Limited Şirkətinin filialında quraşdırıcı vəzifəsində işləmişdir. 08 mart 2005-ci il tarixdə AMEC Services LTD şirkətinə dəniz platformalarında Metal-Konstruksiya üzrə quraşdırım peşəsinə işə qəbul edilmiş, 14 dekabr 2006-cı il tarixdə Metal-Konstruksiya üzrə Baş usta peşəsinə, 13 yanvar 2008-ci il tarixdən Metal- Konstruksiya üzrə Nəzarətçi peşəsinə keçirilmişdir. 31 yanvar 2012-ci il tarixdə işdən azad edilmişdir. 01 fevral 2012-ci il tarixdən 30 sentyabr 2016-cı il tarixədək “AMEC MMC” şirkətinə dəniz platformalarında yerləşən iş sahəsinə Metal-Konstruksiya üzrə Nəzarətçi vəzifəsində işləmişdir. 17 aprel 2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixinədək “SDL NOBEL” şirkətində boru quraşdırıcısı, 02 mart 2020-ci il tarixinədək dənizdə boru quraşdırıcısı vəzifəsində işləmişdir. 02 mart 2020-ci il tarixindən "xxxx" Şirkətinin filialında boru quraşdırıcısı vəzifəsinə qəbul edilmiş və hal-hazırda da həmin şirkətdə işləyir. İddiaçı 01 sentyabr 1977-ci il tarixdən 01 mart 2022ci il tarixədək 39 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. 2022-ci ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ərizəyə qanunvericiliyin tələblərinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının əslini, Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunu bitirməyini təsdiq edən Diplomun notariusda təsdiq edilmiş surətini, hərbi biletin 1,2-ci səhifələrinin notariusda təsdiq edilmiş surətini, güzəştli şərtlərlə pensiya hüququ verən arayışları əlavə etmişdir. Cavabdeh orqan 07 iyun 2022-ci il tarixli məktub ilə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Həmin imtina məktubu ona Azərpoçtun Sumqayıt Mərkəzi filialı tərəfindən 14 iyun 2022-ci il tarixdə rəsmi qaydada verilmişdir. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qənaətinə görə iddiaçının Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun 3 kateqoriyalı 4M-1 muftaların istehsalı üzrə EMAQ axın muftalarının bölməsi sexində soyuq boru kəsicisi vəzifəsində 02 fevral 1984-cü il tarixdən-01 sentyabr 1985-ci il tarixədək işlədiyi dövr, SDL Denholm Limited Şirkətinin filialında 12 avqust 2002-ci il tarixdən-09 mart 2005-ci il tarixədək quraşdırıcı vəzifəsində işlədiyi dövr, AMEC Services LTD şirkətində dəniz platformalarında 08 mart 2005-ci il tarixdən -14 dekabr 2006-cı il tarixədək Metal-Konstruksiya üzrə quraşdırıcı peşəsində işlədiyi dövr, 14 dekabr 2006-cı il tarixdən 13 yanvar 2008-ci il tarixədək Metal- Konstruksiya üzrə Baş Usta peşəsində işlədiyi dövr, “SDL NOBEL” şirkətində 17 aprel 2017-ci il tarixdən 02 mart 2020-ci il tarixinədək boru quraşdırıcısı peşəsində işlədiyi dövrlər hansı ki, 9 il 8 ay 3 gün təşkil edir, güzəştli şərtlərlə iş stajı sayılır. Hesab edilir ki, cavabdehin imtinası aşağıdakılara əsasən qanunazidd və əsassızdır. SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR005/22 nömrəli arayışına əsasən iddiaçı 12 avqust 2002-ci il tarixdən 09 mart 2005-ci il tarixinə kimi SDL "xxxx" Şirkətinin filialında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən quraşdırıcı vəzifəsində çalışmış və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 6 ay 28 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmirbeton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçı 08 mart 2005-ci il tarixdə AMEC Services LTD şirkətinə dəniz platformalarında Metal-Konstruksiya üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 14 dekabr 2006-cı il tarixdə Metal-Konstruksiya üzrə Baş Usta peşəsinə keçirilmiş, 13 yanvar 2008-ci il tarixdən Metal-Konstruksiya üzrə Nəzarətçi peşəsinə keçirilmiş və 31 yanvar 2012-ci il tarixdə işdən azad edilmişdir. Həmin arayışa əsasən iddiaçı 01 fevral 2012-ci il tarixdə “AMEC MMC” şirkətinə dəniz platformalarında yerləşən iş sahəsinə MetalKonstruksiya üzrə Nəzarətçi peşəsinə işə qəbul edilmiş və 30 sentyabr 2016-cı il tarixdə işdən azad edilmişdir. AMEC Services LTD və “AMEC MMC” şirkətlərində həmin peşələr üzrə ümumi əmək stajı 11 il 06 ay 22 gün hesablanmışdır. Arayışa əsasən “AMEC MMC” AMEC Services LTD şirkətinin hüquqi varisidir. SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışına əsasən iddiaçı 17 aprel 2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixinədək “SDL NOBEL” şirkətində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən boru quraşdırıcısı (nəzarətçi), 30 aprel 2017-ci il tarixdən 02 mart 2020-ci il tarixinədək isə dənizdə boru quraşdırıcısı vəzifəsində çalışmış və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 10 ay 16 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışına əsasən o, 02 mart 2020-ci il tarixdən "xxxx" Şirkətinin filialında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən boru quraşdırıcısı vəzifəsində çalışır və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 01 ay 20 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. Beləliklə, göstərilən arayışlara əsasən, iddiaçı 01 sentyabr 1977-ci il tarixdən 01 mart 2022-ci il tarixədək 39 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. Beləliklə, iddiaçı 39 ildən çox ümumi iş stajına, 15 ildən çox güzəştli iş stajına malik olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

14. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun işlədiyi boru quraşdırıcı nəzarətçi, quraşdırıcı, baş usta və nəzarətçi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olmadığı üçün güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İstinad olunan Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var idi. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İş materiallarına əsasən mübahisəli məqam iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Eyni zamanda bildirilir ki, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/Aİ/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2005-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "AMEC” MMC-də quraşdırıcı, baş usta, nəzarətçi vəzifələrində işləmişdir. Belə ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi əmək kitabçası və "Denholm Oylfield Services Limited” şirkətinin 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışına əsasən o, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətdə boru quraşdırıcı nəzarətçi vəzifəsində işləmişdir. İmtina məktubu aşağıda qeyd olunan səbəblərə görə əsaslıdır. 1-ci səbəb xx.xx.2005-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının dəniz platformalarında işlədiyi quraşdırıcı, baş usta, nəzarətçi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Belə ki, qeyd edilən vəzifələr sözügedən siyahının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində qazma bəndində nəzərdə tutulmamışdır. 2-ci səbəb isə iddiaçının işlədiyi boru quraşdırıcı nəzərətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Göstərilənlərə əsasən iddiaçının güzəştli iş stajı 9 il 8 aydan ibarət olmaqla xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.2002-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2006xx.xx.2008-cı il, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrləri əhatə edir. Hazırki iş üzrə mübahisələndirilən dövrlər kimi xx.xx.2005-xx.xx.2016-cı il və xx.xx.2020xx.xx.2022-ci il tarixləri tarixləri arasındakı dövrlər müəyyən edimişdir. Əlavə olaraq iddiaçının ümumi iş stajı 30 il 9 ay 17 gündən ibarət olmaqla xx.xx.2006-cı il tarixinədək 14 il 11 ay 17 gün, xx.xx.2006-cı il tarixdən sonra isə 15 il 10 ay təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 228521,01 manat təşkil etmişdir. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğu üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

15. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-1764/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında ümumi iş stajına malik olması, habelə müəssisə tərəfindən verilən arayışda güzəştli iş stajına malik olması təsdiqlənmişdir.

17. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

22. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

23. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

24. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ....Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

25. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

26. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, hazırki mübahisənin predmeti Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrün və iş materiallarında olan arayışlarda göstərilən dövrlərin onun sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədədir.

31. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir ki, imtinanın 1-ci səbəbi: xx.xx.2005-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının dəniz platformalarında işlədiyi quraşdırıcı, baş usta, nəzarətçi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Belə ki, qeyd edilən vəzifələr sözügedən siyahının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində qazma bəndində nəzərdə tutulmamışdır. 2-ci səbəb isə iddiaçının işlədiyi boru quraşdırıcı nəzərətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil.

32. Kollegiya cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir:

33. Yuxarıda qeyd olunan normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

34. xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı;

35. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

36. 10.03.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

38. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur.

39. İşdən göründüyü kimi, cavabdeh orqan ümumi stajı mübahisələndirməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş БT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1980-ci illərdə, xx.xx.1981-xx.xx.1981-ci illərdə, xx.xx.1984xx.xx.1985-ci illərdə, xx.xx.1985-xx.xx.1987-ci illərdə, xx.xx.1987xx.xx.1993-cü illərdə, xx.xx.1999-xx.xx.2001-ci illərdə, xx.xx.2002-xx.xx.2005-ci illərdə, xx.xx.2005xx.xx.2012-ci illərdə, xx.xx.2012-xx.xx.2016-cı illərdə, xx.xx.2017xx.xx.2020-ci illərdə, xx.xx.2020-xx.xx.2022-ci illərdə əmək fəaliyyətilə məşğul olmuşdur.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

41. Bundan başqa, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil edilir (maddə 21.2.11).

42. İddiaçı xx.xx.1977-xx.xx.1981-ci illərdə Sumqayıt Politexnik Teknikumunda təhsil almışdır ki, qanunvericilik həmin müddəti də iş stajı kimi qəbul etmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Beləliklə, iddiaçının ümumi iş stajının 37 il, 05 ay, 05 gün olması iş materialları ilə təsdiq olunmuşdur.

43. Məhkəmə kollegiyası iddiaçının güzəştli stajı ilə bağlı isə qeyd edir ki, işdə olan SDL Denholm Limited şirkətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı güzəştli şərtlə pensiya hüququ verən quraşdırıcı vəzifəsində xx.xx.2002-xx.xx.2005-ci il tarixlərdə (02 il 06 ay 28 gün) çalışmışdır. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir (23-cü abzas).

44. Bundan başqa "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/Aİ/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçının xx.xx.2005-xx.xx.2016-cı il tarixlərdə (11 il, 06 ay, 22 gün) dəniz platformalarında metal-konstruksiya üzrə quraşdırıcı, baş usta və nəzarətçi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu maddəsinin birinci bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. Həmçinin, SDL Nobel MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2017-xx.xx.2020-ci illərdə (02 il, 10 ay, 16 gün) boru quraşdırıcı vəzifəsində çalışmışdır ki, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində nəzərdə tutulmuş vəzifə kodunda müəyyən edilmiş sahə və vəzifənin xüsusiyyətləri ilə eynidir. Denholm Limited şirkətinin xx.xx.2022-ci il tarixli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən (02 il 01 ay 20 gün) boru quraşdırıcı vəzifəsində çalışır. Həmin vəzifə “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir.

46. Beləliklə kollegiya qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması, azı 25 il iş stajının olması və bu müddətin 12 il 06 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. İddiaçının pensiya kapitalı ilə isə ümumiyyətlə cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz.

48. Kollegiya cavabdehin hazırkı və oxşar işlər üzrə əmək pensiyası hüququ olan şəxslərin sığorta stajının hesablanmasına formal yanaşması və “İnzibati icraat haqqında” qanunun tələblərini pozmaqla qanunvericiliyin tələblərini pensiya təminatını həyata keçirməli olan inzibati orqanın mənafeyinə uyğun olaraq görməzdən gəlməsi və yanlış tətbiq edilməsi ilə bağlı praktikasının vətəndaşların konstitusion pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələndiyindən yolverilməz olduğunu qeyd edir.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-1764/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar