Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-724/2025 06.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın və dövlət reyestrində qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2-1(118)-3972/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 08 sentyabr 2006-cı il tarixli 382 nömrəli Sərəncamdan görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən və ümumi torpaq sahəsi 600 (altı yaz) kv.metr, ümumi tikinti sahəsi 141.96 (yüz qırx bir tam yüzdə doxsan altı) kv.metr, yaşayış sahəsi 72 (yetmiş iki) kv.mter, köməkçi sahəsi 69.96 (altmış doqquz tam yüzdə doxsan altı) kv.metr olan 3 (üç) otaqlı 2a/1 saylı fərdi yaşayış evinin İddiaçı adına hüquqi qeydiyyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı adına verilmiş Seriya MH, ******* nömrəli, 21 sentyabr 2006-cı il tarixli, **********34-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pirəkeşkül küçəsində istifadədə olan 0.022738 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.8 kv.metr yaşayış, 70.31 kv.metr köməkçi sahədən ibarət 2A/1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı X7 arasında bağlanmış AN-İ ******* nömrəli 24 oktyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 72.8 kv.metr, yardımçı sahəsi 70.31 kv.metr olan 3 otaqlı yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən 72.8 kv.metr, 3 otağı alıcının mülkiyyətinə verir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********34- 10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 143.1 kv.metr olan fərdi yaşayış evi üzərində X2 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sahəsi 0.01778 ha olan torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla, X2 istifadəsindədir. İş materiallarında olan satıcı X7 ilə alıcı X6 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı istifadəsində olan ümumi sahəsi 0.01778 ha torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 143.1 kv.metr olan fərdi yaşayış evini alıcının mülkiyyətinə vermişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X2 adına xüsusi mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi 29 noyabr 2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd edilən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə münasibət bildirilməsinə dair yekun məhkəmə aktının idarəyə daxil oması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka dair X3 verilmiş çıxarışın və dövlət reyestrində qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın iddiaçıya aid olan alğı-satqı müqaviləsinin mətnindən birbaşa görünür ki, X3 yalnız 72,8 kv.m yaşayış sahəsi satılmışdı. 70,31 kv.metr qeyri-yaşayış sahəsi alğısatqı predmeti olmamışdır. Daşınmaz əmlakın alğı-satqısını təsdiq edən yeganə leqal sənəd notarial təsdiq olunmuş alğı-satqı müqaviləsidir, lakin cavabdeh orqan tərəfindən maraqlı şəxsə ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın tamamına aid çıxarış verilmişdir. Bununla da, iddiaçının hüquqları pozulmuşdur. Cavabdeh orqana ünvanladığı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvinə dair ərizəsi təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(118)-3972/2025 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2-1(118)-3972/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri iə eynilik təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, alğı-satqı müqaviləsi əsasında üçüncü şəxs X3 72.8 kv.metr yaşayış sahəsi satılmasına baxmayaraq, cavabdeh inzibati orqan üçüncü şəxsin adına 140 kv.metr daşınmaz əmlakın hamısına çıxarış vermişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, alğı-satqı müqaviləsini mübahisələndirmirlər, hesab edirlər ki, sadəcə satılan hissəyə çıxarış verilməli idi. Alğısatqı müqaviləsinin predmeti yalnız 72.8 kv.metr yaşayış sahəsi olmuşdur. Köməkçi sahə satılmamışdır. Mənzil 3 otaqdan ibarət idi, ümumi sahəsi 140 kv.metr olmuşdur. Sanitar qovşaq, dəhliz, mətbəx ora daxil idi. Cavabdeh inzibati orqan və üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış qərardadını onunla əsaslandırmışdır ki, məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 25a aprel 2024-cü il tarixli məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak üzərində X4 mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan daşınmaz əmlakın alğı-satqı müqaviləsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçıya izah etmişdir ki, iddiaçı üçün uyğun iddia növü hazırda mübahisələndirdiyi qeydin aparılmasına əsas olmuş sənədin etibarlılığını (əsaslılığını) mübahisələndirməkdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, iddiaçı müvafiq tələblə mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı hazırda ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka dair X3 verilmiş çıxarışın və dövlət reyestrində qeydiyyatın ləğv edilməsini xahiş edir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə X7 arasında 24 oktyabr 2019cu il tarixli alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı (satıcı) ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 72.8 kv.metr, yardımçı sahəsi 70.31 kv.metr olan 3 otaqlı yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən 72.8 kv.metr, 3 otağı alıcının mülkiyyətinə vermişdir. Bundan sonra üçüncü şəxsin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 noyabr 2019-cu il tarixli çıxarış verilmiş, ümumi sahəsi 143.1 kv.metr olan fərdi yaşayış evi üzərində X2 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı tələbinin əsası kimi alğı-satqı müqaviləsi ilə sadəcə 72.8 kv.metr yaşayış sahəsini satdığını, 70.31 kv.metr olan köməkçi sahənin alğı-satqı predmeti olmadığını, cavabdeh inzibati orqanın müqavilə predmetini aşaraq 143.1 kv.metr fərdi yaşayış evi üzərində X2 xüsusi mülkiyyət hüququnu qeydiyyata aldığını bildirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 6.1-ci maddəsində qeyd edilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2-ci maddəyə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə kollegiyası araşdırma zamanı iddiaçının hüquqi marağı üzrə dəqiqləşdirmə apararaq müəyyən etmişdir ki, hazırkı halda iddiaçının hüquqi marağı müvafiq qeydin aparılmasına əsas olan hüquqmüəyyənedici sənədin (alğı-satqı müqaviləsinin) mötəbərliyi ilə bağlı deyil, 70.31 kv.metr sahəyə dair aparılmış qeydin ləğv edilməsidir. Belə ki, iddiaçının nümayəndəsi 06 avqust 2025-ci il tarixli məhkəmə iclasında kollegiyanın suallarını cavablandıraraq alğı-satqı müqaviləsini deyil, cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirdiklərini bildirmişdir. Həmçinin kollegiya qeyd edir ki, iş materiallarında olan satıcı X7 ilə alıcı X6 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı istifadəsində olan ümumi sahəsi 0.01778 ha torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 143.1 kv.metr olan fərdi yaşayış evini alıcının mülkiyyətinə vermişdir. Belə olan halda kollegiya qeyd ki, hazırkı iddia inzibati məhkəmə icraatında baxılmalı olsa da, işin halları baxımından inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu aşkar etmək mümkün deyildir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddiaçı tərəfindən isə belə bir əsaslandırma aparılmamışdır. Kollegiya iddiaçının cavabdeh orqanın müqavilə predmetini aşaraq üçüncü şəxsin 143.1 kv.metr üzərində mülkiyyət hüquqlarını qeydiyyata alması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, AR Mənzil Məcəlləsinin 12.5-ci maddəsində qeyd edilir ki, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmçinin, AR Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Həmin məcəlləsini 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Belə olan halda, iddiaçı sadəcə yaşayış sahəsini satdığını, yardımçı sahəni satmadığını bildirsə də, əsas sahə ilə yardımçı sahə bir-birinə bağlı olmaqla vahid əmlak qismində çıxış etdiyindən, həmin sahələrin nə fiziki cəhətdən, nə də qanunvericiliyin tələbləri baxımından bölünərək ayrı-ayrılıqda satılması qeyri-mümkündür. Bu səbəbdən, kollegiya qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulması, hüquqi müdafiəyə ehtiyacının olması və hazırkı iddia növü ilə arzuladığı məqsədə çatmasını müəyyən etmək mümkün deyildir. Bundan əlavə kollegiya iddiaçının diqqətinə çatdırır ki, iddiaçı alğı-satqı müqaviləsi ilə bağlı olan halları mübahisələndirdiyi halda mülki məhkəmə icraatında iddia qaldıra bilər. Hazırkı işin halları ilə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı aşkar edilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2-1(118)-3972/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-724/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-724/2025
06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver