Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-725/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X5 ibarət tərkibdə, X26 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X8 məxsus olması barədə arayış verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2-1(118)- 846/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: X24 Sovetinin İcraiyyə komitəsinin kommunal təsərrüfatı şöbəsi tərəfindən verilmiş 22 dekabr 1978-ci il tarixli, 3804 nömrəli “Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün” Torpaq Qeydinə əsasən İ.A.Əfəndiyevə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 449,0 kv.m. torpaq sahəsindən istifadəyə icazə verilmişdir. AZ-İ seriyalı, 329368 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən İ.A.Əfəndiyev xx.xx.1997-ci il tarixdə ölmüşdür. Quba rayonu Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə X3, İddiaçı, X15, X17 və X1 ayrılmış 0,05 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən onların adına 17 may 2006-cı il tarixli, JN-2199A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış 17 sentyabr 2022-ci il tarixli, 2899 nömrəli məktubdan görünür ki, 17 sentyabr 2022-ci il tarixli, V-669 nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.1997-ci il tarixdə ölmüş X6 vərəsəsi sırasına daxildir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Quba şəhəri, General Əsədov küçəsi, dalan 1 ev 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İnzibati orqan 27 yanvar 2023-cü il tarixli, 3-21-3-34/2-913/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsündə uyğunsuzluq vardır. Belə ki, JN-2199A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,05 ha göstərilməsinə baxmayaraq, həmin torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaq sahəsi almış subyektlərin adlı (DBF) siyahısında 0,03 ha kimi qeyd edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən, X8 məxsus olan evin ümumi torpaq sahəsinin 449 kv.m. hissəsi üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən, 449 kv.m. torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı 78.7 kv.m. yaşayış sahəli ev mərhum X4 iddiaçıya miras qalmışdır. Miras qalmış əmlakda iddiaçının arvadı X7, oğlu İddiaçı və qızı X9 yaşayaraq, əmlaka sahiblik və faktiki idarə etməklə mirasını qəbul etmişlər. Miras varislərindən X7 və X9 öz miras paylarını Quba ASAN xidmət mərkəzinin notariat ofisində 17 sentyabr 2022-ci il tarixli, reyestrdə 3M-881№ ilə qeyd edilmiş “Miras payın bağışlanması” müqaviləsi ilə iddiaçıya bağışlamışlar. İddiaçı miras əmlakı adına sənədləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız olmaqla, mərhum atasının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sonuncu ərizəsində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 449 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X8 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, JN-2199A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə elektron baza kadastr xəritə materiallarında olan xəritə üzərində 0,03 ha ölçüdə əks olunmuşdur. İddia ərizəsində, arxiv və bza məlumatlarında olan xəritə üzərində əks olunan 0,05 ha torpaq sahəsindən əlavə tələb olunan 0,02 ha torpaq shaəsinin ərazinin hansı hissəsində yerləşdiyi məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2-1(118)-846/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 449 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, 1979-cu il tarixli texniki pasportun tədqiqi zamanı torpaq sahəsinin ölçüsünün 501.3 kv.m olmasının qeyd olunduğu müəyyən edilmişdir. Həmçinin, mübahisəli torpaq sahəsi iddiaçıya satılmazdan əvvəldə alqı-satqı predmeti olmuş və iş materiallarında sadalanan alqı-satqı müqavilələrində də ölçüsü 449.0 kv.m kimi göstərilmişdir. Eyni zamanda, JN-2199A KOD 30301004 saylı “Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə” də torpaq sahəsinin ölçüsü 0.05 ha kimi göstərilmişdir. Göründüyü kimi hazırki mübahisə predmeti olan torpaq sahəsinin ölçüləri ilə bağlı hər hansı mübahisənin olmaması cavabdeh orqanın mütəxəssisi tərəfindən tərtib edilmiş müayinə aktı ilə yanaşı qeyd olunan sənədlərlə də öz təsdiqini tapır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bidirmişdir ki, 0.03 ha torpaq sahəsinə dair JN- 2199 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” iddiaçı ilə yanaşı digər ailə üzvlərinin adına JN-2363A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. Lakin, məhkəmə həmin şəhadətnamədə göstərilən digər mülkiyyətçiləri işə cəlb etmədən, həmin şəhadətnamənin ləğv olunub-olunmamasına münasibət bildirmədən, əlavə 0.03 ha mülkiyyət hüququ müəyyən etməklə bütövlükdə 0.0149 ha torpaq sahəsinə X6 mülkiyyət hüququnu tanımışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(105)-725/2024 nömrəli qərardadı ilə X7, X15, X17 və Ağabəyova (Əfəndiyeva) Xədicəxanım Cavid qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sonradan üçüncü şəxslər məhkəməyə ərizə təqdim edərək İddiaçı ilə birgə iddiaçı qismində tanınmalarını xahiş etmişlər. Məhkəmə kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2-1(105)-725/2024 nömrəli qərardadı ilə X7, X15, X17 və Ağabəyova (Əfəndiyeva) Xədicəxanım Cavid qızının üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmiş, adıçəkilən şəxslər və İddiaçı birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Eyni zamanda, İddiaçı da daxil olmaqla, birgə iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-2199A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,05 ha torpaq sahəsinin faktiki istifadələrində olan 0,0458 ha hissəsi üzərində birgə iddiaçılar X7, İddiaçı, X15, X17 və Ağabəyova (Əfəndiyeva) Xədicəxanım Cavid qızının ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi, həmçinin, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdilər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə X7, İddiaçı, X15, X17 və X2 ayrılmış 0,05 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən onların adına 17 may 2006-cı il tarixli, JN-2199A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Hazırda mübahisə predmeti Şəhadətnamədə göstərilən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi olduğundan və həmin torpaq sahəsi iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olduğundan məhkəmə kollegiyası tərəfindən iddiaçının adıçəkilən ailə üzvləri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, daha sonra həmin şəxslər birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmələrinə dair ərizə təqdim etdiklərindən kollegiya tərəfindən onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilərək, həmin şəxslər İddiaçı ilə birgə iddiaçı qismində tanınmışlar. Daha sonra iddiaçılar məhkəməyə tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-2199A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,05 ha torpaq sahəsinin faktiki istifadələrində olan 0,0458 ha hissəsi üzərində birgə iddiaçıların ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarışın verilməsi, həmçinin, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdilər. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Cavabdehin həm topraq sahəsi, həm də fərdi yaşayış evinə münasibətdə imtina məktubu və iddia tələbinə etirazının yeganə dəlili “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,05 ha göstərildiyi halda, həmin torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaq sahəsi almış subyektlərin adlı (DBF) siyahısında 0,03 ha kimi qeyd edilməsidir. Apellyasiya şikayətində irəli sürülən dəlil də mahiyyətcə iddiaya qarşı etirazın dəlilini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən Quba rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Quba şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 2199-cu bəndində adları qeyd edilmiş X10, X7, İddiaçı, X15, X17 və X11 301 kv.m. həyətyanı torpaq sahəsi ayrıldığı göstərilmişdir. Kollegiya qeyd edir ki, aqrar islahat zamanı torpaq ayırma prosedurunun gedişində müvafiq sənədlərin düzgün tərtib edilməsi səlahiyyətli inzibati orqanın məsuliyyət sferasına aid olmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə iddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsinin ölçüsü 0,05 ha göstərilməsinə baxmayaraq, torpaq sahəsi ayrılmış şəxslərin adlı siyahısında bu sahənin 0,03 ha kimi qeyd edilməsi hazırkı iş üzrə iddiaçıların məsuliyyət sferasına aid edilə və onların təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Odur ki, qeyd edilən əsas torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə əsas ola bilməz. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən həmin Şəhadətnamə qüvvədə olduğu müddətdə, yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar həmin Şəhadətnamənin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə həmin dövrdə (17 may 2006-cı il) belə aktın verilməsi səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmişdir və həmin aktın həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Bununla bağlı, həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan, səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq sənəd, hazırkı mübahisəyə münasibətdə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən hüququn qeydiyyata alınmasından, eləcə də müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. İddiaçıların sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.5-ci maddəsi, eləcə də Mülki Məcəllənin 139-1.1, 139-1.1.5-ci maddəsindən irəli gələn hüquqmüəyyənedici sənədə - 17 may 2006-cı il tarixli, JN-2199A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsaslanır. İstinad olunan həmin normalarda 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qismində təsbit edilmişdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmçinin, cavabdehin özü tərəfindən təqdim edilmiş torpaq sahəsinin müayinə məlumatlarından da görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,03 ha deyil, təqribən sənəd üzrə 0,05 torpaq sahəsinə yaxın olmaqla, 0,0458 ha təşkil edir. Qeyd edilənlərə əsasən kollegiya şikayətin dəlilini əsassız hesab edir. Cavabdeh şikayətin dəlillərində əlavə olaraq mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin məlum olmadığını, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsinin müəyyən edilmədiyini bildirmişdir. Kollegiya şikayətin bu dəlilini də əsassız sayaraq bildirir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktından görünür ki, mübahisəli torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmiş, müayinə nəticəsində iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinin 0,0458 ha təşkil etdiyi, həmin torpaq sahəsinin elektron baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, həyətyanı torpaq sahəsi (yararlı) kimi göstərildiyi və digər şəxslərin mülkiyyət sənədləri ilə üst-üstə düşmədiyi, heç bir mühafizə zolağında yerləşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,05 ha təşkil etsə də, hazırda iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsi 0,0458 ha təşkil edir və reyestrdə qeydə alınmış heç bir daşınmaz əmlakla üst-üstə düşmür. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıların 0,0458 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının reyestrdə qeydə alınmasına dair tələbləri əsaslı olduğundan təmin edilməlidir. Torpaq sahəsinin yerləşdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olmasına dair tələbə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: - 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. Göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport həmin yaşayış evi, həm də onun tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə dair hazırki iş üzrə İddiaçı vərəsəsi olduğu mərhum atası X6 adına 1979-cu ilin avqust ayında siyahının 1.11-ci bəndində istinad edən hüquqmüəyyənedici sənəd - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 3348 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” tərtib edilmiş və həmin sənəddə evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü 501,3 kv.m. kimi göstərilmişdir. Odur ki, mərhum X6 mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ siyahının 1.11-ci bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”una əsaslanır. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddiaçıların dəqiqləşmiş tələbi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2-1(118)-846/2024 nömrəli qərarı dəyişdirilsin. JN-2199A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,05 ha torpaq sahəsinin faktiki istifadələrində olan 0,0458 ha hissəsi üzərində iddiaçılar X7, İddiaçı, X15, X17 və Ağabəyova (Əfəndiyeva) Xədicəxanım Cavid qızının ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi, həmçinin, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.