Məhkəmə qərarları › İş №2-1(105)-727/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-727/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-727/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi vəziyyəti ilə əlaqədar xx.xx.2023-cü il tarixli müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Ünvanlı Sosial yardımın təyinindən imtina barədə qərarının ləğv edilib sosial yardımın tam məbləğdə, gecikdirilən aylar da daxil olmaqla verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-2526/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ailəsinə ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı cavadeh orqana xx.xx.2023-cü il tarixli **********68401 nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir.

2. İddiaçının xx.xx.2023-cü il tarixli ikinci müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində dörd körpəsi olan aztəminatlı ailə olaraq Ünvanlı Dövlət Sosial Yardım almaq üçün Vemtas vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna elektron müraciət etmiş, keçən il təyin olunmuş Ünvanlı Sosial Yardımı xx.xx.2023-cü il tarixində maddi vəziyyətinin ağırlığı, keçən il təyin olunmuş məbləğin bu il, yəni 2023-cü ildəki, minimal xərcləri qarşılamadığı səbəbindən təkrar müraciət etmək üçün bilərəkdən özü dayandırmışdır, Sadələşdirilmiş Vergi və DSMF ödəyicisidir. (VÖEN:**********). Davamlı şəkildə vergi və DSMF ödənişləri ilə bağlı öhdəsinə düşən ödənişləri vaxtı-vaxtında dövlətin büdcəsinə keçirmiş, hal-hazırda ailə üzvlərinin sayının artması və maddi çətinliklər səbəbindən son iki ildə ÜSY üçün müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Dövlət Sosial Müdafiə Fondu xx.xx.2023 tarixli **********01 nömrəli ərizəsinə xx.xx.2023 tarixində, düz 40 gündən sonra xx.xx.2023 tarixində heç bir konkret səbəb olmadan, ümumiləşmiş şəkildə “X5 yoxlanışı aparılmış, kənarlaşma aşkar edilmişdir" deyə cavab verilmişdir. Sadələşdirilmiş vergi ödəyicisi olaraq Sosial yardım üçün müraciət edərkən Vemtas tərəfindən ailənin gəlirləri son 365 gün ərzində sahibkar olaraq ödənilən vergilərə uyğun olaraq sistemdə göstərilir və ona hansısa müdaxilə etmək mümkün deyil. Əlavə olaraq Vemtas portalında ailənin digər gəlirlər bölməsi mövcuddur. Yəni orda mal-qara və ev quşları varsa, onlar göstərilməli, xarici ölkələrdən sosial yardım üçün müraciət etmiş ailəyə göndərilmiş hansısa vəsaitlərin sistemdə göstərilməsi tələb olunur. Bu qeyd elədiyi şərtlərin heç birisi olmadığı Vemtas tərəfindən təsdiqləndiyi üçün DSMF ailənin X5 yoxlanılması üçün yaşadığı ünvana əməkdaşlar göndərmiş və bütün proses videoçəkilişlə həyata keçirilmiş, həyət, ev və otaqlara baxış keçirilmişdir. Ən sonda isə elektron formada Vemtas portalında göstərilmiş məlumatlarla faktiki yoxlanış zamanı şahidi olunmuş faktlar arasında uyğunsuzluq aşkar edilmədiyi, bunun haqqında müvafiq yoxlamanı həyata keçirən qurumun əməkdaşları ilə və həmin vaxt evdə olan həyat yoldaşı X3 arasında akt imzalanmışdır. Bütün bunlara baxmayaraq 40 gündən sonra (halbuki vətəndaş müraciətlərinə cavab 15 iş günü, əgər xüsusi araşdırma labüddürsə uzağı 30 günə cavablandırılmalıdır) konkret səbəb göstərilmədən “Ailənin maddi-məişət şəraiti yoxlanılmış və ailənin gəlirlərində kənarlaşma aşkarlanmışdır” deyə cavab verilmişdir. Bildirir ki, ailənin gəlirləri dedikdə o tək işləyir, öhdəliyində ən böyük övladının 4 yaşı olduğu 4 körpə var. Həyat yoldaşı işləmir, evdar xanımdır. Evin tək övladı olmuş, valideynləri dünyalarını dəyişmişlər. Dolayısı ilə qıraqdan heç bir əlavə gəlir yoxdur. Sumqayıt şəhərində balaca obyekt icarəyə götürüb orda kserokopiya (surətçıxarma) işinə baxır. Davamlı olaraq da 2010-cu ildən aralıqsız olaraq, vergi ödəyicisidir. Aylıq gəlir isə müştəridən asılı olaraq 150-200 AZN civarındadır. Hal-hazırda Dövlət Sosial Müdafiə Fondunun verdiyi haqsız cavab onun ailə büdcəsinə və 4 körpə övladının təminatı ilə bağlı hədsiz dərəcədə maddi sıxıntıya səbəb olmuşdur.

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh qismində Nazirliyin tanınmasını xahiş etmiş və bildirirmişdir ki, xx.xx.2023 tarixində 2-1(118)-2526/2023 nömrəli ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə Ünvanlı Sosial Yardımın təyini ilə bağlı müracət etmişdir. Məhkəməyə müracət müddətində təyinatla bağlı DSMF-yə ikinci dəfə müracət etmiş, ilk dəfə etdiyi müraciətdən fərqli olaraq birbaşa Fondun inzibati binasında haqqını tələb etməyə getdikdən sonra 4 körpə olan 6 nəfərdən ibarət ailəsinə 755.07 AZN ünvanli sosial yardimin təyini mümkün olmuşdur. Lakin bu dəfə təyin olunan məbləğ Azərbaycan Respublikasının Prezidenti tərəfindən 9 dekabr 2022-ci tarixli Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının məbləğinə uyğunlaşdırılmamışdır. Məbləğin təyinatı əmək qabiliyyətli ailə üzvlərinin qazancından asılı olaraq dəyişir. Aylıq gəlirin VEMTAS tərəfindən hesablaması zamanı illik 3413.33 manat olduğu, aylara böldükdə adambaşına düşən aylıq 47.41 AZN olduğu halda, təyin olunmuş 755.07 AZN məbləğ Prezidentin Fərmanına uyğunlaşdırılmamışdır. Həmin sərəncamda göstərilən məbləğ adambaşına 246 AZN qeyd edilsə də, təyin edilmiş adambaşına məbləğ 755.07/6=125.85 AZN olmuşdur. Aylıq gəlirin maksimum 200 AZN civarında olduğunu nəzərə almadan DSMF tərəfindən təyin olunmuş 755.07 AZN sosial yardım məbləğinin dəyişdirilərək, 2023-cü il üçün ehtiyac meyarı məbləğinə uyğunlaşdırılaraq 246x6200=1276 AZN olaraq təyin edilməsi və 27 yanvar tarixində ilk etdiyi müraciətinə əməkdaşların haqsız, qərəzli şəkildə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ÜDSY təyinini gecikdirdiyi üçün DSMF-nin əvvəlki iki ayın ödənişini də etməyinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri 5.Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********68401 nömrəli ərizə ilə müraciət etmişdir. VEMTAS tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli **********68401 nömrəli müraciətinə ərizəçi tərəfindən ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi ilə (ailənin gəlirlərində 6816 manat məbləğində fərq yarandığından) ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Bildirilir ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məlumatı təmsilçi özü ərizə bəyannaməyə daxil etmiş və VEMTAS tərəfindən daxil edilən məlumatın uyğunluğunun müəyyən edilməsi zamanı təmsilçinin gəliri kimi daxil etdiyi məlumatlarla qurumlardan əldə olunan məlumatlar əsasında onun gəlirlərində 6816 manat məbləğində fərq yarandığı müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi “Ərizə-bəyannamə”də ailənin gəlirləri kimi göstərdiyi məlumatlar araşdırma zamanı təsdiqini tapmamış, iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Qaydalara görə “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğu halda sosial yardımın təyin olunmasından imtina edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

6. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-2526/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq məbləğində ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərinin sayı nəzərə alınmaqla 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. İddiaçı cavabdeh tərəfindən ailəyə təyin edilmiş sosial yardımın ödənişini düzgün təyin etmədiyi qənaətinə gələrək, Prezidentin Fərmanına uyğun təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın yuxarıda qeyd olunan hesablama qaydalarına uyğun hesablama aparmış və iddiaçının bildirdiyi fikirlər onun şəxsi mülahizələrinə əsaslanmışdır. Bu səbəbdən də cavabdehin imtinası əsaslıdır.

7. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edilərkən məhkəmə tərəfindən “Ünvanlı dövlət Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” qaydalarının 1.3-cü, 3.1-ci, 4.3-cü maddələrinin, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 10.1-ci, 10.2-ci, 10.3-cü maddələrinin tələblərini pozmuşdur. Bunu aşağıda qeyd edilənlər təsdiq edir. xx.xx.2023-cü ildə 4 azyaşlı uşağı olan aztəminatlı ailə kimi Ünvanlı Dövlət Sosial Yardımı almaq üçün AR ƏƏSMN-nin DSMF-a elektron qaydada müraciət etmiş, müraciətində qeyd etmişdir ki, əvvəlki il təyin edilmiş məbləğin bu il, yəni 2023-cü ildəki minimal xərcləri qarşılamadığı səbəbindən bilərəkdən müavinəti dayandırmışdır. Bildirmişdir ki, 2010-cu ildən davamlı şəkildə sadələşdirilmiş Vergi və Sosial sığorta ödəyicisidir. (VÖEN: **********). Vətəndaş olaraq gəliri illik dövriyyə üzrə hesablanır. Dövlət Vergi Xidmətindəki illik rəsmi dövriyyəsinə əsasən 250-300 manat arasıdır. Ailə üzvlərinin sayının artması və maddi çətinlik səbəbindən son 2 ildə ÜSY üçün müraciət etməli olmuşdur. Lakin DSMF xx.xx.2023-cü il tarixli ərizədən xx.xx.2023-cü ildə, 40 gün sonra konkret bir səbəb olmadan imtina etmişdir. İmtinaya səbəb kimi “X5 yoxlanması zamanı kənarlaşmanın aşkar edilməsi” qeyd edilmişdir. İl ərzində sahibkar kimi fəaliyyət göstərmiş, vergiləri ödəmiş və bu sistemdə öz əksini tapmışdır. Ailənin digər bir yerdən qazancı yoxdur. Ünvanında cavabdehin əmakdaşları olmuş, ailənin maddi vəziyyəti yoxlanılmış, bütün prosesin videoçəkilişi aparılmışdır. Uyğunsuzluq aşkar edilmədiyinə görə akt tərtib edilmişdir. Qeyd edilənlərə baxmayaraq 40 gün sonra heç bir əsas olmadan yuxarıda qeyd edilən məzmunda ərizədən imtina olunmuşdur. Aylıq gəliri müştəridən asılı olaraq 250 manat civarındadır. Hal-hazırda ailəsinə 755,07 manat ÜSY təyin edilib. Bu məbləğ “ARda 2023-cü il üçün yaşayış minimumu haqqında” qanuna ziddir. Həmin qanuna görə 2023cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat olduğu halda ailəsinin hər üzvünə 125,85 manat təyin olunmuşdur. Ortalama aylıq 250 manat qazancı vardır. Əslində ailəsinə aylıq 1226 manat (6x246–250=1226) sosial müavinət təyin edilməlidir.

9. Cavabdeh apellyasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasıya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə gorə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kımı göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (ünvanda yaşayan şəxslərin duzgun gostərılməməsi) birmənalı olaraq imtina əsasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. İddiaçı təqdim etdiyi “Ərizə-bəyannamə”də ailənin gəlirləri kimi göstərdiyi məlumatlar araşdırma zamanı təsdiqini tapmamış, iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Qaydalara görə “Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğu halda sosial yardımın təyin olunmasından imtina edilir. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X7 və X8 (VEMTAS) yaradılmışdır. "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-cı maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları 'İnzibati icraat haqqında' Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6 3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1 -cı maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 16. Sosial inkişaf və dövlət İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır

13. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; 4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur; 4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2 və 6.3. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı electron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş electron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Maddə 10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.

14. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: Bənd 2.3. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bənd 2.4. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi nəzərdə tutulur.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 2. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökümət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); Bənd 2.5. Kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvünlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir. 3.7.1.”Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2.sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqıiyyat vasitələri istisna olmaqla); 3.7.5.ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6 ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7.ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-)

16. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

20. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ailəsinə ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı cavadeh orqana xx.xx.2023-cü il tarixli **********68401 nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən imtina edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli ikinci müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir.

21. İşin hallarından göründüyü kimi, iddiaçının tələbi 2 hissədən ibarət olmuşdur:

1. iddiaçıya 2023-cü ilin mart ayından təyin edilmiş 755.07 manat məbləğində ünvanlı sosial yardımın 2023-cü il üçün ehtiyac meyarının məbləğinə uyğunlaşdırılması

2. ödənilməmiş əvvəlki iki ay üçün ödənişin edilməsi

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.-ci bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. Cavabdehin imtina məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının ailə gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. Kollegiya qeyd edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. İşin hallarından da göründüyü kimi iddiaçıya 2 ay sonra təkrar müraciəti əsasında ünvanlı sosial yardım təyin edilmişdir. Yəni, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi son nəticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hallar bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi.

25. Kollegiya vurğulayır ki, cəmi 2 ay sonra iddiaçıya sosial yardımın təyin olunması edilmiş imtinanın formal olmasını təsdiqləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3, 4.1, 7.1-ci maddələrinin tələbləri baxımından iddiaçıya ilk dəfə müraciət etdiyi tarixdən (2023-cü ilin yanvar ayı) ünvanlı dövlət sosial yardımının təyin olunmasını qeyrimümkün edən hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır.

26. Xüsusilə vurğulamaq lazımdır ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

27. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki sosial yardımın təyin olunması və ya bərpası ilə bağlı məsələnin həlli zamanı əhəmiyyətli olan hal şəxsin sosial yardım almaq hüququna malik olması və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş meyarların ona münasibətdə mövcud olmasıdır.

29. Kollegiya eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir.

30. Belə ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır.

31. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması.

32. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə.

33. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir.

34. Həmçinin, aparılmış inzibati icraat nəticəsində “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməklə cavabdeh tərəfindən inzibati akt qəbul edilməlidir.

35. İş materialları ilə isə cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında inzibati akt - qərar qəbul edilməsi müəyyən olunmur, ona yalnız bildirişlə cavab verilmişdir. Həmçinin, qeyd edilən bildiriş “İnzibati icraat haqqında” Qanunun 59 və 61-ci maddələrinə zidd olaraq formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə cavab verməməklə yanaşı, həmin bildirişdə hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır.

36. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçı tərəfindən ilk müraciətində illik 12 500 manat, ikinci müraciətində 15 500 manat gəliri olduğu qeyd edildiyini, bunun imtinaya əsas olduğunu bildirmişdir. Halbuki, iş materiallarının 47, 55-ci səhifələrində həmin halın “İmtina səbəbidirmi?:Xeyr” qeydi göstərilməklə, imtina üçün əsas olmadığı müəyyən olunur.

37. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

38. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

39. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, ünvanlı dövlət sosial yardımının 2023-cü ilin yanvar və fevral ayları üçün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

40. İşin yuxarıda qeyd edilən hallarına əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-2526/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunsun. İddiaçı 2023-cü ilin yanvar və fevral ayları üçün ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar