Məhkəmə qərarları › İş №2-1(105)-728/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-728/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-728/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli, 05/541 saylı qərarı ilə ayrılmış Fatmayı Bələdiyyəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2- 1(118)-923/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Sadayxan oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli, 05/541 saylı qərarı ilə ayrılmış Fatmayı Bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Fatmayı Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixdə, 05/541 saylı qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin mərhum X1 qərara alınmış, dəyəri ödənildikdən sonra torpaq sahəsi vətəndaşa təhvil verilmiş, həmin tarixdən bu torpaq sahəsi faktiki olaraq onun və ailəsinin istifadəsində olmuşdur. X6 vərəsəsi kimi iddiaçı 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixdə, 05/541 saylı qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində onun istifadə və sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 şaylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu Fatmayı Bələdiyyəsi tərəfindən X9 0.08 ha torpaq sahəsinin 30 aprel 2007-ci il tarixdə, 05/541 nömrəli qərarla ayrıldığı halda, alqısatqı aktının 10 sentyabr 2020-ci ildə tərtib olunduğu, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X3 planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi, torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatılı (dinc) torpaqlara aid edildiyi və həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən hüquq sahibinin adı və vərəsəlik dairəsinin müəyyənləşdirilməsi barədə sənədlərdə uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: X9 Fatmayı Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli, 05/541 saylı qərarı əsasında 0.08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra iddiaçıya təhvil verilmiş və bu barədə müvafiq sənəd (AKT) rəsmiləşdirilmişdir. Torpaq sahəsinin dəyəri olan qəbz əsasında Fatmayı bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı X6 adına ayrılmış 0.08 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina etmişdir. Cavabdeh təşkilatın etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarət olmuşdur. 1) Abşeron rayonu Fatmayı Bələdiyyəsi tərəfindən X9 0.08 ha torpaq sahəsinin 30 aprel 2007-ci il tarixdə, 05/541 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının 10 sentyabr 2020-ci ildə tərtib olunduğu, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X3 planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi 2) torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatılı (dinc) torpaqlara aid edilməsinə, 3) müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən hüquq sahibinin adı və vərəsəlik dairəsinin müəyyənləşdirilməsi barədə sənədlərdə uyğunsuzluğun olduğu. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2-1(118)-923/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Nəzərə alınmalıdır ki, yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq kartada əks olunmuş fotogörüntüsüdür. Göründüyü kimi DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsi həmin yerquruluşu planından çıxarışın qanunauyğun qaydada təsdiq edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, inzibati orqan tərəfindən göstərilən sonuncu arqument onun mülahizələrinə əsaslanmışdır. Bu onu deməyə əsas verir ki, cavabdehin gətirdiyi 1-ci arqumentin əsassız olmasına dəlalət edir. X8 tərəfindən torpaq sahəsinin 30 aprel 2007-ci il tarixli, 05/541 saylı qərarla ayrıldığı halda, alqı-satqı aktının gec bağlanması, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəylərinin qanunamüvafiq qaydada verilməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Fatmayı Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci ildə torpaq sahəsinin ayrılması haqqında qərar vermiş, lakin aktın qanunamüvafiq qaydada tərtib edilməsi Fatmayı Bələdiyyəsinin əmlak sahibi kimi iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qədər də təsir göstərmir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (Bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqumenti əsassızdır. Fatmayı bələdiyəsinin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilən X3 planından çıxarışdan görünür ki, iddiaçının mərhum qohumuna 0.08 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatılı (dinc) torpaqlara aid edilməsinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, kənd təsərrüfatına yararsız torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsi olmasını nəzərə alaraq, iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında heç bir maneə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57.1-ci maddəsinə əsasən sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir. Göründüyü kimi kənd təsərrüfat təyinatlı az yararlı və yarasız torpaqların şəxslərin mülkiyyətinə verilməsi yolveriləndir. Bu səbəbdən də cavabdeh təşkilatın 2-ci arqumenti də əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi sonuncu arqumentə yəni, müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən hüquq sahibinin adı və vərəsəlik dairəsinin müəyyənləşdirilməsi barədə sənədlərdə uyğunsuzluğun olduğuna münahibətdə bildirilir ki, məhkəməyə təqdim edilmiş Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 20 dekabr 2022-ci il tarixli 4286 saylı məktubundan görünür ki, mərhum X7 vərəsəsi İddiaçıdur.Başqa sözlə desək Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən İddiaçı irsi transmisiya qaydasında mərhum qardaşı Tahir İsmayılovun vərəsəsi olduğu və Zəhra Cəfərovanın başqa vərəsəsi olmaması səbəbindən İddiaçı hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ mövcuddur. Qeyd olunanlara əsasən cavabdeh təşkilatın gətirdiyi sonuncu arqumentdə əsassız olur. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, bələdiyyə qərarında adı göstərilmiş şəxs X10 vəfat etdiyinə görə mülkiyyət hüququ haqqında veriləcək çıxarışda onun adı öz əksini tapmalıdır. Belə ki, cavabdeh təşkilat torpaq sahəsinin mərhumla bağlı hissəsində “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsaslanaraq mərhumun vərəsələrinə elektron çıxarış verməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli, 05/541 saylı qərarı ilə ayrılmış Fatmayı Bələdiyyəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan Abşeron rayonu Fatmayı Bələdiyyəsi tərəfindən X9 0.08 ha torpaq sahəsinin 30 aprel 2007-ci il tarixdə, 05/541 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 10 sentyabr 2020-ci ildə tərtib olunduğu, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X3 planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi, torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatılı (dinc) torpaqlara aid edildiyi və həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən hüquq sahibinin adı və vərəsəlik dairəsinin müəyyənləşdirilməsi barədə sənədlərdə uyğunsuzluğun olması halına istinad edərək, əmlaka dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli, 05/541 saylı qərarı ilə ayrılmış Fatmayı Bələdiyyəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsindən imtinası təşkil edir. Cavabdeh beş əsasla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərdən üçünə istinad etmişdir: 1) Fatmayı Bələdiyyəsi tərəfindən X9 0.08 ha torpaq sahəsinin 30 aprel 2007-ci il tarixində, 05/541 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 10 sentyabr 2020-ci il tarixində verilməsi, 2) Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X3 planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənməməsi; 3) Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (dinc) torpaqlara aid edilməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci və 2-ci dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixdə, 05/541 nömrəli qərarı ilə X6 adına fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılması qərara alınmış, ona dair alqı-satqı aktı tərtib edilmişdir. Həmçinin, iş materiallarında olan müvafiq qəbzin surətindən görünür ki, X10 tərəfindən torpaq sahəsinin dəyəri bank vasitəsilə bələdiyyənin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən sözügedən torpaq sahəsinin alqı-satqı predmeti olduğunun nəzərə alınaraq, satılmasına etiraz etməməsi barədə rəy tərtib edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, X10 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmış, iddiaçı onun qanun üzrə vərəsəsi qismində çıxış etmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinə dair müayinə aktı təqdim edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada 0,08 ha ölçüdə mövcud olmaqla, torpaq sahəsi yol ilə sərhəddir, torpaq sahəsinin sərhədləri şərtidir. Koordinatlar uyğundur. Göründüyü kimi, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, ayrıldığı vaxtdan hazıradək faktiki iddiaçı və onun vərəsələrinin istifadəsindədir. Eyni zamanda, həmin torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, həmin qərarın ləğv edilməsi, dəyişdirilməsi, geri çağrılması halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə torpaq sahəsinin ayrılmasına dair sənədlər müvafiq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. X2 adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki, həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə X6 həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi sözügedən torpaq sahəsinə dair müvafiq alqı-satqı aktının tərtib edilmə tarixinin müvafiq bələdiyyə qərarının qəbul edilmə tarixindən fərqli olması, qanunamüvafiq qaydada təsdiq edilməməsi, müvafiq rəyin əlavə edilməməsi halı mərhum X6 və ya onun vərəsələrinin təqsiri ilə əhatə olunmamaqla, onların hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazımi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, mərhum X9 məxsus olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi inzibati icraat haqqında qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, mərhum X6 və onun vərəsələrinin konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuşdur. Torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid olması ilə bağlı cavabdehin sonuncu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Sadalanan normaların tələblərindən göründüyü kimi qanunvericiliklə bələdiyyə tərəfindən kənd təsərrüfat təyinatlı az yararlı və yararsız torpaqların şəxslərin mülkiyyətinə verilməsi yolverilən hesab edilir. Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli, 05/541 nömrəli qərarının qəbulu üzrə icraat çərçivəsində torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçıya satılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən 19 aprel 2007-ci il tarixli rəy verilmişdir. DTXK-nin Abşeron rayon şöbəsinin həmin rəyinə əsasən, bələdiyyənin perspektiv inkişaf fondundan iddiaçıya satılması nəzərdə tutulan 0,08 ha torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmeti olması nəzərə alınaraq, yeraltı və yerüstü kommunikasiya – qaz, su, neft, kabel elektrik və telefon xətlərinin olmadığı və həmin torpaqların kəmərlərin və xətlərin mühafizə zonasında yerləşmədiyi müəyyən edildikdən sonra iddiaçıya ayrılmasına etiraz edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyasının 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən müvafiq fərmanına əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir. Bununla da müəyyən edilir ki, mərhum X9 torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi torpaqayırma qaydasında müsbət rəy verilmiş və həmin səlahiyyətli qurum ayrılması nəzərdə tutulan torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fondundan alqı-satqı predmeti olan sahə kimi qiymətləndirmişdir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin mərhum X1 ilə bağlı müvafiq rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2-1(118)-923/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar