Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-728/2025 30.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı “əmək pensiyasının yenidən hesablanması” na dair qərarın ləğv edilməsi və pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(118)-442/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 50 yaşdan – xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə nömrəli məktub göndərilərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının düzgün hesablanmadığı, belə ki, onun əmək pensiyasının 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyinin aşkar olunduğunu, iş üzrə inzibati icraatın başlanıldığı bildirmiş və bununla əlaqədar mülahizələrinin dinlənilməsi üçün 09 avqust 2023-cü il tarixədək X2 Mərkəzinə dəvət olunmuşdur.
3. Daha sonra iddiaçıya məktubda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat verilmiş, onun mülahizələri dinlənilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixində akt tərtib edilmişdir.
4. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 10 avqust 2023-cü il tarixli 3-17-1/3-3-16530/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla iddiaçının 725,04 manat məbləğində əmək pensiyası 50 yaşdan 52 yaşa inventar (artıqvermə) əsasında yenidən hesablanmaqla, xx.xx.2020-xx.xx.2020-ci illər üzrə 451,35 manat, xx.xx.2021xx.xx.2021-ci illər üzrə 502,80 manat, xx.xx.2021-xx.xx.2021-ci illər üzrə 544,48 manat, xx.xx.2022-xx.xx.2022-ci illər üzrə 562,99 manat, xx.xx.2023-cü il tarixdən isə 664,86 manat məbləğində müəyyən edilməklə, azaldılmışdır.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əvvəlki əmək pensiyası məbləğinin bərpa edilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Y-199822/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla lakin 100%-dən çox olmamaqla hesablanırdı. Eyni zamanda, sözügedən Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq zərərli və ağır iş stajının tələb olunan 10 ildən artıq hər ili üçün 1% hesablanılırdı. Həmin Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. İddiaçının Mərkəzi Filialda mövcud olan sənədlərində qeyd olunanlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 32 il, güzəştli iş stajı isə 28 il təşkil edir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, 20 ildən artıq olan 12 ilə görə 24% (12x2%), 10 ildən artıq olan 18 il güzəştli iş stajına görə 18% (18x1%) olmaqla orta aylıq əmək haqqının 100% faizi (20 il üçün 70 faiz+20 ildən artıq 12 il üçün 24(12x2) faiz+10 ildən artıq 18 il üçün 18 (18x1) faiz) miqdarında (100%-dən çox olmamaqla) müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixinə orta aylıq əmək haqqına uyğun 97,52 manat (2940,48:24=122,52x100%-25 (baza hissə)) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilərək 123,25 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 799,20 manat sığorta kapitalına uyğun 5,55 manat (799,20:144) və 60,00 manat baza hissəsi əlavə edilərək 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixinə 188,80 manat (123,25+5,55+60,00 (indeksləşdirilərək 31,07.2012-ci il tarixinədək 265,12 manat) məbləğində ödənilməli olduğu halda, qanunvericiliyə zidd olaraq iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixinə 127,52 manat (indeksləşdirilərək 31,07.2012-ci il tarixinədək 258,65 manat)) əmək pensiyası təyin edilərək iddiaçıya ödənilmişdir. Eyni zamanda, iddiaçının 01,08.2012-ci il tarixindən işdən azad olunmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 1878,12 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 1878,12 manat sığorta kapitalına Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 94 (144 ay-50 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) aya bölünməklə (1878,12/94=19,98 manat) qanuni əmək pensiyasının (265,12 manat) üzərinə əlavə edilərək (265,12+19,98=285,10 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinə 502,80 manat)) iddiaçıya ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 3617,46 manat sığorta kapitalı 87 aya bölünərək (3617,46/87=41,50 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (258,65+41,50=300,15 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinədək 549,57 manat)) ona artıq əmək pensiyası ödənilmişdir. Həmçinin, xx.xx.2021-cı il tarixində iddiaçının yenidən işdən azad olunmağı ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq 502,80 manatdan 544,48 manata artırılmalı olduğu halda, düzgün olmayan əmək pensiyası 549,57 manatdan 595,22 manata artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya son üç il üzrə 1896,58 manat artıq pul vəsaiti ödənilib Həmin artıq ödənilmiş 1896,58 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə-hissə hər ay (66,49 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulub. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 664,86 manat təşkil edir.
7. İddiaçı cavabdehə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması” na dair 10 avqust 2023-cü il tarixli 3-17-1/3-3- 16530/2023 nömrəli qərarını ləğv edilməsini vəonun pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü il tarixdən əmək fəaliyyətinə başlamış, fasiləsiz olaraq xx.xx.2021-ci il tarixinədək müxtəlif işlərdə fəaliyyət göstərmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna müvafq olaraq ona 50 yaşında güzəştli şərtlə əmək pensiyası təyin edilmişdir. Mərkəzi filialda mövcud olan sənədlərdə də qeyd olunanlara əsasən xx.xx.2006-cı il tarixinədək ümumi iş stajını 32 il, güzəştli iş stajını isə 28 il təşkil edir. Cavabdeh iddiaçıya məktub ünvanlayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan deyil, 52 yaşdan təyin edilməli olduğunu bildirmişdir. İddiaçının pensiyasında yenidən hesablanma aparılaraq, miqdarı azaldılmış, yaranmış 1896,58 AZN artıq ödənilmiş pul vəsaiti 66,49 AZN olmaqla sentyabr ayından etibarən hissə-hissə hər ay tutulur. Hesab edir ki, cavabdehin bununla bağlı hərəkətləri qanunsuzdur.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir, iddiaçının pensiyasının yenidən hesablanması zamanı tərəflərindən “İnzibati icraat haqqında" Qanunun tələblərinə əməl olunmuşdur.
10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(118)-442/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması” na dair 10 avqust 2023-cü il tarixli 3-17-1/3-3-16530/2023 nömrəli qərarını ləğv edilmiş və onun pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva).
12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajının olması ilə bağlı, eyni zamanda 20 ildən artıq ümumi iş stajının olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. İş materiallarından və iddiaçının pensiya işindən də görünür ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 20 ildən artıq ümumi iş stajı vardır. Beləliklə, iddiaçının 50 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ 50 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixindən yaranmışdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı inzibati icraat düzgün aparılmamışdır.
13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. ... 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
26. İşdən görünür ki, iddiaçıya 50 yaşından (1 nömrəli siyahı üzrə) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının əmək pensiyası 52 yaşından yenidən hesablanaraq pensiya məbləği azaldılmışdır.
27. Belə ki, cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci il tarixdən etibarən 1 nömrəli siyahı üzrə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir.
28. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsaslı saymayaraq bildirir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən 13-cü maddəsinin “a” bəndinin tələblərindən göründüyü kimi, xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (1 nömrəli siyahıya əsasən) 50 yaşından (nə vaxt tamam olmasından asılı olmayaraq) pensiya hüququna malikdir. Bu baxımdan, pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır.
29. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (2-1(102)-2641/2019 nömrəli, 2-1(102)-1573/2023 nömrəli və 2-1(102)-2023/2023 nömrəli və 2-1(102)-1293/2024 qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndi ilə tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixinədək toplamış şəxslərə əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni 50 yaşdan təyin edilməlidir.
30. Hazırkı iş üzrə xx.xx.1997-ci il tarixədək 20 il ümumi stajı və xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 10 il stajının olması işin mübahisəsiz halıdır. Odur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixinədək topladığına görə, onun 52 yaşından deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni 50 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
31. Başqa sözlə, iddiaçıya pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Bu mənada, qeyd edilən işlər üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olmuş, eləcə də, həmin təcrübə kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrilmiş, həmçinin, təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olmuşdur.
32. Bunun əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı.
33. Odur ki, kollegiya hesab edir ki, iddiaçıya 50 yaşından pensiya təyini vaxtilə qüvvədə olan qanunvericiliyə və məhkəmə təcrübəsinə uyğun həyata keçirilmişdir.
34. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1843/2024 nömrəli, 2-1(102)-2274/2024 nömrəli qərardadları ilə cavabdeh inzibati orqanın apellyasiya instansiya məhkəməsinin qərarından eyni dəlillər (əmək pensiyasının pensiya sığorta kapitalına uyğun olaraq 52 (57) yaşından təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq əmək haqqına əsasən 50 (55) yaşından hesablanaraq təyin edilməsi) əsasında verdiyi kassasiya şikayətləri belə mübahisələrə dair işlər üzrə hüququn tətbiqinə dair mövcud və aydın vahid məhkəmə təcrübəsi olduğundan mümkün sayılmamışdır.
35. Bununla da, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş 10 avqust 2023-cü il tarixli 3-17-1/3-3-16530/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qanunsuz və əlverişsiz inzibati aktdır. Belə inzibati akt isə “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbinə görə ləğv edilməlidir.
36. Bundan başqa, cavabdehin pensiya alt sistemi məlumatlarından görünür ki, iddiaçının pensiyasından 2024-cü ilin sentyabr ayından 2025-ci ilin aprel ayınadək hər ay 66,49 manat məbləğində tutulmalar aparılır.
37. “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
38. Göründüyü kimi, qanunvericilik artıq ödənilmiş sosial müavinəti alan şəxsin müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici pensiyanın geri tutulması barədə qərarın (inzibati aktın) qəbulunu pensiya alan şəxsin razılığı ilə şərtləndirir.
39. Hazırkı halda isə ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun lazımi inzibati icraat aparılmamış, eləcə də, iddiaçının pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi mövcud deyil və cavabdeh orqan tərəfindən iddiaçıya artıq ödənildiyi iddia edilən vəsaitin geri qaytarılması məhkəmə müstəvisində həll edilməmişdir.
40. Qeyd edilənlərə əsasən kollegiya hesab ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə peniyadan tutulmaların aparılmasına dair hərəkətləri də qanunsuz olmuşdur.
41. Beləliklə, sadalananları nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya 52 yaşdan əmək pensiyası təyin edilməli olması əsası ilə qəbul etdiyi iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarı, eləcə də, tutulmaların aparılması ilə bağlı hərəkətləri qanunsuz və əlverişsizdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(118)-442/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.