Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-73/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Ağayev Rəşadət Əhməd oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin iddiaçının ərizəsinin icrasından imtina edilməsinin qanunsuz hesab edilməsi və Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-277/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İşin halları:
1. İddiaçı cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ərizəsinin icrasından imtina edilməsinin qanunsuz hesab edilməsi və Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin” cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Xaçmaz rayonu, Ləcət kəndi ərazisində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin 0,13 ha torpaq sahəsinin 0,08 ha torpaq sahəsi qanuni istifadəsində olan torpaq sahəsi, 0,05 ha torpaq sahəsi isə zəbt olunan torpaq sahəsi olmuşdur. Kənddə torpaq islahatı aparılarkən, ona və ailə üzvlərinə düşən pay torpaq sahəsindən həyətyanı torpaq sahəsində olan zəbt olunmuş 0,05 ha torpaq sahəsi çıxılmışdır, ona görə də İslahat Komissiyasının qərarı ilə həmin 0,05 ha torpaq sahəsi qanuni istifadəsində olan 0,08 ha torpaq sahəsi ilə birlikdə, yəni cəmi 0,13 ha torpaq sahəsi qeyd edilmişdir. Buna baxmayaraq Xaçmaz rayon Torpaq Şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitutunun onun və ailə üzvlərinin adına verdiyi 04 yanvar 2002-ci il tarixli JN-439B Kod 30215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0,13 ha əvəzinə səhvən 0,03 ha göstərilmişdir. Onun iddiasına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyasının 27 may 2019-cu il tarixli 2-1(105)-240/2019 saylı qərarı ilə cavabdehin üzərinə 0,08 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsənədinin hazırlanması öhdəliyi qoyulmuşdur. Ali Məhkəmənin 23 oktyabr 2019-cu il tarixli 2-1(102)-2594/2019 saylı qərarı ilə apellyasiya insansiyası məhkəməsinin qərarı qüvvəsində saxlanılmışdır. Həmin işdə iddia tələbi 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı olmuş, əvvəllər zəbt kimi və sonradan İslahat Komissiyasının qərarı ilə mülkiyyətə verilmiş 0,05 ha torpaq sahəsinə dair tələb irəli sürməmişdir. Hesab edir ki, 0,08 ha torpaq sahəsinə dair tələbi təmin olunarsa, cavabdeh həm 0,08 ha torpaq sahəsinə, həm də 0,05 ha torpaq sahəsinə maneəsiz çıxarış verəcəkdir. Lakin cavabdeh 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. Cavabdeh həmin məktubla ona rədd cavabının verməsi qanunsuz və əsassızdır.
Cavabdehin etirazları:
3. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, ididaçının və ailə üzvülərinizin adına müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu, Ləcət kəndində yerləşən torpaq sahəsinə JN-439A və JN-439B “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. JN-439B şəhadətnamə əsasında 29.01.2020-ci il tarixdə torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanmışdır. Yerdə qalan 0,05 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyindən iddiaçıya imtina cavabı verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-277/2021 saylı qərarı ilə( hakim V.E.Əzizova) iddianın təmin edilməməsi qərara alınmışdır.
5. Qərarla razılaşmayan İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı apelyasiya şikayətini iddia ərizəsində istinad etdiyi hallarla eyni məzmunda əsaslandırmaqla əlavə olaraq göstərmişdir ki, məhkəmə işdə olan sübutlara obyektiv qiymət verməmiş, işə baxarkən Azərbaycan Respublikası MPM-nin 9, 14, 88 və 217.3-cü maddələrinin tələblərini pozmuş, nəticə etibarı ilə əsassız olaraq iddia tələbini təmin etməmişdir.
b) apelyasiya şikayətinə qarşı etirazlar
7. Cavabdeh İdarə tərəfindən apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətində göstərilənləri müdafiə etdiyini və şikayətin təmin edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
9. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ona görə də kollegiya Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
11. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
12. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
14. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
15. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
17. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
18. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
19. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
20. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddi 9. Azərbaycan Respublikasının valid torpaq fondu və onun tərkibi (-).
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
22. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-).
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. (-). 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq şəhəri üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-277/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
25. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nörməli qərarında vurğulanır ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
26. İşdən görünür ki, iddiaçı qanuni istifadəsində olan 0,08 ha torpaq sahəsindən əlavə zəbt olunan 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir.
27. İş materiallarından görünür ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarına əsasən İddiaçı İzətulla oğluna 5 nəfər ailə üzvü tərkibində 3.22 ha pay torpaq sahəsi, JN 439, Kod 30215018 saylı Dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 22.08.1998-ci ildə, həmçinin 0.03 ha fərdi yaşayış evi, həyatyanı torpaq sahəsinin ayrılması JN 439 B, Kod 30215018 saylı Şəhadətnamə ilə 04.01.2002-ci ildə rəsmiləşdirilmişdir(i.v.53-61).
28. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin 08.04.2017-ci il tarixli imtinasının əsassız hesab edilməsi və Xaçmaz rayonu, keçmiş Ləcət sovxozu üzrə 27.06.1994-cü il tarixli 117 saylı əmri ilə ona Ləcət kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün verilmiş 0.08 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 07.11.2017-ci il tarixli qərarı İddiaçı apelyasiya şikayətinə əsasən ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 23.10.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir(i.v.24-40).
29. İşdə olan 29.01.2020-ci il tarixli çıxarışdan görünür ki, Xaçmaz rayon Ləcət kəndi ərazisində 0.08 ha torpaq sahəsi İddiaçı İzətulla oğlunun 5 nəfər ailə üzvünün bircə xüsusi mülkiyyətində olması daşınmaz əmlakın dövlət reyestrində **********56 reyestr nömrəsi ilə qeydiyyata alınmış və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş A№ 473363 seriyalı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən İddiaçı İzətulla oğlunun xüsusi mülkiyyətində olan Xaçmaz rayon Ləcət kəndində yerləşən 0.08 ha topraq sahəsinə dair həmin sənəd 28.01.2020-ci ildə tərtib edilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, həm dövlət aktında, həm də şəhadətnamədə torpaq sahələrinin Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarına əsasən verildiyi qeyd edilmişdir. Yəni, dövlət aktı və şəhadətnaməyə görə Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarına əsasən iddiaçıya 3,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0,05 ha hissəsi az verilməklə həmin torpaq sahəsinin əvəzinin həyətyanı torpaq sahəsi kimi qeyd edilməli olsa da edilmədiyini, ona görə də həyətyanı torpaq sahəsinin 0,03 ha deyil, 0.13 ha kimi qeyd edilməsini və bu barədə sənədlərdə düzəliş edilməsini arzu edir.
31. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarına əsasən dövlət aktı və şəhadətnamədə qeyd edilən torpaq sahələri iddiaçıya verilmişdir. Aqrar islahat Komissiyasının qərarı qüvvədədir.
32. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə).
33. Həm kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin, həm də həyətyanı torpaq sahəsinin verilməsinə əsas kimi aqrar islahat komissiyasının 28.04.1998-ci il tarixli 05 nömrəli qərarına istinad edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır.
34. Kənd təsərrüfatlı təyinatlı və həyətyanı torpaq sahəsinin verilməsinə əsas olan aqrar islahat komissiyasının 28.04.1998-ci il tarixli 05 nömrəli qərarı hüquqi cəhətdən etibarlı olduğundan şəhadətnamədə düzəliş edilməsinə dair iddia tələbi iddianın mümkünlük şərtinə cavab vermir.
35. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 10-17-ci və 20-23-cü bəndlərində istinad edilən maddi və prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır.
Nəticəvi hissə
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-277/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin iddiaçının ərizəsinin icrasından imtina edilməsinin qanunsuz hesab edilməsi və Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.