Məhkəmə qərarları › İş №2-1(105)-73/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-73/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-73/2024 23.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı onun ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-357/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ünvanladığı 23 may 2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizənizə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli n/229 saylı order əsasında istifadənizə xidməti yaşayış sahəsi kimi verilmişdir. Nəzərinizə çatdırırıq ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman mənzilin daxilində yenidənqurma işlərinin aparıldığı və mənzilə bitişik 123.8 kv.m əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2023-cü il tarixli, 1103 nömrəli məktubundan görünür ki, Hümbətov Vətən Gülməmməd oğluna xx.xx.1981ci il tarixli, H/229 nömrəli orderlə verilmiş mənzil xidməti mənzil kimi qeyd edilməyib və orderin aid olduğu Hacı Zeynalabdin qəsəbəsi “Tağıyev-3” hərbi şəhərciyi 28 may (Pervomayskaya) küçəsi, ev 5, mənzil 1 ünvanı açıq hərbi şəhərcikdə yerləşir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2023-cü il tarixli, 6056 nömrəli məktubundan görünür ki, Hümbətov Vətən Gülməmməd oğlunun yaşadığı Sumqayıt şəhəri, X8 qəsəbəsi, 28 may (Pervomayskaya) küçəsi, ev 5, 1 nömrəli mənzilə verilmiş xx.xx.1981-ci il tarixli H/229 nömrəli order xidməti mənzil kimi qeyd edilməyib və mənzilin yerləşdiyi hərbi şəhərcik açıq hərbi şəhərcik statusu daşıyır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər XDS İcrayə Komitəsinin Mənzillərin qeydiyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli 229 saylı order əsasında 1981-ci ildən ünvan 3 ünvanına qeydiyyata alınmış və indiyədək 12 nəfər olmaqla- ailəsi, övladları, gəlinləri, nəvələri ilə birlikdə sözügedən ünvanda yaşayırlar. Ona verilən ev xidməti mənzil olmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 25 aprel 2022-ci il tarixli 397 saylı məktubla da müəyyən edilir ki, 1981-ci il tarixdə Sumqayıt şəhər XDS İcrayə Komitəsinin müvafiq qərarına əsasən sözü gedən mənzil 4 nəfər ailə üzvü ilə birlikdə ona verilmişdir. Qərarda mənzilin istifadəsinə xidməti yaşayış sahəsi kimi verilməsinə dair heç bir qeyd edilməmişdir. Lakin ona order təqdim edilərkən nədənsə “xidməti mənzil” kimi qeyd edilmişdir. Hüquqi savadı olmadığına görə o zaman bu məsələyə əhəmiyyət verməmişdir. Sumqayıt şəhəri. Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən mənzillərin özəlləşdirilməsi işlərinə başlanılmışdır. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 28 May küçəsi ev 5, ünvanında yerləşən 1 nömrəli mənzilin adına özəlləşdirilməsi üçün cavabdeh idarəyə rəsmi qaydada müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə onun ərizəsinin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Belə ki, məktubla ona bildirilmişdir ki, sözügedən mənzil Sumqayıt şəhər XDS İcrayə Komitəsinin Mənzillərin qeydiyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli 229 saylı order əsasında istifadəsinə guya xidməti yaşayış sahəsi kimi verilmişdir. “Mənzil Fondunun özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin eləcədə xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Bundan əlavə məlumat üçün bildirilmişdir ki, idarənin mütəxəsisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman mənzilin daxilində yenidənqurma işlərinin aparıldığı və mənzilə bitişik 123.8 kv.m əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur. İmtinanın heç bir hüquqi əsası yoxdur. Mənzil istifadəsinə xidməti yaşayış sahəsi kimi verilməmişdir. Bundan əlavə mənzilin özəlləşdirilməsinə onunla birlikdə sözü gedən mənzildə yaşayan ailə üzvlərinin hər birinin yazılı razılığı var. Aralarında hər hansı bir mübahisə yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən verilmiş imtina Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında qanunun tələblərinə ziddir. Həmin Qanuna əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (maddə 1). Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır; mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət (maddə 3). Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər (maddə 5). Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə ‘'Elektron Hökumət" portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlən qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, irtzibati və cinayət məsuliyyəti daşıyırlar (maddə 9). Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli n/229 saylı order əsasında istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman mənzilin daxilində yenidənqurma işlərinin aparıldığı və mənzilə bitişik 123.8 kv.m əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur. Mənzil məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Bununla yanaşı Mülki Məcəllənin 180.1-180.4-cü maddələrində özbaşına tikili və onun nəticələri ilə bağlı müddəalar öz əksini tapmışdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-357/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Mənzil hərbi şəhərcikdə yerləşir. Xidməti mənzildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mİİ-nin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin mənzil fonduna aid olmaqla ünvan 1 ünvanı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilməmişdir. Bu isə “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd edilmiş məhdudiyyətlərə uyğun olduğuna, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinin tələbini ödəmədiyinə görə iddianın rədd edilməsi üçün əsas təşkil edir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə düzgün deyil, ona görə də qərar ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, Sumqayıt şəhəri, X8 qəsəbəsi, 28 may küçəsi 5 saylı evin 1 saylı mənzili Sumqayıt şəhər XDS İcrayə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixli, 229 saylı Order əsasında 1981-ci ildən ona 4 nəfər ailə üzvi ilə birlikdə verilmiş, o, hazırda 12 nəfər ailə üzvü ilə orada yaşayır, həmin ünvanda qeydiyyatdadır. Mənzilin özəlləşdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin, İdarə ərizəni təmin etməkdən imtina etmişdir. İdarə də mövqeyini onunla əsaslandırmışdır ki, mənzil guya xidməti yaşayış sahəsi kimi verilmişdir, həmçinin, mənzil daxilində yenidənqurma işləri aparılmış və mənzilə bitişik 123.8 kv m. əlavə tikili inşa edilmişdir. Həmin ev xidməti mənzil sahəsi olmamışdır, ona xidməti yaşayış sahəsi kimi verilməmişdir, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 25 aprel 2022ci il tarixli, 397 nömrəli məktubu ilə də müəyyən edilir ki, mənzil Sumqayıt şəhər XDS-nin İK-nin qərarı ilə ona verilmişdir, orada xidməti yaşayış sahəsi kimi rəsmi qeyd aparılmamışdır. Sadəcə olaraq, Orderdə kimsə qələmlə qeyri rəsmi olaraq “xidməti mənzil” sözləri qeyd edilmişdir, ancaq, Qərarda mənzilin xidmətimənzil kimi ayrılması göstərilməmişdir. Cavabdehin və məhkəmənin mənzilin iddiaçıya xidməti yaşayış sahəsi kimi verilməsi barədə mövqeləri işin həqiqi hallarına, rəsmi sənədlərə uyğun deyil, məhkəmənin qeyri-rəsmi qeydə əsaslanması qeyri-hüquqi mövqedir. Ona verilmiş mənzildə yaşayanlar arasında heç bir mübahisə yoxdur, onun ailə üzvləri mənzilin onun adına özəlləşdirilməsi barədə razılığa gəliblər, ona görə də öz hüququndan istifadə edərək ona ayrılmış mənzili özəlləşdiməkdə haqlıdır. Onun bu hüququnun məhdudlaşdırılması yolverilən deyil. Bu səpkidə qəbul edilmiş məhkəmə aktı ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... Maddə 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ..... “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. ..... Maddə 8...... Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; .... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq order əsasında iddiaçı və onun ailə üzvlərinin istifadəsinə (mülkiyyətinə) verilmiş mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlıdır. Cavabdeh inzibati orqanın imtinasının əsasını müvafiq mənzilin order əsasında istifadəyə xidməti yaşayış sahəsi kimi verilməsi, mənzilin daxilində yenidənqurma işlərinin aparıldığı və mənzilə bitişik 123.8 kv.m əlavə tikili inşa edildiyi müəyyən olunması göstərilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən mənzil Sumqayıt şəhəri X6 İcraiyyət Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən İcraiyyə Komitəsinin 196 №li xx.xx.1981-ci il tarixli qərarı əsasındal tərtib edilmiş müvafiq order əsasında iddiaçı və onun ailə üzvlərinin qanuni sahibliyinə verilmişdir. Həmin vaxtdan indiyədək qeyd edilən mənzil iddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində və sahibliyində olmaqla, onlar həmin evdə pasport qeydiyyatındadırlar. Ailə üzvləri mənzilin iddiaçının adına özəlləşdirilməsinə razı olmaları barədə notarial qaydada ərzə vermişlər. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh həmin mənzilin xidməti mənzil olduğundan özəlləşdirilməsinin yolverilməz olduğunu, habelə əlavə tikili işa edildiyini bildirir. Məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, qeyd edilən mənzil hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin balansında olmaqla, açıq hərbi şəhərcikdə yerləşir, habelə həmin mənzil xidməti mənzil olmamaqla, orderin xidməti mənzil kimi qeyd edilmədiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar Xidmətinin xx.xx.2023-cü il tarixli, 1103 nömrəli məktubundan görünür ki, Hümbətov Vətən Gülməmməd oğluna xx.xx.1981-ci il tarixli, H/229 nömrəli orderlə verilmiş mənzil xidməti mənzil kimi qeyd edilməyib və orderin aid olduğu Hacı Zeynalabdin qəsəbəsi “Tağıyev-3” hərbi şəhərciyi 28 may (Pervomayskaya) küçəsi, ev 5, mənzil 1 ünvanı açıq hərbi şəhərcikdə yerləşir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar Xidmətinin xx.xx.2023-cü il tarixli, 6056 nömrəli məktubundan görünür ki, Hümbətov Vətən Gülməmməd oğlunun yaşadığı Sumqayıt şəhəri, X8 qəsəbəsi, 28 may (Pervomayskaya) küçəsi, ev 5, 1 nömrəli mənzilə verilmiş xx.xx.1981-ci il tarixli H/229 nömrəli order xidməti mənzil kimi qeyd edilməyib və mənzilin yerləşdiyi hərbi şəhərcik açıq hərbi şəhərcik statusu daşıyır. Məhkəmə kollegiyası cavabdehin imtina əsasları ilə bağlı qeyd edir ki, müvafiq mənzilə dair iddiaçının adına verilmiş orderin məzmununda “xidməti” sözü əl yazısı ilə yazılmış, həmin düzəliş orderi tərtib edən səlahiyyətli şəxs tərəfindən imza (möhür) və ya digər formada təsdiq edilməmişdir. Bundan əlavə, həmin orderin tərtib edilməsinə əsas olan müvafiq qərarın arxiv surətinin məzmunundan da görünür ki, həmin qərarda verilən mənzilin “xidməti” mənzil olması ilə bağlı hər hansı qeyd-şərt və ya müddəa əks olunmamışdır. Həmçinin, həmin mənzilin hazırda balansında olduğu müvafiq inzibati orqanın qurumu tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, qeyd edilən orderin xidməti mənzil kimi qeydiyyata alınmadığı bildirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin mənzilin xidməti mənzil olması halı iş materialları əsasında təkzib olunur. Bu baxımından cavabdehin həmin əsasa istinad etməklə, iddiaçının müraciətindən imtina etməsi qanuni olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər halla bağlı onu qeyd edir ki, həmin mənzildə əlavə tikilinin inşa edilməsi halı qanunvericilikdə mənzilin özəlləşdirilməsindən imtina üçün əsas kimi müəyyən edilməmişdir. Qeyd edilən hal mənzilin texniki vəziyyətinin qiymətləndirilməsi ilə bağlı olan hal kimi çıxış etməklə, mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya səbəb olmamalıdır, əks halda həmin əsasa istinad edilməsi halı özlüyündə iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehin imtina əsasları qanuni olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kolegiyası hesab edir ki, sözügedən mənzilin xidməti mənzil olması halı müəyyən edilmədiyindən, habelə həmin mənzil açıq hərbi şəhərcikdə yerləşdiyindən, mənzilin verilməsinə dair order qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququnun qeydiyyatına alınmasına əsas olan sənəd kimi çıxış etdyindən, həmin mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, cavabdehin imtina əsaslarının dəlilləri ətraflı aydınlaşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-357/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyetrindən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar