Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-73/2025 07.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa edilməsi, məcburi iş buraxma dövrü üzrə əmək haqqının ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, həqiqi xidmətə qəbul edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-3343/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)-47/2023 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamında olan gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmış və öhdəsində olan işlərin təhvil verilməsi vaxtı (1 gün) eləcədə 2023-cü il üçün nəzərdə tutulmuş növbəti məzuniyyəti (35 gün) nəzərə alınmaqla 13 fevral 2024-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış, hərbi qeydiyyata götürülmək üçün Xidmətin Şabran rayon bölməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, həqiqi xidmətə qəbul edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-cü il təvəllüdlüdür, 2013-2017-ci illərdə Sumqayıt Dövlət Universitetində təhsil almışdır. 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayınadək (1 il müddətinə) Fövqalada Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2019-cu il Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində gizir rütbəsi ilə baş məsul icraçısı vəzifəsində işə başlamışdır. 2022-ci ilin may ayında xidməti imtahan verərək 5/5 almışdır. 2022-ci ilin iyun ayından zabit vəzifəsi verilmişdir. Xidmətdə olduğu müddətdə ona hər hansı intizam tənbehi tətbiq edilməmişdir. xx.xx.2023-cü il tarixdə xidmət vaxtından kənar vaxtda gecə saat 02 radələrində kiçik bir münaqəşinin subyekti olmuş və xx.xx.2023-cu ildə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətani törətməkli təqsirli bilinmişdir. Həmin hadisələr olan zaman dərhal idarə rəhbərliyi tərəfindən məlumatlandırılmış və bundan sonra xx.xx.2023-cü il tarixdən sərəncamda olmuşdur. Təxminən 1 il müddətində sərəncamda olmuş, halbuki bu müddət 4 aydan artıq təşkil edə bilməzdi. 2024-cü il yanvar ayında iş yoldaşlarının verdiyi məlumata əsasən onun ilə heç bir söhbət aparılmadan, ona məlumat verilmədən xidməti uyğunsuzluğa görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluqla) ehtiyata buraxılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə sənədləri götürmək üçün müraciət etsə də, ona təyinat vərəqəsi təqdim edilməmiş və bildirilmişdir ki, Şabran şəhərində qeydiyyatda olduğu üçün Xidmətin Şabran rayon idarəsinin həqiqi hərbi xidmət çağırış şöbəsindən götürə bilər. Ora müraciət etdikdə yenə də təyinat vərəqəsi ona təqdim edilməmişdir. Bu günə kimi təyinat vərəqəsi iddiaçıya təqdim edilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Ona ehtiyyata buraxılması ilə bağlı heç bir məlumat verilməmişdir. Bütün göstərilənlər bir daha sübut edir ki, onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən ehtiyata buraxılmağı barədə əmr qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Xidmətin sərəncamında olan gizir İddiaçı 2022-ci ilin sentyabr ayında Xidmətin Xətai rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində xidmət edərkən tanışı Elvin Cabbarlı ilə birgə ünvan 1 ünvandakı “La Corne” hotelinin “Fuud Lac” adlı restoranını cari ilin fevral ayınadək icarə əsasında işlətməklə sahibkarlıq fəaliyyətilə məşğul olmuşdur. Gizir İddiaçı dövlət hakimiyyəti nümayəndəsi kimi qanunçuluğa, nizam-intizama riayət edilməsində başqalarına nümunə göstərməli olduğu halda, həmin restoranda xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində sifarişin hesabını ödəməkdən yayınan vətəndaş Həsən Dadaşovla xəsarətlə nəticələnən münaqişə yaratmış, eləcə də intizam məsuliyyətindən kənarda qalması üçün hadisə barədə idarə rəhbərliyini dərhal məlumatladırmamışdır. Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində faktla bağlı araşdırma aparılmış, İddiaçı əməlində İnzibati Xətalar Məcəlləsinin 157ci (döymə) maddəsinin tərkib əlaməti olduğundan toplanmış material xx.xx.2023-cü il tarixdə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və sonuncu məhkəmənin qərarı ilə həmin maddəyə əsasən təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin İddiaçı şikayəti əsasında həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilərək iş üzrə icraat baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)- 47/2023 nömrəli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Xidmətin sərəncamında olan gizir İddiaçı izahatında 2022-ci ilin sentyabr ayında Xətai rayon idarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində xidmət edərkən dostu Elvin Cabbarlının ona birgə pul qazanmaq məqsədi ilə ünvan 2 ünvanda yerləşən “La Corne” hotelinin 1-ci və 5-ci mərtəbəsindəki “Fuud Lac” adlı restoranı icarəyə işlətmələrini təklif etdiyini, aralarındakı razılaşmaya əsasən sonuncuya 5.000 manat pul verdiyini və əldə ediləcək aylıq qazancın 20%nin ona veriləcəyi üçün həmin iaşə obyektinin faəliyyətinə və əldə edilən gəlirə nəzarət etmək məqsədilə mütəmadi olaraq həftədə 1-2 dəfə iş saatlarından sonra oraya getdiyini, xx.xx.2023cü il tarixdə saat 02:00 radələrində restoranda olan zaman hotelin 504-cü otağında qalan, adını sonradan bildiyi Həsən Dadaşovun restorandan otağına spirtli içki və meyvə sifariş verdiyini, lakin pulunu ödəməməklə yanaşı ofsianta qarşı kobud davrandığını öyrəndiyini, dostu E.Cabbarlı ilə birgə məsələni aydınlaşdırmaq üçün həmin otağa getdiklərini, H.Dadaşovun dostunu nalayiq söyüşlərlə söydüyündən aralarında dava etdiklərini, onları ayırmağa çalışan zaman özünün də xəsarət aldığını, növbəti gün Nərimanov rayon Polis İdarəsinə çağıralaraq orada 1 gün, növbəti gün isə həmin idarənin 17-ci polis şöbəsində saxlanıldıqdan sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İnzbati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 ay müddətinə inzibati qaydada həbs edildiyini, şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Nərimanov rayon Məhkəməsinin qərarının ləğv olunduğunu, iş üzrə icraat baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərildiyini, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən İXM-nin 157-ci maddəsində (döymə) nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimələndiyini bildirmişdir. Aparılmış xidməti təhqiqat nəticəsində vətəndaş izahatında tanışı İddiaçı göstərdiklərini özünə aid hissədə təsdiqləmişdir. Bu səbəbdən Xidmət rəisinin xx.xx.2024-cü il tarixli müvafiq əmri ilə Xidmətin Xətai rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində xidmət edərkən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinin və Azərbaycan Respublikası Silahlı X1 tələblərini pozaraq iaşə obyektini icarə əsasında işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, hesabı ödəməkdən yayınan vətəndaş H.Dadaşovla xəsarətlə nəticələnən münaqişə yaratdığına, intizam məsuliyyətindən kənarda qalması üçün hadisə barədə idarə rəhbərliyini dərhal məlumatladırmadığına görə Xidmətin sərəncamında olan gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-3343/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmadı, cavabdeh də bu faktı təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Lakin iddiaçının hərbi qulluqçunun adına uyğun olmayan hərəkətlərə yol verməsi məhkəmənin qanunui qüvvəyə minmiş qərarı ilə də öz təsdiqini tapır və təkzib edilmir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)- 47/2023 nömrəli qərarında, həm də Xidmət tərəfindən aparılan araşdırma materiallarında İddiaçı ictimai əsayişin özü və başqaları tərəfindən pozulmasına yol verməsi təsdiqini tapmış və bütün bunlar onun hərbi xidmətdən xidməti uygunsuzluğa görə ehtiyata buraxılmasına əsas verir. Cavabdeh tərəfindən iddiaçının ehtiyata buraxılması qanuna uyğundur. Onun ehtiyata buraxılmasına dair əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. ... “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə 26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti
1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.
2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:
155. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir.
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. ... İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu 38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar: 38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində; 38.2.2. ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı X2”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə; 38.2.3. xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda – həmin müalicə müddətində; 38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində; 38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində. 38.3. Bu Qanunun 38.2-ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X2” İİİ fəsil. Hərbi intizamın pozulmasına görə cəzalar
43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
44. Hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə komandirlərin (rəislərin) qərarları ilə hərbi qulluqçuların nalayiq hərəkətləri: ..... · zabitlərin nalayiq hərəkətləri alayların (briqadaların), gəmilərin, əlahiddə hissələrin və bunlara müvafiq hissələrin zabitlərinin yığıncaqlarında müzakirə edilə bilər. Bundan əlavə, zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətindən artıq xidmət hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəssisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsində baxılmağa verilmək, həm də intizam cəzası vermək qadağandır. .....
47. Zabitlər, generallar və admirallar müstəsna və təxirəsalınmaz hallarda öz vəzifələrindən kənar edilə bilərlər. Zabitləri, generalları və admiralları öz vəzifələrindən yalnız onları bu vəzifələrə təyin etmək səlahiyyəti olan komandirlər (rəislər) kənar edə bilərlər. Komandir (rəis) tabeliyində olan hərbi qulluqçunu öz vəzifəsindən kənar edərkən, bu barədə dərhal komanda üzrə məlumat verməlidir. Həmin məlumatda vəzifədən kənar edilmənin səbəbi və şəraiti müfəssəl izah edilməlidir. Öz tabeliyində olanı tutarlı əsas olmadan vəzifəsindən kənar etmiş komandir (rəis) bunun üçün məsuliyyət daşımalıdır. ......
61. Gizirlərə və miçmanlara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; [7] i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər.
67. Zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. İntizam cəzalarının verilmə qaydası
85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.
86. Həbs son təsir tədbiridir və bir qayda olaraq, komandirin (rəisin) istifadə etdiyi digər tədbirlər istənilən nəticəni vermədiyi hallarda tətbiq edilir.
87. Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir.
88. Eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır.
89. Dəfələrlə nalayiq hərəkətlər etdikdə, hərbi intizamın və ictimai asayişin qrup halında pozulmasında iştirak etdikdə, nalayiq hərəkəti xidməti vəzifəsini yerinə yetirərkən, döyüş növbəsində olarkən, ya da sərxoş halda törətdikdə, nalayiq hərəkət ictimai asayişin kobud surətdə pozulmasına gətirib çıxartdıqda hərbi qulluqçuya verilən intizam cəzası ciddiləşdirilir.
90. Əgər rəis tabeliyində olanın törətdiyi nalayiq hərəkətin ağırlığına görə ona verilən cəza üçün özünün intizam səlahiyyətini kifayət saymırsa, rəis özündən böyük rəisin intizam səlahiyyətindən istifadə etmək üçün vəsatət qaldırır.
91. Öz intizam cəzası vermək səlahiyyətini aşmış rəis bunun üçün məsuliyyət daşımalıdır.
92. Kiçik rəis öz intizam səlahiyyətini aşmayıbdırsa, onun verdiyi intizam cəzasını böyük rəisin ləğv etmək və yaxud yüngülləşdirmək hüququ yoxdur. Böyük rəis müəyyən etsə ki, törədilən nalayiq hərəkət üçün kiçik rəisin verdiyi cəza kifayət deyildir, onun bu cəzanı ləğv edib, təqsirkara daha ciddi cəza vermək hüququ vardır.
93. Hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir.
94. Sutkalıq naryadın (döyüş növbətçiliyinin) tərkibinə daxil olan şəxslərə xidmət vaxtı törətdikləri nalayiq hərəkətlər üçün intizam cəzaları naryad (döyüş növbətçiliyi) qurtarandan, yaxud onlar dəyişdirildikdən sonra verilməlidir.
95. Sərxoş halda olan təqsirkara intizam cəzasının verilməsi, yaxud ondan hər hansı bir izahat tələb edilməsi onun sərxoşluqdan ayılmasına qədər təxirə salınmalıdır. Bu məqsədlə sərxoş halda olan şəxs bir sutkaya qədər hauptvaxtda və ya müvəqqəti saxlama kamerasında saxlanılır, sonra onun məsuliyyəti haqqında qərar qəbul edilir. İntizam cəzalarının icra qaydası
96. İntizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir. Verilmiş intizam cəzası bir ay keçdikdən sonra icra edilmir, lakin təqsirkarın xidmət vərəqəsinə yazılır. Bu halda icranı təmin etməyən şəxs məsuliyyət daşımalıdır.
97. Verilən intizam cəzasından şikayət edilibsə, böyük rəisin bu cəzanı ləğv etmək barədə sərəncamı olana qədər cəzanın icrası dayandırılmır. .... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, həqiqi xidmətə qəbul edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsinə əsas olan hadisə (başqa şəxsi döyməsi) xx.xx.2023-cü il tarixdə baş vermişdir, müvafiq polis idarəsi tərəfindən cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq, iddiaçının onlar tərəfindən saxlanıldığı, faktla bağlı araşdırma aparıldığı barədə məlumat verilmişdir. İş materiallarından görünür ki, iddiaçının işlədiyi müvafiq idarənin rəisi tərəfindən raport tərtib edilmiş, raportun məzmununda iddiaçı ilə əlaqə saxlanıldığı, onun işə gələrkən yıxılaraq qolunu sındırdığını, tibb müəssisəsinə müraciət edərək, ilkin tibbi yardım göstərildikdən sonra xidmət yerinə gələcəyini bildirdiyi, daha sonra mobil nömrələrinin söndürülməsi ilə əlaqədar olaraq əlaqə saxlamaq mümkün olmamış, 26 yanvar 2023-cü il tarixdə onun yaxınları tərəfindən münaqişə nəticəsində travma aldığı və 26 yanvar 2023-cü ildə polis bölməsinə aparıldığı bildirilmiş, barəsində tədbir görülməsi xahiş olunmuş, daha sonra iddiaçının izahatı alınmış, 16 dekabr 2023-cü il tarixdə iddiaçı barəsində aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəy tərtib edilmiş, rəyə əsasən iddiaçının “Hərbi qulluqçuların status haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin və Azərbaycan Respublikası Silahlı X1 tələblərini pozaraq iaşə obyektini icarə əsasında işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, hesabı ödəməkdən yayınan vətənaşa xəsarətlə nəticələnən münaqişə yaratdığına, intizam məsuliyyətindən kənarda qalması üçün hadisə barədə idarə rəhbərliyini dərhal məlumatlandırdığına görə Xidmətin sərəncamında olan iddiaçının intizam tənbehinə layiq olması qeyd edilmişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasının Silahlı X1 67ci maddəsi və “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamənin 5.6.13-cü yarımbəndinə əsasən xx.xx.2024-cü il tarixli əmr qəbul edilmiş, həmin əmrə əsasən iddiaçınıniddiaçının müvafiq idarənin zabiti vəzifəsində xidmət edərkən “Hərbi qulluqçuların status haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin və Azərbaycan Respublikası Silahlı X1 tələblərini pozaraq iaşə obyektini icarə əsasında işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, hesabı ödəməkdən yayınan vətəndaşa xəsarətlə nəticələnən münaqişə yaratdığından, intizam məsuliyyətindən kənarda qalması üçün hadisə barədə idarə rəhbərliyini dərhal məlumatlandırmadığına görə Xidmətin sərəncamında olan gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli əmr əsasında iddiaçı ehtiyata buraxılması və şəxsi heyətin siyahısından çıxarılması qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.2020-ci il tarixli əmr əsasında sanitar epidemioloji tələblərə dair qaydaların tələblərini pozduğuna görə və xidmət zamanı android mobil telefondan istifadə etdiyinə görə “töhmət” intizam cəzası verilmiş, xx.xx.2020-ci il tarixdə götürülmüş, habelə xidməti fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə xx.xx.2020-ci il tarixli əmr əsasında “təşəkkür” elan edilmiş, müvafiqəmrin tələblərinin icrası zamanı xidməti fəaliyyəti zamanı əldə etdiyi nailiyyətlərə görə xx.xx.2021-ci il tarixli əmr əsasında “təşəkkür” elan edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması zamanı qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək, əvvəlki tutduğu vəzifəsinə bərpa edilməsini istəyir, cavabdeh inzibati orqan isə iddiaçının müvafiq qanunvericiliyin tələblərini pozduğuna görə əsaslı olaraq ehtiyata buraxıldığını, bu barədə qəbul edilmiş əmrin qanuni və əsaslı olduğunu bildirir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin qəbul edilməsini məhz onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması, başqa vətəndaşa xəsarət yetirməsi ilə nəticələnən münaqişə yaratması və intizam məsuliyyətindən kənarda qalması üçün baş vemiş hadisə barədə idarə rəhbərliyinə dərhal məlumat verməməsi kimi hallarla əsaslandırmışdır. Bu baxımından kollegiya ilk növbədə onu qeyd edir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs qismində vergi ödəyicisi kimi qanunla müəyyən edilmiş qaydada vergi uçotuna alınmamış, adına vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının dostu ilə birgə ticarət obyekti (restoran) işlətməsi ilə məşğul olması halına istinad etmiş, həmin halı sözügedən hadisənin həmin restoranda baş verməsi, restoranı icarə əsasında işlətməsi kimi hallarla əsaslandırmışdır. Kollegiya hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması halı məhz onun adına VÖEN olması və ya ticarət obyektinin icarəyə götürülməsi barədə onun tərəf kimi çıxış etdiyi müqvailənin olması və s. sənədlərin mövcudluğu əsasında müəyyən edilməlidir. İndiki halda isə cavabdeh tərəfindən həmin hala dair heç bir sübut vasitəsi (icarə müqaviləsi, iddiaçının adına VÖEN olması və s.) məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə desək, cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması halına heç bir əsas olmadan ümumi sözlər şəklində formal olaraq istinad etmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin iddiaçı barəsində vaxtı çatmamış ehtiyata buraxılmasına səbəb olan həmin arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən başqa vətəndaşa xəsarət yetirməsi ilə bağlı yol verdiyi hüquq pozuntusuna görə onun barəsində müvafiq məhkəmə qərarı ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilmişdir. Yuxarıda istinad edilən İntizam Nizamnaməsinin müvafiq normasının tələbinə əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. Göründüyü kimi iddiaçı artıq yol verdiyi həmin qanun pozuntusuna görə cəzalandırılmışdır. Belə olan halda, iddiaçı barəsində həmin hala yenidən istinad edilməklə, onun ehtiyatdan buraxılması və nəticə etibarilə işdən azad olunmasına dair cəza tədbirinin tətbiq edilməsi həmin normanın dispozitiv şərtləri ilə uzlaşmır və bu hal qanunvericiliyin tələbinə ziddir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin iddiaçı barəsində müvafiq əmrin qəbul edilməsi əsası kimi iddiaçının başqa şəxsə xəsarət yetirməsi ilə nəticələnən münaqişə yaratması halına istinad etməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya digər hissədə onu qeyd edir ki, baş vermiş hadisə barədə müvafiq polis idarəsi tərəfindən cavabdeh inzibati orqan məlumat xarakterli məlumat ünvanlanmışdır Bundan əlavə raportun məzmunundan görünür ki, iddiaçının mobil nömrələri söndürüldüyündən əlaqə saxlanılmasının mümkün olmadığı, baş vermiş hadisə barədə onun yaxınları tərəfindən məlumat verilməsi halına istinad edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı həmin vaxtda müvafiq polis idarəsində saxlanıldığından, onun hadisə barədə dərhal məlumat vermək imkanının olmaması cavabdehə aşkar bəlli olduğu halda, habelə hadisə barədə yaxınları tərəfindən məlumat verilməsinə baxmayaraq, iddiaçı barəsində müvafiq əmrin qəbul edilməsinə əsas olan hal kimi həmin hala istinad edilməsi formal xarakter daşımaqla, əsassız olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq əmrin qəbul edilməsi zamanı qanunvericilik normasının bir sıra tələbləri pozulmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, istinad edilən hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçı xx.xx.2023-cü il tarixdən xidməti sərəncama götürülmüş, onun barəsində xidməti təhqiqat aparılmağa başlanılmış, aparılmış xidməti təhqiqatın nəticəsinə dair 16 dekabr 2023-cü il tarixdə rəy tərtib edilmiş, həmin rəy əsasında onun xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əmr qəbul edilmişdir. Göründüyü kimi iddiaçı 1 ilə yaxın müddətdə xidməti sərəncamda olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan xidməti təhqiqatın 1 ilə yaxın müddətdə davam etməsinin əsaslarına aydınlıq gətirə bilməmiş, həmin müddətin uzanmasını zəruri edən halları da əsaslandıra bilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən “Azərbaycan Respublikası Silahlı X2”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə 4 aydan artıq olmamaq şərti ilə sərəncamda olurlar. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq Əmr qəbul edilərkən İntizam Nizamnaməsinin 38-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının ehtiyata buraxılmasına əsas olan hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, həmin hadisəyə görə onun barəsində məhz xx.xx.2023-cü il tarixli məhkəmə qərarı əsasında tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı barəsində təhqiqat başlanılmış, təhqiqatın nəticəsinə dair rəyin 16 dekabr 2023-cü il tarixdə tərtib edilmişdir. İddiaçının həmin hadisəyə görə ehtiyata buraxılması barədə əmr isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən, bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən 10 sutka keçənə qədər verilməlidir. Göründüyü kimi, iddiaçı barəsində ehtiyata buraxılması barədə intizam cəzası onun tətbiq edilməsinə əsas olan hadisənin baş verməsindən 1 ilə yaxın müddət keçdidkən sonra, habelə təhqiqatın qurtardığı gündən 24 gün keçdikdən sonra tətbiq edilmişdir. Halbuki, qanunvericilik normasının tələbinə əsasən baş vermiş hadisə barədə məlumatın aldığı gündən, təhqiqat aparıldığı halda isə təhqiqatın qurtardığı gündən 10 gün müddətində intizam cəzası verilməlidir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq Əmr qəbul edilərkən İntizam Nizamnaməsinin 93-cü maddəsinin tələblərinə də əməl edilməmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçının xidmət etdiyi dövrdə iki dəfə barəsində həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəyyən edilmişdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən gizirlərə və miçmanlara məzəmmət, töhmət,şiddətli töhmət,hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs,vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq,aşağı vəzifəyə keçirmə, gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa), xidmət vaxtı başa çatmamış ehtiyata buraxma,gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə, sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. Göründüyü kimi, İntizam Nizamnaməsinin məzmununda yol verilmiş qanun pozuntularına görə bir neçə intizam cəzasının tətbiq edilməsinin mümkülüyü qeyd edilmiş, habelə xidmət vaxtı çatmamış ehtiyata buraxma cəza növünə qədər beş növ cəza tədbiri əks olunmuşdur. İndiki halda cavabdeh inzibati orqan iddiaçı barəsində baş vermiş hadisəyə görə (hansıki həmin hadisəyə görə barəsində tənbeh tədbiri tətbiq edilmişdir) məhz onun xidmət vaxtı çatmamış ehtiyata buraxma növündə intizam tənbeh tədbirini tətbiq etsə də, iddiaçının yol verdiyi pozuntuya görə ağır tənbeh tədbirinin tətbiq edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Başqa sözlə desək, iddiaçı barəsində qanunla yol verilən digər cəza tədbirlərinin deyil, nəyə görə məhz ağır cəza növünün-xidmət vaxtı çatmamış ehtiyata buraxılma növündə cəzanın tətbiq edilməsinin zəruri edən əsaslarına aydınlıq gətirə bilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır, komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. Göründüyü kimi tətbiq edilən tənbeh tədbiri yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. İndiki halda isə iddiaçı barəsində yol verilmiş pozuntuya görə inzibati qaydada məsuliyyətə cəlb edildiyi halda, onun barəsində əsas olmadan (əmrdə istinad edilmiş əsaslar heç bir sübutla təsdiq edilmədiyindən) ağır tənbeh tədbirinin tətbiq edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Başqa sözlə desək, iddiaçının yol verdiyi pozuntunun xarakteri, ağırlıq dərəcəsi və təqsirin dərəcəsi (tərəflər arasında gərgin münaisbətin yaranması zəminində baş verməsi və s. amillər baxımından) onun barəsində ağır tənbeh təbdirinin tətbiq edilməsinə mütənasib olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq Əmr qəbul edilərkən İntizam Nizamnaməsinin 85-87-ci maddələrinin də tələblərinə əməl edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqanının iddiaçının xidmət vaxtı başa çatmamış ehtiyata buraxılması barədə müvafiq əmri və həmin əmrin qəbul edilməsi ilə bağlı hərəkətləri əsassız və qanunazidd olmuş, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, indiki halda iddiaçının ehtiyata buraxılma barədə əmrin ləğv edilməklə, əvvəlki vəzifəyə bərpa edilməsi barədə tələbi əsas tələb kimi çıxış etdiyindən, habelə əsas tələbi əsaslı olduğundan, əsas tələbdən törəmə tələb kimi çıxış edən məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsinə dair tələbi də əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbi baxımından düzgün dəyərləndirilməmiş, işin halları tam araşdırılmamışdır, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. Buna əsasən məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz onun xidmət vaxtı çatmamış ehtiyata buraxılma haqqında əmrin ləğv edilməklə, əvvəlki vəzifəsinə bərpa olunmasından və bərpa olunana kimi məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsindən ibarət olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı belə bir iddia tələbini irəli sürməkdə haqlı olduğundan, nəticə etibarilə iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-3343/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Gizir İddiaçı zabit vəzifəsi üzrə hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən qəbul edilmiş 07 ş/h nömrəli xx.xx.2024-cü il tarixli Əmri ləğv edilsin. İddiaçı Gizir İddiaçı əvvəlki tutduğu vəzifəsinə- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Xətai rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsi üzrə xidmətə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.