Məhkəmə qərarları › İş №2-1(105)-730/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-730/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-730/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 3351/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.06 ha torpaq sahəsi Abşeron rayonu Məmmədli Bələdiyyəsinin mülkiyyətindədir. Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 11/69 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, İddiaçı 600 kv.metr və ya 0,06 ha torpaq sahəsi satılmışdır. AN-İ № ******* seriyalı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu X2 rayonu Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsini 960 manata İddiaçı satmışdır. Cavabdehin imtina bildirişindən görünür ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Prezidentin 2181 saylı fərmanını rəhbər tutub 30 ildən çox istifadəsində olan qeyri-yaşayış tikilidə yerləşən 6 sot torpağına dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 11/69 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində ayrılmış və Abşeron rayon 2 saylı Notariat kontorunda 4Ə-1352 saylı 05 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmiş 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin oktyabr ayında Abşeron rayonu Məhəmmədi qəsəbısində 30 ildən çox istifadəsində olan 6 sot torpağı (yaşayış evi və tövlə tikilisi olduğu halda) çıxarışın bələdiyyənin adına alaraq, 960 manat rüsum ödəyərək alqı-satqı müqaviləsi bağlamışdır. Hansıkı bu yararsız şoran torpaq sovxozdan anasına tikili ilə əmlak payı verilmişdi. Cavabdehə bütün lazımi sənədləri verməsinə baxmayaraq, cavabdeh təşkilat süründürməçiliyə yol verərək, onun tələbini müsbət həll etməmişdir. Cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3351/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 11/69 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində ayrılmış və Abşeron rayon 2 saylı Notariat kontorunda 4Ə-1352 saylı 05 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmiş 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara aınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 11/69 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı əsasında 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququ qeydən alınandan sonra, alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmışdır. Hal-hazırda həmin torpaq sahəsi İddiaçı faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış 0,06 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi yeganə arqument torpaq sahəsinin bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid olmasıdır. Belə ki, qeyd olunan torpaq sahəsi notaraial qaydada təsdiq edilməmişdən öncə cavabdeh təşkilat torpaq sahəsinə dair forma 1 saylı arayış vermiş və torpaq sahəsinin özgəninkiləşdirilməsinə hər hansı bir məhdudiyyət qoymamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsində torpaq sahəsinin ehtiyyat fondundan çıxarılardıqdan sonra satışının həyata keçirilməsi hüququnun olması qeyd olunsa da həmin prosedurun hansı əsasla həyata keçirilməsi Məcəllədə öz əksini tapmamışdır. Yəni Məcəllə həmin prosedurun bələdiyyələr tərəfindən həyata keçirilməsi üçün imperativ norma müəyyən etməmişdir. Məmmədli Bələdiyyəsi isə öz növbəsində həmin torpaq sahəsinin İddiaçı qərar əsasında ayırması və sonradan alqı-satqısını rəsmi formada həyata keçirilməsi ilə məsələyə dair öz münasibətini, yəni özünün ehtiyatında olan torpaq sahəsini özgəninkiləşdirmək fikrində olması ilə bağlı iradəsini bildirmişdir. Başqa sözlə desək Məmmədli Bələdiyyəsi tərəfindən buraxılmış hər hansı yalnışlıq hesab edilə biləcək səhfə görə vətəndaş konstitusion hüquqularını həyata keçirməkdə maneələr ilə üzləşməməlidir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınarkən ehtiyyat fondu kateqoriyasına aid olmasının cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir. Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı-satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin cari qərarında torpaq sahəsinin qonşuluğunda yerləşən mənzillərə dair müxtəlif vətəndaşların adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verildiyi, həmin çıxarışlarda torpaq sahəsinin kateqoriyasının qeyd edilmədiyi bildirilmişdir. Mənzillərin tərkib hissəsi olan çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsi və qonşuluqda yerləşən torpaq sahələri həm DWG, həmdə TEKUİS-ə əsasən uqodiyası tikinti altında olan sahələr olmaqla təyinatı və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aiddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ....7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 0,06 ha ölçüdə torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edildiyi müəyyən olunmuş, qanunvericiliyin tələbinə əsasən ehtiyat fondu torpaqların istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyənin mülkiyyətində olmuş, bələdiyyənin qərarı ilə iddiaçının adına ayrılmış, tərəflər arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmçinin, qeyd edilən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müyainə edilrək, onun texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Qed edilən müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsi naturada (0,06 ha ölçüdə) mövcuddur, faktiki iddiaçının istifdaəsindədir, sənəd üzrə koordinatlara uyğundur, qismən daş hasarla sərhədlənib, yol ilə sərhəddir, cənub-şərq sərhəddindən 6 kv/t yüksək gərginlikli elektrik xətti keçir, habelə ortofoto görüntüsü əlavə edilmişdir. Qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. İndiki halda həmin inzibati aktın ləğv edilməsi, etibarsız sayılması və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair sənədlər tələb edilmiş və həmin sənədlər tədqiq edilmişdir. Tədqiq edilən sənədlərin məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyası ehtiyat fondu torpaq sahəsi qeyd edilsə də, həmin torpaq sahələrinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın qeyd olunan arqumenti əsassız olmuşdur. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3351/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar