Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-731/2024 23.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)- 823/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardad qəbul etdi. İŞİN HALLARİ Sumqayıt şəhər bələdiyyəsinin 07 mart 2008-ci il tarixli, 07 nömrəli iclas qərarına əsasən Süleymanov Mahir Salman oğluna fərdi ev tikintisi üçün Sumqayıt şəhərinin cənubunda “Samur Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsinin Dövlət torpaq və Xəritəçəkmə komitəsi Sumqayıt şəhər şöbəsinin Şəhər Memarlıq və Şəhərsalma idarəsinin razılaşdırdığı baş plana müvafiq mövqe sxemi əsasında 600 kv.m. 362 saylı həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Daha sonra Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli, 06 nömrəli iclas qərarı ilə Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan sözügedən 600 kv.m. 362 saylı həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. Bundan sonra iddiaçı Süleymanov Mahir Salman oğlu cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyənin İddiaçı mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında 24 aprel 2015-ci il tarixli, 06 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-473/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Sumqayıt şəhər Bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli, 06 nömrəli qərarı ləğv edilmişdir (hakim L.Mirzəyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(105)-427/2022 nömrəli qərardadı ilə üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)- 473/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2-1(102)-2200/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 2-1(105)-427/2022 nömrəli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bundan sonra Sumqayıt bələdiyyəsinin 17 may 2023-cü il tarixli, 08 nömrəli iclasının 30 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin təklif və tövsiyəsi nəzərə alınaraq, bələdiyyənin 07 mart 2008-ci il tarixli, 07 nömrəli qərarı ləğv edilmişdir. Sumqayıt bələdiyyəsinin növbəti 08 iyun 2023-cü il tarixli, 09 nömrəli iclasının 39 nömrəli qərarı ilə isə Süleymanov Mahir Salman oğluna fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi haqqında bələdiyyənin 17 may 2023-cü il tarixli, 08 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərarla razılaşmayan İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 08 iyun 2023-cü il tarixli, 09 nömrəli iclasının 39 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra Süleymanov Mahir Salman oğluna 0,06 ha torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının qanun normalarının pozuntusu ilə çıxarıldığı müəyən edilmiş və Sumqayıt Bələdiyyəsinə M.Süleymanova torpaq sahəsinin ayrılması barədə 07 mart 2008-ci il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi ilə bağlı yazılı tövsiyə verilmişdir. Həmin tövsiyə əsasında bələdiyyənin 07 mart 2008-ci il tarixli, 07 nömrəli iclas qərarı ləğv edilmişdir. Lakin, bundan heç bir ay keçməmiş Sumqayıt Bələdiyyəsi 08 iyun 2023-cü il tarixli, 09 nömrəli iclasının 39 nömrəli yeni qərarını qəbul edilmişdir ki, bu qərarla da özünün 17 may 2023-cü il tarixli, 08 nömrəli iclasının 30 nömrəli qərarını ləğv etmişdir. Sumqayıt Bələdiyyəsi bunu onunla M.Süleymanov arasında məhkəmə mübahisəsinin getməsi ilə əsaslandırmağa çalışmışdır, halbuki, onun məhkəmə işləri 2020-ci ildən aparılmaqla, bələdiyyənin cavabdeh qismində iştirak etdiyi işlərdir və bələdiyyənin məhkəmə mübahisəsindən 17 may 2023-cü il tarixli, 08 nömrəli iclasının 30 nömrəli qərarını qəbul edərkən də məlumatlı olmuşdur. Bələdiyyənin 08 iyun 2023-cü il tarixli, 09 nömrəli iclasının 39 nömrəli qərarının kənar təsirlər nəticəsində qəbul edildiyini, onun maraqlarına toxunduğunu, eləcə də qanuni və əsaslı olmadığını hesab edərək həmin bələdiyyə qərarını mübahisələndirmək qərarına gəlmişdir. Belə ki, bələdiyyənin 07 mart 2008-ci il tarixli, 07 nömrəli iclasının qərarı ilə 600 kv.m. torpaq sahəsinin fərdi ev tikintisi üçün M.Süleymanova ayrılması nəzərdə tutulsa da, torpağın ayrılmasına dair müvafiq sənədləşmə işləri başa çatdırılmamış, o, həmin qərar üzrə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməmiş və torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir. M.Süleymanov tərəfindən torpağın hər hansı alqı-satqı məbləği Sumqayıt Bələdiyyəsinə ödənilməmişdir. Belə olan halda hesab edir ki, bələdiyyənin 07 mart 2008-ci il tarixli, 07 nömrəli iclas qərarı 17 may 2023-cü il tarixli, 08 nömrəli iclasının 30 nömrəli qərarı ilə qanuni şəkildə ləğv edildiyi halda, həmin qərarın bələdiyyənin 08 iyun 2023-cü il tarixli, 09 nömrəli iclasının 39 nömrəli yeni qərarı ilə ləğv edilməsi üçün hər hansı hüquqi əsaslar mövcud olmamışdır. Hesab edir ki, Sumqayıt Bələdiyyəsi tərəfindən 08 iyun 2023cü il tarixli qərar “İnzibati icraat haqqınnda” Qanunun tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Göründüyü kimi bələdiyyənin bu qərarı ilə onun hüquqları Sumqayıt Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(118)-4030/2023 nömrəli qərardadı ilə Süleymanov Mahir Salman oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-823/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iddia üzrə iddiaçının subyektiv hüququ müəyyən olunmur. Belə ki, məhkəmə tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin üçüncü şəxsin sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması təklif edilsə də, iddiaçının vəkili buna etiraz etmişdir. Belə olan halda, bələdiyyə qərarında göstərilən torpaq sahəsinin iddiaçıya hər hansı bir aidiyyətinin olub-olmasını müəyyən etmək olmur. Nəzərə alınmalıdır ki, Sumqayıt bələdiyyəsi tərəfindən torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı gətirdiyi arqument hər hansı bir dəlil ilə öz təsdiqini tapmır. Eyni tərəflər arasında olan yuxarı instansiya məhkəməsində məhkəmə araşdırmasının davam etdirilməsi torpaqların üstüstə düşməsinə dəlalət edə bilməz. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə qərardadında cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət bildirilmədiyi qeyd edilsə də, məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, qeyd olunan torpaq sahələri üst-üstə düşür və cavabdeh həmin qərarın ləğv edilməsinə etiraz edir. Cavabdehin nümayəndəsinin ola bilər ki, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(105)-427/2022 nömrəli qərardadından xəbəri olmasın. Lakin həmin qərardadın mətnindən də mübahisəsiz şəkildə məlum olur ki, həmin iş üzrə iddaçı (hazırki iş üzrə 3-cü şəxs Süleymanov mahir Salman oğlu) öz iddiasını əsaslandırarkən torpaq sahəsinin üstüstə düşməsini özü təsdiq edir. Bundan başqa, torpaq sahələrinin eyni torpaq sahəsi olması hazırki məhkəmə çəkişməsinə qədər qəbul edilmiş məhkəmə aktları ilə mübahisəsiz şəkildə təsdiqini tapmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, hazırkı iş üzrə iddiaçıya və üçüncü şəxslərə bələdiyyə qərarları ilə ayrı-ayrı vaxtlarda ayrılmış torpaq sahələrinin üst-üstə düşüb–düşməməsi ilə bağlı problem olmamışdır. Belə ki, torpaq sahələri eyni olduğundan tərəflər arasında mübahisə yaranmışdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdilər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmadığı əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə pozuntuya yol verilmişdir. Belə ki, məhkəmə bələdiyyə qərarları ilə ayrı-ayrı vaxtlarda iddiaçı və üçüncü şəxsə ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi üçün iddiaçı tərəfdən mütəxəssis rəyinin alınmasına şərait yaradılmadığı, bu baxımdan, torpaq sahələrinin eyniliyin müəyyən edilmədiyi qənaətinə gəlmişdir. Halbuki, həmin torpaq sahələrinin eyni sahələr olduğu işin hallarından təkzibedilməz şəkildə aydın olur və bunun üçün mütəxəssis rəyinin alınmasına zərurət yoxdur. Belə ki, işdən görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 07 mart 2008-ci il tarixli, 07 nömrəli iclas qərarı ilə üçüncü şəxsə 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin bələdiyyə qərarının qanuniliyi ilə bağlı hazırkı iş üzrə iddiaçının müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən araşdırma aparılmış və araşdırmanın yekununda Sumqayıt bələdiyyəsinə xx.xx.2023-cü il tarixli, 05/182 nömrəli məktub ünvanlanmışdır. Həmin məktubdan görünür ki, Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli, 07 nömrəli qərarı ilə Süleymanov Mahir Salman oğluna 0,06 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, torpağın ayrılmasına dair müvafiq sənədləşmə işləri başa çatdırılmamış, M.S.Süleymanov tərəfindən torpaq sahəsinin alqı-satqı məbləği bələdiyyəyə ödənilməmiş, həmin qərar üzrə üzərinə qoyulmuş öhdəliklər yerinə yetirilməmiş və torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir. Sonradan həmin torpaq sahəsi bələdiyyənin 24 aprel 2015-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı ayrılmış və onun mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Qeyd edilənləri nəzərə alaraq, bələdiyyənin 07 mart 2008-ci il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi tövsiyə edilmişdir. Göründüyü kimi ilk olaraq Sumqayıt Regional Ədliyyə İdarəsinin qeyd olunan məktubu ilə həmin torpaq sahələrinin eyniliyi təsdiq edilmişdir. Bundan əlavə, tərəflər arasında bələdiyyə qərarları ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuşdur, aparılmış məhkəmə araşdırmalarından da həmin torpaq sahələrinin üst-üstə düşdüyü məlum olur. Belə ki, hazırkı iş üzrə üçüncü şəxs Süleymanov Mahir Salman oğlu Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli, 07 nömrəli qərarı ilə ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydə alınması üçün DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, onun müraciətinə cavab olaraq inzibati orqan tərəfindən 13 may 2019-cu il tarixli məktubla mübahisələndirilən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı bildirilmişdir. Bundan sonra, üçüncü şəxs İddiaçı 0,06 ha torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin 24 aprel 2015-ci il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, mübahisə üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Həmin məhkəmə icraatları zamanı da torpaq sahələrinin üst-üstə düşmədiyi nə S.M.Süleymanov, nə də İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, qeyd olunan fakt hazırki iş üzrə cavabdeh bələdiyyə tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında iddiaçıya və üçüncü şəxslərə bələdiyyə qərarları ilə ayrı-ayrı vaxtlarda ayrılmış torpaq sahələrinin üst-üstə düşüb–düşməməsi ilə bağlı mübahisə olmadığını, torpaq sahələri eyni olduğundan tərəflər arasında mübahisə yarandığını bildirmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun mövucdluğu müəyyən edilir. Eləcə də, iddiaçı cavabdehin 08 iyun 2023-cü il tarixli qərarının mübahisələndirilməsinə dair hazırki tələblə 23 iyun 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da müəyyən edilir ki, iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilmişdir. Odur ki, məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir. İddiaçı apellyasiya şikayətində məhkəmə qərardadının ləğvi ilə yanaşı, iddianın təmin edilməsini də xahiş etmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən, 3.2-ci maddədə müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə də qeyd edilən kateqoriyadan olan mübahisədir. Belə olan halda isə apellyasiya məhkəməsi tərəfindən iddia tələbinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilə bilməz. Bu baxımdan, şikayət həmin hissədə təmin edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-823/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-731/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-731/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver