Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-732/2023 06.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçı Cavabdehna qarşı Quba rayon üzrə Vergilər şöbəsinin D/01-961 saylı, 31 oktyabr 2000-ci il tarixli yoxlama arayışına əsasən müvafiq qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2927/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon üzrə Vergilər şöbəsinin D/01-961 saylı, 31 oktyabr 2000-ci il tarixli yoxlama arayışına əsasən müvafiq qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı idia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon üzrə Vergilər şöbəsinin D/01-961 saylı 31 oktyabr 2000-ci il tarixli yoxlama arayışına əsasən müvafiq qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,o, 1978-ci il 01 yanvar tarixdən Quba bazarında filial müdiri-nəzarətçi vəzifəsində işə qəbul olunmuş, 1988-ci ildən həmkarlar Komitəsinin sədri vəzifəsinə seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 1995-ci il tarixli 1120 nömrəli Fəmanı ilə təsdiq edilən “Dövlət mülkiyyətinin özəlləşdirilməsi” barədə X2 5-ci maddəsinə əsasən:məcburi özəlləşdirilməli olan ilkin balans dəyəri Ticarət Nazirliyinin Layihə İnstitutu tərəfindən tərtib edilən 2442 nömrəli layihə sənədi ilə ilkin balans dəyəri ******* rubl hesablanmış və bazarın özəlləşdirilməsi ilə əlaqədar tikinti yarımçıq qalmış 1.56 ha bazar ərazisində 159.830.2 manat dəyərində dövlət əmlakının özəlləşdirilmədən yayındırmaqla ƏMDK-nin səlahiyyətləri mənimsənilməklə qanunsuz satmasının qarşısının alınması məqsədilə keçmiş Quba rayonu üzrə Vergilər şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Quba rayonu üzrə Vergilər şöbəsi tərəfindən aparılan 31 oktyabr D/01-961 arayışında cinayət əməlləri müəyyən olunması səbəbindən qərar qəbul edilməsi məqsədilə cavabdehlər keçmiş Quba rayon Prokuroru baş ədliyyə müşaviri Seyfəddin Həsənova və keçmiş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin rəisi Fəxrəddin Qəmbərova və ona göndərilmişdir. Arayışla əlaqədar Prokurorluğa dəvət olunmuş və ifadələri alınmaqla işlə əlaqədar sübutları şəxsən prokuror Seyfəddin Həsənova təqdim etmişdir. Cavabdeh orqanın rəhbəri müvafiq qərarın qəbul edilərək ünvanına göndəriləcəyi bildirilmişdir. Lakin toplanmış cinayət işi ona məlum olmayan səbəblərdən qərar qəbul edilmədən yarımçıq saxlandığından narazı qalıb keçmiş baş prokuror X4 şəhərində keçirdiyi qəbulunda olmuş və 31 oktyabr D/01-961 arayışın, əlində olan sübutları təqdim edərək müvafiq tədbirin görülməsini xahiş etmiş, Baş prokuror qəbulda şəxsən ona təşəkkürünü bildirərək işin öz nəzarətinə götürməklə müvafiq qərarın qəbul ediləcəyinə söz vermişdir. Lakin üstündən illər keçməsinə baxmayaraq cavabdeh orqanların vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələbləri pozularaq dövlətin qanunla qorunan maraqlarıda küllü miqdarda - özəlləşdirmədən dövlət büdəcəsinə köçürülməli olan vəsaitlərin, həmçinin özəlləşdirilməyən dövlət əmlakı üzərində qanunsuz sahibkarlıq fəaliyyəti ilə müstəqil Azərbaycan Dövlətinin iqtisadi dayaqlarının sarsıdılması - külli miqdarda ziyanın vurulmasına şərait yaratmışlar. Dövlətin qanunla qorunan maraqlarının və pozulmuş əsas və azadlıqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2927/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın tamamilə ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadı qanunsuz hesab edir. Belə ki, məhkəmə qanunsuz olaraq məcburetmə haqqında - hərəkətsizliyə qarşı iddia tələbini AR CPM ilə əlaqədləndirərk iddia tələbinin yerli məhkəməyə aid olması dair əlaqədirməsi qanunsuzdur. Prokuror iki cildlik cinayət işi ilə əlaqədar materialları toplasa da hərkətsizliyi ilə hər hansı bir qərar qəbul etməmişdir ki, həmin qərardan yerli məhkəməyə müraciət etsin. Məhz prokurorun hərkətlsizliyinə qarşı məcburetmə haqqında iddiası inzibati orqan olan rayon prokurorluğunda hər hansı bir qərarın qəbul edilməsi öhdəlinin inzibati orqanın üzərinə qoyulması üçün iddia qaldırmışdır ki, bu halın AR CPM heç bir aidiyyatı ola bilməz. Yoxlama arayışı üzrə müvafiq qərar qəbul edilməlidr ki, onun həmin qərardan müvafiq olaraq yerli məhkəməyə müraciət etmək hüququ yaransın, bu hüquq olmadan yerli məhkəməyə müraciət etmək qeyri mümkündür. Ona görə də məcburetmə haqqında iddia məhz inzibati məhkəmə qaydasında baxılmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” azərbaycan Respublikasının Qanununun: Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarının 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi məhz toplanmış cinayət işi materialları üzrə qərar qəbul edilməməsi, tədbir görülməməsi kimi hallara istinad etmişdir. Göründüyü kimi indiki halda iddiaçının iddia tələbi cavabdeh inzibati orqana qarşı qaldırılmış olsa da, mübahisənin predmeti cavabdeh inzibati orqanın cinayət prosessual fəaliyyəti ilə bağlı olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericilikdə ehtiva olunan hüquq normalarının inzibati orqanın cinayət təqibi ürzə cinayət prosessual fəaliyyət, inzibat xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmaması imperativ norma kimi müəyyən edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, inzibati məhkəmə icraatının predmetini məhz inzibati xarakterli mübahisələr təşkil etməklə, inzibati prosessual qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növləri dəqiq şəkildə müəyyən edilmişdir. Qeyd edilənlələrə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi inzibati orqanın cinayət prosessual fəaliyyəti ilə bağlı olduğundan, inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlili kimi də məhz cinayət işi üzrə müvafiq qərarın qəbul edilməməsi, bununla bağlı müvafiq arayışa hüquqi qiymət verilməməsi, inzibati orqanın bununla bağlı hərəkətsizliyindən narazı olduğunu ifadə etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallara əsasən iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci insatnsiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının diqqətinə onu çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalır. Zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya həmin Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalıdır. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlanması, cinayət işinin başlanmasını rədd edilməsi, məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi və ya xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatın məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərarlardan birini qəbul etməlidir. Həmin qərarlardan Cinayət-Prosessual qanunverciliyin tələbləri baxımından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən ümumi (rayon, şəhər) məhkəməyə şikayət verilə bilər. İddiaçıya izah edilir ki, cinayət prosesini həyata keçirən orqanın qərarlarından, hərəkət və ya hərəkətsizliyindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən ümumi (rayon, şəhər) məhkəməyə müraciət etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2927/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.