Məhkəmə qərarları › İş №2-1(105)-734/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-734/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-734/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 dekabr 2013cü il tarixli 0691 nömrəli əmrinin ona aid hissədə məhkəmə qaydasında qanunsuz hesab edilməsi, dəymiş 25000 (iyirmi beş min) manat maddi ziyanın (pul kompensasiyası) ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(118)-135/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmri ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Mehdiyev X3 Ümumqoşun Ordusunun Maliyyə-Plan şöbəsinin təftiş bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. İddiaçı hesab edir ki, həmin əmr qanunsuzdur və əmr verildikdən sonra ona 27 dekabr 2013-cü il tarixdən 21 dekabr 2015-ci il tarixə qədər cəmi 25000 (iyirmi beş) manat maddi ziyan dəymişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin ona aid hissədə məhkəmə qaydasında qanunsuz hesab edilməsi, dəymiş 25000 (iyirmi beş min) manat maddi ziyanın (pul kompensasiyası) ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1974-cü ildə Quba şəhərində doğulmuşdur. 1988-1991-ci illərdə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini davam etdirmişdir. 1991-ci ildə ordu generalı A.V.Xrulyov adına Yaroslavl Ali Hərbi Maliyyə Məktəbinin “qoşunların maliyyə təminatı” fakültəsinə daxil olmuşdur və 1995-ci ildə həmin fakültəni “iqtisadçı” ixtisası üzrə bitirmişdir. Ali Məktəbi bitirdikdən sonra “leytenant” ilk zabit hərbi rütbəsi təqdim edilərək 14 sentyabr 1995-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının maliyyə hissəsinin rəisi köməkçisi vəzifəsinə təyin edilmilməklə hərbi xidmətə başlamışdır. 30 sentyabr 1996-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvəllərinin Baş Qərargahının maliyyə hissəsinin rəisi vəzifəsinə təyin edilmiş, sturktur və ştat dəyişikliyi ilə əlaqədar olaraq 19 aprel 1998-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (aparatının) maliyyə hissənin rəisi vəzifəsinə təyin edilmişdir. Sonrakı illərdə də Müdafiə Nazirliyində maliyyə xidmət üzrə bir sıra məsul vəzifələrində xidmətini davam etdirmişdir. 20 sentyabr 2008-ci ildə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin Nəzarət-təftiş şöbəsini rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət etmişdir. 2009-cu ilin oktyabr ayında Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsini icra etmişdir, 27 iyun 2013-cü il tarixdə Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 27 dekabr 2013-cü ildə Naxçıvan Muxtar Respublikası X4 Maliyyə-Plan şöbəsinin Nəzarət-Təftiş bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir və 21 dekabr 2015-ci il tarixdə ordu sıralarından “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin”nin 156-cı maddəsinin “J” bəndi ilə (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Xidmət etdiyi müddət ərzində xidmətdə fərqləndiyinə görə və yüksək nailiyyətlər əldə etdiyinə görə yuxarı komandanlıq tərəfindən ixtisası üzrə yüksək vəzifəyə çəkilmişdir, həmçinin ona polkovnik-leytenant daxil olmaqla növbəti hərbi rütbələr verilmiş, Müdafiə Nazirinin müvafiq əmrləri ilə Silahlı Qüvvələrin 10, 90 və 95 illiyi Yubileyi medalları ilə, habelə “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medalları ilə təltif edilmişdir. Bundan başqa 2009-2013-cü illərdə Müdafiə Nazirinin müvafiq əmrləri ilə maliyyə ixtisası üzrə “Usta” məharət dərəcəsi verilmişdir və 4 il ərzində Müdafiə Nazirliyində maliyyə ixtisası üzrə məharət dərəcəsinin verilməsi üçün yaradılmış komissiyanın sədri olmuşdur. Lakin 2013-cü ilin oktyabr ayında Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklliklər aparıldıqdan sonra heç bir qanuni səbəb olmadan sərəncama çıxarılmışdır. 27 dekabr 2013-cü il tarixdə onunla söhbətləşmə aparılmadan və şifahi yaxud yazılı razılığı olmadan və Azərbaycan Respublikasının “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin tələblərinə zidd olaraq qanunsuz, əsassız və ədalətsiz olaraq bir neçə pillə aşağı vəzifəyə-Naxçıvan MR X6 Maliyyə-Plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Bundan əlavə onun “Usta” məharət dərəcəsi olduğu halda, 4 il ərzində maliyyə ixtisası üzrə məharət dərəcəsi verilməsi üçün komissiyanın sədri olmağına baxmayaraq 2013-cü ildən 2015-ci ilə kimi “Usta” məharət dərəcəsini təsdiq edilməsi üçün imtahanlarda iştirak etməyinə imkan verilməmişdir. Ona qarşı qərəzli yanaşma tətbiq olmasa idi, bu günə kimi tutduğu yüksək vəzifədə şərəflə xidmət edərdi. Bundan əlavə bildirir ki, xidmətini Naxçıvan Muxtar Respublikasında X5 layiqincə davam etdirmişdir. Buna sübut kimi Ordu Komandanlığı tərəfindən ona verilən müsbət xasiyyətnamədir. Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmrinin qanunsuz verilməsi nəticəsində o, əmək pensiyası qanunvericiliyində nəzərdə tutlmuş yüksək pensiya təminatından məhrum olunmuşdur. Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək bir neçə pillə aşağı olan Naxçıvan MR X6 Maliyyə-Plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi vəzifəsinə təyin edilməyi barədə Müdafiə Nazirinin 27 dekabr 2013cü il tarixli, 0691 nömrəli əmri qanunsuzdur. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmə hallarından biri də Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatəti olduqda yol verilir. Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 43-cü maddəsinə uyğun olaraq hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Bu Nizamnamənin 67-ci maddəsinin “d” bəndinə əsasən zabit heyətindən olan hərbi qulluqçulara törətdikləri intizam pozuntusuna görə verilən intizam cəzalarından biri də onların bir pillə aşağı vəzifəyə təyin edilmələridir. İntizam qaydasında bir pillə aşağə vəzifəyə təyin edilərkən hərbi qulluqçu ilə mütləq qaydada yazılı surətdə söhbətləşmə aparılmalıdır, lakin onunla bu barədə heç kim tərəfindən yazılı söhbətləşmə aparılmamışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 86-cı maddəsinin tələbinə görə hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. Bu Əsasnamənin 86-cı maddəsinin ardında qeyd edilir ki, attestasiya zamanı hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Həmin Əsasnamənin 93-cü maddəsində bildirilir ki, attestasiya üzrə nəticədə attestasiya edilənin tutduğu vəzifəyə uyğun olub-olmadığı göstərilir, bundan sonra işgüzar və mənəvi keyfiyyətlərindən, iş təcrübəsindən, bacarıq və meyllərindən, eləcə də işin mənafeyindən asılı olaraq onun gələcəkdə daha məqsədəuyğun xidməti istifadəsi haqqında rəy göstərilir. Attestasiyanın keçirilməsi nəticəsində komissiya tərəfindən verilən tövsiyyələrdən biri də yuxarı vəzifələrdən aşağı vəzifəyə keçirmək, hansı əsasla (bu Əsasnamənin 81- ci maddəsi) və hansı vəzifəyə təyin etmək məqsədəuyğundur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin tələbinə əsasən xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy «Hərbi qulluqçuların və onların ailə üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan rayonlarda xidmət keçmələrinin (yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası haqqında Təlimata» uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən verilir. Həmçinin xidmət yeri dəyişdirilərkən hərbi qulluqçu ilə müvafiq söhbətləşmələr də aparılmalıdır. Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək bir neçə pillə aşağı olan Naxçıvan MR X6 Maliyyə-Plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi vəzivəsinə təyin edilməyi barədə Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmri verilərkən hərbi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, yuxarı vəzifədən bir neçə pillə aşağı vəzifəyə keçirilməyi üçün hər hansı intizam pozuntusuna yol verməmişdir, xidmət yerinin dəyişdirilməsi zamanı onun və ailə üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan rayonlarda xidmət keçmələrinin (yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası haqqında Təlimata» uyğun olaraq heç bir hərbi-həkim komissiyaları tərəfindən tibbi müayinədən keçirilməmişdir. Həmin ərəfədə həyat yoldaşı qara ciyər serrozundan uzun müddət müalicə alırdı və iddiaçı məhz onun ağır xəstəliyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ərazisində xidmətimi davam etdirə bilmədiyi üçün öz arzusu ilə ehtiyyata buraxılmışdır. Tərxis edildikdən sonra 2016-cı ildə həyat yoldaşında qara ciyər serrozu ağırlaşdığı üçün qara ciyərin transplantasiya əməliyyatı keçirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 58.1-ci maddəsinin tələbinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin qanunun 59.1.5-ci maddəsinə görə həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. Həmin qanunun 61.1-ci maddəsində qeyd edilir ki, yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Bu qanunun 61.2-ci maddəsinin tələbinə uyğun olaraq inzibati akt əsaslandırılarkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmri verilərkən həm hüquqi, həm də işin faktiki hallarına görə əsaslandırılmamışdır. Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmri verilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 58.1-ci, 59.1.5-ci, 61.1-ci və 61.2-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Bu qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin qanunun 67.3-cü maddəsində qeyd edilir ki, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəlləsinin 69.1-ci maddəsində qeyd edilir ki, inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsninin 36.2-ci maddəsinin tələbinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsində bildirilir ki, inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Bu Məcəllənin 71.3-cü maddəsində isə qeyd edilir ki, inzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edilərkən ştat üzrə vəzifə maaşı 920 (doqquz yüz iyirmi) manat, tutduğu polkovnik-leytenant hərbi rütbəsi üzrə isə 130 (bir yüz otuz) manat təşkil edirdi. Beləliklə məlum olur ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək bir neçə pillə aşağı olan Naxçıvan MR X6 Maliyyə-Plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi vəzifəsinə təyin edilməyi barədə Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmr qanunsuzdur və bu əmr verildikdən sonra ona 27 dekabr 2013-cü il tarixdən 21 dekabr 2015-ci il tarixə qədər cəmi 25000 (iyirmi beş) manat maddi ziyan dəymişdir. Müdafə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmrinin qanunsuz hesab edilməsi və ona dəymiş maddi ziyanın ödənilməsi barədə 21 dekabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsə də, bu günə kimi ona heç bir rəsmi cavab verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı, 1995-ci il tarixdə Azərbaycan Ordusunun Baş Qərargahının maliyyə hissəsi rəisinin köməkçisi vəzifəsinə təyin olunmuş, 30 sentyabr 1996-cı il tarixdə Azərbaycan Ordusunun Baş Qərargahının maliyyə hissəsinin rəisi vəzifəsinə, 19 aprel 1998-ci il tarixdə ştat-struktur dəyişikliyi ilə əlaqədar Müdafiə Nazirliyinin maliyyə hissəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 20 sentyabr 2008-ci il tarixdə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin Nəzarət-təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsinə təyin edilərək, 2009-cu ilin oktyabr ayından Müdafiə Nazirliyinin Maliyyə və Büdcə rəisi vəzifəsinin icrasına buraxılaraq, 27 iyun 2013-cü il tarixdən həmin vəzifəyə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2013-cü ilin tarixli müvafiq əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilərək Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsinin Kadrlar idarəsi rəisinin sərəncamına keçirilmişdir. Qeyd olunan müddətdə iddiaçı iş və vəzifəsini təhvil vermişdir. xx.xx.2013-cü il tarixdə Müdafiə nazirinin Şəxsi Heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin (Q1) rəisi vəzifəsini icra etmiş generalleytenant Çingiz Məmmədovun raportuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinə müvafiq olaraq” əsasən, Müdafiə nazirinin xx.xx.2013-cü ilin tarixli müvafiq əmri ilə iddiaçı Mehdiyev X3 Ümumqoşun Ordusunun (100 nömrəli hərbi hissənin) Maliyyə Plan şöbəsinin Təftiş bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2015-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Müdafiə nazirinin müvafiq əmri ilə tanış olmaqla “göndərilən sənədlərin uçotunun aparılması jurnalında imza edərək təyinat vərəqəsini almışdır. Həmçinin iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmiş və 7 (il) 7 (ay) gün keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. 10 aprel 2015-ci il İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli Qərarının 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 38.1-ci maddəsinə əsaslanaraq, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətinə qaldırıla bilər. «İnzibati icraat» haqqında Azərbaycan Respublikası Qanununun inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətidir, («inzibati icraat» haqqında Qanunun şərhi) Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunana əsasən iddiaçı qüvvədə olmuş mülki-prosessual, və qüvvədə olan inzibati- prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və Müdafiə Nazirliyi hesab edir ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Beləliklə, yuxarıdakılara əsasən iddiaçının sərəncamda olduğu müddət digər vəzifəyə təyin olunmasında qanunla müəyyən olunmuş heç bir norma və prossedur pozulmamışdır. İPMnin 73.3.1-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»...və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə».... məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(118)-135/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı həmin qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, həmin qərarın nəticələrini qəbul etmiş, daha sonra isə öz arzusu ilə hazırda mübahisələndirdiyi qərarın nəticəsinə uyğun olaraq tutduğu vəzifədən ehtiyata buraxılmışdır. İnzibati orqandan ziyanla bağlı kompensasiya tələbi əsaslı hesab edilə bilməz. İddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirmə haqqında iddia vasitəsi ilə hüquq müdafiə imkanları olduğu halda, həmin hüquqdan istifadə etməməsi, həmin nəticənin tanınma və müəyyən etmə haqqında iddia vasitəsi ilə əldə edilməsini istisna edir. Çünki hazırki halda Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin iddiaçıya aid hissəsi birbaşa onun barəsində qəbul edilmiş inzibati aktdır. İddiaçı həmin qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə mübahisələndirmədiyinə görə, həmin qərarın hüquqi nəticələrinidə qəbul etməsi hüquqi müəyyənlik prinsipinin tələbi kimi başa düşülməlidir. İddiaçının mübahisələndirmə imkanı olduğu halda qəbul etdiyi nəticələrin qanunsuzluğuna istinad edərək ziyana gərə kompensasiaya tələb etməsi isə əsaslı tələb kimi qəbul edilə bilməz. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qanunsuz inzibati akt qəbul edilmədiyi təqdirdə ehtiyata buraxılanadək MN-nin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində xidmət etmiş olardı və tutduğu vəzifəyə uyğun ştat üzrə vəzifə maaşını daha yüksək məbləğdə almış olardı, bu günədək vəzifə borclarını vicdanla və şərəflə yerinə yetirərdi. Yəni, məhkəməyə kompensasiyanın ödənilməsi barədə təqdim etdiyi iddia tələbini onunla əsaslandırmışdır ki, məhz qanunazidd inzibati aktın nəticəsində bir neçə pillə aşağı vəzifəyə keçirilmiş, aşağı vəzifəyə keçirildiyi tarixdən ehtiyata buraxılanadək vəzifə maaşında əhəmiyyətli fərq olması səbəbindən ona maddi ziyan dəymiş, buna görə də kompensasiyanın ödənilməsi tələbini əsaslı hesab edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında bundan əvvəl “yeni məlumat vərəqəsinin verilməsi” öhdəliyinin MN-nin üzərinə qoyulması tələbinə dair iddiası olmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-226/2017 saylı, 13 mart 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)12/2018 saylı, 26 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 mart 2017-ci il tarixli qərarı ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2018 saylı, 28 iyun 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)12/2018 saylı iş üzrə 26 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin icraatında cavabdeh Müdafiə Nazirliyinə qarşı “20 sentyabr 2008-ci il tarixdən 26 iyun 2013-cü il tarixədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsinin daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair inzibati iş olmuşdur. Bundan əvvəl inzibati məhkəmələrdə baxılmış inzibati işlər üzrə mübahisənin predmeti məhz “yeni məlumat vərəqəsinin verilməsi”, yaxud “pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması olmuş, yəni iddiası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulan -inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) növünə aid idi. Həmçinin, məlumat üçün bildirir ki, yuxarıda sadaladığı iddia tələblərinə dair işlərə də, hakim İsmayıl Quliyev baxıb, bu səbəbdən o, əvvəl baxdığı işlərlə hazırkı iş arasında əsassız olaraq fərq görməmiş, iş üçün əhəmiyyətli olan halları səhv qiymətləndirmiş, əvvəlki iddia tələblərinin predmeti və əsasları hazırdakı iddia tələbinin predmeti ilə tamamilə fərqlidir, hüquqi əsasları bir-biri ilə ümumiyyətlə uzlaşmır. Hazırki iddia tələbi isə İPM-nin 2.2.5-ci (inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) və 2.2.7-ci (inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara) maddəsində nəzərdə tutulmuş iddia növünə aiddir. İPM-də “müəyyən etmə və ya tanınma haqqında” iddianın üç növü: 1.hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2.inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3.artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. “Müəyyən etmə” və ya “tanınma haqqında” iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. “Müəyyən etmə haqqında” iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Yəni, “müəyyən etmə haqqında” iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4-cü maddəsi). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda “müəyyən etmə haqqında” iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı “müəyyən etmə haqqında” iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. Bundan başqa, inzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-nin 2.2.5, 35.1-ci maddələri). Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini: 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Burada əsas diqqət ona yönəlməlidir ki, bu iddia növündə məhkəmədə iddia qaldırmaqda marağı mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdür, iddianın mahiyyəti üzrə təmin edilməsi onun üçün maddi və ya qeyri-maddi nəticə yaradır. Əgər ki, heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırmış olsaydı, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməz, yəni mümkün sayıla bilməzdi. Ümumiyyətlə, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır. Belə ki, iddiada bildirmişdir ki, inzibati akt (MN-nin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmr (ona aid olan hissədə)) artıq icra olunmuş, bu səbəbdən İPM-nin 36.2-ci maddəsinin tələblərinə müvafiq olaraq “müəyyən etmə və ya tanınma haqqında” iddia vasitəsi ilə artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb etmişdir. Həmin qanunsuz inzibati aktın (əmrin) qanunsuz hesab edilməklə dəymiş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiada göstərilmiş mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aiddir, inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı var, marağı hüquqi, iqtisadi və ya ideya xarakterlidir, hüquqların pozulması əsaslandırılmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən bildirmişdir ki, MN tərəfindən qanunsuz qəbul edilmiş inzibati akt (əmr) nəticəsində bir çox konstitusion hüquqları pozulmuşdur. İlk növbədə, həmin qanunsuz əmrin hüquqi nəticəsi olaraq əmək haqqı kəskin şəkildə aşağı salınmışdır. Bundan başqa, əsassız olaraq ştat vəzifə üzrə bir neçə (6 pillə) pillə aşağı vəzifəyə keçirilməklə “Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanunun və “Hərbi xidmətkemçə haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq növbəti “polkovnik” hərbi rütbəsini vaxtında almaq hüququndan məhrum edilmişdir. Yuxarıda göstərilən Qanunun və Əsasnamənin tələblərinə görə hərbi qulluqçu qanuni əsaslar olduğu halda yalnız 1 (bir) pillə aşağı vəzifəyə keçirilə bilər. Bu halda da, müvafiq qanuni prosedur həyata keçirilməlidir, o cümlədən onun yazılı razılığı alınmalı, söhbətləşmə aparılmalı, aşağı vəzifəyə keçirilməsi üçün qanuni əsaslar göstərilməli və təqdimatla yuxarı komandanlığa müraciət edilməlidir. Bununla da, Müdafiə Nazirliyi tərəfindən haqqında qərar verilərkən yuxarıda sadaladığı tələblər kobudcasına pozulmuş, heç bir qanuni çərçivəyə sığmayan qaydada 6 pillə aşağı vəzifəyə keçilmişdir. Bundan başqa, əsassız olaraq aşağı vəzifəyə keçirilməyi qüsur kimi qiymətləndirilmiş, bunun nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Müzəffər Ali Baş Komandanının 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında göstərilən “20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular” kategoriyasına aid edilməmiş, nəticədə həmin Fərmana əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilmək hüququndan məhrum edilmişdir. Ailə vəziyyəti nəzərə alınmadan, 20 il ərzində qüsursuz xidmət etdiyi müddətdə yuxarı komandanlıq tərəfindən çoxsaylı dövlət təltiflərinə və Fəxri Fərmanlara layiq görülməyi, müsbət xasiyyətləndirilməyi nəzərə alınmamış, hərbi karyerasına son qoyulmuşdur. Əlavə olaraq bildirir ki, qeyd olunan qanunsuz əmrin nəticəsində Müdafiə Nazirliyin tərkibində və tabeliyində olan birlik, birləşmə və hərbi hissələrdə “maliyyəçi” ixtisası üzrə xidmət edən hərbi qulluqçuları məharət dərəcələrinin verilməsi üzrə komissiyanın sədri vəzifəsindən kənarlaşdırılmış, bundan əlavə xidmətdə qüsurlara yol vermiş hərbi qulluqçu kimi malik olduğu məhərət dərəcəsinin təsdiqi üçün həmin (yəni “usta”) məharət dərəcəsi üçün sınaq imtahanlarına buraxılmamış, nəticədə həmin məharət dərəcəsini təsdiq etdirmək hüququndan əsassız olaraq məhrum edilmişdir. Qanunsuz qaydada qəbul inzibati akt (əmr) nəticəsində yuxarıda göstərdiyi hüquqlardan məhrum edilmiş, hüquqların kobud şəkildə pozulması davam etməkdədir. Qəbul edilmiş inzibati akt (Müdafiə nazirinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmri) maddi hüquq normalarının ziddinə qəbul edilmiş, inzibati aktda Qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 81-ci maddəsinə istinad edilsə də, həmin maddədə mövcud olan əsaslardan hansının ona aid olduğu göstərilməmişdir. Əsasnamənin qeyd olunan 81-ci maddəsində göstərilmiş əsaslardan, yəni ştatlar ixtisar olunduqda; b) hərbihəkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə-heç biri barəsində qərar qəbul edilərkən mövcud olmamış, ona heç bir aidiyyəti yoxdur. Müdafiə nazirinin əmrində əsas kimi göstərilmiş “Müdafiə nazirinin müavini- Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən Çingiz Məmmədovun raportu”nda “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 81-ci maddəsinə müvafiq olaraq” göstərilməsi formal xarakter daşımış, yəni sadəcə nəyinsə qeyd edilməsi xətrinə göstərilmiş, Əsasnamənin həmin norması (81-ci maddəsi) əsassız, qanunsuz, səbəbsiz və ədalətsiz olaraq göstərilmişdir. Qeyd olunan raporta da baxıldıqda açıq-aydın görünür ki, Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən Çingiz Məmmədov raportda hansı səbəblərə görə, hansı əsaslara görə 6 pillə aşağı vəzifəyə keçirilməyini məqsdəmüvafiq bilir. Bu əsassız, qanunsuz, ədalətsiz raport əsasında və nəticəsində Müdafiə Nazirinin əmri verilmişdir. Bundan başqa, bir neçə pillə aşağı vəzifəyə keçirilməsi haqqında əmr verilərkən həmçinin Müdafiə Nazirinin 20 mart 2018-ci il tarixli 6 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun kadr orqanlarının fəaliyyəti haqqında” Təlimatın 17.6.3-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, bir neçə (6!) pillə aşağı vəzifəyə keçirilməyi həmin Təlimatın tələblərinə zidd olaraq, heç bir yazılı, yaxud şifahi söhbətləşmə aparılmadan və heç bir təqdimat tərtib edilmədən həyata keçirilmişdir. Bu tələblərə riayət edilmədən aşağı vəzifəyə keçirilməyi haqqında əmrin verilməsi həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə tamamilə zidd olmuşdur. Əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Müdafiə Nazirliyi (X8 Komandanlığı) tərəfindən təqdim edilmiş xidməti xasiyyətnaməyə əsasən (şikyət ərizəsinə əlavə edilir) qeyd edilən əlverişsiz və qanunsuz əmrə əsasən Naxçıvan MR Əlahiddə Ümumqoşun Оrdunun Maliyyə-Plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi vəzifəsində xidmət edərkən xidməti vəzifələrinin icrasına məsuliyyətlə və vicdanla yanaşmış, xidmət müddətində təcrübəli, savadlı və işgüzar zabit kimi xarakterizə olunmuş, ixtisas üzrə mükəmməl təcrübə qazanmış, Nizamnamələri, Təlimatları və Xidməti üzrə rəhbər sənədləri yaxşı bilib və fəaliyyətində onları rəhbər tutmuş, hərbi hissələrdə maliyyə xidməti rəislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsində şöbə rəisinə yaxından köməklik göstərmiş, vəzifəsilə bağlı qərarların verilməsində və xidməti münasibətlərdə etik qaydalarına əməl etmiş, tərəfkeşliyə yol verməmiş, qərargah mədəniyyəti və təşkilatçılıq qabiliyyəti olub, sənədlərin düzgün tərtibatına, vaxtlı-vaxtında hazırlanmasına məsuliyyətlə yanaşmış, çətinliklərdən çəkinməmiş, iş ahəngini stabil saxlamağı bacarmış, tapşırıqların yerinə yetirilməsi zamanı ortaya çıxan çətinlikləri ətrafdakılara hiss etdirməmişdir. Qeyd etdiyi məzmunda sübutları (2 fərqli vaxtda verilmiş xasiyyətnamələri) 1-ci instansiya məhkəməsinə təqdim olunub, hazırda iş materiallarındadır. Birinci instansiyası məhkəməsi hazırkı iş üzrə iddia tələbində məhz mübahisələndirmə haqqında iddia tələbi kimi qəbul etsə də, nəzərə almamışdır ki, əslində hazırkı iddia tələbi məhz icra olunmuş inzibati aktın qanunsuz sayılmasından söhbət gedir və məhkəmə bu istiqamətdə araşdırma aparmamış, yalnız cavabdehin mülahizələri ilə kifayətlənmişdir. Beləliklə, məhkəmə mübahisənin düzgün həlli üçün işin bütün faktiki hallarını araşdırmadan yalnız iddia əsası ilə hazırkı iddia rədd etməklə iddiaçının hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən hazırkı iddianın əslində “tanınma haqqında” iddia olmasına əhəmiyyət vermədən, iddianın hansı növ iddiaya aid olmasını dəqiqləşdirmədən və bununla bağlı İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş yardım etmədən qanunsuz və əsassız olaraq iddianı təmin etməmişdir. Halbuki, hazırkı iddia “tanınma haqqında” iddia olmaqla icra olunmuş inzibati akta dəyişiklik edilməsi (iddiaçının) konstitusiya ilə nəzərdə tutulmuş əmək haqqı alması hüququnun pozulmasının bərpasına yönəlmişdir. Belə ki, məhz həmin qanunsuz inzibati akt icra edilməklə bir neçə pillə aşağı vəzifəyə uyğun maaş uzun müddət ərzində təyin edilmiş, nəticədə maddi ziyan vurulmuşdur. Məhkəmənin qənaətini əssasız hesab edir, çünki mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İnzibati aktın ləğv edilməsini, yaxud dəyişdirilməsini tələb etmir, həmin inzibati akt artıq icra olunub, onun ləğv edilməsi mümkünsüzdür, qeyd etdiyi inzibati aktın qanunsuz hesab edildiyi təqdirdə isə həmin aktın qəbul edilməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzinə kompensasiya almağı mümkündür. Birinci instansiyası məhkəməsi özü də, qəbul etdiyi qərarın əsaslandırma hissəsində göstərmişdir ki, “məhkəmə hesab edir ki, iddiaçı ziyana görə kompensasiya tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyinə və hazırda da ziyana görə kompensasiya tələb etdiyinə görə iddia mümkün iddiadır”. Lakin iddiada iki tələb göstərilmiş: qeyd olunan inzibati aktın ona aid hissədə məhkəmə qaydasında qanunsuz hesab edilməsi və dəymiş 25000 (iyirmi beş min) manat maddi ziyanın (pul kompensasiyasının) ödənilməsinin məhkəmə qaydasında təmin edilməsidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Qanun Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 71.3. İnzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı 15.5ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. ...15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi cavabdeh orqanın müvafiq qərarının qanunsuz sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia artıq icra olunmuş inzibati aktın qanunsuz sayılması haqqında iddia kimi təqdim olunur. Bununla bağlı, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddianın mübahisə edilən qərarın qanunsuz sayılması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, inzibati aktların qanunsuz sayılması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığının müəyyən olunmasında maraqlı olmalıdır. Yəni iddiaçı, qanunsuz sayılmanın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində, tez bir zamanda reallaşdırmalıdır. Beləliklə, bu iddia növündə əsaslandırılmış maraq subyektiv komponentlə (iddiaçının marağı) bərabər həm də zaman komponentinə malik olmalıdır. Bu səbəbdən, hazırkı mübahisəyə münasibətdə qanunsuzluğun tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın inzibati aktın qanunsuzluğunun tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi ilə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırda qüvvədə olan inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati aktın qanunusuz sayılmasının tanınması haqqında iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı İPM-nin 36.2-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. Həmin normaya görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Bu zaman iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Bu iddianın subsidiar iddia kimi müəyyən olunmasında qanunvericinin məqsədi hüquqi müdafiənin intensivliyi baxımından iddiaçıya onun hüquq mübahisəsini dolayısi ilə deyil, məhz birdəfəlik həll edən hüquq müdafiə vasitəsindən istifadə imkanının yaradılmasından ibarətdir. Bu mənada, iddiaçı məqsədinə əsas iddia növləri vasitəsi, konkret halda mübahisələndirmə haqqında iddia ilə çata bilərdisə, subsidiar iddianın qaldırılmasına yol verilmir. Beləliklə məhkəmə kolegiyası hesab edir ki, iddiaçı hazırki iddianı müəyyən etmə və tanınma haqqında iddia kimi təqdim etməklə bir növ digər iddia növünü pərdələmək məqsədi daşımışdır. Cavabdeh orqanın mübahisələndirilən qərarından iddiaçının əvvəldən məlumatlı olduğu iş materialları ilə tam təsdiq olunur. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən cavabdeh orqanın qərarının qanunla müəyyən olunmuş müddət ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(118)-135/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar