Məhkəmə qərarları › İş №2-1(105)-737/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-737/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-737/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Elman qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “ona 57 yaşından iki nömrəli siyahı üzrə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1314/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, iddiaçı 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının adına açılmış ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı 27 fevral 1981-ci il tarixdən 10 iyun 1997-ci il tarixədək, həmçinin 15 iyun 1997-ci il tarixindən 20 dekabr 2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, C.X2 təqdim etdiyi ИТ-İ № ******* nömrəli əmək kitabçası araşdırılarkən qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən əmək kitabçasında C.Changirovun xx.xx.1997xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Gəncə Asfalt” ATSC-də işlədiyi qeyd olunub. Lakin əmək kitabçasının 8-ci səhifəsinin 9-cu qeydi həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiq edilib. İddiaçının adıçəkilən müssəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün inzibati orqan tərəfindən aidiyyatı üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq sənədlərin X5 Filialına təhvil verilmədiyi bildirilmişdir. Həmçinin "xxxx" ASC-nin 10 yanvar 2023-cü il tarixli 1 nömrəli iddiaçıya dair arayışında onun xx.xx.1995xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Göstərilən səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 4 ay 24 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2020-ci il üzrə 3 ay)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmlalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq, iddiaçıya münasibətdə 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15093,85 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh hərəkətlərini qanunsuz hesab etməklə, ona hüququnun yarandığı vaxtdan güzəştli əsaslarla əmək pensiyaslnln təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona 57 yaşından iki nömrəli siyahı üzrə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur, hazırda 64 yaşı vardır. Onun ümumi əmək stajı 25 ildən artıqdır ki, bunun da 12 il 6 ayındən də artıq bir hissəsi zərərli iş sahəsi hesab olunur. Ona yaşa görə əmək pensiyasının təyin olunması məqsədi ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh onun haqlı müraciətini təmin etməmiş və ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda onun 2006-cı ilədək topladığı ümumi əmək stajının 25 ildən az olduğunu bildirmişdir. O, cavabdehin bu imtinası ilə razı deyil. Belə ki, o, xx.xx.1997-ci ildən xx.xx.2005-ci il tarixə kimi, yəni 8 il 6 ay 05 gün «Gəncə Asfalt» ATSC-də işləmiş, lakin cavabdeh bu barədə onun əmək kitabında qeydin olmasına baxmayaraq, təqdim olunan arayışa şübhə ilə yanaşmışdır. Halbuki bu arayış həmin şirkət tərəfindən verilmiş və əmək kitabçasına da qeydə salınmışdır. Həmin müəssisənin sənədləri saxlanılan arxiv binası yandığı və arxivə təhvil verilmədiyi üçün o, bu arayışın təsdiq olunmuş surətini təqdim edə bilməmiş və cavabdeh də bu arayışda qeyd olunan əmək stajını nəzərə almayaraq, guya onun stajının az olması ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyildir. O, cavabdehin pensiya təyinindən imtinasını əsassız hesab edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, C.X2 təqdim etdiyi ИТ-İ № ******* nömrəli əmək kitabçası araşdırılarkən qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən əmək kitabçasında C.Changirovun xx.xx.1997- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Gəncə Asfalt” ATSC-də işlədiyi qeyd olunub. Lakin əmək kitabçasının 8-ci səhifəsinin 9-cu qeydi həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiq edilib. İddiaçının adıçəkilən müssəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün inzibati orqan tərəfindən aidiyyatı üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq sənədlərin X5 Filialına təhvil verilmədiyi bildirilmişdir. Həmçinin "xxxx" ASC-nin 10 yanvar 2023-cü il tarixli 1 nömrəli iddiaçıya dair arayışında onun xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Göstərilən səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 4 ay 24 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2020-ci il üzrə 3 ay)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmlalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq, iddiaçıya münasibətdə 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15093,85 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1314/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 19 dekabr 2016-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və 13 fevral 2020-ci tarixindən əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. İnzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş 6563 saylı, xx.xx.1978-ci il tarixli attestatdan görünür ki, iddiaçı 01 sentyabr 1977-ci il tarixindən 01 iyun 1978-ci il tarixinədək təhsil almışdır. İş materiallarında olan HЗ № ******* saylı hərbi biletdən müəyyən edilir ki, o, 11 noyabr 1978-ci il tarixindən 29 dekabr 1980-ci il tarixinədək hərbi xidmətdə olmuşdur və qeyd olunan illərin onun ümumi iş stajına daxil edilməsi halı cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı 27 fevral 1981-ci il tarixindən 10 iyun 1997-ci il tarixədək, həmçinin 15 iyun 1997-ci il tarixindən 20 dekabr 2005-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuş, 01 mart 1995-ci i tarixindən 01 mart 1996-cı il tarixinədək, 01 aprel 1996-cı il tarixindən 01 iyun 1996-cı il tarixinədək, 01 iyul 1996-cı il tarixindən 10 iyun 1997-ci il tarixinədək ödənişsiz əmək məzuniyyətində olmuşdur. Qeyd olunan hallar Socar” Etile-Polietilen zavodu tərəfindən verilmiş 06 saylı, 06 yanvar 2023-cü il tarixli və "xxxx" tərəfindən tərtib edilmiş 01 saylı, 10 yanvar 2023-cü il tarixli arayışlarla da təsdiq olunur. Həmçinin adıçəkilən arayışlarla müəyyən edilir ki, iddiaçı 27 fevral 1981-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X6” zavodunun birinci növbə sulfanol istehsalatında nəzarət ölçü cihazları və avtomatika üzrə çilingir peşəsində işləmişdir, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-17531 şifrinə əsasən 2 saylı syahı üzrə karbohidrogenlər, onların birləşmələri – güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. O, 10 avqust 1981-ci il tarixindən 10 iyun 1997-ci il tarixinədək Azərbaycan Boruyayma Zavodunun X7 (Boruyayma-2) sexində təmirçi çilingər peşəsində işləmiş, işlədiyi müddətdə 01 mart 1995-ci i tarixindən 01 mart 1996- cı il tarixinədək, 01 aprel 1996-cı il tarixindən 01 iyun 1996-cı il tarixinədək, 01 iyul 1996-cı il tarixindən 10 iyun 1997-ci il tarixinədək ödənişsiz əmək məzuniyyətində olmuşdur, göstərilən peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarının 2 nömrəli siyahısının 3-cü metallurgiya istehsalatı bölməsinin 4-cü boru istehsalı və sinkləmə sexləri bəndinin (a) fəhlələr bəndinin “təmirçi çilingər”-2040400a18559 kodu ilə eynilik təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik oduğundan ona tələbi üzrə xx.xx.2016-cı il tarixdən, yəni 57 yaşdan əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə iddiaçı ona xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericiliyə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajına da malikdir. Cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyinatı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələblərinə müvafiq olaraq aparılmalı olduğundan və həmin qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi meyarı kimi pensiya kapitalının olması nəzərdə tutulmadığından cavabdeh orqanın qeyd olunan dəlili əsassızdır. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya 57 yaşının tamam olduğu xx.xx.2016- cı il tarixindən təyin edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə Elman qızı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktora nturada və klinik ordinaturada təhsil müddəti .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; [59] ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kursların-da, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti; müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (10 dekabr 1971-ci il) Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazimi hallarda tərəfin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər (4,6). Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ..... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;.... Maddə 54. Əmək şəraitinin təmin edilməsi 1.İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: .... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; .... Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: ....məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. .... Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə 112. Məzuniyyətin növləri

1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi

1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi

1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il təvələddlü olmaqla, 57 yaşı xx.xx.2016-ci il tarixdə tamamlanmışdır. Cavabdeh inzibati orqan tərfindən iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına və 16 il 4 ay 24 gün ümumi iş stajına malik olması halını qəbul edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında xx.xx.1997- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Gəncə Asfalt” ATSC-də işləməsi ilə bağlı dövrü etibarsız möhürlə təsdiq edilməsi, sənədlərin arxivə təhvil verilməməsi halına istinad edərək, həmin dövrü nəzərə almamış, işəgötürən tərəfindən təqdim edilmiş arayışda cəmi 2 il 1 ay müddətdə ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alınmamış, bu səbəbdən də ümumi iş stajının 25 ildən az olması halına, habelə fərdi hesabın sığorta hissəsində qeydə alınmlalı olan pensiya kapitalının tələb olunan həəcmdə olmaması halına istinad edərək, iddiaçı barəsində əmək pensiyası təyin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan iddiaçıya məxsus olan əmək kitabçasının məzmunundan görünür ki, iddiaçının xx.xx.1997- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Gəncə Asfalt” ATSC-də işləməsinə dair qeyd aparılmışdır. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qeydin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Bununla bağlı cavabdehin istinad etdiyi hal həmin qeydin mövcud olmayan etibarsız möhürlə təsdiq edilməsi halına istinad etsə də, ona dair heç bir dəlil məhkəməyə təqdim edilməmiş, həmin hala hansı sənəd və ya məlumat əsasında istinad edilməsi əsaslandırılmamışdır. Həmçinin, əmək kitabçasında aparılmış qeydlərin məzmunundan görünür ki, iddiaçının həmin dövrdə işləməsi ilə bağlı qeydlər məhz işəgötürənin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə, iş materiallarında olan işəgötürən tərəfindən verilmiş arayışın məzmunundan görünür ki,iddiaçı xx.xx.1997-ci il tarixdən X3 3-cü dərəcəli çilingər peşəsində işləmiş, sonradan müəssisənin adı dəyişilərək “Gəncə-Asfalt” açıq tipli səhmdar cəmiyyəti olmuş, 1998-ci ildən həmin peşə üzrə fəaliyyətini davam etdirmiş, xx.xx.2005-ci il tarixədək işləmişdir, əmək haqqı ştat cədvəlinə əsasən ödənilmiş, müəssisənin 1973-cü ildən 2012-ci il tarixədək olan arxiv sənədləri yandırılmış, ona görə də əmək haqqı cədvəllərinin təqdim edilməsi imkan xaricində olduğu qeyd edilmişdir. Göründüyü kimi, indiki halda iddiaçının qeyd edilən dövrlərdə həmin müəssisədə işləməsi halı məhz işəgötürən tərəfindən təqdim edilmiş arayış, əmək kitabçasında olan qeydlər əsasında öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən müəssisənin arxiv sənədlərinin indiki halda əldə edilməsi məhz işəgötürən tərəfindən həmin sənədlərin təqdim edilməsinin onun iradəsindən asılı olmayan səbəblərdən imkan xaricində olduğundan, mümkün olmamışdır. Qeyd edilməlidir ki, həmin sənədlərin qanunla müəyyən edilmiş qaydada arxivləşdirilməsi və təhvil verilməsi halı məhz işəgötürənin məsuliyyət daşıdığı öhdəlik qismində çıxış etməklə, iddiaçının təqsiri ilə əhatə olunmamış, nəticə etibarilə iddiaçının məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda, iddiaçının öhdəlik daşımadığı və məhz işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsinin nəticəsi ilə bağlı əsasa istinad etməklə, qanunla onun üçün tanınan sosial təminat hüququnun məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin norma və prinsiplərinin mahiyyətinə və məqsədinə zidd olmuş olardı. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki,, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, müvafiq arxiv sənədlərinin təhvil verilməsi iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müvafiq dövrü mübahisələndirməsinin əsası kimi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi ilə bağlı arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, həmin dövrdə qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlələ yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalın aid şərt mövcud olmamışdır. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın həmin hala dair istinad etdiyi arqumenti də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində mübahisələndirdiyi dövrün umumi iş stajı kimi nəzərə alınmaması ilə bağlı hərəkətləri qanunauyğun olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrləri ümumi iş satjı kimi nəzərə almamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbində ödənişsiz məzuniyyətdə olmanın əsasları qeyd edilmişdir. Belə ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu 1995-1997-ci illərin müəyyən tarixləri olan dövrdə qüvvədə olan əmək qanunvericilik normasına əsasən əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, sonrakı dövrlərə (1999-2005) aid qüvvədə olan əmək qanunvericilik normasının tələbinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (ƏM-nin 129-cu maddəsi). Həmçinin, ƏM-nin 128-ci maddəsinin tələbinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normanın dispoztiv şərtlərini əsas götürərək, iddiaçının 6 ay məzuniyyətdə olduğu müddət onun ümumi iş stajı kimi nəzərə alınmalıdır. Nəticə etibarilə iddiaçı barəsində mübahisələndirilən həmin dövr (xx.xx.1997- xx.xx.2005-ci il tarixləri arasındakı dövr-8 il 6 ay 5 gün), cavabdehin mübahisələndirdiyi dövr (16 il 4 ay 24 gün) və 6 ay ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olmasına dair şərt ödənilmiş olur. Göründüyü kimi, indiki halda iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan hər üç şərt (pensiya yaş həddi, ümumi və güzəştli iş stajı) ödənilmiş olmaqla, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana 13 fevral 2023-cü il tarixdə müraciət etdiyindən, brinci instansiya məhkəməsi tərəfindən pensiyanın ödənilməsi vaxtının müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərini nəzərə almaqda haqlı olmuşdur (32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir...) Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1314/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar