Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-737/2025 04.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “inzibati orqanın “Əmək pensiyanın yenidən hesablanması haqqında” 15 iyul 2022-ci il tarixli, **********7 saylı qərarının qeyd hissəsinin (17210.84 manat) artıq ödəmə hissəsində ləğv edilməsi, əvvəlki dövr üzrə pensiya məbləğindən tutulmuş məbləğin iddiaçıya geri ödənilməsi” tələbinə dair iinzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(118)-231/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1933-cü il təvəllüdlü olmaqla, ona və mərhum əri X2 cavabdeh orqan tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş mərhum oğlu X3 vəfatından sonra 100 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra X7 04 dekabr 2020-ci il tarixdə vəfat etdikdən sonra cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ilə iddiaçıya 618 manat 40 qəpik təminat xərcliyi məbləğinin 80 faizi – 494 manat 72 qəpik məbləğində pensiya təyin edilmişdir. İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək əmək pensiyasından tutulma haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasından tutulma haqqında qərarını ləğv edilməsini, əmək pensiyasından tutulmuş pul vəsaitinin hesablanıb iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “inzibati orqanın “inzibati orqanın “Əmək pensiyanın yenidən hesablanması haqqında” 15 iyul 2022-ci il tarixli, **********7 saylı qərarının qeyd hissəsinin (17210.84 manat) artıq ödəmə hissəsində ləğv edilməsi, əvvəlki dövr üzrə pensiya məbləğindən tutulmuş məbləğin iddiaçıya geri ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 25 may 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və aşağıdakı məzmunda cavab verilmişdir: Bildiririk ki, 1 sentyabr 1994-cü il tarixində X6 vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən sizə və mərhum həyat yoldaşınız X1 ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanının tələblərinə uyğun olaraq 01 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafi Fondu həyata keçirdiyindən sizə mərhum Ramiz Bədəlovun xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun vaxtilə sonuncu xidmət keçdiyi vəzifə üzrə müvafiq təminat xərcliyinin 100% miqdarında əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda 04 dekabr 2020-ci il tarixində Ağəli Bədəlovun vəfat etməsi ilə əlaqədar əmək pensiyanız yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (613,40 manat) 80%i - 494,72 manat məbləğində bərpa edilmişdir. X8 Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qullquçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35%-i (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80%dən az olduqda həmin məbləğə çatdırılmaqla) məbləğində əmək pensiyası təyin edilir. Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə verilmiş sorğuya cavab olaraq, daxil olmuş yeni məlumat vərəqəsində mərhum Ramiz Bədəlovun vəfat səbəbinin xidməti vəzifəsini yerinə yetirməklə bağlı olmayan səbəblər üzündən baş verdiyi qeyd edilmişdir. Bu səbəbdən də sizə və mərhum Ağəli Bədəlova müvafiq təminat xərcliyinin ümumilikdə 80%-i miqdarında pensiya ödənilməli olduğu halda təminat xərcliyinin 100%-i miqdarında pensiya ödənilmişdir. Buna görə də xx.xx.2007-ci il tarixindən hesablanaraq sizə ümumilikdə 17408,48 manat artıq pensiya məbləği ödənilib. Qeyd olunanlara əsasən vəsaiti cari ilin aprel ayından etibarən hər ay 49,41 manat olmaqla əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirik ki, 01.01 2022-ci il tarixindən hesablanmaq sizə "əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 mart tarixli sərəncamına əsasən aylıq pensiya mobləğınızın 10%-i - 49,47 manat maddi yardım ödənilir. Xahiş edirik nəzərə alasınız. Bundan sonra iddiaçı ərizə ilə müraciət edərək, həmin qərarın iddiaçıya poçt vasitəsilə göndərilməsini xahiş etmişdir. Lakin qərar iddiaçıya göndərilməmişdir. Daha sonra iddiaçı yenidən müraciət edərək, həmin qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edərək, tutulan pensiyanın hesablanıb geri qaytarılmasının təmin olunmasını xahiş etmişdir. Lakin xahişi təmin olunmamış, məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı, ona əmək pensiyasından tutulma haqqında qərarın ləğv edilərək, əmək pensiyasından tutulmuş pul vəsaitinin hesablanıb ona geri ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Bildirirlər ki, 1 sentyabr 1994-cü il tarixində X6 vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən nümayəndəsi olduğu İddiaçı və mərhum həyat yoldaşı X1 ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona mərhum Ramiz Bədəlovun xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar onun vaxtilə sonuncu xidmət keçdiyi vəzifə üzrə müvafiq təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda bildirirlər ki, 4 dekabr 2020-ci il tarixində Ağaəli Bədəlovun vəfat etməsi ilə əlaqədar İddiaçı əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (618,40 manat) 80 faizi-494,72 manat məbləğində bərpa edilmişdir. “X8” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabilliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) məbləğində əmək pensiyası təyin edilir. Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə verilmiş sorğuya cavab olaraq, daxil olmuş yeni məlumat vərəqində mərhum Ramiz Bədəlovun vəfat səbəbinin xidməti vəzifəsini yerinə yetirməklə bağlı olmayan səbəblər üzündən baş verdiyi qeyd edilmişdir. Bu səbəbdən də İddiaçı və mərhum Ağəli Bədəlova müvafiq təminat xərcliyinin ümumilikdə 80 (1 iyul 2017-ci il tarixinədək 70 faizi) faizi miqdarında pensiya ödənilməli olduğu halda, təminat xərcliyinin 100 faizi miqdarında pensiya ödənildiyi müəyyən edilib. Buna görə də, xx.xx.2007- ci il tarixindən hesablanmaqla İddiaçı ümumilikdə 17408,48 manat artıq pensiya məbləği ödənilib. “X8” Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, yuxarıda göstərilən artıq ödənilmiş pul vəsaiti 3245,13 manata (xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində əmək onun pensiyasından tutulan 592,92 manat nəzərə alınmaqla) azaldılıb. Məlumat üçün bildiririk ki, "X8” Qanunun 1 yanvar 2023cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 544,19 manat məbləğində müəyyən edilib. Həmin Qanunun 29cu maddəsinə əsasən indeksləşmə ilə əlaqədar iddiaçının əmək pensiyası 1 yanvar 2023cü il tarixindən hesablanmaqla 624,19 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(118)-231/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə X4 Pərzad Camal qızı barəsində qəbul edilmiş “Əmək pensiyanın yenidən hesablanması haqqında” 15 iyul 2022-ci il tarixli, **********7 saylı qərarın “Qeyd” hissəsində yazılmış 17210 manat 84 qəpik borc məbləği hissəsi ləğv edilmiş, İddiaçı təyin olunmuş pensiya məbləğindən əvvəlki dövr üzrə tutulmuş məbləğin hesablanaraq geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2022-ci il tarixli **********7 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı “Qeyd” hissəsində hesablanmış 17210 manat 84 qəpik borc məbləğinə münasibətdə ləğv edilməlidir. İddiaçıya artıq ödənilmiş pensiya məbləğinin qaytarıması haqqında məktub göndərməsi barədə hərəkəti, eyni zamanda cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya əmək pensiyanın yenidən hesablanması barədə qərarının “Qeyd” hissəsində artıq ödənilmiş pensiya məbləğinin göstərilməsi iddiaçının hüquqlarına toxunur və gələcəkdə ona ödənilməli olan pensiya məbləğindən tutulmaların, əvəzləşdirmələrin aparılmasına səbəb olacaqdır. Məhkəmə əlavə olaraq bildirir ki, hazırki iddia tələbində iddiaçı yalnız qərarın “Qeyd” hissəsi ilə razı olmadığını, cavabdeh orqanın “yenidən hesablanma” haqqında qərarının hesablama hissəsinə etiraz etmədiyini bildirmişdir. Nəticə etibarilə, mübahisələndirilən inzibati akt iddiaçıya münasibətdə bütövlükdə əlverişsiz inzibati akt olmadığından, qərarın tam olaraq ləğv edilməsinə də ehtiyac qalmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X8” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. … Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ..... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;... Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. ... Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1933-cü il təvəllüdlü olmaqla, ona və mərhum əri X2 cavabdeh orqan tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş mərhum oğlu X3 vəfatından sonra 100 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra X7 04 dekabr 2020-ci il tarixdə vəfat etdikdən sonra cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ilə iddiaçıya 618 manat 40 qəpik təminat xərcliyi məbləğinin 80 faizi – 494 manat 72 qəpik məbləğində pensiya təyin edilmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi yazılı etirazda iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edildiyi tarixə (3 sentyabr 2014-cü il) daxil olmuş yeni məlumat vərəqində mərhum Ramiz Bədəlovun vəfat səbəbinin xidməti vəzifəsini yerinə yetirməklə bağlı olmayan səbəblər üzündən baş verdiyini, bu səbəbdən də İddiaçı və mərhum Ağəli Bədəlova müvafiq təminat xərcliyinin ümumilikdə 80 (1 iyul 2017-ci il tarixinədək 70 faizi) faizi miqdarında pensiya ödənilməli olduğu halda, təminat xərcliyinin 100 faizi miqdarında pensiya ödənildiyi müəyyən edildiyindən, buna görə də, xx.xx.2007- ci il tarixindən hesablanmaqla İddiaçı ümumilikdə 17408,48 manat artıq pensiya məbləği ödənildiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində 15 iyul 2022-ci il tarixli, **********7 saylı qərarının qeyd hissəsinin (17210.84 manat) artıq ödəmə hissəsində ləğv edilməsini istəsə də, onun hüququ marağı həmin tutulmanın aparılmasının qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılmasından ibarətdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərar ilə sadəcə iddiaçının pensiyası yenidən hesablanaraq azaldılmalar müəyyən edilmiş və həmin qərarda (həmçinin qeyd hissəsində) ümumiyyətlə 17210.84 manat tutulmanın olması müəyyən edilməmişdir. (Sadəcə həmin qeyd sonradan əl yazısı ilə əlavə edilmişdir). Kollegiya həmçinin qeyd edir ki, iddiaçının tələbi məhz 17210.84 manat məbləğ üzrə onun pensiyasından tutulmanın aparılması ilə bağlıdır ki, bu da qərarda öz əksini tapmamışdır. Bir sözlə iddiaçı, 15 iyul 2022-ci il tarixli, **********7 saylı qərarı deyil, yalnız həmin qərara əsasən əvvəlki dövr üzrə pensiya məbləğindən aparılmış və aparılmanı nəzərdə tutan tutulmanın qanunsuzluğunu mübahisələndirir. Bu isə həmin qərarın hüquqi nəticələri ilə iddiaçının əsasən razı olduğunu (həmin qərarın mübahisələndirilməsi iş materialları ilə müəyyən edilmədiyindən), lakin qərarın icrası zamanı tətbiq edilmiş tutulma məbləğlərinin geri qaytarılmasına dair hüquqi marağının mövcudluğunu göstərir. Bu halda, kollegiya qeyd edir ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin maddənin məzmunundan görünür ki, məhkəmə iddia ərizəsinin ifadə tərzindəki müəyyən nöqsanlar və ya qeyri-dəqiqliklər səbəbindən iddia tələbindən kənara çıxmaq və ya ərizənin məzmununu məhdudlaşdırmaq hüququna malik olmaya bilər. Lakin eyni zamanda məhkəmə işin mahiyyətini düzgün qiymətləndirmək və ədalətin təmin olunması məqsədilə iddia ərizəsində ifadə olunan tələbin əsas məqsədini və onun hüquqi mahiyyətini nəzərə alaraq iddia tələbindən məzmun baxımından kənara çıxmamaq şərti ilə müəyyən qədər sərbəst yanaşma nümayiş etdirərək iddiaçının həqiqi iradəsini nəzərə almaq və bunun əsasında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göründüyü kimi hazırki iş üzrə birinci instansiya məhkəməsi İPM-in 52-ci maddəsinə uyğun olaraq iddia tələbindən kənara çıxa bilməsə də, iddianın ifadə formasına deyil, hüquqi və faktiki məzmununa əsaslanaraq qiymətləndirmə aparmalı idi. Lakin məhkəmə yalnız ifadəyə əsaslanaraq “Əmək pensiyanın yenidən hesablanması haqqında” 15 iyul 2022-ci il tarixli, **********7 saylı qərarın “Qeyd” hissəsində yazılmış 17210 manat 84 qəpik borc məbləği hissəsi ləğv edilməsi barədə qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, ifadə tərzi ilə bağlı formal iradlar hüququn məqsədinə uyğun sayılmamalıdır. Əgər ərizənin ümumi məzmunundan və əlavə olunmuş sənədlərdən aydın olur ki, əvvəlki dövr üzrə tutulmanın qanunsuz hesab edilməsini istəyir, bu zaman məhkəmə həmin tələbi bu prizmadan qiymətləndirməli və şəxsin hüquqlarının bərpasına yönəlməlidir. İPM-nin 52-ci maddəsinin tələbini nəzərə alaraq kollegiya həmçinin aşağıdakıları da qeyd edir. “X8” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın məbləği faktiki olaraq daha yüksək hesablanaraq iddiaçıya ödənilməsi müəyyən edilsə də, artıq ödənilmiş əmək pensiyasından tutulmanın aparılması ilə bağlı iddiaçının razılığı alınaraq qərar qəbul edilməsi və ya məhkəmə qaydasında həmin tutulmanın aparılması müəyyən edilmir. Göründüyü kimi cavabdeh orqan tərəfindən “X8” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinin tələbləri pozulmaqla iddiaçının pensiyasından tutulma olmuşdur. Ona görə də həmin tutlan məbləğ iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiyasından 17210.84 manat artıq ödəmə üzrə tutulmanın aparılması qanunsuz hesab edilməli, təyin olunmuş pensiya məbləğindən əvvəlki dövr üzrə tutulmuş məbləğin hesablanaraq geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(118)-231/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyasından 17210.84 manat artıq ödəmə üzrə tutulmanın aparılması qanunsuz hesab edilsin. İddiaçı təyin olunmuş pensiya məbləğindən əvvəlki dövr üzrə tutulmuş məbləğin hesablanaraq geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-737/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-737/2025
04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver